Vüqar Gülməmmədov: Pandemiyanın yaratdığı çətinliklər makrofiskal çərçivəyə yenidən baxılmasını zəruri edib

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində yeni növ koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinliklərlə əlaqədar cari ilin dövlət büdcəsinə dəyişikliklər və növbəti ilin büdcə layihəsi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

– Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq etdi. Hesablama Palatası qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı rəyini təqdim edib. Rəylə bağlı əlavə nələri qeyd etmək olar?

– Cari ildə dünya ölkələrində sosial və iqtisadi vəziyyəti şərtləndirən ən vacib amil yeni növ koronavirusun yaratdığı şəraitdir. Pandemiyanın yaratdığı çətinliklər dövlət maliyyəsinin idarə edilməsi sisteminə yenidən baxılmasını, makrofiskal çərçivənin bir daha nəzərdən keçirilməsini tələb edib. Əsas bir məqam qeyd olunmalıdır ki, bu hal bir sıra büdcə institut­larının tətbiqini də mümkünsüz edib. Məlumat üçün bildirək ki, pandemiyanın qarşısının alınması məqsədilə dünyada 30-dan artıq ölkə dövlət büdcəsi haqqında cari ilin büdcə qanununa əlavə və dəyişikliklər edib.

Aydındır ki, belə bir “müharibə” şəraiti dövlətin bütün alətlərinin səfərbər olunmasını zəruri edir və bu, ilk növbədə, sosi­al parametrlərin qorunması, daha sonra isə iqtisadi inkişafın tənəzzülünün zəiflədilməsi və post­pandemiya mərhələsində inkişafın sürətləndirilməsi ilə bağlı tədbirləri əhatə etməlidir.

Resursların reallokasiyası üçün yaranmış zərurət fonunda əksər hallarda siyasi təsirlər səbəbilə dünya bazarında əhəmiyyətli xammal növləri üzrə təklifin və həmçinin tələbin dəyişməsi digər ölkələrlə yanaşı, Azərbaycanda da dövlət büdcəsinin gəlir və xərc imkanlarının yenidən nəzərdən keçirilməsini aktual­laşdırıb. Eyni zamanda, əsas makroparametrlərin davranışı ilə bağlı qeyri-müəyyənliklər, xüsusilə də cari ilin ikinci və üçün­cü rüblərində tətbiq edilən sərt karantin rejiminin bu parametrlərin zəifləmə meyillərini şərtləndirməsi büdcəyə yenidən baxılması zərurəti yaradıb.

Qeyd edim ki, Hesablama Palatası cari ilin aprel ayında dövlət büdcəsinə yenidən baxıl­ması zərurəti və dəyişikliklər üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

–Dəyişikliklərin əsas xüsusiyyətlərini necə vurğula­maq olar?

–Dövlət büdcəsində gəlirlərin azaldılması son illərdə əsas maliyyə sənədinə yenidən baxıl­ması üçün demək olar ki, ilk dəfə nəzərdən keçirilən bir hal kimi xarakterizə olunmalıdır. Aydındır ki, qlobal karantin şərtləri bütün səviyyələr üzrə gəlirlərin azalması­na səbəb olub.

Dövlət büdcəsi ilə bağlı Qanu­na rəy verdiyimiz dəyişikliklər real sektor üzrə azaldılan büdcə daxilolmalarının, əsasən, Dövlət Neft Fondunun büdcəyə transfertinin artırılması hesabına kompensasiya olunmasını nəzərdə tutur və bu­nunla da dövlət büdcəsi gəlirlərinin ümumi məbləğinin təxminən ilkin səviyyədə saxlanılması təmin edilib. Həmçinin gəlirlərin struk­turunda neft gəlirlərinin artımı, qeyri-neft gəlirlərinin isə azalması gözlənilir. Amma qeyd edək ki, neft gəlirlərinin tərkibində nəzərdə tutulmuş artım neft sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı tərəflərin mənfəət ver­gisinin 24,7 faiz və Dövlət Neft Şirkətinin büdcə ödənişlərinin isə 14,5 faiz azalması fonunda Dövlət Neft Fondunun transfertinin artımı ilə səciyyələnir.

Ümumiyyətlə, Hesablama Palatası xərclərin optimallaşması ilə bağlı işlərin həyata keçirilməsi fonunda bu istiqamətdə potensial və imkanların hələ də mövcud olması qənaətindədir. Hesab edirik ki, məhz bu potensialın reallaşdırıl­ması dərəcəsi Dövlət Neft Fon­dundan transfertin məbləğinə təsir edən əsas göstəricilərdəndir.

Vurğulanmalıdır ki, bəzi tədiyə növləri üzrə proqnozlaşdırılan azalma meyli əgər yaşadığımız pandemiya şəraitinin təsiri ilə birbaşa korrelyasiya olunursa, bəzi tədiyələrdə nəzərdə tutul­muş dəyişikliklər xüsusi rejimin gəlirlərin azalmasına olan təsirinin kompensasiya edilməsi məqsədini daşıyır. İkinci bir xüsusiyyət kimi büdcə gəlirlərinin strukturunda bəzi tədiyə növləri üzrə proqnozların artırılması qeyd edilməlidir. Bu isə tərəfimizdən ilkin təsdiq olunmuş göstəricilər üzrə müvafiq icra hakimiyyəti orqanının korrektəsi kimi qəbul olunub.

Diqqətə çatdırılmalı digər bir məqam dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı­nın idarəetməyə verilməsindən daxilolmaların təsdiq edilmiş proqnoz göstəricisindən 17,5 dəfə çox olmaqla nəzərdə tutulmasıdır. Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsi ilə bağlı rəydə sərbəst qalığın idarəetməyə verilməsindən daxilolmalar üzrə kifayət qədər ehtiyat məbləğin mövcudluğu He­sablama Palatası tərəfindən qeyd olunub.

Xərclərlə bağlı aparılan dəyişikliklər funksional təsnifatın 9 bölməsində azalmanı və 3 bölməsində artımı əhatə edir. Qeyd edək ki, azalmalar, əsasən, pandemiyanın yaratdığı çətinliklər fonunda formalaşan xərcləri əhatə etsə də, artımı xüsusilə iki istiqamət üzrə qrup­laşdırmaq mümkündür: səhiyyə sistemində yaranan əlavə xərclərin maliyyələşdirilməsi məqsədini güdən xərclər və iqtisadi fəaliyyətin qorunması, postpandemiya şəraitində artımı stimullaşdıra­caq tədbirlər üzrə xərclər. Hesab edirik ki, yaranmış vəziyyətlə bağlı büdcədə aparılan dəyişikliklər cari şərtlərə adekvat xarakteri ilə seçilir və mümkün risklərdən səmərəli sığortalanma kimi qiymətləndirilməlidir.

Yaşadığımız şərait dövlət vəsaitlərinin qənaətli və səmərəli istifadəsi ilə bağlı meyarların daha ciddi şəkildə tətbiqini tələb edir. Ən əsası isə, bu, Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş və icra üçün qurumlar qarşısında müəyyənləşdirilmiş bir tələbdir. Vəsaitlərin səmərəli və qənaətli istifadəsinin təmin edilməsi yolla­rından biri də rəqabətliliyin təmin olunmasından keçir.

–Rəqabətliliyin təmin olunması dövlət satınalma­larını xarakterizə edən əsas göstəricilərdəndir və bu da dünya ölkələrində nəzarət institutlarının diqqət yetirdiyi məsələlərdəndir.

–Tamamilə düzgün qeyddir və kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Hesablama Palatası nəzarət tədbirlərində dövlət satınalmalarına xüsusi diqqət yetirir. Satınalmaların əhəmiyyətini və hazırkı dövrdə vacibliyini KİV-lər də xüsusilə vurğulayır. Qeyd edək ki, bu, dövlətimizin başçısının ictimai nəzarətin təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasında da xüsusilə mühümdür.

Eyni zamanda, müəyyən edilmiş prosedurların dəqiq tətbiqi satınalmaların əsas məqsədinin– rəqabətliliyin təmin olunması məqsədinin də reallaşdırılmasına şərait yaradır.

Dövlət satınalmaları iqtisa­di xarakteri ilə yanaşı, sosial mahiyyətə də malikdir. Belə ki, dövlət vəsaitləri hesabına rəqabətli prosedurların tətbiqi orta sinfin formalaşmasında vacib amil olan kiçik və orta sahibkarlığın bərabər şərtlərlə dövlət vəsaitlərinə çıxışına imkan yaradır. Bu isə öz növbəsində bir tərəfdən vergi və sosial sığorta yığımlarının daya­nıqlılıq şərtlərini formalaşdırmaqla, ikinci bir tərəfdən vətəndaşlara öz imkanları hesabına özünün və ailəsinin yaşayışını təmin etməsi üçün şəraiti formalaşdırmaqla dövlətin passiv sosial müdafiə tədbirləri üzrə maliyyə imkanlarının aktiv tədbirlərə yönəldilməsinə şərait yaradır.

–Satınalmaların əhatəsinin geniş olması da vacib məsələdir.

–Doğrudur. Dövlət satınal­maları iqtisadi artımın stimullaş­dırılması aləti kimi istifadə edilir, baza xidmətlərinin göstərilməsinə, innovasiyaların irəliləməsinə səbəb olur, ətraf mühitin mühafizəsi sahəsində müasir çağırışların tələblərinin ödənilməsinə şərait yaradır. Ümumilikdə isə dövlət satınalmaları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əhəmiyyətli rola malikdir.

Dövlət vəsaitləri, xüsusilə də dövlət büdcəsi xərcləri hesabına satınalmaların sərhədlərinin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Həmin genişlənmənin çərçivələrinin müəyyənləşdirilməsi üçün həyata keçirilmiş dövlət satınal­malarına yönəldilən vəsaitlərin büdcə xərclərinə və ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisindən istifadə edilir.

Qeyd edək ki, 2019-cu ildə ölkəmizdə ümumilikdə 11 min 457 sayda satınalma tətbiq edilməklə 5720,02 milyon manat məbləğində satınalma keçirilməsi ilə bağlı pro­tokol rəsmiləşdirilib. 2019-cu ildə 2018-ci illə müqayisədə ölkəmizdə keçirilmiş satınalmaların əhatə məbləği 93,01 milyon manat və ya 1,6 faiz az olub. Bu azalma meyli­nin əksinə, dövlət satınalmalarının sayı 534 və ya 4,89 faiz çox olub, dövlət büdcəsindən alışlara cəlb edilən vəsaitlərin məbləğində də azalma olmayıb. Satınalmaya cəlb olunmuş dövlət vəsaitinin ümumi daxili məhsulda payı 10 faizdən aşağı və dövlət büdcəsində payı isə illik xərcləmələrin dörddəbirindən çox deyil.

Məlumat üçün qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə dövlət satınalmalarına yönəldilmiş vəsaitin orta hesabla ümumi daxili məhsula nisbəti 10-12 faiz, cəmi büdcə xərclərinə nisbəti isə 35-40 faiz təşkil edir.

Dünya Bankının məlumatlarına əsasən isə 2018-ci ildə dünya üzrə dövlət satınalmalarına 11 trilyon ABŞ dolları yönəldilib ki, bu da həmin il üçün 90 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən ümumdünya ÜDM-nin 12,2 faizinə bərabərdir. Digər bir məqamı da diqqətə çatdıraq ki, Dünya Ban­kının qiymətləndirmələrinə görə, ümumilikdə aşağı, orta və yuxarı gəlirli ölkələrdə dövlət satınalmala­rının ÜDM-də payı demək olar ki, eyni səviyyədədir. Bəzi ölkələrdə, məsələn, Türkiyədə, Pakistanda, İsveçrədə, Misirdə, Braziliyada dövlət satınalmalarının ÜDM-ə nisbəti 20 faizdən də çoxdur.

Ölkəmizdə bu göstəricinin for­malaşmasına təsir edən amillərdən biri dövlət satınalmaları sahəsində uçot və hesabatlılıqla bağlıdır. He­sab edirik ki, dövlət satınalmaları haqqında yeni qanunun qəbulu və dövlət nəzarətinin gücləndirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaqdır.

–Cari şərtlərdən çıxış edərək 2021-ci ilin büdcəsi ilə bağlı Hesablama Palatasının ilkin mülahizələri maraqlıdır.

–Hazırda növbəti ilin dövlət büdcəsinin tərtibi yekunlaşma mərhələsindədir və qanunveri­ciliyin tələblərinə uyğun olaraq Hesablama Palatası bununla bağlı öz rəyini təqdim edəcək. Mövcud şərtlərdən çıxış edərək Hesab­lama Palatası layihədə bir sıra məsələlərə diqqət yetirilməsini məqsədəmüvafiq hesab edir.

Birincisi, büdcə qaydası ilə bağlı qeyd edək ki, qarşıdakı ildə bu qaydaların tətbiqinin dayandı­rılmasının şərtləri və bu institutun bərpası ilə bağlı əsaslandırmalar əhəmiyyətlidir. Belə ki, büdcə qay­dası fiskal intizam norması olduğu üçün ortamüddətli dövrdə təkrar tətbiqi zəruridir.

Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) əsasında tərtib ediləcək ilk büdcə olmasını nəzərə alaraq yeni büdcə planlaşdırılması meto­du çərçivəsində hansı addımların atılacağı büdcə sənədlərində xüsusilə əks olunmalıdır. Əlavə olaraq, nəticə əsaslı büdcəyə keçi­din ilkin pilot versiyası və büdcəyə hansı formada inteqrasiya edilməsi növbəti ilin dövlət büdcəsi xərclərində və zəruri sənədlərdə müəyyənləşdirilməlidir.

Məlum olduğu kimi, dövlət büdcəsi gəlirlərində neft ami­li xüsusi rola və paya malikdir. Büdcədə neft gəlirlərinin hələ də dominant olması nəzərə alınmaqla son 3 ildə 22-25 milyard manat arasında dəyişən büdcə xərclərinin strukturunun optimallaşdırılması növbəti ilin büdcə xərclərində mütləq atılmalı addımlardandır. Belə ki, bu xərclərin həcminin son 3 ildə əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı, sosial-iqtisadi problemlərin həllinin dövlətin əsas məqsədi olduğu nəzərə alınmaqla, böyük büdcənin optimal və çevik struktura malik olması da vacib şərtdir.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması, qeyri-neft gəlirləri hesabına əvəz olunması və cari ildən institusional islahatla­ra start verilməsi ilə özəlləşdirmə, özəl investisiyanın cəlbi ilə bağlı tədbirlərin sürətləndirilməsi 2021-ci ilin büdcəsi üçün yeni çağırışlar kimi qəbul edilməlidir.

Hesablama Palatasının he­sablamalarına əsasən, son iyirmi ildən artıq müddətdə özəlləşmədən daxilolmalar bir milyard manat məbləğindədir. Bu vəsaitin 30 faizi devalvasiyadan sonrakı üç ildə daxil olub. Həmçinin qeyd edim ki, ümumi daxilolmanın da 37 faizi torpaq sahələrinin satışından əldə edilib.

Hesab edirik ki, növbəti illərdə kəsirin maliyyələşdirilməsi üçün bu mənbədən daxilolmalar hər il üçün ən azı göstərilmiş məbləğdə olmalıdır. Növbəti ilin bu sahədə dönüşün ilk ili olacağını vurğula­maqla keçid dövrü üçün kəsirin maliyyələşdirilməsi məqsədilə digər mənbələrə, məsələn, əlavə borclanmaya müraciət edilə bilər.

Növbəti illərdə dövlət borcu üzrə risklər müəyyənləşdirilməli və mümkün təhdidlər konkretləşdirilməli, bununla bağlı strategiya tərtib edilməli və xərclərdə nəzərə alınmalıdır. Daxili mənbələr hesabına borclanmanın məhdud olması, xarici borclanma hesabına maliyyələşmənin artması ilə bağlı gözləntilər mövcuddur. Bu səbəbdən atılacaq bütün addımlar və icra ediləcək vəsaitlər risklərin minimallaşdırılması məqsədinə xidmət etməlidir. Əminəm ki, hökumət borclanmanı idarəolunan səviyyədə saxlayacaqdır.

Azərbaycan Prezidenti tərəfindən son müşavirələrdə dövlət xərclərinə nəzarət və dövlət maliyyəsinin hər bir manatının əsaslandırılması vacib tələb kimi müəyyən edilib. Bu tapşırıqların 2021-ci ilin dövlət büdcəsində birmənalı olaraq nəzərə alınması, büdcə şəffaflığı və hesabatlılığının yüksəldilməsi məqsədilə zəruri məlumat və sənədlərin sayının artırılması vacibdir.

Aydındır ki, növbəti ildə büdcə-vergi siyasətinin əsas istiqamətləri xüsusilə əhəmiyyətli məqsədlər üzərində formalaşmalıdır.

–Vüqar müəllim, büdcə-vergi siyasəti hansı məqamları əks etdirməlidir?

–İlk olaraq qeyd edək ki, büdcə-vergi siyasəti, başqa sözlə, dövlətin fiskal siyasəti dedikdə makroiqtisadi proseslərin tənzimlənməsi alətləri və metodları başa düşülür. İstənilən dövlətdə fiskal siyasətin əsas məqsədi iqtisadi sabitliyin əldə edilməsi və qorunmasıdır. Eyni zamanda, vurğulamaq lazımdır ki, iqtisadi sabitliyin şərtləri və şəraiti dövlətlər üzrə fərqlənir. Fərqliliyə baxma­yaraq, fiskal siyasətin alətləri müəyyən edilmiş məqsədlərə nail olunması üçün maliyyə axınla­rının idarəedilməsinə yönəlir. Ümumilikdə götürdükdə, istənilən ölkənin fiskal siyasəti iqtisadi artımın və məşğulluğun təmin olunması, inflyasiyanın məqbul sərhədlərdə qorunması məqsədinə xidmət edir.

Bu baxımdan növbəti ildə bu siyasətin əsas leytmotivi iqtisadi fəaliyyətin stimullaşdırılması ilə bağlıdır. Belə ki, məhz iqtisadi imkanlar sosial funksiyaların yerinə yetirilməsi imkanlarını formalaşdı­rır və dövlətin digər funksiyalarının icra edilməsinə şərait yaradır. İlk növbədə, vergi və gömrük potensialının reallaşdırılması və genişləndirilməsi məsələləri diqqətdə saxlanılmalı, inzibatçılığın gücləndirilməsi tədbirləri ön plana çıxmalıdır.

Fikrimizcə, cari ildə olduğu kimi, növbəti il üçün də kölgə iqtisadiyyatının azaldılması büdcə-vergi siyasətində əsas istiqamətlərdən biri kimi müəyyən edilməlidir. Lakin daha təkmil yanaşmanın tətbiqi ilə vergi gəlirlərinin potensialının hesab­lanmasında əsas meyarlardan olan “kölgə iqtisadiyyatı” və “vergi boşluğu” üzrə göstəricilər dünya­dakı mövcud təkmil təcrübələrdən istifadə edilərək hesablanmalı, həmin göstəricilər üzrə konkret tədbirlər və hədəflər sənədlərdə əks olunmalıdır.

–Qeyd etdiniz ki, 2021-ci ilin büdcəsi Orta Müddətli Xərclər Çərçivəsinin tam olmasa da, tətbiq edildiyi ilk büdcədir. Bu çərçivə barədə məlumat almaq, Hesablama Palatasının mövqe­yini bilmək istərdik.

–Məlum olduğu kimi, 2018-ci ildə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Prezident fərmanının imzalanması ilə ölkəmizdə Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqinin hüquqi əsasları for­malaşdırılıb. Həmin ilin sonunda “Azərbaycan Respublikasın­da büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı imzalanıb, Maliyyə Nazirliyi tərəfindən isə ortamüddətli xərclər çərçivəsinin hazırlanması üzrə təfsilatlı təlimatlar hazırlanıb. Bu addımlar isə nəticə əsaslı büdcəyə keçid üzrə ilkin və mühüm baza sənədləri kimi qəbul olunmalıdır.

Hazırda 3 milli xərc priorite­ti müəyyən edilib ki, bu sıraya təhsil, aqrar və ekoloji istiqamətlər aiddir. Bu istiqamətlərin tətbiqi 2021-ci ilin büdcə layihəsi çərçivəsində reallaşdırılsa da, növbəti 2022-ci ilin layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə, elm və mədəniyyət, 2023-cü ildə nəqliyyat və rabitə kimi sahələrin də bu sıraya əlavə edilməsi tövsiyə olunur. Bu halda, bir məqama diqqət yetirmək lazımdır ki, hər növbəti ildə əlavə edilən 3 istiqamət əvvəl müəyyənləşdirilən 3 istiqamətə əlavə olunması, nəticədə getdikcə Orta Müddətli Xərclər Çərçivəsi və Nəticə əsaslı büdcənin (NƏB) prinsipləri büdcənin daha çox hissəsinə şamil edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, Orta Müddətli Xərclər Çərçivəsinin tam mənada 3-5 il ərzində tətbiqi yalnız dövlət maliyyə idarəetməsinin təkmil institusional bazası olan ölkələrdə mümkündür və ölkəmizdə hər iki institutun paralel və sinxron təkmilləşdirilməsi zəruridir.

Diqqətə çatdırım ki, Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqi ilə büdcə proseslərinin zamanla yuxarıdan aşağı və aşa­ğıdan yuxarı prinsiplərinin qarşı­lıqlı əlaqəsi üzərində qurulacağını nəzərdə tutur. Başqa sözlə, bu iki prinsipin tətbiqi büdcənin tərtibi və icrası fəlsəfəsini dəyişəcəkdir. Həmin çərçivə nəticə əsaslı büdcəyə keçidin ilkin mərhələsidir və bu istiqamətdə reallaşdırdı­ğımız səmərəlilik (performans) auditi vacib tələbdir. Qeyd edim ki, səmərəlilik (performans) audit növü Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (DXMH – PEFA) diaqnostik alətinin metodologiya­sında da əsas şərtlərdən biridir. Eyni zamanda, performans audit performans büdcənin, başqa sözlə, nəticə əsaslı büdcənin auditi üçün əsasdır.

Səmərəlilik, nəticəlilik və qənaətlilik meyarlarına köklənən fəaliyyət göstəricilərinin tətbiqi və hazırkı təcrübənin mütləq şəkildə genişləndirilməsi lazımdır. Hər bir istiqamət üzrə göstəricilər siste­minin qurulması zəruridir. Hazır­da Maliyyə Nazirliyi tərəfindən tərtib edilən təlimatda yalnız bir neçə istiqamət üzrə nümunə kimi təqdim olunan bəzi göstəricilər sistemi mövcuddur. Bir məqam qeyd edilməlidir ki, Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqi və müvəffəqiyyəti qurumların bu sistemə hazırlıq dərəcəsindən, yeni yanaşmanın tətbiqində baca­rıq və vərdişlərindən asılıdır.

Ümumiləşmə apararaq qeyd edək ki, bu çərçivə vəsaitlərin müəyyən olunmuş məqsədlərlə uzlaşmasını təmin etməyi nəzərdə tutur. Başqa sözlə, dövlət vəsaitlərinin daha nəticəli, qənaətli və səmərəli istifadəsinə xidmət edən OMXÇ və NƏB ölkənin əsas strateji məqsədlərinə nail olunması üçün ayrı-ayrı qurum və ya sahələrin fəaliyyətinin əlaqələndirilməsini təmin etməlidir.

Xalq qəzeti  2020.- 29 avqust.- S.4.