Qələbə Azərbaycanı məğlubedilməz xalqın qalib dövləti kimi təsdiq etdi

 

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

Azərbaycan Ordusu sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kəndi, 5 şəhər və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri işğalçılardan təmizlədi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vurdu. Silahlı Qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdükapitulyasiyaya məcbur etdi.

 

Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin reallaşdırmaq istədiyi niyyət həyata keçmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradıl­ması planı isə tamamilə alt-üst oldu.

 

Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya tələblərinə uyğun olaraq, əvvəlcə Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusu­nun tam nəzarətinə keçdi.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu ərazilər bir mərmi belə atılmadan geri qay­tarıldı. Şübhəsiz ki, hər üç rayonun qəsbkardan təmizlənməsi düşmənin öz istəyi ilə baş vermədi. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqla­rından öz silahlı qüvvələrini dərhal çıxarmasına dair Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcud idi. Ermənistan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altındakı ərazilərimizi qeyd-şərtsiz boşaltmalı idi. Lakin düşmən ölkə bütün tələblərə zidd olaraq heç bir öhdəliyini yerinə yetirmədi. Əksinə, Ermənistanın baş naziri Azərbaycana qarşı 7 şərt irəli sürməkdən, ayrı-ayrı vaxtlardaArtsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirməkdən, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparmaqdan, terrorçuları həmin bölgələrdə yerləşdirməkdən belə çəkinmədi. Beləliklə, qəsbkarın həyata keçirdiyi təxribatlar, hücumlar təcavüzkara əsl dərs verilməsinin za­manının gəldiyini aşkar şəkildə dünyaya göstərdi.

 

Burada bir məqamı da xatırlat­maq istərdik. Son 30 ildə olduğu kimi, Vətən müharibəsi günlərində də bir sıra beynəlxalq təşkilatlar haqq sa­vaşımızı müdafiə etmədilər, düşmən mülki vətəndaşlarımızı atəşə tutanda, infrastrukturumuzu dağıdanda, bir sözlə, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etməyəndə, susmağa üstünlük verdilər. Amma savaş zama­nı Ermənistanın havadarları işğalçını dəstəkləməkdən belə çəkinmədilər. Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırandan sonra etdiyi çıxışda bu barədə dedi: “Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlar­dan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qa­bağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir...”.

 

Təbii ki, güclü ordumuzun döyüş meydanında qazandığı zəfər diplo­matik səviyyədə mövqeyimizi daha da gücləndirdi. Ermənistanın xarici dövlətlərdən imdad diləməsi isə heç bir nəticə vermədi. Siyasi təzyiqlərə sinə gərən qətiyyətli və müdrik Prezident İlham Əliyevin uğurlu diplomatik möv­qeyi sayəsində bütün çətinliklər dəf edildi, siyasi üstünlüyümüz daha da möhkəmləndi.

 

Bu müharibə Azərbaycan Preziden­ti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaq­la yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücü­müzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, da­yanın, dayanın, dayanın. Amma biz qa­bağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.

 

Bəli, cənab Prezidentin bəyan etdiyi kimi, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımı­zın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyibir o qədər önəm daşıyırdı.

 

Burada bir tarixi həqiqəti də qeyd etmək istərdim. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda ya­şanan xaos, özbaşınalıq da ermənilərin torpaqlarımızı tapdaq altına salmalarına şərait yaratdı. Dövlətimizin başçısı İl­ham Əliyev işğaldan xilas olunan Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırandan sonra etdiyi çıxışda bu barədə danışaraq bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın ba­şında duranlar ordu quruculuğuna fikir vermirdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləyirdilər. O illərdə torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir gö­türmüşdü, Gəncəni bombalamışdı. Ona görə də erməni təcavüzkarlarına tor­paqlarımızı işğal etmək fürsəti yarandı: “Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dün­yaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bun­dan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşaya­cağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi...”.

 

Bəli, belə bir mükəmməl nizami ordunun əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı İlham Əliyev isə son 17 ildə bu məsələyə xüsusi önəm verib. Bu­nun üçün, ilk növbədə, ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi yaradılıb, ciddi kadr islahatı aparılıb, cəmiyyətdə sosial ədaləti gerçəkləşdirmək üçün bir sıra sosial-iqtisadi islahatlar həyata keçirilib. Eyni zamanda, güclü iqtisadiy­yat qurulub, karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində mühüm addımlar atılıb.

 

Ölkə Prezidenti ordu quruculuğunu bütün yuxarıda sadalananlarla paralel aparıb. Ona görə də Ali Baş Komandan İlham Əliyev Ermənistana sarsıdıcı hərbi zərbənin vurulmasında vurğu­landığı kimi, xalq-iqtidar-ordu amilinin əhəmiyyətini yüksək dəyərləndirib.

 

İşğaldan azad edilən yaşayış məntəqələrimizdə qısa müddətdə vandal ermənilər tərəfindən dağıdılan infrastruktur bərpa ediləcək. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımız­da yararsız hala salınan məscidlər, tarixi abidələri, məktəblər yenidən bərpa olunacaq. Şuşa işğaldan öncə olduğu kimi, Azərbaycanın yenidən əsas turizm mərkəzinə çevriləcək. Yağı tapdağından qurtulan torpaqlar­da sənaye, kənd təsərrüfatı sahələri inkişaf etdiriləcək.

 

Dövlətimizin başçısı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə fikir bildirərək deyib: “Onlar he­sab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qa­yıtmayacaq. O məqsədlə buranı dağıdıb­lar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

 

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Bu­rada bütün inzibati binalar, ictimai bina­lar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucal­dılacaq və həyat qayıdacaq”.

 

Bəli, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub- yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2020.- 4 dekabr.- S.3.