Azərbaycanın haqq işi və tarixi Qələbəsi
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu bölmələrinin işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum kimi başladığı döyüş əməliyyatları öz miqyasına, qarşısında dayanan vəzifələrin məzmununa və xarakterinə görə sonrakı günlərdə Vətən müharibəsi adını aldı. Bu savaş şərti olaraq II Qarabağ müharibəsi də adlandırılır. 30 ildən bəri pozulmuş ərazi bütövlüyünü hərbi yolla bərpa etmək məcburiyyətində qalan Azərbaycanın Vətən müharibəsi 2020-ci il noyabr ayının 10-a qədər, yəni 44 gün davam etdi.
Azərbaycanın ordu hissələrinin bu əks-hücum əməliyyatında qarşısında dayanan başlıca vəzifə, sözsüz ki, Ermənistanın silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq, Azərbaycanın təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin atəşə tutulmasına son qoymaq, insanların təhlükəsizliyini təmin etmək idi. Bu əks-hücumların Vətən müharibəsinə çevrilməsi ilə Azərbaycan dövləti və ordusu daha geniş və strateji vəzifələri hərbi hədəf kimi qəbul etdi. Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi-strateji vəzifələri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müraciət, çıxış və müsahibələrində aydın və konkret əksini tapmışdır. Bunlar aşağıdakılardır:
– Ermənistan ordusunun bütün qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq;
– Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq;
– Ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədlərini və ərazi bütövlüyünü təmin etmək;
– Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hərbi yolla həyata keçməsini təmin etmək;
– Ermənistanın qeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxmasına nail olmaq;
– Tarixi ədaləti bərpa etmək və Qarabağın dağlıq hissəsinin Azərbaycana məxsusluğunu təmin etmək;
– Dağlıq Qarabağ münaqişəsinin tam həllinə nail olmaq.
Azərbaycan tərəfinin qarşısında dayanan bu hərbi-strateji vəzifələr ATƏT-in BMT mandatlı Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hazırlamış olduğu baza prinsiplərinə də uyğunluq təşkil edirdi. Yəni, əslində, Azərbaycan tərəfindən Vətən müharibəsi beynəlxalq hüquq normaları çərçivəsində aparılırdı. Buna görə də Azərbaycan Respublikasının Prezidenti bu müharibənin başlaması ilə bağlı verdiyi ilk bəyanatlarında bildirdi ki, Ermənistan tərəfi baza prinsipləri üzrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına konkret və ciddi yanaşarsa, döyüş əməliyyatlarına son vermək olar.
Ermənistan Respublikasının bu müharibədə qarşısına qoyduğu əsas hərbi-strateji vəzifə isə ələ keçirdiyi ərazilərin işğal altında qalmasına, Azərbaycanın ordu qüvvələrinin əks-hücumlarının qarşısının alınmasına, güc üstünlüyünün qorunub saxlanmasına hesablanmışdı. Ona görə də Ermənistan Respublikası hərbi təxribatlarla başlanan və sonradan da geniş miqyas alan əməliyyatların dayandırılmasına razı olmadı. Nəticədə bütün dünyanın da diqqətini özünə cəlb etmiş irimiqyaslı hərbi toqquşma 44 gün davam etdi.
Təxminən 30 il mövcud olmuş işğalın davam etdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yol verməmək üçün Ermənistan tərəfi öz hərbi potensialını möhkəmləndirməyi daim diqqət altında saxlayırdı. Bu məqsədlə işğalçı dövlət Azərbaycan ərazilərində öz hərbi bazasını aşağıdakı formada xeyli möhkəmləndirmişdi:
1. Qarabağın dağlıq ərazisində böyük bir hərbi qruplaşma formalaşdırılmışdı. Bu quldur birləşmə qondarma “Dağlıq Qarabağ ordusu” adlandırılsa da, onun şəxsi heyətinin əsasını Ermənistan ordusunun əsgər və zabitləri təşkil edirdi. Bəzi məlumatlara görə, Qarabağdakı düşmən ordunun 70--80 faizi Ermənistan vətəndaşları idi. Açıq mənbələrdə olan məlumata əsasən, onların sayı 18--20 min nəfər arasında idi. Səfərbərlik dövründə isə bu qruplaşmanın 60 min nəfərə çatdırılması mümkün sayılırdı.
2. Qarabağın dağlıq ərazisində çox sayda hərbi texnika cəmləşdirilmişdi. Mediyaya çıxarılmış məlumatlara görə, Azərbaycanın işğal altında olan ərazilərində 177-dən 371-ə qədər tank olması ehtimal edilirdi. Zirehli transportyor və piyadaların döyüş maşınının 278--396 ədəd olmasıgüman edilirdi. 322-yə qədər isə top və minaatan var idi ki, onlardan da 44 ədədi “Qrad” tipli yaylım atəş sistemləri idi.
3. İşğal altında olan ərazidə bir neçə divizion S-300 komplekslərinin olması da ehtimal edilirdi. Bundan başqa, Qarabağın dağlıq hissəsinin hava məkanına birbaşa Ermənistan ərazisindəki hava-hücumundan müdafiə sistemləri tərəfindən nəzarət edilirdi.
4. İşğal edilmiş ərazilərdə Azərbaycan Ordusu ilə təmas xəttində Ermənistan tərəfindən güclü eşelonlaşdırılmış müdafiə sistemi yaradılmışdı. Bu sistem təmas xəttinin bütün perimetri boyunca uzanırdı. Həmin mühəndis-istehkam sistemi Ermənistanın Azərbaycan Ordusuna qarşı dirəniş strategiyasının əsasını təşkil edirdi. İşğalın qorunub saxlanması üçün bu mühəndis-istehkam sisteminə böyük ümidlər bağlanılırdı. Həmin sistem qalın təmir-beton örtüklərdən və yeraltı tikililərdən ibarət idi. Mövcud olan məlumatlara görə, bir çox yerlərdə mühəndis-istehkam xətlərinin sayı 10-a çatırdı.
Təmas xəttinə yaxın olan bütün hərbi texnika və artilleriya bu istehkam qurğular içərisində gizlədilmiş və bununla onların havadan mühafizəsi təmin edilmişdi. Şəxsi heyətin qorunması da bu mühəndis qurğuları ilə təmin edilirdi. Hər bir hərbi qulluqçu zərurət yarananda istehkam qurğularından kənara çıxmaqla atəş açır və sonra geri qayıdaraq həmin örtülü səngərlərdə gizlənirdi . Bununla onlar qarşı tərəfin müşahidəsindən də yox ola bilirdilər. Nəzərdə tutulmuşdu ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycan Ordusunun bölmələri bir mühafizə xəttini aşa bilsə, növbəti mühafizə xəttində dayandırılsın.
Eşelonlaşdırılmış müdafiə xətlərində şəxsi heyətin uzunmüddətli mövcudluğunu saxlamaq və müstəqil fəaliyyət göstərmək üçün lazım olan yaşayış şəraiti də yaradılmışdı. Qarşıda yerləşdirilmiş olan müdafiə xəttində, əsasən, yüngül silahlandırılmış piyadalar yerləşdirilmişdi. Müdafiənin dərinlliklərində olan müdafiə xətlərində isə ağır silahlar, minaatanlar, toplar, raket qurğuları və silah və hərbi texnika var idi.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərailərində yaratığı eşelonlaşdırılmış müdafiə xətlərinin mürəkkəb coğrafi şəraitdə yerləşməsi isə onların müqavimət gücünü daha da artırırdı. Təmas xətti böyunca və işğal olunmuş ərazilərin dərinliklərindəki bütün hakim yüksəkliklər erməni hərbi qüvvələrin əlində idi. Buna görə, Ermənistanın siyasi və hərbi rəhbərliyində, habelə onun havadarlarında belə bir inam var idi ki, Azərbaycanın işğal altında olan əraziləri azad etmək cəhdinin heç bir şansı yoxdur. Əslində, bu məqam elə Ermənistan rəhbərliyinin münaqişənin dinc yolla həlli üçün aparılan danışıqlarda barışmaz mövqe tutmasını da şərtləndirirdi.
Yüksək hərbi-texniki təchizatla eşelonlaşdırılmış müdafiə xətlərinin qurulması Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün arxalandığı dirəniş strategiyasının bir istiqaməti idi. Bu startegiyanın digər istiqamətini isə hərbi-siyasi əməkdaşlıq və həmrəylik təşkil edirdi. Ermənistanın siyasi və hərbi rəhbərliyi şübhə etmirdi ki, Azərbaycan işğal altında olan ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başlasa, Rusiya həm ikitərəfli anlaşmalar əsasında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlükdən irəli gələn öhdəlik çərçivəsində əməliyyatların gedişinə müdaxilə edəcək və bununla da Azərbaycanın öz hərbi məqsədlərinə nail olmasının qarşısı alınacaq.
Ermənistanın hərbi-siyasi rəhbərliyi belə bir ehtimalla arxayın idi ki, Azərbaycan üstünlük əldə etmək üçün blis-kriq, yəni qısa zaman ərzində sürətli hücum taktikasını seçəcək. Əslində, işğal olunmuş ərazilərin qorunması da bu yanaşma üzərində qurulmuşdu. Belə bir əminlik var idi ki, eşelonlaşdırılmış müdafiə xətlərinin vasitəsi ilə Azərbaycanın sürətli hücumu bir neçə gün ləngidiləcək və bu müddət ərzində Rusiya, habelə işğal olunmuş ərazilərdə status-kvonun dəyişməsini istəməyən xarici dövlətlər və beynəlxalq qüvvələr hadisələrə müdaxilə etməklə Azərbaycanın hücumunu dayandıracaqlar. Bununla da, guya, Ermənistan az itki verməklə öz mövqeyini və maraqlarını qoruyub saxlaya biləcək.
Qeyd etmək lazımdır ki, 2016- cı ilin aprel ayında baş verən qısamüddətli döyüşlər zamanı da Ermənistan bu strategiyanı əsas tutmuşdu. O zaman bu strategiya Ermənistan üçün önəmini saxlamaqda idi və ona görə də çox da böyük əraziləri əldən vermədən döyüşlərin dayandırılmasına nail oldu.
2016-cı ilin Aprel döyüşünün gedişini təhlil edən xarici mütəxəssislər də yaxın gələcəkdə Qərbin və Rusiyanın Azərbaycan qarşısında Ermənistanın dərin hərbi məğlubiyyətinə razı olmayacaqlarını bildirirdilər. Belə mütəxəssislər hesab edirdilər ki, Azərbaycana hərbi əməliyyatlara başlayacağı təqdirdə blis-kriq lazımdır. İşıq üzü görmüş bu təhlillərdə, Aprel döyüşünün nəticələrinə əsasən, belə bir fikir irəli sürülürdü ki, Azərbaycan, çox güman ki, növbəti əməliyyat zamanı çox ciddi mühəndis-istehkam səngərlərinin mövcud olduğu Dağlıq Qarabağın şimal cəbhəsini əsas hücum istiqaməti seçməklə ordunun şəxsi heyətinin böyük itkilərinə yol vərməyəcək və Qarabağın cənubu əsas hücum istiqaməti kimi götürüləcək.
Həmin istiqamətdən hücum edilməsi üçün zirehli texnikadan və artilleriya qurğularından daha geniş şəkildə istifadə olunması imkanının mövcudluğuna da toxunulurdu. İstinad olunan bu təhlildə Azərbaycanın pilotsuz uçuş aparatlarındakı üstünlüyü də qeyd olunur və bildirilirdi ki, Ermənistan öz hərbi maraqlarını müdafiə etmək üçün bu cəhətə diqqət yetirməlidir.
Bütünlükdə, 44 günlük müharibənin gedişi göstərdi ki, bu hərbi kampaniyanın aparılması üçün Azərbaycan daha doğru və səmərəli strategiya seçə bilmişdir. Azərbaycanın dövlət rəhbərliyinin ordunu daim möhkəmləndirməsi, onun müasir təchizatının təkmilləşdirilməsi xəttinin davam etdirilməsi ilə bərabər, fəaliyyət təcrübəsinin və imkanlarının taktikası da dərindən öyrənilirdi. 2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi istiqamətində, 2020-ci ilin iylunda Ermənistanla sərhəd xəttinin Tovuz istiqamətində baş verən döyüşlərin gedişi və nəticələri təhlil edilməklə, müvafiq qənaətlər müəyyənləşdirilmişdi.
44 günlük müharibə üçün Azərbaycanın dövlət rəhbərliyinin izlədiyi strategiyanın bir sıra xarakterik cəhətləri var idi. Hər şeydən əvvəl, bu strategiya beynəlxalq hüquqa, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi qərarlara, Azərbaycanın Konstitusiyasına, bir sözlə, haqqa və ədalətə əsaslanırdı. Azərbaycan Ordusu ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü təmin etmək üçün hərbi tapşırığın icrasına cəlb edilmişdi. Mahiyyəti etibarilə Azərbaycanın strategiyası müdafiə strategiyası idi. Azərbaycan dövlətinin qarşıya qoyduğu hərbi-strateji hədəf dəqiqliklə müəyyənləşdirilmişdi, real olmaqla Azərbaycanın hərbi imkanlarına və potensialına uyğun olaraq qəbul edilmişdi.
Bu strategiyanın doğruluğu və gücü onda idi ki, bütün xalq onun həyata keçməsi üçün dövlət rəhbərliyi ətrafında səfərbər olmuşdu. Həmin strategiyanın səmərəliliyi diplomatiya və informasiya məkanında nümayiş etdirilən məqsədyönlü çeviklik və fəallıqla tamamlanırdı. Məhz bunun nəticəsi idi ki, Ermənistan bütün cəhdlərinə baxmayaraq, müttəfiqi və himayədarı saydığı dövlətlərin, habelə beynəlxalq qüvvələrin Azərbaycan üzərinə təzyiqinə və beynəlxalq hərbi qüvvələrin bu müharibəyə müdaxilə etməsinə nail ola bilmədi.
Azərbaycanın izlədiyi hərbi strategiyanın gücünü təmin edən amillərdən biri də onun icrasına və həyata keçməsinə Azərbaycanın Ali Baş Komandanlıq aparatının və şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin peşəkar, qətiyyətli rəhbərliyi idi. Prezident İlham Əliyev yalnız hərbi strategiyanın deyil, diplomatiya və informasiya siyasətinin müəyyənləşməsinə və həyata keçməsinə də rəhbərlik edirdi. Bütün dünyanın gözü qarşısında o, Vətənin sədaqətli və fədakar ali baş komandanı kimi informasiya məkanında şəxsi iştirakı ilə yorulmadan mübarizə apardı. Dövlət başçısı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ölkənin informasiya ordusuna da bir nümunə göstərdi.
Prezident İlham Əliyev strateji hədəflərin döyüş meydanında taktiki vəzifələrlə uzlaşdırılmasına da rəhbərlik edirdi. Döyüşlərin planlaşdırılması, onların təşkili və nəticələri dövlət rəhbəri tərəfindən ciddi nəzarət altında saxlanılırdı. Doğrudur, döyüşlərin aparılmasında ilk gündən son günədək uğur dinamikası qalmaqda idi. Bununla belə, planlaşdırılan döyüş tapşırıqlarının bəzilərinin vaxtında icra edilməməsi halları da olmuşdu ki, Ali Baş Komandanın rəhbərliyi altında onların ciddi təhlili aparılmış və lazımi qərarlar qəbul edilmişdi.
Döyüş taktikasının müəyyənləşdirilməsində zaman və məkan amillərinin dəqiqliklə nəzərə alınması, hücum istiqamətinin düzgün təyin edilməsi və bu yöndə zərbə gücünün təmin edilməsi döyüşlərin gedişinə ciddi təsir göstərirdi. Bundan başqa, döyüşlərin idarə edilməsində yüksək çeviklik və səmərəlilik də nümayiş etdirilirdi. Döyüş şəraitinin ortaya çıxardığı xüsusiyyətlər dərhal nəzərə alınmaqla uyğun addımlar atılırdı ki, onlar da düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi itkilər yetirilməsinə yol açırdı.
Əldə edilmiş operativ məlumatlar və aparılan təhlillər nəticəsində müəyyən edildi ki, düşmənin hərbi komandanlığı Azərbaycan Ordusunun əsas hücum istiqamətinin Ağdam və Tərtərdən olacağını gözləyir. Ona görə bu istiqamətin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmiş və təkcə Ağdam istiqamətində beş xətdə eşelonlaşdırılmış müdafiə yaradılmışdı. Bütün müdafiə xətləri mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilmiş, hərbi texnika və canlı qüvvə ilə təchiz edilmişdi.
Azərbaycan Ordusu bu istiqamətə böyük qüvvə cəlb etməklə həmin yöndən hücuma başlasa da, döyüşün genişləndirilməsini məqsədyönlü şəkildə təxirə saldı. Məqsəd isə o idi ki, böyük sayda canlı itkilərə yol verilməsin. Amma həmin istiqamətə cəmlənmiş hərbi qüvvələr də oradan geri çəkilmədi. Çünki əks təqdirdə düşmən bu istiqamətdəki hərbi qüvvələrini digər istiqamətlərə ata bilərdi. Azərbaycan Ordusunun əsas zərbə istiqaməti kimi isə Füzuli – Cəbrayıl – Zəngilan və nəhayət, Şuşa götürüldü.
Bu istiqamətdə də düşmənin güclü mühəndis-istehkam qurğularının çoxluğu ilə güclü müdafiə xətti var idi. Məsələn, Cəbrayıl rayonunun Soltanlı kəndi ətrafında qurulmuş müdafiə xəttinin yarılması üçün Azərbaycanın hərbi qüvvələri bir neçə gün vaxt sərf etməli oldu. Bununla belə, Azərbaycanın hərbi qüvvələri fədakarlıq, taktiki sürət, atəşin düzgün bölüşdürülməsi ilə hərbi təşəbbüsü ələ alıb bu müdafiə xətlərini yara bildi.
Qeyd etmək lazımdır ki, müharibənin ilk günlərində cəbhənin şimal istiqamətində ciddi mövqe dəyişiklikləri baş vermədi. Sentyabr ayının 27-də Ağdərə və Murovdağ istiqamətində bəzi strateji yüksəkliklər ələ keçirildi. Oktyabr ayınnı 3-də isə Ağdərə rayonunun Talış kəndi ilə Suqovuşan qəsəbəsi erməni işğalından azad edildi. Bu istiqamətdə yaşayış məntəqələrinin ələ keçirilməsi xəbəri bir də müharibənin başa çatması ərəfəsində alındı. Müharibənin əsas prosesləri isə cəbhənin cənub hissəsində baş verdi. Bu istiqamətdə cərəyan edən döyüşlərin ümumi gedişindən belə bir qənaətə gəlmək olar ki, Azərbaycanın hərbi komandanlığı İran sərhədi boyunca yerləşən əraziləri işğaldan azad etdikdən sonra Şuşaya doğru istiqamət götürməyi planlaşdırırdı.
Elə müharibənin başlandığı gün Azərbaycanın ordu hissələri cənub istiqamətində 6 kəndi işğaldan azad etməyə müvəffəq oldu. İlk gündən də bu istiqamətdə Azərbaycanın ordu hissələri hərbi təşəbbüsü ələ aldı və düşmənin ciddi müqavimətinə baxmayaraq bu yürüşü davamlı şəkildə inkişaf etdirmək mümkün oldu. 2020-ci il oktyabr ayının 30-də Cəbrayıl qəsəbəsi, oktyabrın 9-da Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli şəhəri, oktyabrın 18-də Araz çayı üzərindəki tarixi Xudafərin körpüsü, oktyabrın 21-də Zəngilan şəhəri, oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi erməni işğalından azad edildi. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran sərhəd xətti bütünlüklə Azərbaycanın nəzarəti altına götürüldü.
Sonrakı günlərdə isə Azərbaycan ordu hissələrinin Ermənistanı Dağlıq Qarabağla bağlayan Laçın – Şuşa yolu istiqamətində hücumları davam etdirildi. Oktyabr ayının 26-da Qubadlı şəhəri alındı və ardınca da Azərbaycan Ordusu Laçın – Şuşa yolu istiqamətində öz hərəkətini davam etdirdi. Adları çəkilən rayon mərkəzlərinin alınması həmin oradakı kəndlərin də erməni işğalındana zad edilməsi ilə müşayiət olunurdu.
Nəhayət, noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu şəhər Azərbaycanın qədim mədəniyyət mərkəzi olmaqdan əlavə, həm də çox əhəmiyyətli strateji mövqedə yerləşirdi. Şuşanın azad edilməsi ilə qondarma Dağlıq Qarabağ qurumunun əsas təchizat yolu kəsilmiş olurdu. Digər tərəfdən yüksəklikdə yerləşən Şuşa şəhərində mövqe tutmaqla qondarma Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndini nəzarət altına almaq mümkün oldu.
Noyabr ayının 9-da Azərbaycan Ordusunun bölmələri uğurlu hücumlarını davam etdirdilər və gün ərzində əsas hissəsi cəbhənin cənubunda olmaqla 70-dən çox kənd erməni işğalından azad edildi. Bütünlükdə isə 44 günlük müharibənnin gedişində Azərbaycanın 300-dən çox işğal altında olan yaşayış məntəqəsi azad edildi.
Bu müddət ərzində düşmənin çox böyük sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. 2020-ci il oktyabr ayının sonuna aid olan statistikaya görə Ermənistan hərbi qüvvələrinin 252 tankı məhv edilmiş, 53-ü qənimət götürülmüşdü; piyadaların 50 döyüş maşını məhv edilmiş, 29-u qənimət götürülmüşdü. Müxtəlif çaplı toplardan 251-i məhv edilmiş və 24-ü qənimət götürülmüşdü; minaatanlardan 61-i məhv edilmiş və 45-i qənimət götürülmüşdü. Məhv edilmiş digər silahların sayı belə idi: tank əleyhinə vasitələr 53 ədəd, “Qrad” qurğusu 82 ədəd, “Uraqan” yaylım atəşli raket sistemi 2 ədəd, ”OSA” 40 ədədə yaxın, S-125 sistemi 2 ədəd, S-300 sistemi 6 ədəd. Bunlardan başqa, 231 yük avtomobili məhv edilmiş, 20-si sursatla dolu qənimət götürülmüşdü.
Bütün Qarabağ üçün hərbi-strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsi və ardınca da çoxlu sayda yaşayış məntəqəsinin düşmən nəzarətindən çıxarılması Ermənistanın hərbi süqutuna yol açdı. Azərbaycan Ordusunun zəfər yürüşünə duruş gətirə bilməyən Ermənistan rəhbərliyi məğlub duruma düşdüyünü etiraf etməli oldu. Bunun nəticəsi kimi, 2020-ci il noyabr ayının 10-da Rusiya Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalandı. Həmin bəyanata əsasən, tərəflərin hərbi qüvvələri qərar tutduqları mövqedə dayanmalı, Ermənistan tərəfi isə noyabr ayının 15-də Kəlbəcər rayonunu, həmin ayın 20-də Ağdam rayonunu və dekabr ayının 1-də isə Laçın rayonunu öz qoşunlarından təmizləyərək Azərbaycana təhvil verməli idi . Yəni bu üç rayon döyüş aparılmadan erməni işğalından azad olmalı idi.
Təxminən, ay yarım ərzində davam edən müharibə Azərbaycan Ordusunun gücünü, yüksək peşəkarlığını və döyüşgənliyini əyani şəkildə nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrinin hərbi mütəxəssislərinin qeyd etdiyi kimi, Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş etdirdi. Ən yeni nəsil hərbi texnika ilə piyada qüvvələrin fəaliyyət uzlaşmasının dəqiqliklə, yeni təfəkkür və yanaşma ilə təmin edilməsi müasir döyüşün taktikasına da yeniliklər gətirdi. Xüsusilə, pilotsuz zərbə uçuş aparatlarının dünya təcrübəsində ilk dəfə çox geniş miqyasda və davamlı şəkildə tətbiqi döyüş meydanında səmanın tamamilə Azərbaycanın nəzarəti altına keçməsinə yol açdı. Düşmən tərəfi heç bir yolla Azərbaycan Ordusunun hava hücumlarının qarşısını ala bilmədi. Qısa zaman ərzində düşmənin həm hava hücumundan müdafiə sistemi, həm də hərbi texnikası sıradan çıxarıldı, onun atəş gücünə sarsıdıcı zərbə vuruldu.
Azərbaycan Ordusunun şəxsi heyəti aparılan bütün döyüşlərdə sonsuz şücaət və fədakarlıq nümayiş etdirdi. Bununla belə, heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi Azərbaycanın hərbi qüvvələrinin apardığı döyüşlərin zirvəsini təşkil edir. Bu şəhəri üç tərəfdən sərt sıldırım qayalar əhatə edir ki, xüsusi vasitələr olmadan həmin qayalardan yuxarı dırmanmaq mümkün deyil. Şəhərə yalnız bir istiqamətdən asan giriş var ki, düşmən tərəfi də əsas diqqətini məhz həmin istiqamətə yönəltmişdi. Həmin istiqamət də meşəlik və mürəkkəb coğrafi şərait olduğu üçün hərbi texnikanı, artilleriyanı hücuma cəlb etmək mümkün deyildi. Hava şəraiti üzündən pilotsuz uçuş aparatları da bu hücuma cəlb edilməmişdi. Digər tərəfdən, bu aparatların işləməsi üçün şəhər daxilində açıq hədəflər də mövcud deyildi.
Belə bir şəraitdə kiçik qruplarla şəhərə hücum etmək qərara alındı. Bəzi məlumatlara görə, Azərbaycanın hərbi qüvvələrinin 3 qrupda Şuşa şəhəri üzərinə hücum etməsi planlaşdırılmışdı. Bu zaman həm düşmənin diqqəti yayındırılmalı və belə bir təsəvvür yaradılmalı idi ki, Azərbaycanın hərbi qüvvələri düşmənin ehtimal etdiyi istiqamətdən hücum edəcəkdir. Həm də düşmənin gözləmədiyi istiqamətlərdən, sıldırım qayalardan şəhərə hücum edilməli idi. Bu istiqamətdən hücum etməli olan hərbçilərə yalnız yüngül silahlar və bir də bıçaqlar verilmişdi.
Sıldırım qayalardan həyata keçirilmiş hücumda iştirak edən döyüşçülərdən biri həmin hücumu belə xatırlayırdı: “Şuşaya kanatla qalxdıq. Yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, “limonka” ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni əsgərinin biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı 3 dəfə çox idi. Çünki onlar bizim yollardan hücum edəcəyimizi güman edirdilər. Nəinki düşmənin, eləcə də heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük.
General Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, doğru koordinatlar olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Biz qayalara dırmaşıb əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilmərəm, həmin hücum anlarında 40-a yaxın erməniyə bıçaq vurmuşam. Onların arasına çaşqınlıq düşəcəyi belə general tərəfindən dəqiq hesablanmışdı. Panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərə dağılışdıq.
Ermənilər isə artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, düşünürdülər ki, onların formasında biz ola bilərik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərlərimizin qorxmazlığını azğın və quduz düşmənə bir daha göstərdi. Onlar Şuşanı 1 il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, qazilərimizin qorxmazlığı, sonadək döyüşməsi bahasına bir neçə saatda alındı”.
Şuşa şəhərinin azad edilməsi üçün Azərbaycan hərbçilərinin əlbəyaxa döyüş apardığını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində böyük fəxarətlə qeyd etdi. Bu şəhərin azad edilməsi isə müharibənin gedişinə həlledici təsir göstərdi. Azərbaycanın haqq işi uğrunda, beynəlxalq miqyasda tanınmış sərhədlərinin bərpası yolunda başladığı Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatdı. Qəhrəman əsgər və zabitlərimizin ölüm-dirim savaşında Ermənistan ordusunun qısa müddətdə məhv edilməsi ilə misilsiz bir zəfər əldə edildi. Azərbaycan xalqının haqq və ədalətə əsaslanan qalibiyyətli Vətən müharibəsi nəticəsində 30 ildən sonra ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Mehman SÜLEYMANOV
Silahlı Qüvvələrin Hərbi
Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan
polkovnik
Xalq qəzeti
2020.- 8 dekabr.- S.3.