Azərbaycanı inamla irəli aparan Prezident

 

Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində düşünülmüş islahatları və müdrik qərarları ilə xalqına, dövlətinə ləyaqətlə xidmət göstərib. Dövlət başçısı ölkəmizin siyasi, sosial-iqtisadi inkişafını təmin edib, Azərbaycanı çoxsaylı uğurlara qovuşdurub, respublikamızın dünya arenasında özünə layiqli yer tutmasını reallaşdırıb.

 

“Əsl siyasət konkret, real görməkdən ibarətdir” –tezisini irəli sürən cənab İlham Əliyev bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün qətiyyət və əzmkarlıq nümayiş etdirib. Sabitlik, dinamik inkişaf və mütərəqqi islahatlar strategiyasını uğurla gerçəkləşdirməklə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübuta yetirib.

 

Heç kəsə sirr deyil ki, cənab İlham Əliyevin 2003-cü ilin və 2008-ci ilin 15 oktyabr, 2013-cü ilin 9 oktyabr və nəhayət, 2018-ci ilin 11 aprel seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizdəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənib. Son prezident seçkilərində xalqı­mızın böyük dəstəyi ilə növbəti dəfə inamlı qələbə qazanan dövlətimizin başçısı Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib: “Son illər ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. An­caq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var”.

 

Prezident İlham Əliyev siyasətinin mərkəzində hər zaman insan amili dayanıb, onun amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuş­durmaq olub. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti kimi fəaliyyət göstərmək onun həyat fəlsəfəsinə çevrilib.

 

Azərbaycan ötən illər ərzində dünyada müstəqil xari­ci siyasət yürüdən, bu sahədə tarazlaşdırılmış konsepsiyaya üstünlük verən ölkə imici qaza­nıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanla müttəfiqlik etmək istəyən ölkələrin sayı getdikcə artıb. Respublikamız dünyada etibarlı tərəfdaş kimi tanınıb və qəbul edilib. Bunu təsdiqləyən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi olub.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaş­dırıb. Respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı reallaşıb, iqtisadi inkişaf sürətlənib, əhalinin rifafı daha da yaxşılaşıb.

 

Hazırda respublikamızda işsizlik probleminin həlli, əhalinin sosial şəraitinin yaxşılaşdırıl­ması məsələləri dövlət başçı­sının yeritdiyi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Ölkə rəhbəri hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə sax­layır, habelə əhalinin üzləşdiyi problemlərin həlli istiqamətində mühüm addımlar atır.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən kadrstruktur isla­hatları idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanları­nın fəaliyyətini optimallaşdırmaq və büdcə vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşıyır. Beynəlxalq agentliklərin Azərbaycanı dünyanın ən islahatçı ölkəsi kimi dəyərləndirmələri də bunu təsdiqləyir. Bu islahatlar həm də onu göstərir ki, Azərbaycan ictimai-siyasi kataklizmlərlə deyil, təkamül yolu ilə inkişaf edir.

 

Sabitlik, dinamik inkişaf və mütərəqqi islahatlar strategiyasına əsaslanan planproqramlar 17 il ərzində uğurla davam etdirilib, sosial-iqtisadi sahələrdə struk­tur dəyişiklikləri ilə institusional islahatlar paralel aparılıb, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan layihələr yüksək səviyyədə gerçəkləşdirilib, sosial-iqtisadi sahələrində bir sıra önəmli layihələr reallaşdırılıb. Təkcə son illərdə “Azərspace-2” peyki orbitə buraxılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi işə salınıb, nəhəng transmilli Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla gerçəkləşib, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Starneft emalı zavodu (SOCAR Turkey Aegean Refinery) istifadəyə verilib. Azərbaycan Prezidenti­nin bilavasitə rəhbərliyi ilə Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar uğurla yekunlaşıb. Dövlətimizin maraqlarına cavab verən “Xəzər dənizinin statusuna dair Konvensi­ya” imzalanıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə daim mühüm önəm verib. Bu məqsədlə aqrar sahədə ardıcıl olaraq dövlət dəstəyi tədbirləri da­vam etdirilib, mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi qu­rulub. Eyni zamanda, respublikanın rayonlarında aqroparkların yaradıl­ması üzrə intensiv aparılıb.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və ar­tıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti bir daha göstərir ki, aparılan sosial siyasətin mərkəzində ölkə vətəndaşının maraqlarının təmin edilməsionun problemlərinin həlli dayanır.

 

Dövlətimizin başçısının pre­zidentlik fəaliyyətinə başladığı ilk gündən diqqət yetirdiyi priori­tet istiqamətlərdən biri də hərbi quruculuq məsələsi olub. Xatır­ladaq ki, 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev deyib: “Azərbaycanda ordu qurucu­luğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standart­lara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Ölkə rəhbəri ötən illər bu vədinə daim sadiq qalıb, respublikamız­da ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüb, Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranma­sını gerçəkləşdirib.

 

Azərbaycan Ordusu bu güc-qüdrətini ilk dəfə 2016-cı ilin aprelində sübut etdi. Həmin ayın 2-də Ermənistan ordusu­nun təxribatlarına cavab olaraq, Silahlı Qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keç­di. Ordumuz dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

 

Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri dağıdıl­dı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

 

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayın­da Günnüt zəfəri ilə qazandı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğur­la nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

 

Ermənistan bütün bu dərslərdən nəticə çıxarmadı. Bu il iyul ayının 12–16-da Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində daha bir məqsədyönlü təcavüzkar hərəkəti törətdi. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Res­publikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürü kimi diqqət çəkdi və ölkəmizin yeni ərazilərini zəbt etmək məqsədi daşıdı.

 

Bədxah düşmənin təcavüzünün bu dəfə də Silahlı Qüvvələrimiz tərəfindən layiqincə cavablandırıl­masına baxmayaraq, Ermənistan növbəti işğalçı siyasətini həyata keçirmək iddiasından əl çəkmədi. Bunun üçün hazırlıqlara başla­yıb, külli miqdarda silahsursat tədarük edib, qüvvələrini təmas xətti boyunca cəmləşdirdi. Hətta Azərbaycana qarşı müharibə aparmaq üçün on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələr yara­dıldığını elan etdi.

 

Yeri gəlmişkən, ötən müddətdə ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarının ən böyük nəticələrindən biri o oldu ki, Silahlı Qüvvələrimiz mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu müqayisəolunmaz dərəcədə qabaqladığını təsdiqlədi və təbii ki, düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.

 

Ermənistan ordusunun sent­yabrın 27-də isə təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına baş­lamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün da­vam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yaz­dı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güc­lü, məğlubedilməz” ordu mifini birdəfəlik darmadağın etdi.

 

Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş mey­danında təsdiqini tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücu­mundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı dekabrın 1-də xalqa müraciətində dedi: “Biz müharibə dövründə Ermənistan ordusunu, demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır”.

 

Azərbaycanın bu möhtəşəm qələbəsi Prezident İlham Əliyevin uzun illər ərzində apardığı uğurlu xaricidaxili siyasətlə bərabər, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı bu barədə işğaldan azad edilmiş Ağdam şəhərində olarkən bildirdi ki, bu gün bir çox ölkələrdə bizim hərbi təcrübəmiz öyrənilir. Ha­zırda bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasdabu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib.

 

Beləliklə, dövlətimizin başçısı­nın qətiyyətli siyasəti Ermənistan və onun havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Azərbaycan Prezi­denti müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qaraba­ğın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

 

Bu haqq savaşı Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizə qarşı qaldırdığı əsassız iddialarla və hikkələrlə danışması fonunda bir daha onunanti-demokratik, qaniçən hökumətinin faşist ideologiyasına xidmət etdiyini bütün dünyaya göstərdi.

 

Bu qələbə ilə Azərbaycan dünyaya pozulmuş hüquqları­nı özü bərpa etmək iqtidarında olduğunu, haqq, ədalət, ərazi bütövlüyü uğrunda vuruşduğu­nu sübut etdi. Siyasi meydanda işğalçı düşmənə layiq olduğu yerini göstərməklə bərabər, bu zəfər bizi öz haqq işimizdən heç bir qüvvənin çəkindirə bilməyəcəyini də təsdiqlədi.

 

Rövşən ƏLVƏNDOV,ehtiyatda olan polkovnik

 

Xalq qəzeti  2020.- 23 dekabr.- S.7.