Sosial məsuliyyət və nəzarət virusla mübarizədə əsas silahımız olmalıdır

Azərbaycanda karantin qaydalarının yumşaldılması ilə resto­ran və kafelərin fəaliyyəti, nəhayət ki, bərpa olunub. Artıq 3 gündür ki, açıq havada restoran və kafelər işə başlayıb. Bu müəssisələr pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri oldu­ğu üçün burada fəaliyyət göstərən sahibkarlar qaydalara tam əməl olunmaqla gündəlik normal həyatına davam etməyə alışmalıdır­lar. Operativ qərargah xüsusi qaydalar işləyib hazırlamaqla bunun şərtlərini açıqlayb.

Nazirlər KabinetininKorona­virus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına uyğun olaraq açıq hava sahəsində işləyən bütün ailəvi istirahət mərkəzləri, restoran, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər apa­ran müəssisələr 09:00-dan 22:00-dək fəaliyyət göstərə və restoranlar müştəri qəbulunu obyektin tutumunun yarısı qədər – 50 faiz həcmlə yerinə yetirə bilərlər. Restoran və kafelər ən azı üç tərəfdən hava axını ilə təchiz edilməli və ya üzəri tam açıq olmalıdır, müştərinin qarşısını alan hər hansı maneə olmama­lıdır.

İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan edilməsi müsbət qarşılanmalıdır. Çünki, yoluxmaya səbəb amillərdən biri də qəlyandan müştərək, yaxud da, tam dezinfeksiya edilmədən istifadə etməkdir. Masa və stulların seyrək düzülməsi, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması da əsas şərtlərdəndir ki, bu da müştərilər arasında təması azaldar. Restoran və kafelərin girişində hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə obyektdə olan masa­ların, oturacaqların sayı və adambaşına düşən kvadratmetr, masalararası məsafə haqqında məlumatlar əks etdirilməlidir ki, gələn müştəri girəcəyi obyekt haqqında məlumatlı olsun. Masada əyləşən müştəri sayı 6 nəfərdən çox ola bilməz. Bu, yoluxmanın qarşısını almaq məqsədilə qoyulan tələbdir.

Restoran sahibi Namiq Məstanov bildirir ki, pandemiya dövründə bəzi yeni tələblər də gündəmə gəlib. Bu tələblərə restorana daxil olan müştərilərin hərarətinin ölçülməsi və onların obyektə maska ilə daxil olması, maskası olmayan insanlara maska təqdim edilməsi, girişdə əllərin dezinfeksiya olunması üçün anti­septik məhlulların yerləşdirilməsi və s. daxildir. Ümumi istifadədə olan əşyalara isə qadağalar mövcuddur: masalarda olan ədviyyat, duz, şəkər, diş çöpləri bundan sonra hər bir müştəriyə birdəfəlik qab­laşdırılmada təqdim olunacaq. Hazırda restoranlar və müştərilər üçün ən əsas gözlənti təmizlik tələblərinə nə dərəcədə riayət edilməsidir. Hər iki tərəf – həm müştəri, həm obyektdə çalışanlar pan­demiya şərtlərinə əməl etməlidir və bu zaman qarşılıqlı nəzarət çox vacibdir.

Sahibkar deyir ki, əslində, diqqətlə araşdırsaq, sanitar-gigiyenik qaydaların əksəriyyətinə pandemiyadan əvvəlki dövrdə də riayət edilibbu tələblərə həmişə əməl olunmalıdır. Bura masa­ların, qab-qacağın təmizliyi, yüksək temperaturda yuyulması, mütəmadi dezinfeksiyası, aşpazların və xidmət personalının sağlamlıq arayışlarının olması, şəxsi gigiyenaya (geyim, saç, əl, dırnaq təmizliyi) və s aiddir. Restoran və kafelərdə işçilər tibbi maska taxmalı və ondan istifadə edilməsinə nəzarət olunmalı, dezinfeksiya məhlullarından fasiləsiz istifadə edilməlidir. İş vaxtı müştəriyə xidmət göstərən zaman maska­nın çənəyə endirilməsi, yaxud, tamamilə ağızdan çıxarılması yolverilməzdir. Mas­ka çirkləndikdə və ya nəmləndikdə dərhal dəyişdirilməlidir. Birdəfəlik maskalardan təkrar istifadə edilməsi qəti qadağandır. Obyektin giriş-çıxışlarında və kassalarda dezinfeksiya məhlulundan istifadə üçün qurğular yerləşdirilməlidir.

Bütün ailəvi istirahət mərkəzləri, restoran, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər göstərən müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilir. İş saatı ərzində mütəmadi olaraq işlək sahələrdə, iş saatlarından sonra isə bütün sahələrdə təmizlik-dezinfeksiya işləri məsul şəxsin nəzarəti altında həyata keçirilməlidir. Bundan əlavə, dövri olaraq ayda 1 dəfə inzibati binanın ərazisi, mətbəx, yemək qəbulu zalları, digər əsas və köməkçi sahələri əhatə edən dezinfek­siya tədbirləri görülməlidir. Dezinfeksiya edilməsi vacib olan sahələrə obyektin ərazisi, mətbəx, yemək qəbulu, sanitar-məişət otaqları, masa və stulların səthləri, pəncərə və pəncərə altlıqları, tutacaqlar, döşəmə və divar səthləri, qapı və qapı tutacaqları, mətbəx avadanlıqları aiddir.

İşçi heyət təmiz geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olma­ları nəzərə alınaraq, maska, əlcək, dezin­feksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin edilməlidir. Şəxsi gigiyena qaydalarına riayət olunma­lı, tullantılarla təmasa, təmizlik işlərinə, sanitar qovşaqdan istifadəyə, pulla təmasa, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir. İş geyimi ilə əlaqədar xüsusi gigiyenik qaydalara əməl olunma­lıdır. İşə başlamazdan əvvəl əllər sabun­la təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlan­mış başlıqlardan istifadə edilməlidir. İş zamanı təmiz paltarda olmaq, çirkləndikdə dərhal dəyişdirilmək vacib amillərdəndir. COVID-19 xəstəsi olan işçinin yenidən işə qayıtmasına yalnız karantin qaydala­rına əməl etməklə sağalaraqmüvafiq laborator test müayinəsindən keçərək neqativ nəticəsi olduğu halda icazə verilir. Müştərilər təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmalı, maskalar ağız və burun nahiyəsini tam örtmək şərti ilə taxılmalıdır.

Sahibkar bildirir ki, bunlar hamı­sı, çox yaxşı, insanların sağlamlığına, virusdan qorunmağa istiqamətlənmiş tədbirlərdir. Amma iaşə obyektlərində tətbiq edilən ümumi qaydaların hamısı bütün obyektlərdə keçərli ola bilməz. Çünki, açıq havada masalar yerləşdirmək üçün kifayət həcmdə ərazisi, həyəti olmayan xeyli sayda iaşə obyektləri var. 2 --3 masa yerləşdirməklə restoran açmaq, müştəri cəlb etmək mümkün deyil. Çünki, fəaliyyətə başlayan andan obyektin vergisi verilməli, qanunauyğun şəkildə ödəmələr aparılmalıdır. Bu da gün ərzində gələn 3--5 müştəri ilə həll olunası məsələ deyil. Ona görə də yəqin ki, obyektlərin əksəriyyəti, karantin rejimi bitəndən sonra fəaliyyətlərinə başlayacaqlar. Nə qədər gec olsa da, təki insanlarımız bu bəladan uzaq olsunlar, pandemiya dövrü yaddaşa köçsün.

Qeyd etməliyik ki, ictimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar mütəmadi keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görəcək. Burada cərimələr əsas təsiredici qüvvəyə malikdir. Həm əhali, həm də sahibkarlar bilməlidirlər ki, karantin qaydalarına ciddi əməl olunmadığı halda, virusa yoluxanlaın sayı yenidən artacaq. Biz bunu may-iyun aylarının təcrübəsində yaşamışıq. Təəssüf ki, bəzi insanların laqeydliyi və biganəliyi ucbatından qay­dalara əməl edilməməsi bizi sərt karantin günlərinə geri qayıtmaq təhlükəsi ilə üz-üzə qoyur. Əgər yenidən sərt karantin rejiminə qayıtmaq istəmiriksə, hamılıqla bu qaydalara riayət etməli, yeni həyat tərzinə uyğunlaşmalı, sanitar-epidemioloji tələbləri pozanlara qarşı birlikdə mübarizə aparmalıyıq. Sosial məsuliyyət və nəzarət, ictimai qınaq pandemiya ilə mübarizədə əsas silahımız olmalıdır.

 

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti  2020.- 22 avqust.- S.3.