Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ siyasətinin böyük uğuru

 

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, xalqımızın müstəsna birliyi və dəyanəti şəraitində müzəffər Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə təcavüzkar Ermənistanın qul­dur hərbi birləşmələrini darmadağın edərək Qarabağın dağlıq hissəsinin 30 il davam edən faciəli işğalına son qoydu. Ermənilərin Dağlıq Qarbağla bağlı xəyanətkar qəsdlərinin qarşısının alınması və işğal edilmiş ərazilərimizin düşməndən azad edilməsi üçün ümum­milli lider Heydər Əliyevin formalaşdırdığı mükəmməl siyasəti və müqəddəs vəsiyyəti onun ən layiqli varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev layiqli tarixi Qələbə ilə gerçəkləşdirdi.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin çox önəmli bir istiqamətini Dağlıq Qarabağda Azərbaycanın suve­renliyinin təmin edilməsi təşkil etmişdir. Onun müdrik və qətiyyətli siyasətçi kimi erməni millətçilərinin bir çox faciələrlə nəticələnmiş soyqırımı və təcavüz siyasətinə qarşı mübarizəsinin mahiyyət və hədəflərini aşağıdakı istiqamətdə ümumi şəkildə nişan verir.

 

Respublikaya rəhbərliyinin birinci dövründə:

 

– Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq müstəviyə çıxmasına imkan verməməsi;

 

– Dağlıq Qarabağ münaqişəsi böhran həddinə çatanda Moskva­dan Vətənə dönüb ərazilərimizin bütövlüyü uğrunda ümumxalq mübarizəsinə hərtərəfli dəstək göstərməsi;

 

bu məcrada dövlət müstəqilliyinin qazanılması uğ­runda milli hərəkata düzgün yön verməsi.

 

Ölkəmiz istiqlalına qovuşandan sonra:

 

– xalqın tələbi ilə hakimiyyətə qayıdıb məhvedici siyasi böhranı aradan qaldırması;

 

Milli Ordunu formalaşdırmaq­la düşmənə ilk sarsıdıcı zərbə vu­rub onu atəşkəsə məcbur etməsi;

 

– ölkənin iqtisadi-hərbi qüdrətinin gücləndirilməsi üçün kompleks zəruri tədbirlərin görülməsi;

 

siyasi-diplomatik manevrləri ilə beynəlxalq aləmdə Azərbaycanın təcavüzə məruz qa­lan, Ermənistanın isə təcavüzkar olduğunu birmənalı olaraq sübuta yetirməsi, məqsədyönlü fəaliyyəti ilə erməni millətçilərinin ölkəmiz ərtafında yaratdığı informasiya blokadasını yarması;

 

Qarabağ münaqişəsinin həllinin diplomatikinformasiya təminatının yaradılması;

 

– müstəqil dövlətimizin dünya birliyində öz layiqli yerini tutması­nı, ümumi uğurları ilə Ermənistan üzərində hərtərəfli üstünlük qazan­masını təmin etməsi.

 

Öz xalqının həqiqi lideri olan Heydər Əliyev dünyanın müxtəlif dairələrinin himayə etdiyi qurama “erməni məsələsi”nin mahiyyətini, erməni millətçilərinin xalqımı­za qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq gizli formalarda təzahür edən Ermənistanın Azərbaycana qarşı ərazi iddi­alarının, Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə kəsmişdi. Dərin zəkası, müstəsna liderlik bacarığı ilə res­publikanı yumruq kimi birləşdirən ulu öndər daim məqam gözləyən erməni separatizminin baş qaldırmasına imkan verməmək üçün bütün zəruri mənəvi-siyasi, sosial-iqtisadiinzibati tədbirləri məharətlə gerçəkləşdirmişdi.

 

Bütün bunların nəticəsi idi ki, tarixi Azərbaycan torpaqlarında bolşeviklərin himayəsi ilə özlərinə respublika qurmuş, sonrakı dövrdə də ərazilərimizdən yağlı tikələr qoparmağa, soydaşlarımızın tarixi vətənlərindən növbəti deporta­siyasına nail olmuş ermənilərin Heydər Əliyev hakimiyyətə gələndən sonra əli boşda, niyyətləri gözlərində qalmışdı. Ulu öndərin Dağlıq Qarabağda erməni separatizminə qarşı mübarizəsi düşünülmüş, milli maraqları əks etdirən siyasətə əsaslanırdı. Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən ermənilərin DQMV-də gizli fəaliyyətlərindən xəbərdar olmuş, onlara qarşı lazımi tədbirlər görülməsi üçün ciddi təşəbbüslər göstərmişdi. O, Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra vilayətin sosial-iqtisadi inkişafına dair müvafiq tədbirlərlə ermənilərin hər hansı bir narazılı­ğına bəhanə yeri qoymamışdı.

 

Təəssüf ki, böyük rəhbər Azərbaycandan gedəndən sonra Dağlıq Qarabağda baş verən proseslərə seyrçi münasibət bəsləyən bacarıqsız və iradəsiz yerli rəhbərlər burada baş verən mərkəzdənqaçma meyllərinin qar­şısını yerindəcə almaq əvəzinə, fəaliyyətsizlik göstərmişdilər. Xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ-nin yüksək dövlət rəhbərlərindən biri olduğu dövrdə də Dağlıq Qarabağ Muxtar Vilayətində respublikamızın üstün maraqlarını qətiyyətlə qorumuşdu.

 

Ümummilli lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən dərhal sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiası baş qaldırdı. Prezi­dent İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev vəzifədən uzaqlaş­dırılandan sonra bu meyllər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə baş­çılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı”.

 

Ulu öndər sonralar öz iste­fasının doğurduğu nəticələrdən danışarkən deyirdi: “Azərbaycan üçün bəla ondan başladı ki, 1987-ci ildə ermənilər bizim azərbaycanlıların bəziləri ilə yığışdılar, mənim Kremldən istefa verməyimə nail oldular. Bundan iki ay sonra Dağlıq Qarabağda üsyan, münaqişə başlandı. Î vaxtdan ermənilərin bir məqsədləri var idi ki, Heydər Əliyevi Kremldən uzaqlaşdırsınlar. Çünki bilirdilər ki, mən Moskvada oturmuşam və belə məsələlərin qaldırılma­sına yol verməyəcəyəm. Məni Kremldən uzaqlaşdırdılar. Bun­dan sonra Azərbaycan nə günə düşdü”.

 

Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsi məqamını gözləyən erməni millətçiləri, guya, sosial vəziyyətin pisləşməsini və buna görə də Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlü­yünü özlərinə şüar edərək, Ermənistanda və Dağlıq Qarabağ­da ictimai fikri çaşdıra bildilər, açıq separatizm başlandı. Respublika rəhbərləri bundan sonra da mux­tar vilayətdə sürətlə genişlənən antiazərbaycan hərəkatının qar­şısını almaq üçün ciddi tədbirlər görə bilmədilər, bacarıqsızlıqların­dan bu zəruri işi ittifaq orqanlarının vəzifəsi saydılar.

 

Ermənipərəst Mixail Qorba­çovun timsalında sovet rəhbərliyi isə münaqişənin qarşısını vax­tında almaq əvəzinə, onun qanlı müharibəyə çevrilməsinə şərait yaratdı, Azərbaycanı süni surətdə oyundankənar vəziyyətə sal­maqla ərazilərimizin 20 faizinin itirilməsinə bais oldu. Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin böyük siyasətdən kənarda qaldığı həmin illərdə respublikada baş verən qarışıq­lıq, hakimiyyət uğrunda qruplararası mübarizə də düşmənin təcavüzkarlığı qarşısında ölkəmizi müdafiəsiz qoydu.

 

Xalqımızın zəkalı və qeyrətli oğlu Heydər Əliyev belə bir mürəkkəb şəraitdə dağılmaq­da olan sovet imperiyasının mərkəzində ciddi nəzarət altında yaşamağa məhkum edilsə də, çətinliklə imkan tapıb Vətənin harayına yetişdi. Respublika rəhbərliyinin xəyanətkarlığı və üzüdönüklüyündən Bakıda yaşa­maq imkanı tapmayan ümummilli lider Naxçıvana – doğmalarının və həmyerlilərinin yanına qa­yıtmağa məcbur oldu. Tezliklə muxtar respublikaya blokada şəraitində rəhbərlik onun üzərinə qoyuldu. Ulu öndərin burada gerçəkləşdirdiyi zəruri tədbirlərlə Naxçıvan işğaldan xilas edildi, qəbul edilmiş tarixi qərarlarla dövlətçiliyimizin bərpası ilə bağlı ciddi addımlar atıldı.

 

Müstəqilliyin ilk illərində naşı, xain siyasətbazların hakimiyyət da­vası ölkəni uçuruma sürükləyəndə isə xalqın təkidli tələbi və iradəsi ilə 1993-cü ilin böhranlı yayında ümummilli lider Heydər Əliyev ikin­ci dəfə siyasi hakimiyyətə qayıtdı. Zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatikxarizmatik lider Heydər Əliyevin siyasi qayı­dışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu.

 

Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Prezident Heydər Əliyev Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi.

 

Ümumiyyətlə, açılmaz bir düyünü xatırladan Dağlıq Qara­bağ münaqişəsinin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etdi.

 

Ölkəmizin ətrafında baş verənləri, başımızın üstünü alan qara buludları görən, prosesləri uzaqgörənliklə qiymətləndirən Heydər Əliyev respublikamızın po­zulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi.

 

Bundan sonra Dağlıq Qara­bağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplo­matiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.

 

Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq və regional təşkilatların tribuna və salonlarından işğalçılığı məntiqi şəkildə əsaslandıran konstruk­tiv çıxışlar üçün maksimum istifadə etdi. O, Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti haqqında dünya dövlətlərini lazı­mınca məlumatlandırdı, ayrı-ayrı dövlətlərin, regional təşkilatların Ermənistanın mövqeyini pisləyən qərarlarının və bəyanatlarının qəbul edilməsinə nail oldu.

 

Lakin təcavüzkarı cəzalandırmaq üçün iqtisadi və hərbi təzyiq mexanizmlərinə malik olan beynəlxalq təşkilatlar Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin təmin olunmasında lazımi rol oynaya bilmədi. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 4 qətnamə qəbul etsə də, bu sənədlərdə əks olunmuş tələblər yerinə yetirilmədi. Təəssüf ki, BMT tərəfindən təcavüzkar Ermənistana qarşı bu vaxta qədər heç bir sanksiya tətbiq olunmamışdır. Bu isə təcavüzkar Ermənistanın beynəlxalq hüquqa sayğısızlıq göstərməsi və dün­ya birliyinə meydan oxuması ilə nəticələnmişdir.

 

Ümummilli lider Heydər Əliyevin diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi konsepsiya hazırla­yaraq konkret vəzifələri həyata keçirmək üçün ardıcıl siyasi kurs planlaşdırdı. Azərbaycan lideri Dağlıq Qarabağda ermənilərin yaşadıqları dövlətə qarşı yönəlmiş çıxışlarının beynəlxalq separa­tizmin tərkib hissəsi kimi qorxulu, ağır nəticələr törədən və digər dövlətlərin də ərazisində oxşar problemlərin alovlanmasına təkan verən təhlükəli bir hərəkət olduğunu sübut etdi, dünya ictimaiyyətinin diqqətini belə təhlükələrin qarşısını vaxtında almağın vacibliyinə yönəltdi.

 

1996-cı il dekabr ayının 2--3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzula­rından birinə çevrildi. Prezident Heydər Əliyevin qəti və inadlı mövqeyi nəticəsində ATƏT-in icraçı sədrinin bəyanatında münaqişənin üç prinsip əsasında tənzimlənməsi öz əksini tapdı: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qara­bağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu­nun verilməsi; Dağlıq Qarabağ əhalisinin təminatlı təhlükəsizliyi. Bu prinsiplər Ermənistandan baş­qa, ATƏT-in 53 dövləti tərəfindən dəstəkləndi.

 

Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi”. Ulu öndərin özü isə belə demişdi: Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asan­dır”. Əlbəttə, Azərbaycan xalqına Heydər Əliyev kimi təcrübəli bir siyasətçi başçılıq etmiş olsaydı, Dağlıq Qarabağ faciəsinin qarşısı­nı almaq mümkün olardı.

 

Bütün bunların nəticəsi idi ki, Amerika Birləşmiş Ştatları­nın sabiq Prezidenti Corc Buş Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi müstəsna müdriklik, huma­nizm və təmkinlə bağlı demişdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Dağlıq Qa­rabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülhsabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir”.

 

Qatı ermənipərəst ölkə olan Fransa Respublikasının sabiq Prezidenti Jak Şirak da Heydər Əliyevin münaqişəni sülh yolu, qan axıdılman həllini yüksək qiymətləndirmişdi: “Bu qey­ri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çı­xarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.

 

Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağla bağlı hərtərəfli düşünülmüş, dünya birliyi tərəfindən qəbul edilən siyasətini son 17 ildə onun layiqli davamçı­sı Prezident İlham Əliyev uğurla davam etdirdi. Bu siyasətin bir cümlə ilə ifadə edilə bilən mahiyyəti belə idi: “Ermənistan münaqişənin danışıqlar yolu ilə, müharibənin sülhlə başa çatmasına razı olmasa, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcək”.

 

2016-cı ilin Aprel döyüşləri Azərbaycanın münaqişəni hərbi qələbə ilə həll etməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük qalibiyyətli Vətən müharibəsi isə ümummilli lider Heydər Əliyevin Qarabağı düşmən işğalından qurtarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək stra­tegiyasının doğruluğunu sübut etməklə bu siyasətin təntənəli son­luğu oldu. Qarabağın tacı sayılan Şuşanın azad edildiyi 8 Noyabr rəmzi olaraq tariximizə Zəfər Günü kimi yazıldı.

 

Qasım HACIYEV,

AMEA-nın Qafqazşünaslıq İnstitutu ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

 

Xalq qəzeti  2020.- 10 dekabr.- S.7.