Azərbaycan jurnalistikasının Nəsir
İmanquliyev məktəbi
Milli jurnalistikamızın dünənində reallığın güzgüsü, dövrün salnaməçisi, gələcəyin carçısı olan, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə yaşayıb-yaradan jurnalist-ziyalılar tarixi missiyalarını ləyaqətlə yerinə yetirmişlər. Bu xüsusiyyətləri özündə əxz edən nurlu şəxsiyyətlərdən biri də Azərbaycan milli mətbuatında öz xidmətləri, dəsti-xətti, nəzəri-praktik fəaliyyəti ilə məktəb yaradan Nəsir İmanquliyevdir.
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. Professor Nəsir İmanquliyev Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir.
Onun fəaliyyəti, yaradıcılığı da, öz növbəsində, böyük simaların, jurnalist ordusunun yetişməsində tarixin əhəmiyyətli bir mərhələsi olmuşdur. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamış, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.
Nəsir İmanquliyevin şərəfli ömür kitabında fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun mənəvi keyfiyyətlərini, şəxsi dəyərlərini tamamlayır, alim-pedaqoq, peşəkar redaktor, ictimai-siyasi xadim, həmçinin zamanın nəbzini tutan publisist kimi xarakterizə edir.
Nəsir müəllim müharibə və inqilab illərindən keçən çətin, keşməkeşli, lakin şərəfli bir ömür yaşayıb. “Kommunist” qəzetinin səhifələrindən başlanan, “Yeni yol”, “Gənc işçi”, “Vuruşan Krım” qəzetlərindən keçən, Bakı Şəhər Partiya Komitəsində şöbə müdiri, Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin müavini, Mədəniyyət Nazirliyi Baş Radioməlumat İdarəsinin rəisi, Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Komitəsi sədrinin birinci müavini vəzifəsinədək şaxələnən ömür, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən–elmi-pedaqoji fəaliyyətdən “Bakı” və “Baku” qəzetlərinə redaktorluğadək – peşəkarlığın zirvəsinədək yüksələn tale yolları...
Bu yollarda zamanın sərt qaydaları, ictimai həyatın diktələri də var, inadkar yolçunun – Nəsir İmanquliyevin dünyaya fərdi baxışı, uğurları da. Bu yollarda heç vaxt əqidəsindən dönməyən, peşəkarlıqla ziyalılığın vəhdətindən doğan nurlu obrazı və novator yaradıcılığı, Azərbaycan jurnalistikasında açdığı çığırı, yolu var. Və bir də bu ömür yolunun işığı – yeganə övladı, görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva, Nəsir İmanquliyevin “on oğlana dəyişmədiyim iki qız nəvəm, yüksəklərə uçduğum qoşa qanadım” adlandırdığı Azərbaycan elm və mədəniyyətinə töhfələr verən Mehriban xanım Əliyeva və Nərgiz xanım Paşayeva.
Azərbaycanın ictimai-mədəni mühitində klassik ənənələrə əsaslanan maarifçilik fəaliyyəti professor Nəsir İmanquliyevin şəxsiyyətini alim-publisist, mütərcim, redaktor kimi səciyyələndirir. Jurnalist adının məsuliyyətini dərk edib ləyaqətlə daşımış, 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə öz töhfələrini vermişdir.
Nəsir müəllim dəyərli ziyalı, jurnalist, yüksək təşkilatçılıq qabiliyyətinə malik redaktor olmaqla yanaşı, həm də peşəkar pedaqoq idi. O, elmi-pedaqoji fəaliyyəti dövründə tələbələrinə qarşı həmişə həssas, qayğıkeş yanaşmış, ləyaqətini hər şeydən uca tutan müəllim imici qazanmışdır. Məhz bu səbəbdəndir ki, görkəmli alim xeyirxah əməlləri, insani keyfiyyətləri, mərhəməti və şəfqəti ilə bu gün də yetirmələrinin, tələbələrinin, sevənlərinin qəlbində yaşayır, xatirələrindən silinmir. Nəsir müəllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamış, bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur. O, 1941-45-ci illər müharibəsində mətbuatın rolundan namizədlik dissertasiyasının, bir sıra dərs vəsaitinin, monoqrafiyaların müəllifi idi.
Universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayan görkəmli pedaqoq “Bakı” və “Baku” qəzetləri redaksiyalarında Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı öyrətmiş, bu qəzetləri tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevirmişdir. Göründüyü kimi, pedaqoq-alim, istedadlı qələm sahibi “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı, redaksiya ilə auditoriya, universitetlə mətbuat, təhsillə praktika arasında etibarlı körpü yaratmışdır. Bu fəaliyyət professor Nəsir İmanquliyevin ali jurnalistika sahəsindəki ən dəyərli, səmərəli xidmətlərindən biridir.
Nəsir İmanquliyev milli mətbuatımızın tarixində xüsusi tipoloji xarakter daşımış “Bakı” və “Baku” qəzetlərinin təməlini qoymuş, bu nəşrlərə 30 il fasiləsiz rəhbərlik edərək peşəkar kollektiv formalaşdırmış, dövrünün, zamanının salnaməsini yaratmışdır. Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olmuşdur. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən redaktor xüsusən “Bakı” və “Baku” qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən mətbu orqanın simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən professor Nəsir İmanquliyev rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı.
Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Sovet dövründə, ağır senzura şəraitində xəbərin tərəfsizlik, qərəzsizlik, dəqiqlik prinsiplərini reallaşdırmaq böyük cəsarət tələb edirdi. Nəsir müəllim hər zaman peşəyə sədaqət nəzəri fikrini jurnalist üçün prioritet hesab edirdi: “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır”. Peşəkar jurnalistin, nəzəriyyəçi alimin vaxtilə söylədiyi sözlər bu gün də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir.
Ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin səhifələrində respublika həyatının bütün sahələri – iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materiallar bu gün də öz aktuallığını qoruyub saxlayır. Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin “Bakı” – “Baku” təcrübəsi xüsusi yer tutur.
Böyük şəxsiyyət olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır. Jurnalistika fakültəsində çalışan müəllimlərin, respublika ziyalılarının, görkəmli şəxslərin Nəsir İmanquliyev haqqında xatirələrindən bu qənaətə gəlirik ki, bu insanı bir jurnalist, pedaqoq, ictimai-siyasi xadim kimi xalqa sevdirən onun peşəkarlığı, vətənpərvərliyi, milli ləyaqətidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. O, adamları dərindən tanımaq, onların dərdinə şərik olmaq, qəlbinə yol tapmaq, kütlənin rəğbətini qazanmaq və onları öz ardınca aparmaq kimi yüksək insani və təşkilatçılıq xüsusiyyətləri ilə hər zaman fərqlənmişdir.
Göründüyü
kimi, Nəsir müəllim bu və digər keyfiyyətləri ilə yanaşı,
həm də yüksək mənəviyyatı,
xeyirxahlığı ilə fərqlənən
insanlardandır. O, ehtiyacı olan, ondan kömək uman insanlara heç vaxt biganə olmayıb. “Nəsir müəllim
cəsarətli, iradəli,
hünərli, həqiqəti
deməyə və yazmağa qadir olan bir şəxsiyyət
idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə
də o, bir çoxlarına mənəvi
atalıq etmişdi.
Onun övladı tək deyildi, yetirmələri, qəzetin əməkdaşları,
jurnalistlərdir”. Professor
Nərgiz Paşayevanın
söylədiyi bu fikir Nəsir İmanquliyevin insani keyfiyyətlərini bir daha xarakterizə edir. Onun nəcib insan,
xeyirxah bir ziyalı olduğunu aydın ifadə edir.
Həyatda hər şey, eləcə də insan ömrü ötəridir. Fəqət, bircə insanın
əməllərindən başqa.
İnsan
ona verilən ömürü başa vurub, dünyadan köçəndə əzizlərindən
tutmuş, bütün
var-dövlətinə qədər
hər şeyi bu dünyada qoyub gedir. Yaddaşlarda,
ürəklərdə isə
onun izləri, əməlləri qalır.
Məktəb içində
məktəb yaradan görkəmli jurnalist, fərdi rəhbərlik üslubu ilə səciyyələnən peşəkar
redaktor, ictimai-siyasi xadim, qayğıkeş insan olmuş mərhum Nəsir İmanquliyevi də ölməzlik zirvəzinə
ucaldan, qəlblərdə
yaşadan əməlləri,
xidmətləri, gələcək
nəsillərə örnək
ola bilən qısa, lakin şərəfli ömür
salnaməsidir.
Leyla RƏŞİD
Xalq qəzeti
2020.- 23 dekabr.- S.8.