Fotoşəkillərdə yaşayacaq sənətkar ömrü

Ustad fotoqraf, Əməkdar mədəniyyət işçisi Fərid Xayrulin vəfat edib

Azərbaycan fotojurnalistikasına ağır itki üz verib. Foto yaradıcılığında öz dəst-xətti olan Əməkdar mədəniyyət işçisi Fərid Xayrulin əbədiyyətə qovuşub.

Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirlərdən biri idi. Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 Yanvar faciəsini xarici agentliklərə - AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.

O, 1984-cü ildən “Azərinform” agentliyinin, o vaxt üçün SİTA-nın Azərbaycan bölməsi üzrə fotojurnalisti vəzifəsində çalışıb.

F.Xayrulin 1990-cı ildə Moskvadan qayıdan Heydər Əliyevi Bakı hava limanında qarşılayan yeganə jurnalist olub. Fərid Xayrulin 1966-cı ildən 1992-ci ilədək respublikanın müxtəlif dərgilərində çalışıb.

2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar mədəniyyət işçisi” adı verilib.

Uzun illər AZƏRTAC-da çalışan Fərid Xayrulinin həmkarları onun haqqında xatirələrini bölüşüblər.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoinformasiya baş redaksiyasının baş redaktoru Vüqar Əmrullayevin dediyinə görə, Fərid Xayrulin gənc fotojurnalistlər üçün əsl məktəb idi. O, fotoqrafiya sənətini dərindən bilməklə yanaşı, onu gənc həmkarlarına öyrətməkdən yorulmurdu. O, gördüklərini deyil, hiss etdiklərini çəkirdi. Elə bunun nəticəsi idi ki, təcrübəli fotoqrafın lentə aldığı kadrlar həyatın bir parçası kimi canlı təsir bağışlayırdı. Böyük həyat məktəbi keçən ustad sənətkarla hər söhbət olduqca maraqlı və unudulmaz idi.

Fərid Xayrulin Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun yaddaşında daim öz üzərində işləyən, heç bir çətinlikdən qorxmayan sənətkar kimi yaşayır: “O, həmişə gənclik ehtirası ilə çalışırdı. Fərid Xayrulin öz məqsədinə çatmaq, istədiyi kadrı əldə etmək üçün təbiətin şıltaqlığına, vaxtın azlığına məhəl qoymayan sənətkar idi. Elə bu yaradıcılıq şövqünə görə ustad sənətkar heç də gənc həmkarlarından seçilmirdi. İndi onun haqqında keçmiş zamanda danışmaq çətin olsa da, Fərid müəllim bizim üçün həmişə canlı və diri olaraq qalacaqdır.

AZƏRTAC-ın fotomüxbiri, bir çox beynəlxalq müsabiqələrin qalibi, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərovu təcrübəli həmkarı ilə 30 illik zaman bağlayır. İlqar müəllim xatırlayır: “Fərid Xayrulinlə ötən əsrin 1990-cı illərində bir yerdə çalışmış, bir çox mühüm tapşırıqları birlikdə yerinə yetirmişik. O, Qarabağın qanlı-qadalı günlərində tez-tez cəbhə bölgəsinə üz tutur, qaynar nöqtələrdən çoxlu kadrlar lentə alırdı. Xüsusilə 20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasına çox böyük zəhmət sərf edib. Fərid müəllim həmin vaxt qanlı Bakı küçələrini dolaşır, müdhiş gecədə baş verənləri lentin yaddaşına köçürürdü. O, doğulduğu Bakının demək olar ki, vurğunu idi, paytaxtımızı vəsf edən gözəl bukletləri və slaydları var”.

Fotoqraf ömrü lentə aldığı şəkillərdə və slaydlarda yaşayır. Unudulmaz həmkarımız, Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin lentə aldığı fotoşəkil və albomlar ona əbədiyaşarlıq qazandırıb. Hər dəfə bu şəkillərə baxanda ustad sənətkarın unudulmaz siması, yüksək sənətkarlıq keyfiyyəti bir daha gözlərimiz önündə canlanacaq və xatirəsini yaşadacaqdır.

 

Allah rəhmət eləsin.

Xalq qəzeti  2020.- 29 avqust.- S.5.