Azərbaycan milli mətbuatının
dövlətçilik və türkçülük ənənələri
Bugünlərdə böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin nəşr etdiyi ilk anadilli qəzetimiz “Əkinçi” ilə ictimai fikir və mədəni tərəqqi tariximizdə yeni bir başlanğıc açmış Azərbacan milli mətbuatının yaradılmasının 145-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam bu əlamətdar hadisənin dövlət səviyyəsində və ümumxalq tədbirləri ilə qeyd olunmasını təmin etmişdir.
Sərəncamda bildirilir ki,
1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşr
olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın
ilk nümunəsi və həmin dövr Azərbaycanın
ictimai-siyasi həyatının mühüm hadisəsi kimi
tarixə düşmüşdür. Sonrakı
illərdə çoxsaylı nəşrlərlə zənginləşən
milli mətbuatımız Azərbaycan ədəbi dilinin və
maarifçilik hərəkatının inkişafına əhəmiyyətli
töhfələr vermiş, milli özünüdərk və
istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl
ideyaların təbliğində böyük
xidmətlər göstərmişdir. 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti yarandıqdan sonra isə mətbuatımız
yeni inkişaf mərhələsinə qədəm qoymuş,
öz fəaliyyəti ilə müstəqil dövlət
quruculuğunun fəal iştirakçısı olmuş,
istiqlal ideyalarının yayılmasında, eləcə
də milli-mənəvi dəyərlərin qorunması və
yaşadılmasında mühüm rol oynamışdır.
Mötəbər yubiley sənədində
daha sonra qeyd edilir ki, ötən əsrin 90-cı illərində
dövlət müstəqilliyini bərpa edən Azərbaycanda
müasir kütləvi informasiya vasitələrinin
formalaşması və inkişafı üçün
geniş imkanlar yaranmışdır. 1993-cü ildə
ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra onun bilavasitə rəhbərliyi ilə
həyata keçirilən azad, demokratik media quruculuğu
islahatları nəticəsində ölkədə senzura,
söz və məlumat azadlığını məhdudlaşdıran
digər süni maneələr aradan qaldırılmış,
medianın fəaliyyətini tənzimləyən mütərəqqi
qanunvericilik bazası yaradılmış, onun problemlərinin
həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi,
vətəndaş cəmiyyəti quruculuğunda rolunun
yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər
görülmüşdür.
Ulu öndərin milli jurnalistikamızın tarixində yeni parlaq səhifələr açan önəmli qərarları ilə KİV-in fəaliyyəti üçün əlverişli şərait yaradılması, borcların silinməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların xidmətlərinin dövlət tərəfindən mükafatlandırılması kimi addımları medianın maddi-texniki bazasının yeniləşdirilməsi və onlarca digər önəmli tədbirlər bazar iqtisadiyyatı dövründə boğulmaqda olan mətbuatın inkişafına əlverişli şərait yaratmışdır. Cəmiyyət Heydər Əliyevin bu əvəzsiz himayədarlığını daim dərin minnətdarlıqla yad edir. Müstəmləkə əsarəti şəraitində milli oyanışa və ictimai-mədəni dirçəlişə ciddi təkan vermiş, istiqlal məfkurəsinin təntənəsində fəal rol oynamış milli mətbuatımızın öyünclü yubileyi ərəfəsində xalqımızın dövlətcilik və türkçülük ənənələrinin qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın apardığı mübarizədə ümummilli lider Heydər Əliyevin liderlik fəaliyyəti ilə bağlı daha bir önəmli mövzunu oxucularımızla bölüşmək istədik.
Ümummilli lider Heydər Əliyevin dövlətçilik
kursunda Azərbaycan–Türkiyə münasibətləri və
mətbuat
Azərbaycanda 1993-cü ilin
böhranlı yayında xalqın təkidli tələbi ilə
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
qonşu dövlətlərlə münasibətlərin
qurulmasını və bu sırada qardaş Türkiyənin
danılmaz və strateji mövqeyini önəmli etdi.
Türkiyə Cümhuriyyəti ilə əlaqələrə
xüsusi əhəmiyyət verən ümummilli lider Heydər
Əliyev dönə-dönə təkrarlayırdı: “Azərbaycan
dünyanın bütün ölkələri ilə əməkdaşlıq
arzusundadır. Lakin onu Türkiyə ilə xüsusi
münasibətlər bağlayır. Biz eyni kökdən boy
atmışıq, ümumi cəhətlərimiz çoxdur.
Biz iki ölkədə yaşayan bir xalqıq və öz
birliyimizi möhkəmləndirməliyik”.
Seçkilərdən sonra ulu öndərin ilk rəsmi xarici səfəri də Türkiyədən başladı. Paytaxt Ankarada aparılan danışıqlardan sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalanması az bir zaman kəsiyində müstəqilliyini təmin etmiş Azərbaycan üçün olduqca önəmli hadisə idi. Bu Türkiyə-Azərbaycan strateji əməkdaşlığının real təzahürü olmaqla, yaxın gələcəkdə reallaşacaq daha böyük iqtisadi və enerji layihələrində münasibətlərin yeni mərhələsinin üfiqləri idi.
Bu sırada Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Türkiyəyə növbəti
səfəri 1994-cü il iyunun 9-da baş tutur. Qısamüddətli
səfərdə Heydər Əliyev ABŞ-ın dövlət
katibi Uorren Kristofer, Böyük Britaniyanın Xarici İşlər
naziri Duqlas Herdi, Türkiyə Silahlı Qüvvələri
baş Qərargahının rəisi, ordu generalı Doğan
Gürəşlə görüşür. Türkiyəyə
qısamüddətli səfərdən qayıdan Prezident Heydər
Əliyev Rusiyanın müdafiə naziri Pavel Qraçovu qəbul
edir.
Əslində, mətbuatın dərc etdiyi bu məlumatlar
“Əsrin müqaviləsi”nə gedən yolun “təmizlənməsinə
xidmət edirdi” deməklə heç də
yanılmırıq. Bu müqavilənin
bağlanması ölkədə siyasi sabitliyin təmin edilməsindən,
atəşkəsə nail olmaqdan, qonşuların, ən
önəmlisi də Rüsiyanın razılıq verməsindən
xeyli dərəcədə asılı olduğu o dönəmin
ən önəmli faktorlarından idi.
“Əsrin müqaviləsi” adlandırılan Bakı– Tbilisi–Ceyhan (BTC) neft boru kəmərinin Türkiyədən keçməsi üçün də ulu öndər Heydər Əliyevin diplomatik səyləri önəmli olmuşdur. “Xalq qəzeti” yazırdı: “Ümummilli liderimiz Heydər Əliyevin gərgin səyləri ilə “Əsrin müqaviləsi”nin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyır. Saziş regionda qlobal layihələrin gerçəkləşməsinə yol açmış, xarici dövlətlərin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoymuşdur“.
Heydər Əliyevin Türkiyəyə 1994-cu
il oktyabrın 18-də qısamüddətli səfərində
də problemlərin qarşılıqlı anlaşma yolu ilə
tənzimlənməsi, Xəzərin statusu kimi məsələrlər
jurnalistləri də maraqlandırmışdır.
Toplantıda Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan
prezidentlərinin zirvə toplantısının böyük
iqtisadi və siyasi əhəmiyyətinin olduğu
vurğulanmışdır.
Azərbaycan və Türkiyə
dövlət rəhbərlərinin qarşılıqlı səfərləri
bundan sonra da davam etdirilmiş, hətta digər ölkələrlə
müqayisədə bu səfərlərin müntəzəm
xarakter alması hər iki dövlətin gündəmində
olmuşdur. 1995-ci il dekabrın 7- 9-da Türkiyə
Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri
“Xalq qəzeti”ndə geniş və əhatəli təqdim
olunmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik
etdiyi sönrakı illərdə də dünya birliyinə
inteqrasiya, müstəqil siyasi dəst-xəttin davamı
bütün sahələrdə təsdiqini tapmaqla daha da irəliyə
getmiş və Azərbaycanın dünyada
tanıdılmasında mühüm rol oynamışdır.
Bu barədə “Xalq qəzeti” ən müxtəlif imzalarla dərc
etdiyi məqalə və şərhlərində ətraflı
məlumatlar yer alır. Türkiyə ilə əlaqələrin
inkişafı Azərbaycanın nəinki diplomaik, eləcə
də bütün sahələrdə apardığı kursun
tərkib hissəsi olmuşdur.
1996-cı il aprelin 14-15-də Türkiyə Respublikasının Baş naziri M.Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, iki ölkə arasında hərbi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə dairəsini daha da genişləndirdi.
Azərbaycan Prezidenti Heydər
Əliyev 1997-ci il aprelin 30-da İstanbulda keçirilən Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısında iştirakını “Xalq qəzeti”
Azərbaycan prezidentinin qardaş Türkiyəyə növbəti
səfəri kimi dəyərləndirir. “Qara
dəniz regionunda yeni imkanlar” mövzusunda biznes konfransda
çıxış edən Heydər Əliyev
dünyanın 30 ölkəsindən 400-dən çox
nümayəndənin iştirak etdiyi konfransın işini və
Qara dəniz iqtisadi əməkdağlığını
yüksək qiymətləndirməklə, regiondakı
mövcud silahlı münaqişələrin davam
etdirilməsini pisləyir. Mətbuatda dərc olunmuş məqalə
və təqdimatların əhatəliliyi də göstərir
ki, Türkiyə səfəri olduqca məhsuldar olmuşdur. Azərbaycan
Prezidenti Heydər Əliyevin keçirdiyi görüşlərin
yekunu, mətbuata hər iki tərəfin
açıqlamaları Türkiyə ilə münasibətlərin
önəmli olduğunu göstərmişdir.
Xəzərin enerji
resurslarının dünya bazarlarına nəql olunması
sahəsində aparılan işlər Azərbaycan ilə
Türkiyənin davamlı işbirliyinin nəticəsi idi.
Əsası ulu öndər tərəfindən qoyulan bu
ardıcıl siyasət bu gün də uğurla davam etdirilməkdədir.
1998-ci il sentyabrın 7-də Bakıda tarixi “Ipək yolunun bərpası üzrə Beynəlxalq konfrans”ın işə başlaması tarixi hadisə oldu. Konfrasdan bir gün əvvəl “Xalq qəzeti” bu tarixi hadisənin əhəmiyyətini faktlar və rəqəmlərin dili ilə açıqlayır: Böyük İpək yolunun üstündə 33 olkə yerləşir, TRASEKA-TACİC proqramlarının gerçəkləşdirilməsi sayəsində 1999-cu ildə yük daşımalarının həcmi 10 dəfə artaraq 4 milyon tona çatacaq və s. Qəzetin elə həmin sayında Böyük İpək yolunun tarixi dəyəri dövlət rəhbərləri tərəfindən də yüksək dəyərləndirilir. Bu barədə qəzetin təqdim etdiyi Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycan Prezidenti Heydər Əliyevin, Gürçüstan Prezidenti Eduard Şeverdnadzenin, Rumıniya Prezidenti Emil Konstanineskinin fikirləri maraq doğurur.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair” imzaladıqları sənəd mətbuatın gündəmində yeni bir hadisə idi. İstanbul Zirvə toplantısında “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması qərarlaşdırıldı və qaz boru kəmərinin də inşası gündəmə gətirildi. Aydın görünürdü ki, ulu öndər Heydər Əliyev və Türkiyənin dövlət rəhbərləri güclü iradə ortaya qoymasaydılar “Əsrin müqaviləsi” reallaşa bilməzdi. Tarix göstərdi ki, Bakı-Tbilisi-Qars layihəsi də eyni şəkildə həyata keçirildi.
İqtisadiyyata yönəldilən xarici investisiyalar
sahəsində qardaş ölkə Azərbaycanın əsas
tərəfdaşlarından biri oldu. Azərbaycanın
“Petkim”, “Star” kimi layihələrə kapital qoyuluşu var. Daha
sonra TANAP layihəsi gəlir, önəmli yatırımlardan
birini də o təşkil edir. Burada söhbət Azərbaycandan
Türkiyə iqtisadiyyatına qoyulan milyardlarla dollarlıq sərmayə
portfelindən gedir.
ATƏT-in İstanbul zirvə
toplantısında Prezident Heydər Əliyevin Türkiyənin
iştirakı ilə “Qafqaz paktı” yaradılması
ideyası ilə çıxış etməsi də
toplantı iştirakçıları tərəfindən rəğbətlə
qarşılanan hadisə idi. 54 ölkəni təmsil edən
2 min 500 nümayəndənin İstanbula, ATƏT-in zirvə görüşünə
yığışması XXI əsrdə dünyada
sülhün, əmin-amanlığın bərpa edilməsi,
münaqişə ocaqlarının söndürülməsi
yolunda mühüm addımdır və “İstanbul sammiti
dünya tarixində, XX əsrdə ən böyük hadisələrdən
biridir” qəzetin manşet xəbəri kimi
verilmişdir.
Bütün sahələrdə
Azərbaycana siyasi və iqtisadi yardım göstərən
Türkiyə Cümhuriyyəti müstəqil dövlətçiliyin
əsas atributlarından olan ordu quruculuğu sahəsində əməkdaşlığı
da ildən-ilə genişləndirmişdir. 1999--2002-ci illərdə
hərbi əməkdaşlıq sahəsində
imzalanmış bir sıra sənədlər Azərbaycan
ordusunun hərbi potensialının inkişafına yüksək
təsir göstərmişdir. Bu əlaqələr
Azərbaycan Ordusu üçün zabit kadrlarının
hazırlanmasında, hərbi təlimlərin keçirilməsində,
maddi-texniki bazanın möhkəmləndirilməsində və
ordumuzun NATO-nun ən müasir standartları səviyyəsində
qurulmasında mühüm rol oynamışdır.
Əhməd Necdət Sezərin
2000-ci ildə prezident seçilməsi və iyulun 11- 12-də
ilk xarici səfərini Azərbaycana etməsi Türkiyənin
diplomatik kursunda yeni olmasa da, hakimiyyət dəyişikliyindən
sonra da müttəfiqlik mövqeyini bir daha təsdiqlədi.
2001-ci ilin martında Azərbaycan
Prezidenti Heydər Əliyevin Türkiyəyə növbəti
rəsmi səfəri isə qarşılıqlı
faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsi,
2002-ci il aprelin 29-30-da Türkiyə, Azərbaycan və
Gürcüstan prezidentlərinin Trabzonda keçirilən Zirvə
görüşündə də gündəmi müəyyənləşdirir.
On illik bir keşməkeşli və böhranlı zaman kəsiyində qurulmaqda olan Azərbaycana rəhbərlik edən və ölkəni olum-ölüm dilemmasından uğurla çıxaran ulu öndər Heydər Əliyevin siyasi baxışlarına tarix indi daha dərin məna qazandırmaqdadır. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən gözlənilməz dəyişikliklər onun Azərbaycan adlı Vətənimizin bu gününə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Tarix də sübut edir ki, “XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil”.
Mətbuatda Azərbaycan--Türkiyə əlaqələrinin spektrini təqdim etdiyimiz bu materiallar təşkil etmişdir,- demək xeyli dərəcədə yanlışlıq olardı. Həmin dövrdə ölkə mətbuatında rəsmi səfər və görüşlərdən əlavə, onlarca müəllif məqalələrinə, müxbirlərin hazırladığı gündəlik xəbər və məlumatların yayınlanmasına da önəm verilmişdir. Bu təqdimatların əsasında müəyyən tarixi hadisələrlə yanaşı, gündəlik hadisələrə həsr edilmiş xəbərlər də xüsusi yer tutur. Nümunə üçün deyək ki, təkcə 1995 və 1996-cı illərdə “Xalq qəzeti”ndə dərc edilmiş belə xəbərlərin sayı 200-dən çox olmuşdur.
Namiq
ƏHMƏDOV
Xalq qəzeti 2020.- 21 avqust.- S.6.