Ağdamdakı abidələr də erməni
vandallarının qəzəbinə tuş
gəlmişdir
“Bu gün
tarixi bir gündür. Biz şanlı
Qələbəmizi qeyd
edirik. Dağılmış Ağdam şəhəri
erməni vəhşiliyinin
şahididir. Biz Ağdam şəhərini
bərpa edəcəyik,
bütün kəndləri
bərpa edəcəyik.
Heç
kimdə bu haqda şübhə olmasın. Bu, böyük
iş olacaqdır. Əlbəttə ki, böyük
zəhmət tələb
edəcək. Amma necə
ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm
ki, azad edilmiş torpaqlarımızın
bərpası işində
də birlik, əzmkarlıq göstərəcəyik.
Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl
şəhərlər olacaqdır.
Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü
göstərəcəyik.” Bu sözləri Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad olunmuş Ağdam şəhərindəki çıxışında
dedi.
Ağdamın işğal altında olan əraziləri mənfur ermənilərdən
təmizləndi. Amma bu ərazilərdə
erməni vandalları
daşı daş üstə qoymamışlar.
Ağdamın qədim insan
məskəni olduğunu
sübut edən kifayət qədər arxeoloji materiallar vardır. Üçoğlantəpə adlanan ərazidə
aparılan tədqiqatlar
nəticəsində qədim
insanların bu ərazidə bizim eradan əvvəllərdə--
Eneolit dövründə
məskunlaşmağa başladığı
müəyyən edilmişdir.
Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq
abidəsi vardır. Buradakı
tarixi memarlıq abidələri, yaşayış
məskənləri, sərdabələr,
kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir.
Rayonun onlarca tarixi yaşayış məskənləri
Eneolit dövründən
günümüzə kimi
gəlib çatmışdır.
Bu maddi-mənəvi abidələr müxtəlif
bölgü əsasında
qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq “Azərbaycan
Respublikasının ərazisində
dövlət mühafizəsinə
götürülmüş daşınılmaz mədəniyyət
abidələrinin əhəmiyyət
dərəcəsinə görə
bölgüsü” adlı
kitaba daxil edilmişdir. Eləcə
də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli
qərarı ilə dünya və ölkə əhəmiyyətli
tarix və mədəniyyət abidələrinin
siyahısına salınaraq
inventarlaşdırılmışdır.
Tədqiqatçı alim Rəşid Göyüşov ərəblərin
Azərbaycanı fəth
etdikdən sonra İslamı ən son qəbul edən bölgənin Ağdam olduğunu qeyd etmişdir. Kəngərli kəndində XIV əsrə
aid türbə, Ağdam
şəhərində XIX əsrdə
memar Kərbəlayi Səfixan Qarabaği
(1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli
kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli
kəndində məşhur
övliyalardan olan Seyid Lazım ağanın məqbərəsi
rayonun dini-tarixi abidələrinin zənginliyindən
xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.
Ağdam Cümə məscidi
1868-1870- ci illərdə
tikilmişdir. Memarı Kərbəlayi Səfixan
Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası
daşdan, binanın fasad hissəsinin künclərindən qalxan
minarələr isə
kərpicdən hörülmüşdür.
Mərkəzi gümbəzə dayaq olan dörd
sütun daxili məkanın həm tən ortasında kvadrat, həm də yan tərəflərdə
ikimərtəbəli eyvanlar
yaradır. İbadət zalına baxan və qadınlar üçün nəzərdə
tutulan bu eyvanlar da öz
növbəsində yuxarıdan
gümbəzlərlə örtülür.
Burada da, az qala,
hər detalda İslam incəsənəti
üçün mühüm
olan mürəbbe (dördbucaqlı) və dairə elementlərinə
rast gəlmək olar. İbadət zalı mehrabın
kənarlarından və
eyvanlardan açılan
pəncərələrlə işıqlandırılır.
Mehrab tağçasının
üzərində binanın
dekor tərtibini vermiş ustad Məhəmməd Nəqqaş
Təbrizinin adı və məscidi təmir olunduğu il, hicri
təqvimlə 1331-cü il
(miladi 1913) tarixi həkk olunmuşdur. Mənbələrdə göstərilir ki,
Ağdam Cümə məscidinin divarlarını
ilkin variantda Kərbəlayi Səfixanın
dostu nəqqaş Məhəmməd Şükuhi
işləmişdir. Məscidin
giriş qapısı
Səfəvi memarlığı
üçün xarakterik
olan iri tağ portalın içindədir.
Ağdam şəhəri 1993-cü ildə
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğal olunandan sonra Azərbaycan memarlığının incilərindən
sayılan Cümə
məscidi də erməni təcavüzünün
qurbanına çevrilmişdir. Məscidin minarələri
daxildən sökülmüş,
tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur.
Cümə məscidinin
bugünkü vəziyyəti
1954-cü il qəbul edilmiş “Silahlı münaqişə
baş verdikdə mədəni dəyərlərin
qorunması haqqında”
Haaqa Konvensiyasının
ermənilər tərəfindən
pozulduğunu bir daha təsdiqləyir.
Cənab Prezident
məscidin qarşısındakı
çıxışında dedi: “Bax, mən
burada durmuşam, dağıtdığınız məscidin önündə,
dağıtdığınız Ağdam şəhərində,
öz ordumla buraya gəlmişəm”. Prezident çox qürurla danışırdı. Məkkədən gətirdiyi “Qurani-kərim”i
də məscidə bağışladı.
Azərbaycanın Kür-Araz çayları arasındakı bölgələrində XIV əsrin başlanğıcından etibarən daş türbələr geniş şəkildə yayılmışdır. Bu abidələrdən biri də nadir təsadüf edilən üslubda tikilmiş Ağdam rayonunun Xaçındərbətli kəndindəki türbədir. Bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı, piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun özünəməxsusluğundadır. Xaçındərbətli abidəsinin yeraltı hissəsinin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca əlamətdir.
Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz fərdi özəllik verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə onun 1314- cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı təşkil edir. Burada xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır. Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlıq abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.
Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.
Ağdamın mədəni abidələri talan olunaraq, bütün infrastrukturu məhv edilmiş, Çörək, Tarix-diyarşünaslıq muzeyləri, tarzən Qurban Pirimovun xatirə muzeyi və Ağdam şəkil qalereyası, Xaçındərbənd kəndindəki gümbəz, Kəngərli kəndindəki daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscidlərindən biri və onun minarələri də vəhşicəsinə uçurulub.
Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Azərbaycan erməni vandallarının cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.
Hazırladı: M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti
2020.- 5 dekabr.- S.8.