Prezident missiyasını şərəflə yerinə yetirən lider

 

Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bildiyimiz kimi, xalqları dünyaya tanıdan yalnız onların zəngin təbii sərvətləri və maddi mədəniyyət nümunələri deyil, eyni zamanda, siyasətdə mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilir, dünya arenasında layiqli yer tutmasını şərtləndirir.

 

Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev həm güclü dövlət yaradıb, həm də özündən sonra uğurlu siyasətə varisliyi təmin edə biləcək peşəkar lider yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – deyən ümummilli liderin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 17 illik prezidentlik fəaliyyəti bu qənaətin nə dərəcədə düzgün olduğunu göstərmişdir.

 

Ulu öndərin işləyib hazırladığı və həyata keçirməyə başladığı strategiyanı yeni dövrün ruhuna uyğun zənginləşdirən və uğurla reallaşdıran Prezident İlham Əliyevin titanik fəaliyyətinə nəzər saldıqda onun zamanın çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik lider olduğu aşkar təsdiqini tapır. Məhz Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

 

Son 17 ildə ölkəmizin həyatında elə bir məsələ olmayıb ki, Prezident İlham Əliyev onunla bağlı söylədiyi fikirləri tam gerçəkləşdirməsin, verdiyi sözü, vədini yerinə yetirməsin. Sözlə əməlin birliyi, vəhdəti özünü ölkəyə rəhbərliyin bütün sahələrində bariz şəkildə göstərib. Bu, hər kəsə, xüsusən də üzərinə dövlətə, millətə rəhbərlik etmək missiyası düşmüş şəxsiyyətlərə nüfuz qazandıran başlıca amillərdəndir.

 

Böyük şəxsiyyətlər kimi, dövlətləri də hörmətə çatdıran amillər az deyil. Bunlardan biri hərbi gücün, peşəkar ordunun olmasıdır. Belə ölkələrin müstəqilliyi heç vaxt sarsılmır. Məhz bu amalın işığında Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıllıqla, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin maddi-texniki bazası lazımınca möhkəmləndirilib. Elə bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında silahlı qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, əsgər və zabitlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Vətən müharibəsində böyük qələbəmiz də həmin amillərin təntənəsidir.

 

Bir aydan çoxdur ki, bütün Azərbaycan xalqı Qarabağın düşmən əsarətindən qurtarmasını bayram edir. Dünya bizim hünərimizə, şücaətimizə heyran qalıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasi addımları, düzgün taktika və strategiyası, rəşadətli Milli Ordumuzun mətanəti sayəsində 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə sona yetməsi başımızı daha da uca edib.

 

Bizi daha çox duyğulandıran bir də odur ki, Prezident İlham Əliyev özünün dönməz qətiyyəti, polad iradəsi, diplomatik məharəti sayəsində hərbi qələbəni həm də siyasi zəfərə çevirə bildi, informasiya cəbhəsində qalibiyyət əldə etdi. Döyüşə-döyüşə Cəbrayılı, Füzulini, Hadrutu, Qubadlını, Zəngilanı, Şuşanı, 300-dən artıq kəndi aldıq, Suqovuşanda, Murovdağda, Xudafərində, bir sıra mühüm strateji yüksəklikdə bayrağımızı ucaltdıq, eyni zamanda, Ağdamı, Kəlbəcəri, Laçını bir damla qan tökmədən, bir nəfər şəhid vermədən geri qaytardıq. Ordusunun tamam məhv olacağından qorxan düşmən kapitulyasiya sənədinə qol çəkməyə məcbur edildi. Bütün bunlar Dövlət Bayrağı Günündə, Konstitusiya Günü ərəfəsində Ali Baş Komandanımızın xalqımıza əvəzsiz bayram hədiyyələri oldu. Hər dəfə cənab İlham Əliyevin xalqa ünvanladığı xoş müjdəli müraciətlərini dinlədikcə qəlbimiz sonsuz qürur və iftixar hissi ilə döyündü, göylərə qanadlandıq.

 

Xalqa müraciətlərindən birində ata vəsiyyətinə əməl etdiyinə – doğma Qarabağı işğaldan təmizləyərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyinə görə özünü xoşbəxt sayan sənab İlham Əliyevin bu səmimiyyəti xalq tərəfindən böyük ehtiramla qarşılandı. Dövlət başçısının xalqa bağlılığının, ürək sirlərini, özəl hisslərini belə xalqla bölüşməkdən məmnunluq duymasının bir daha hamılıqla şahidi olduq. Bax, rəhbərə xalq sevgisinin təməlində həm də bu mənəvi, əxlaqi amil dayanır.

 

İşğalçı ölkənin hökumət başçısının atəşkəs haqqında üçtərəfli bəyanata Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər imza atması dünya hərb tarixinə bizim yazdığımız yeni şərəfli bir səhifədir. Politoloqlar haqlı olaraq, böyük qələbəmizə doğru illərcə gəldiyimiz keşməkeşli yolun, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və yaratdığı möhkəm bazisin əsasında bərqərar olduğunu söyləyirlər. Bu yanaşma, həmçinin möhtərəm Prezidentimiz İlham Əliyevin 17 ildən bəri inamla həyata keçirdiyi ictimai-siyasi, sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində davamlı surətdə möhkəmləndiyi qənaətini təsdiqləyir. Hərbi qələbənin diplomatik sənədlə təsbit edilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi vaxtdan bəri ilk dəfə olaraq özünün BMT tərəfindən tanınmış bütün ərazisində suverenliyini təmin edən konstitusion haqları bərpa olundu.

 

Dünya bilir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri 27 ildən bəri kağız üzərində qalırdı. Azərbaycan ərazilərinin boşaldılması Ermənistandan tələb olunmurdu. Münaqişənin həlli, sanki, “Qordi düyününə” salınmışdı.

 

...Əfsanəyə görə, Finikiya dövlətinin hökmdarı Qordion öz arabasını məbədə elə bağlamışdı ki, onu heç kəs aça bilməsin. Həmin düyünü öz qılıncı ilə söküb atmaq və cahan sahibi adını qazanmaq məhz Finikiyanı məğlub edən Makedoniyalı İsgəndərə nəsib olmuşdu. O zamandan böyük müşküllərin dərin siyasət və iti qılınc gücünə çözülməsi obrazlı şəkildə Qordi düyününün açılması ilə müqayisə olunur. Bu baxımdan, BMT-nin, ATƏT-in 27 ilə edə bilmədiklərini cəmi 44 günə gerçəkləşdirən Ali Baş Komandanımız İlham Əliyevin zəka və qətiyyət qələbəsi də möhtəşəm zəfərlər sırasında layiqli yerini tutmaqdadır.

 

Fəxrlə deyə bilərik ki, Azərbaycanın son 50 ildə səyasət və idarəetmə sahələrində uğurları xalqımızın xoşbəxtliyini təmin edib. İki böyük siyasi liderimiz buna nail olub. Xalqın əsl məhəbbətini qazanmış həmin siyasi liderlərdən biri ulu öndər Heydər Əliyev olmuşdursa, digəri məhz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevdir. 2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi inamla həyata keçirildi. Dövlət başçısının xidmətləri ilə Azərbaycanda demokratik prosesi sürətləndirən siyasi islahatlar dönməz xarakter aldı. Bizi irəli aparan dövlət başçımızın inamı oldu: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”. Son illərdə bu fikir öz təsdiqini dönə-dönə tapmışdır.

 

Əlbəttə, biz Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi yardıma, dəstəyə görə qardaş Türkiyə Cümhuriyyətinə də minnətdarıq. Rusiya tərəfinin Qarabağ münaqişənin həlli üçün göstərdiyi səylər də danılmazdır. Türkiyə və Rusiya Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində maraqlı olduqlarını dünyaya göstərdilər. Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözləri böyük əhəmiyyət daşıyır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənsə də, daha çox Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin yürütdüyü düzgün siyasətin, beynəlxalq aləmdə qazandığı böyük nüfuzun, Azərbaycanın haqq işini dünyaya etiraf etdirməsinin nəticəsidir. Pezidentimiz beynəlxalq hüquqa söykənərək elə siyasi gedişlər etdi ki, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsini genişləndirmək və ona Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etməklə bağlı çabaları nəticəsiz qaldı. Özünün avantürist siyasətinin, faşist ideologiyasının qurbanı olan qəsbkar ölkə döyüş meydanında ölümcül məğlub oldu.

 

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan öz ölkəsinin daim Azərbaycanın, özününsə daim qardaş deyə çağırdığı sənab İlham Əliyevin yanında olduğunu dönə-dönə əməldə sübuta yetirdi. Bakıdakı Zəfər paradında onun iştirakı isə Azərbaycanın heç də dünyada tək olmadığı barədə məlum güclərə verilən məxsusi bir mesaj idi. Bu gün ulu öndərin “Bir millət, iki dövlət” şüarının təntənəsi bütün parlaqlığı ilə gözlər önündə cilvələnir.

 

Vətən müharibəsi artıq şərəf tariximizə dönüb. Biz – doğma torpağın əsl sahibləri onun yaralarını sağaltmağa başlamışıq. Orada yollar çəkir, normal həyat şəraiti yaradırıq. Əsas odur ki, sərhədlərimizin bütövlüyü tam bərpa edilib, viran qoyulmuş yurd yerlərini yenidən laləzara çevirmək üçünsə yetərincə qüdrətimiz, təpərimiz var. Mənfur ermənilərin keçib getdikləri yerlər öz istehkamçılarımız, eləcə də Rusiya və Türkiyə mütəxəssisləri tərəfindən addım-addım minalardan təmizlənir. Lap bu günlərdə qardaş ölkədən həmin məqsədlə daha 136 nəfər istehkamçı Qarabağa gəlib. Cənab İlham Əliyevin bərpa tədbirləri ilə bağlı verdiyi tapşırıqlar ardıcıl reallaşır, sosial layihələr icra olunur.

 

Bəli, bütün bunlar şərəf tariximizin qızılı hərflərlə yazılan səhifələridir. Cənab Prezidentin 17 illik gərgin siyasi-diplomatik səylərinin, ordumuzun güclənərək dünyanın ən müasir, ən qabil ordusuna çevrilməsinin nəticəsi, sarsılmaz dövlət-xalq birliyinin təntənəsidir.

 

Böyük fərəh hissi ilə onu da qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə 27 sentyabr ölkəmizdə Anım Günü, 8 noyabr isə Zəfər Günü kimi rəsmiləşdirilib, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alınıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı, “Azərbaycanın Milli Qəhrəmanı” adlarının verilməsi, ali komanda heyətinin, əsgər, gizir və zabitlərin “Azərbaycan Bayrağı”, “Zəfər” və “Qarabağ” ordenləri, medallarla təltif edilməsi barədə Prezident sərəncamları imzalanıb. Cəbhə xəttindən uzaqda olan şəhərlərdə ermənilərin ballistik raket zərbələrindən ziyan çəkmiş mülki vətəndaşlara kompensasiyaların verilməsi qərara alınıb. Misilsiz qələbənin əbədiləşdirilməsi, rəşadətin qiymətləndirilməsi, şəhidlərin qədirbilənliklə yad edilməsi, gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi baxımından bu sərəncamların böyük əhəmiyyəti var.

 

Tarix yazan, ərazi bütövlüyümüzü bərpa edən, mlli qürurumuzu artırmaqla bizə xoşbəxt günlər yaşadan, hər bir azərbaycanlının Prezidenti olan dövlətimizin başçısına, qəhrəman ali sərkərdəmizə – cənab İlham Əliyevə minnətdarlıq duyğularımız tükənməzdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti 2020.- 23 dekabr.- S.5.