Qafqaz Müsəlmanları İdarəsinin Qazılar
Şurası Məhərrəm ayı ilə bağlı
müraciət yayıb
QMİ-nin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, müraciətdə
deyilir:
“Möhtərəm
mömin qardaş və
bacılarımız.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar
Şurası və səlahiyyətli nümayəndələri
nəzərinizə çatdırır ki,
Hicri-qəməri təqvimi ilə 1441-ci il
başa çatır, yeni
1442-ci ilin başlanğıcı – Məhərrəm
ayının 1-i Miladi təqvimlə
2020-ci il avqust
ayının 21-nə təsadüf edir.
Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan
olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İmam Hüseyn əleyhissəlam
tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi Əhli-Beyt (ə) tarixinə kədərli,
lakin, eyni zamanda, inanclı insanlara qürur bəxş
edən bir məqam kimi
daxil olub. Kərbəla faciəsinin nəsillərin
yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və
mübarizəsinin yad edilməsi olduqca böyük mənəvi-əxlaqi
əhəmiyyət kəsb edir. İmam Hüseyn əleyhissəlamın
əzadarlığı iman sevgisinin, əqidəyə sadiqliyin,
Vətən uğrunda şəhadətə
hazırlıq ruhunun təcəssümüdür.
Möhtərəm qardaş və bacılarımız, Məhərrəm ayının 10-u–Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu münasibətlə bütün dindarlarımıza dərin hüznlə başsağlığı verir, Allah-Təaladan səbr, məğfirət diləyirik.
Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf edir. Aylardır ki, koronavirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunublar. Ölkə rəhbərliyinin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökumətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığı üçün önləyici tədbirlər görülür, həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə modul tipli xəstəxanalar istifadəyə verilir. Xəstəliklə mübarizədə yerli həkimlər fədakarlıq nümayiş etdirir, əcnəbi həkimlər də prosesə cəlb olunur. Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin miqyasının genişlənməməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə lazımi tədbirlər həyata keçirir, müvafiq tövsiyələrini verir.
Dini mərkəz - Qafqaz Müsəlmanları
İdarəsinin ölkəmizdə karantin
rejimi tətbiq olunan ilk günlərdən Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrdən
sonra zəruri tövsiyələri nəzərə
alaraq, koronavirusa yoluxma hallarının qarşısının
alınması məqsədilə ölkə ərazisindəki
bütün məscid və ziyarətgahlarda
ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verib. Uca Allahın
yaratdığı ən müqəddəs dəyər olan insan həyatının
qorunması məqsədilə bu məcburi
addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın
həyat və sağlamlığının
qorunmasıdır.
Pandemiya dövrünün
məcburi təcrid tədbirləri virus təhlükəsinin
qapalı və açıq məkanlarda insanların sıx
toplaşdığı şəraitdə artması ilə əlaqədardır.
Dünyanın bütün
nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata
keçirildiyi, İslamın vacib şərtlərindən biri
olan müqəddəs Həcc ziyarətinin,
habelə digər dinlərin müqəddəs ayinlərinin
müvəqqəti dayandırılması artıq dövrümüzün
gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi
ilə seçilən, sosial məsafəyə
əməl edilməsinin təmini qeyri-mümkün
olan mərasim insanların virusa
yoluxma sayının artma
ehtimalı baxımından böyük təhlükə
yarada bilər. Bu gerçəkliyi nəzərə
alaraq, Qafqaz Müsəlmanları
İdarəsinin Qazılar Şurası və səlahiyyətli
nümayəndələri bəyan edir ki, Operativ Qərargahın
qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid
və ziyarətgahlarda təziyə mərasimləri
keçirilməyəcəkdir. QMİ-nin
yerlərdəki qazı, səlahiyyətli nümayəndə
və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar.
İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə həm özümüz, həm də yaxınlarımızın sağlamlığı ilə bağlı böyük məsuliyyət və dövlətimizin bu istiqamətdə tədbirlərinin səmərəliliyinin təmini baxımından ictimai vəzifə düşür. QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir dindarın borcudur. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul, mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək insanın özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu xəstəlik olan vəba haqqında Həzrəti Peyğəmbərimiz belə buyurub: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Yoluxucu xəstəliklərin geniş yayıldığı şəraitdə yaşayan insanlar bu mövzuda ayıq olmalı, heç bir vəchlə öz həyatını təhlükəyə atmamalıdır. Çünki, həm gündəlik həyatımızdan, həm də tarixdən məlum olduğu kimi yoluxucu xəstəliklər məhz insanların etinasızlığı ucbatından sürətlə yayılıb və bəşəriyyətin bəlasına çevrilib. Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq verib və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq. “Qurani-Kərim”də buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195).
Dövlətimiz tərəfindən
görülən zəruri tədbirlərə böyük önəm və dəyər verən
biz, din xadimləri hər
zaman olduğu kimi, dövlətimizin yanındayıq və onun xalqımızın rifah
və tərəqqisi naminə səylərini dəstəkləyir, fəaliyyətinə rəvac diləyirik.
Öz növbəmizdə, pandemiyaya dair hökumətimiz
tərəfindən müəyyən edilən bütün zəruri qaydalara
əməl etməli, verilmiş tövsiyələri
hər kəsə təlqin etməli, xəstəlik təhlükəsinin
qarşısının alınması,
tezliklə sovuşması üçün
əlimizdən gələni əsirgəməməliyik.
Ümidvarıq və dualar edirik ki, Allahın izni ilə bu çətin
günlər keçəcək, xalqımız yenidən məscidlərdə
ibadət etmək, dini ayin
və mərasimlərini kütləvi şəkildə yerinə
yetirmək lütfünə qovuşacaqdır, İnşallah.
Vətənimizin və millətimizin rifahı üçün Allaha dualar etmək hər zaman
hər birimizin mənəvi borcudur. Məhərrəmlik
dönəmində də bütün ibadət
və dualarımızda Kərbəla şəhidləri ilə
yanaşı Qarabağ, Xocalı şəhidlərinin,
suverenliyimiz, ərazi bütövlüyümüz
uğrunda canlarından keçən bütün Vətən övladlarının
əziz xatirəsini yad edir,
Ali Baş
Komandanın rəhbərliyi ilə
torpaqlarımızın işğaldan
tezliklə azad olunmasını diləyirik.
Vətəni sevmək imandandır. Allah doğma
torpağımız uğrunda
canlarını fəda etmiş, Peyğəmbər
Məhəmməd Salavatullahın mübarək hədisində
buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın
ən yüksək məqamına yüksəlmiş bütün Vətən övladlarına rəhmət
eləsin. Allah tezliklə
Qarabağımızın işğaldan azad olmasını, Vətən
torpağının bütövlüyünün
bərpasını bizlərə nəsib etsin,
İnşallah.
Məhərrəmlik dövründə təziyə
ehsanı olaraq imkansız ailələrə,
maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər
hansı sovqatın çatdırılması Allaha
xoş gedən bəyənilən əməldir.
Həmçinin, son illər
Məhərrəmlik dönəmində Qafqaz
Müsəlmanları İdarəsinin təşəbbüsü
ilə gerçəkləşən və xalqımız tərəfindən
təqdir edilən tibbi ehtiyaclar
üçün Kərbəla şəhidlərinin
xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.
Ümidvarıq ki, İnşallah, dindarlarımız bu il də humanist
ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərdə
deyil, ölkəmizin qan
bankının paytaxtda və bölgələrdəki
filiallarında ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların
ünvanları Qafqaz Müsəlmanları
İdarəsinin rəsmi veb səhifəsində
(www.qafqazislam.com) yerləşdirilib.
Uca Allah xalqımızı, dövlətimizi hifz etsin və möhtərəm dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə rəvac versin. Amin.
Vəs-səlamu əleykum və rəhmətullahi
və bərəkatuhu”.
Xalq qəzeti 2020.- 21 avqust.- S.4.