ATƏT-in Lissabon
sammitində…
münaqişənin sülh yolu ilə həlli üçün
dünya dövlətləri və beynəlxalq
təşkilatlar tərəfindən dəstəklənən
ədalətli hüquqi bünövrə
yaradıldı
Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
dinc vasitələrlə nizamlanması ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xarici siyasətin
prioritetini təşkil edirdi.
Ümummilli liderin respublikaya rəhbərliyi dövründə keçirdiyi bütün
görüşlərdə, ilk növbədə,
münaqişənin nizamlanması, doğma ata – baba yurdlarından didərgin
salınmış soydaşlarımızın isti
ocaqlarına qaytarılması məsələsi
qaldırılırdı. Ümumiyyətlə, Heydər
Əliyevin ölkəmizə rəhbərlik etdiyi
1993-2003-cü illər respublikamız üçün
həlledici dövr olub.
Məhz həmin illərdə dövlətçiliyimizin
möhkəm təməli qoyulub. O illərdə
Azərbaycanın istər daxili, istərsə
də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daim dövlət siyasətinin əsasını təşkil edib. 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirib.Ulu öndərin bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də, nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT-in, NATO-nun, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşlərində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi əsas müzakirə mövzusu olub.
ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları münaqişə ocaqlarının tezliklə söndürülməsi, XXI əsrin sülh və əmin-amanlıq əsrinə çevrilməsi üçün qəti tədbirlər görülməsi məqsədi ilə Lissabona toplaşdılar. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında baş verən hadisəni xatırladıqca ulu öndərin qətiyyəti, həyata keçirdiyi siyasət və dünya ölkələrinin diqqətini münaqişəyə cəlb etməsi, o cümlədən Ermənistanın işğalçı siyasətinin ifşa olunması istiqamətində yadda qalan hadisələrdən biri hesab olunur. 52 Avropa dövlətinin, ABŞ, Kanada və 10 Asiya – Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı ölkəmiz üçün böyük əhəmiyyət kəsb etmişdir. Qafqaz regionu, xüsusilə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu Lissabon sammitindəki nitqində Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsiplərinə, BMT Nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun olan müddəalarını diqqətə çatdırmışdır.
Heydər Əliyev Lissabon sammitinin nəticələrini aşağıdakı kimi dəyərləndirirdi: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıb həm zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”.
Sammitdə qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq hüquqi bazasını təşkil edən sənəd Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, obyektiv həlli yolunda böyük siyasi nailiyyət sayılır.
Ulu öndər sammitdəki çıxışında Dağlıq Qarabağ münaqişəsində Ermənistanın məqsədini hərbi təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib. Bu ədalətsizliyə və işğal siyasətinə yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarının diqqətinə çatdıran müdrik şəxsiyyət Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini bildirib: “Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır”.
Ümummilli lider çıxışında, həmçinin Ermənistan prezidentinə və erməni xalqına da sülh çağırışları edib. O, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırıb: “Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər".
Müdrik şəxsiyyət Heydər Əliyevin Lissabon Zirvə görüşündə ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan nitqi dövlət və hökumət başçılarının diqqətini cəlb etdi. Respublikamızın rəhbəri yeni müstəqillik qazanmış, demokratiya və bazar münasibətləri yolunu seçmiş ölkəmizdə hüquqi dövlət quruculuğu, islahatların həyata keçirilməsi, dünya birliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsi sahəsində görülən işlərdən də ətraflı söhbət açdı.
Ulu öndər bir daha bəyan etdi ki, biz müharibə yox, sülh istəyirik. Biz istəyirik ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, respublikamızın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunsun, yerlərindən-yurdlarından zorla qovulmuş bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarına qayıtsın. Biz Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməyə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazırıq.
Bütün bu çağırışlara baxmayaraq, Ermənistan nümayəndə heyəti ölkəsinin işğalçı siyasətinə sadiqliyini nümayiş etdirərək Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoydu. Heydər Əliyev isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək, ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail oldu. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərilib.
ATƏT sədrinin bəyanatından dərhal sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək bununla razılaşmadığını elan etdi və beləliklə gələcək uğursuz danışıqların əsasını qoydu. Bu bəyanatda məsələnin həllinin, hər şeydən əvvəl, öz müqəddəratını təyin etmə prinsipi əsasında əldə oluna biləcəyi öz əksini tapırdı.
Zirvə toplantısı zamanı ümummilli liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə əlavə edildi.
Həmin prinsiplər aşağıdakılardır:
- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
- Dağlıq Qarabağın sazişdə müəyyən edilmiş hüquqi statusu – bu status Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünüidarəetmənin ən yüksək səviyyəsini verir;
- tənzimləmə müddəalarına bütün tərəflərin əməl etməsini təmin etmək barədə qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi.
Ulu öndər Heydər Əliyev Lissabon Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliyə doğru daha bir mühüm addım atdı. Eyni zamanda, Azərbaycanın ədalətli mövqeyinin bütün dövlətlər tərəfindən müdafiə olunması və ATƏT-in toplantısının sənədlərində bu məsələnin öz geniş əksini tapması üçün bir çox görüşlər keçirdi, ətraflı danışıqlar apardı. ABŞ dövlət katibinin müavini Linn Devis, Rusiyanın xarici işlər naziri Yevgeni Primakov, Ukrayna Prezidenti Leonid Kuçma, İsrailin Baş naziri Benyamin Netanyahu, İsveçrənin xarici işlər naziri, ATƏT-in indiki sədri Flavio Kotti, Finlandiya Prezidenti Marti Ahtisaari, Rusiyanın Baş naziri Viktor Çernomırdin, o cümlədən, digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirilən görüşlər çox əhəmiyyətli, faydalı oldu.
Dövlətimizin başçısının səsləndirdiyi fikirlər, irəli sürdüyü təkliflər, Ermənistan istisna olmaqla, zirvə görüşünün iştirakçısı olan dövlətlərin rəhbərlərinin hamısı tərəfindən rəğbətlə qarşılandı və dəstəkləndi. Sammitdə münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı, həmçinin vasitəçilərin vəzifələri müəyyən olundu.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti
2020.- 2 dekabr.- S.9.