Azərbaycan bütün təhdidlərə
mətinliklə duruş gətirir
Bu yaxınlarda Paris meriyasının qondarma
“Dağlıq Qarabağ respublikası”nı tanımağa
hazırlaşması barədə məlumatın
yayılması təsadüfi və ya kimlərinsə
uydurması deyildi. Ancaq Fransa Senatı Paris meriyasından
qabağa düşdü. Bütün bunlar münaqişənin
Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən
hərbi yolla tənzimlənməsindən sonra baş verdi. Azərbaycan
Ordusunun işğalçı Ermənistanı diz
çökdürməsi və təcavüzkarın məğlubiyyətini
rəsmən etiraf etməsi ermənilərdən daha çox
Fransanın dövlət rəsmilərini və senatorlarını
narahat edib. Bu müharibədə məğlub sanki Ermənistan
yox, Fransadır. Bu da təsadüfi deyildi. Axı, Fransada
qarşıdan gələn prezident seçkilərində erməni
lobbisinin təsiri az da olsa var. Görünən odur ki,
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan
Fransa erməni sevgisini beynəlxalq hüquq normalarına qurban
verir. Fransa Senatının qondarma “Dağlıq Qarabağ
respublikası”nı tanımaq haqqında qəbul etdiyi qətnamə
də bunun təsdiqidir.
Fransa ATƏT-in
Minsk qrupunun formal olduğunu bir daha təsdiqlədi
Otuz ildən artıqdır ki, Ermənistan
– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
vasitəçilik missiyasını öz üzərinə
götürmüş ATƏT-in Minsk qrupunun həmsədlərinin
“əsas vəzifəsi” hərdənbir toplaşıb, guya,
müzakirələr aparmaq, sonda isə söz yığınından
ibarət bəyanat vermək olub. Bu müddət
ərzində işğalçı ölkəyə
qarşı hər hansı bir sanksiya tətbiq olunmadı.
Hətta, terror aktları, soyqırımı, cəbhəboyu
ərazilərdə təxribatlar törədiləndə,
dinc əhali qətlə yetiriləndə, yaşayış məntəqələri
viran ediləndə də erməni təcavüzkarlarına
“gözün üstə qaşın var” deyən olmadı.
Həmin qrupun həmsədrlərindən
biri də beynəlxalq hüquq normalarına Ermənistan qədər
hörmətsizlik edən Fransadır. Dağlıq Qarabağda və onun ətrafında
atəşin və bütün hərbi əməliyyatların
dayandırıldığı, o cümlədən,
işğalçı Ermənistanın aciz vəziyyətə
düşərək, öz qoşunlarını Azərbaycan
ərazilərindən çıxarmağa
başladığı bir vaxtda Minsk qrupunun həmsədrlərindən
biri olan Fransada qondarma “Dağlıq Qarabağ
respublikası”nı tanımağa hazırlıq görülməsi,
sonradan isə senatın qondarma “dqr”i tanıması barədə
qətnamə qəbul etməsi bu qurumun 30 illik fəaliyyətsizliyinin
nəticəsidir. Çünki bu vaxta qədər
dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar,
hətta Ermənistanın özü belə “dqr”in müstəqilliyini
və bu bölgədə keçirilən seçkilərin
heç birinin nəticəsini tanımayıb. Bəs belə olan halda, münaqişənin tənzimlənməsində
vasitəçilik missiyasını üzərinə
götürən Fransada qanunverici orqan hansı əsaslarla
beynəlxalq hüquq normalarına zidd addım atdı? Xatırladım ki, noyabrın 18-də Fransa
Senatına erməni diasporunun və lobbisinin təsiri
altında olan bir qurup senator tərəfindən qondarma
“Dağlıq Qarabağ respublikası”nın
tanınmasının zəruriliyinə dair” qətnamə
layihəsi təqdim edilib. Noyabrın 25-də
isə layihə tələsik formada senat tərəfindən
müzakirəyə çıxarılıb və qəbul
olunub. Bu qətnamənin qəbulundan sonra beynəlxalq
ekspertləri də bir sual düşündürür: Fransa
Senatı hansı ədalətdən, demokratiyadan, obyektivlikdən
danışa bilər? Qanunverici orqanın
işğalçı, faşizmə açıq meyilli Ermənistanı
dəstəkləməsi bir el məsələni
xatırladır: “Dostunu göstər, sənin kim
oduğunu deyim” Beynəlxalq hüquq norma və prinsiplərinə
zidd olan belə bir qətnamə qəbul edilərkən, hətta
üçtərəfli birgə bəyanatdan da nəticə
çıxarmaq yada düşmədi. Sanki
unudublar ki, həmin bəyanatı imzalayanlardan biri ATƏT-in
Minsk qrupu həmsədrlərindən olan Rusiya
Federasiyasıdır. Digəri isə
işğalçı Ermənistanın özüdür.
Prezident İlham Əliyev
dünyanın aparıcı kütləvi informasiya vasitələrinə
verdiyi müsahibələrində də münaqişənin
nizamlanmasında ikili standartlar nümayiş etdirən beynəlxalq
təşkilatları kəskin tənqid edərkən,
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini də dəfələrlə
diqqətə çatdırıb. Hətta bu qurumun formal
xarakter daşıdığını da bildirib. Dövlətimizin başçısı Türkiyənin
“Haber Global” telekanalına müsahibəsində bildirib ki,
danışıqlar bu günə qədər Minsk qrupu
çərçivəsində aparılır, ancaq bu
danışıqların nəticəsi yoxdur. 30 ilə
yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu
ilə qaytarılmadı: “Ona görə də mən tam
haqlı olaraq dedim ki, bir halda ki, Minsk qrupu 1992-ci ildə
formalaşdı, o zaman bu, hansı əsaslarda
formalaşdı, bu haqda bizdə bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız,
görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən,
bu bölgə ilə heç bir əlaqəsi olmayan,
münaqişə ilə heç zaman maraqlanmayan ölkələr
də var. Onların Minsk qrupunda mövcudluğu formal xarakter
daşıyır. Əgər biz bu
münaqişənin həllini istəyiriksə, biz istəyirik,
orada elə ölkələr olmalıdır ki, onların
gücü də, təsiri də olsun və bu tərkib birtərəfli
olmasın”.
Dövlətimizin
başçısı diqqəti Minsk qrupu həmsədrlərinin
ölkələrində erməni diasporlarının fəaliyyətinə
yönəldərək deyib ki, hər 3 ölkədə erməni
diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. Həmin siyasi
imkanlar nəticəsində ermənilər o ölkələrin
vəzifəli şəxslərinə təsir edirlər.
Bu, nə qədər ədalətlidir? Türkiyə onsuz da Minsk qrupunun üzvüdür, nə
üçün Türkiyə də həmsədr
olmasın?! Ona görə də bizim siyasətimizdə
tam məntiq və nəticəyə hesablanmış
yanaşma var.
Ölkə Prezidentinin müsahibəsindki
faktlar – beynəlxaql təşkilatların ədalətsiz
yanaşmaları, ikili mövqe və riyakarlıqları Fransa
Senatının qondarma “Dağlıq Qarabağ
respublikası”nın tanınmasının zəruriliyinə
dair” qətnamə layihəsinin qəbul olunmasında
özünü açıq şəkildə büruzə verdi.
Sözlə əməl
üst-üstə düşməyəndə...
Sentyabrın 27-də
işğalçı Ermənistanın
başladığı genişmiqyaslı təxribatlar
münaqişəni daha da alovlandırdı. Xarici
havadarlarına arxalanan Ermənistan ordusu rəşadətli
silahlı qüvvələrimizin ilk əks-hücumundan
çaşqın vəziyyətə düşdü və
bir-birinin ardınca ağır zərbələr aldı.
Gündən-günə geri çəkilən
işğalçı ordunun məğlubiyyəti
özünü açıq şəkildə büruzə
verirdi. Ordumuzun hər gün qələbə müjdəsi
verməsi, 27 il işğal altında olan ərazilərimizi
bir-birnin ardınca azad etməsi Ermənistanın
havadarlarını, ilk növbədə, münaqişənin
tənzimlənməsində vasitəçilik edən
Fransanı ciddi narahat etməyə başladı. Bu ölkə sanki vasitəçi olduğunu unutdu və
beynəlxalq hüquq normalarına hörmətsizliyini
açıq şəkildə ortaya qoydu. Ümumiyyətlə,
Fansanın dövlət başçıları hər zaman
erməniləri dəstəkləyiblər. Onların sözləri ilə əməlləri
heç vaxt üst-üstə düşməyib. Bu baxımdan, Emmanuel Makron da istisna deyil. Ancaq
Makron sələflərindən irəli gedərək,
işğalçı ölkəyə açıq dəstək
verdi. O, sülhü yox, işğalı dəstəklədi
və Fransanın Minsk qrupunda həmsədrliyini şübhə
altına aldığını, Azərbaycanın ərazi
bütövlüyünü dətəkləyən beynəlxalq
hüquqa hörmətsizliyini nümayiş etdirdi. Elə Fransa Senatı da beynəlxalq hüquqa zidd qətnamə
qəbul etməklə erməni lobbisinin əlində alətə
çevrildiyini təsdiqlədi. Eyni zamnda,
ermənipərəst mövqeyini açıq şəkildə
ortaya qoydu. Üstəlik, həm ölkənin
qanunverici orqanı, həm də prezident Makron heç bir fakta
əsaslanmadan Azərbaycan Ordusunda Suriyadan, Livandan və digər
ölkələrdən gəlmiş muzdlu
döyüşçülərin olması barədə
uydurmalar sələndirdilər. Fransaının
turkofobiya siyasəti, o cümlədən Dağlıq
Qarabağla bağlı məsələdə tutduğu ermənipərəst
siyasət bu ölkənin Minsk qrupunun həmsədri kimi vasitəçilyini
heçə endirir. Elə qətnamənin 9-cu maddəsi
də “Türkiyənin Azərbaycana göstərdiyi hərbi
dəstəyin 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağ əhalisinə
qarşı başlanmış təcavüzün səbəbi
olduğunu, Türkiyənin Suriyadakı cihadçı
qruplaşmaların tərkibində xidmət edən
muzdluların hərbi əməliyyatlar meydanına göndərdiyini
nəzərə alaraq...” Fransanın Azərbaycan – Türkiyə
dostluq və qardaşlıq münasibətlərinin getdikcə
möhkəmlənməsini həzm edə bilməməsindən
xəbər verir.
Mətndən də aydın
olur ki, layihə müəlliflərini Dağlıq
Qarabağın erməni əhalisnin taleyindən çox Azərbaycan
–Türkiyə münasibətlərinin sıx vəhdəti,
hər iki ölkənin getdikcə güclənməsi, birlik
nümayiş etdirməsi ciddi narahat edir. Qardaş
Türkiyənin adının bu sənəddə bir neçə
dəfə çəkilməsi də bundan xəbər verir.
Qətnamənin 11-ci maddəsi
həm Fransanı, həm də bu ölkənin qanunverici
orqanını gülünc vəziyyətinə salıb. Həmin maddədə
deyilir: “Avropa Şurasının İrqçiliyə və
dözümsüzlüyə qarşı komissiyası (ECRI)
və BMT-nin irqi ayrı-seçkiliyin aradan
qaldırılması Komitəsinin (CERD) məruzələri
ermənilərin Azərbaycanda azad yaşamasının
qeyri-mümkünlüyü faktını qeyd etməsini nəzərə
alaraq...”
Görünür, senatorlar hələ
də dərk etmirlər ki, bu gün Ermənistanda bir nəfər
də olsun azərbaycanlı qalmayıb. Bir milyondan
artıq azərbaycanlı doğma ata-baba yurdlarından zorla
didərgin salınıb. Senatorların
fikrincə, ermənilər istədikləri xalqın nümayəndələrini
qətlə yetirə, onları isti ocaqlarından didərgin
sala bilərlər. Ancaq kimsə ermənilərə
“güldən ağır söz” deyə bilməz. Bu da özünü “demokratiyanın beşiyi”,
“insan hüquq və azadlıqlarının müdafiəçisi”
hesab edən ölkənin senatorlarının və
başçısnın rəzil təfəkkürü.
Bəs Fransanın da həmsədr olduğu Minsk qurupu tərəfindən təklif edilmiş baza prinsipləri – yenilənmiş Madrid prinsipləri hansı məqsədləri nəzərdə tuturdu? Axı, bu prinsiplər 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) İtaliyanın Akvill şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əksini tapıb. 2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bu çərçivə bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub. Fransa Senatı beynəlxalq hüquqazidd qətnaməsi və Makron ermənipərəst bəyanatları ilə həm Fransanın, həm də ATƏT-in Minsk qrupunun iç üzünü açdı. Söz yox ki, Fransa prezidenti Prezident İlham Əliyevlə telefon danışığı zamanı layiqli cavabını aldı...
Zəfər bizimdir!
Sentyabrın 27-də Ermənistanın başladığı müharibədə işğalçı ölkənin gücünün tükənməsi , Azərbaycan Ordusu qarşısında diz çökməsi təcavüzkarın havadarlarını da çaşqın vəziyyətə salıb. Artıq staus-kvoya, təmas xəttinə, ATƏT-in Minsk qurupunun vasitəçiliyinə ehtiyac qalmadı. Dövlətimizin başçısı bunların hamısnı rədd etdi. Ermənistan rəsmən təslim oldu. Dekabrın 1-də Laçın rayonu da işğaldan qansız-qadasız azad olundu. Artıq Azərbaycan bütövləşdi. Bu məğlubiyyət Fransa dövlətinə Minsk qrupunun həmsədri olduğunu unutdurub. Dövlətimizin başçısı bu qurumla yanaşı, digər mötəbər təşkilatların da 30 il ərzində həyata keçirə bilmədiklərini 44 gün ərzində yerinə yetirdi. Təcavüzkara dəstək verənlər dərk etməlidirlər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Emənistan ordusunun bizim torpağımızda nə işi var?”
Artıq dünya ictimaiyyəti də şahiddir ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğal altında olan ərazilərimizi düşməndən azad etdi. İndi həmin ərazilərdə, o cümlədən, Dağlıq Qarabağın döyünən ürəyi olan Şuşada Azərbaycan Bayrağı dalğalanır. Prezidentimizin dediyi kimi, bu qələbə bayraqları Azadlıq meydanında keçiriləcək qələbə paradında nümayiş etdiriləcək. Bütün bunlardan sonra Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası” nın tanınması ilə bağlı canfəşanlığı bu ölkəni və onun başçısını gülünc vəziyyətinə qoyub. Çünki zəfər bizimdir! Bu, artıq dünya ictimaiyyəti tərəfindən də qəbul edilir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-
2020.- 5 dekabr.- S.6.