Milli qürurumuzun
Zəfər sevinci
Bütün dünya
Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi
kimi tanıyır. Tarixi
ədalət bizim tərəfimizdədir.
Çünki bu, bizim doğma, dədə-baba
torpağımızdır… Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bütün dünya 44 gün döyüşlər gedən bölgəni – Dağlıq Qarabağı və ətraf rayonlarımızı Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması vurğulansa da, Ermənistan işğalçı əməllərindən əl çəkmirdi. Azərbaycanın, nəhayət, necə deyərlər, səbri tükəndi: düşmən olkənin silahlı qüvvələri sentyabrın 27-də Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı düşməndən xilas etməyə başladı.
Şübhəsiz ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, ordu-xalq-Prezident birliyi qısa müddətdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi.
Prezident İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində bu barədə dedi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Beləliklə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun sentyabrın 27-də Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək düşmən həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verdi, 5 şəhər, 4 qəsəbə və 286 kənd düşməndən təmizləndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz zirvələri, habelə daha 5 adsız yüksəklik azad olundu.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Bəyanata əsasən, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarına birdəfəlik son qoyuldu.
Beləliklə, dövlətimizin başçısının qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı bu tarixi qələbəni reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.
Hazırda Azərbaycan hərbi və siyasi şərtləri diktə edir. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycanın hücum diplomatiyasına əsaslanan gedişlərlə regionun geosiyasi mənzərəsi sürətlə dəyişir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanat respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirir, eyni zamanda, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaradır.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu sübuta yetirdi
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi günlərində xarici kütləvi informasiya vasitələrinə müsahibələrində ordumuzun rəşadəti, güc-qüdrəti haqqında dəfələrlə münasibət bildirdi. Son 17 ildə Silahlı Qüvvələrimizin istər sosial, istərsə də texniki cəhətdən möhkəmləndirilməsinin diqqət mərkəzində saxlanıldığını vurğuladı. Məhz bütün bunların nəticəsi idi ki, müharibənin davam etdiyi 44 gün ərzində ordumuz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi.
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində münaqişənin hərbi-siyasi nizamlanması baxımından dəyərləndirərkən ordumuzun erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı güclü müdafiə xətlərini, mühəndis qurğularını şücaətlə dağıtdığını xüsusi vurğuladı.
Şübhəsiz ki, 44 günlük möhtəşəm uğur son 17 ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna verdiyi önəmin məntiqi nəticəsi idi. Yeri gəlmişkən, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Bütün sahələrdə olduğu kimi, bu məsələdə də verdiyi vədə sadiq qalan dövlətimizin başçısı ötən dövrdə müasir döyüşlərin aparılmasında mühüm əhəmiyyət daşıyan hərbi texnikanın alınmasını, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsini yüksək səviyyədə gerçəkləşdirmişdi. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş imkanları tamamilə modernləşdirilmişdi.
Ordu quruculuğunda reallaşdırılan mühüm tədbirlərin nəticəsidir ki, 2020-ci ildə Azərbaycan Ordusu “Qlobal Atəş Gücü” (“Global Firepower”) indeksi üzrə 64-cü yerdə qərarlaşıb. Ermənistan ordusu isə bu siyahıda 111-ci yeri tutub. Məhz bu göstəricilər Azərbaycanın müharibədə qalib gəlməsini şərtləndirib.
“Global Firepower”a görə, aktiv döyüş əməliyyatlarının başlandığı dövrdə Azərbaycanın hərbi qüvvələri 426 min nəfər təşkil edib. Ermənistanda isə bu göstərici 1,5 dəfə az – 245 min nəfər olub. Hava qüvvələri baxımından da Azərbaycan Ermənistanı 64-ə qarşı 147 təyyarə və helikopterlə iki dəfədən çox üstələyib.
Qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti olub.
Vətən müharibəsi Azərbaycanın haqq savaşı idi
Ermənistan torpaqlarımızın 20 faizini uzun illər işğal altında saxladı. Təəssüf ki, sözügedən problemin həllinin uzanmasında dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən məsələyə ikili standartlarla yanaşılması, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilməməsi də az rol oynamadı. Ən əsası isə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlmədi.
Bəzi həmsədrlərin ermənilərin tərəfini saxlamaları, işğal faktına göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermirdi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı.
Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla bərabər, təxribatçı fəaliyyətindən də əl çəkmirdi. Düşmən ölkənin təkcə son iki il yarım ərzində mənfur əməllərinə nəzər salsaq, bunu aydır görə bilərik. Məsələn, baş nazir Nikol Paşinyan Ermənistan parlamentinə müraciətində Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırıb. Bununla da o, danışıqların formatını şübhə altına almağa başlayıb və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarlayıb. Bundan başqa baş nazir seçildiyi günün səhəri Paşinyan həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilən Dağlıq Qarabağ bölgəsinə səfəri çərçivəsində Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işğalının qeyd olunmasında iştirak edib, burada “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsi barədə fikirlərini bölüşüb, Şuşada erməni dram muzeyini açıb. Moskvada rus-erməni iş adamları ilə görüşən Paşinyan açıq şəkildə “Artsaxı gələcəkdə Ermənistanın bir hissəsi kimi qəbul etdiyini” söyləyib.
Düşmənin fitnəkarlığı o həddə çatmışdı ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altında olan Xankəndi şəhərində keçirdiyi mətbuat konfransında deyirdi: “Məskunlaşdırma proqramı adlandırdığımız proqram, mənim və hər kəsin nəzərində, ölkəmizin təhlükəsizliyinin əsas təminatı olacaqdır. Çünki bu mövzunu həmişə sanki torpaqlar geri qaytarılacaq, danışıqlar aparılacaq, güzəştə gediləcək və s. kimi təhrif edən insanlar, çıxışlar və ifadələr var. Bu proqramın nəticəsi olaraq xalqımıza və dünyaya bir qarış torpaqdan imtina etmək niyyətində olmadığımıza dair açıq bir mesaj göndərəcəyik; əksinə, soydaşlarımız o torpaqlarda məskunlaşmalı və ölkəmizi qurmalıdırlar”. Ermənistanın müdafiə naziri Davit Tonoyan isə Nyu-Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını bildirirdi. “Müdafiə naziri olaraq elan edirəm ki, sülh üçün ərazilər adlı bu format, tərəfimdən yeni ifadə ilə əvəzlənmişdir. Biz bunun əksini edirik – yeni ərazilər üçün yeni müharibə”,– deyə Tonoyan qeyd edir, Ermənistan ordusunda hücum bölmələrinin sayını artıracağını vurğulayırdı.
Ermənistanın bu cür təxribatlarının sayı çoxdur. Yalnız bir neçə faktı xatırlatmaqla fikrimizi tam əsaslandıra bilərik. Belə ki, pan-erməni oyunlarının başlanılması ərəfəsində Paşinyan “Artsax Ermənistandır, nöqtə”-deyə, bəyan etmişdi, həyat yoldaşı hərbi forma geyinib, əlinə avtomat silahı alaraq, Qarabağa yollanmış, daha sonra isə gülə-gülə Azərbaycan əsgərinin maketinə atəş açmaqla xalqımızı ələ salmağa, alçaltmağa çalışmışdı. Ən başlıcası isə Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal altındakı torpaqlarımızı xaricdən köçürdülən ermənilərlə məskunlaşdırmağa başlamışdı. Nəhayət, düşmən sərhədlərimizə ardıcıl hücumlar edərək, qarşımıza yeni alçaldıcı şərtlər qoymuşdu…
Şübhəsiz ki, belə şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi vasitə ilə həllinə üstünlük verməsi idi. Sentyabrın 27-dən başlayaraq Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları da məhz bu məntiqə əsaslandı və vəziyyətin bu yolla dəyişilməsi mümkünlüyünü sübuta yetirdi.
Müharibə günlərində də düşmən insanlığa sığmayan əməllərindən əl çəkmədi
Azərbaycanın haqq savaşı günlərində də Ermənistan öz şərəfsiz, insanlığa sığmayan əməllərindən əl çəkmədi:
– düşmən ordusu beynəlxalq qanunlarla qadağan olunmuş silahlarla döyüş zonalarından çox uzaqda yerləşən şəhər və kəndlərimizin dinc sakinlərinə atəş açdı, çox sayda insan qətlə yetirdi. Məqsəd bu yolla Azərbaycanı Ermənistandakı mülki obyektlərə zərbə endirməyə təhrik etmək və beləliklə, Rusiyanı bu münaqişəyə qoşmaq idi;
– işğalçının terrora üstünlük verməsi, dinc insanları hədəfə alması həm də Azərbaycan xalqı arasında vahimə yaratmaq, əhalinin müharibəyə etirazını formalaşdırmaq və əməliyyatların qarşısını bu yolla almaq məqsədi daşıyırdı. Lakin bu bədnam niyyəti də gerçəkləşdirmək mümkün olmadı.
Bütün bunlar sorosçu baş nazirin normal ağıl, düşüncə kasadlığını, idarəetmə qabiliyyətsizliyini, faşist xislətini bir daha dünyaya göstərdi.
Erməni həyasızlığı o həddə çatdı ki, işğalçı dinc şəhərlərə raket hücumları edir, ardınca “biz etməmişik” kimi absurd bəyanatlar verirdi. Məhz bu bəyanatlarını “isbat” etmək üçün “partlayışı suriyalıların törətməsi, yaxud Azərbaycanın bilərəkdən etməsi” kimi müxtəlif dezinformasiyalar yayırdı. Həmçinin Azərbaycanla bağlı “ərəb muzduluları”, “Pakistan əsgərləri”, “Türkiyə xüsusi təyinatlıları”, F-16 qırıcıları, “Xankəndində doğum evinin”, “Şuşada kilsənin” vurulması və digər feykləri yaymaqda davam edirdi.
Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan, nəhayət, oktyabrın 30-da Azərbaycanın mülki əhalisini hədəfə aldıqlarını təsdiqlədi və bu fikri ilə düşmən bir daha dünyaya meydan oxuduğunu, heç bir beynəlxalq hüquqdan çəkinmədiyini vurğuladı, eyni zamanda, “Qarabağ ordusu”nun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var”, – deyə bildirdi.
Bəli, həqiqətən də, bu müharibə bir daha göstərdi ki, Ermənistan terrorçu dövlətdir. Heç kim də inkar etməz ki, terrorçular adətən qorxaq olur, qarşı tərəflə üz-üzə döyüşməkdən çəkinir. Məhz sentyabrın 27-də başlanan hərbi əməliyyatlardan sonra Ermənistan tərəfindən 100-ə yaxın dinc vətəndaşımızın qətlə yetirilməsi, 400-ə qədər insanın yaralanması, minlərlə infrastruktur obyektinin yararsız vəziyyətə salınması Ermənistanın belə bir faşist xislətə malik olmasının göstəricisidir.
Əslində, işğalçının belə vəhşiliyi onun xislətindən xəbər verir və bu cür faşist əməllərini 28 il bundan əvvəl Xocalıda da törətmişdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da illər sonra britaniyalı jurnalist Tomas de Valla müsahibəsində “Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” sözləri ilə bunu etiraf etmişdi.
Döyüş meydanında məğlub olan mənfur düşmən mülki vətəndaşlarımızı hədəfə götürməklə bərabər, təbiətə də əl qaldırdı, qəsdən Şuşa, Laçın, Kəlbəcər meşələrini yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirdi və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atdı.
Ermənistan savaş zamanı terror əməlləri törətməklə faşist xislətini bir daha büruzə verdi
Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində, çıxışlarında Ermənistanın indiki və keçmiş hərbi-siyasi rəhbərliyinin cinayətkar olması, terror əməlləri törətməklə faşist xislətini büruzə verməsi barədə dəfələrlə bəhs edib. Ölkə rəhbəri xalqa müraciətində deyib: “Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun...”.
Bunun insanlığa qarşı cinayət olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Azərbaycan Prezidenti müharibənin gedişində xarici ölkələrin jurnalistlərinə, xalqa müraciətlərində dönə-dönə hər bir vətəndaşın rifahının, təhlükəsizliyinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, bu, güclü dövlətin ilk zəruri şərtidir, bu, hər bir insanın qanuni hüquqlarının bərpası və öz doğma torpaqlarında rahat yaşamaq imkanıdır. İnkişaf hər zaman azad torpaqlarda nəzərə çarpır. Ancaq Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaradır və təbii ki, sosial-iqtisadi inkişaf dinamikasını zəiflədir. Eyni zamanda, zəngin iqtisadi potensiala malik bu bölgənin resurslarından yetərincə istifadə imkanlarının qarşısını alır, investisiya axınını zəiflədir, həyata keçirilən irimiqyaslı layihələr üçün ciddi risklər doğurur.
Burada təəssüf doğuran bir məqama da toxunmaq istərdik. İşğalçı Ermənistan ordusunun dinc sakinləri qadağan olunan silahlarla raket atəşinə tutaraq müharibə cinayəti törətməsi nədənsə beynəlxalq qurumları, insan hüquqlarının müdafiəsi təşkilatlarını narahat etmir. Onlar belə dəhşətli, insanlığa sığmayan əməllərə göz yumur, susqunluq nümayiş etdirirlər. Şübhəsiz ki, bu laqeydliyin, biganəliyin qarşılığında isə erməni faşistləri cinayətlərinin miqyasını daha da genişləndirirlər.
Əslində nüfuzlu dünya dövlətlərinin, beynəlxalq qurumların, insan hüquqlarının müdafiəsi təşkilatlarını bu cür mövqe nümayiş etdirmələri bizim üçün o qədər də təəccüblü deyil. Çünki xalqımız belə haqsızlığı 1988-ci ildən bu yana erməni cəlladları tərəfindən azərbaycanlıların Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba yurdlarından didərgin salınanda, Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın mənfur əməlləri ilə dəfələrlə sülh danışıqlarını pozanda, Dağlıq Qarabağda “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsini aparanda, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirəndə şahidi olub. Beynəlxalq qurumlar, insan hüquqlarının müdafiəsi təşkilatları Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirəndə, terrorçuları həmin bölgələrdə yerləşdirəndə laqeydlik, biganəlik göstərib.
Burada bir məqamı da vurğulamaq istərdim. Bu da bir sıra xarici ölkələrdən, həmçinin PKK və Yaxın Şərqdən terrorçuların qondarma “Dağlıq Qarabağ ordusu”nun tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirakı ilə bağlıdır. Bu, Müdafiə Nazirliyinin rəsmi məlumatında da öz ifadəsini tapıb. Xatırladım ki, düşmənin döyüş meydanında əcnəbi muzdluları qabağa verdiyi, meyitlərinə isə sahib çıxmadığı faktlarla təsdiqlənib.
Burada təəccüblü və təəssüf doğuran hal odur ki, istər Paşinyan hakimiyyətinin, istərsə də ondan əvvəlki rejimin avantürist siyasəti– belə vəhşiliklər yuxarıda vurğuladığım kimi, beynəlxalq birlik tərəfindən daim susqunluqla qarşılanlb. Ermənistanın işğalçılığına laqeyd, biganə münasibət bəslənilib. Yoxsa, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi illər uzunu kağız üzərində qalmazdı, əməli addımlar atmaq, işğalçıya yerini göstərmək əvəzinə, işğalçı ilə bərabər Azərbaycana da ünvanlanan neytral xarakterli, sülhə çağıran və iki tərəf arasında tarazlığı saxlamağa yönələn şablon bəyanatlar səsləndirilməzdi.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2020.- 10 dekabr.- S.8.