Xalq–İqtidar–Ordu birliyindən doğan
qələbə sevinci
Azərbaycan 44 günlük Vətən müharibəsindən böyük qələbə ilə çıxdı. Müzəffər ordumuzun işğalçı və terrorçu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücumu ilk günlərdən uğurlu başlandı və ermənilərin nəzarətində olan kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca düşməndən azad olundu. Hər bir yaşayış məntəqəmizin ordumuzun nəzarətinə keçməsi xalqımız tərəfindən böyük sevinc, razılıq və minnətdarlıq hissi ilə qarşılanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, demək olar ki, hər gün televiziya vasitəsilə xalqa müraciət edir, işğaldan azad olunmuş kəndlərimizin siyahısını xalqa çatdırır, sevincini bölüşürdü. Və son qələbəyə – noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri arasında üçtərəfli bəyanat imzalanana – düşmənin kapitulyasiyasına qədər belə davam etdi.
Bu qələbədə, şübhəsiz ki, ilk növbədə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Vətən müharibəsinə başlamaqla bağlı bütün siyasi və diplomatik tədbirlərin həddən artıq səliqəli və nizamlı həlli çox mühüm rol oynadı. Eyni zamanda, Azərbaycan Ordusunun, onun şəxsi heyətinin tarixi qələbəmizdə əvəzsiz xidməti oldu. Azərbaycan əsgərləri sanki qələbə təşnəsində idilər – düşmən üzərinə qartal kimi hücum çəkir, onları anındaca məhv edirdilər.
Qələbənin əldə olunmasında ən vacib cəhətlərdən biri də budur ki, Azərbaycan xalqı müharibə günlərində Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Xalq Prezidenti, təbii ki, həmişə müdafiə edib, ona seçkilərdə səs verib. Amma budəfəki dəstək tamam başqa idi. Bu, tarixdə görünməmiş Xalq-İqtidar-Ordu birliyi idi. Bu, Prezidentin milli maraqlar naminə sinəsini qabağa verərək bütün dünyanın qarşısında dayanması demək idi. Ordumuzun qələbələr qazanaraq irəlilədiyi günlərdə Azərbaycan Prezidentinə nə qədər təzyiqlər göstərilirdi, telefon zənglərinin ardı-arası kəsilmirdi. Bu barədə Prezident İlham Əliyev mütəmadi olaraq xalqa məlumat verirdi.
Azərbaycan lideri xarici KİV-in çoxsaylı xahişi ilə onlara müsahibələr verirdi. Təbii ki, hər dəfə yorulmadan Azərbaycanın haqlı mövqeyini ortaya qoyurdu. Amma bu, xarici KİV təmsilçilərini qane etmirdi. Onlar Azərbaycanın haqlı mövqeyini dəstəkləmək deyil, daha çox ölkəmizi ləkələmək, hörmətdən salmaq tapşırığı almışdılar. Hətta Azərbaycan liderinin üzərinə hücum xarakterli suallarla gəlirdilər. Bunu dövlət başçımızın özü də dəfələrlə xatırlatdı. Bildirdi ki, bu müxbirlər prokuror kimi danışırlar.
Müharibə günlərində Fransanın ölkəmizə qarşı ədalətsiz mövqeyi də ictimaiyyətimizin diqqətindən yayınmadı. Prezident Makron şəxsən ölkəsinin Minsk qrupunun həmsədri olduğunu, beynəlxalq vasitəçi missiyasını unudaraq, ermənipərəstliyini nümayiş etdirdi. Biz bu insanın adını işğalı və terroru dəstəkləyən bir dövlət adamı kimi uzun zaman unutmayacağıq. Amma bütün bu təzyiqlər Azərbaycan Prezidentinə təsir etmədi. O, sona qədər qətiyyətlə ölkəmizin milli maraqlarının müdafiəsində dayandı, Xalq-İqtidar-Ordu birliyinin pozulmasına yol vermədi. Azərbaycan Ordusu da sonadək öz sözünü dedi, torpaqlarımızı azad etdi. Əyilməz xalqımız isə verdiyi şəhidlər bahasına olsa da, torpaqlarımızın yağı tapdağında qalması ilə barışmadı. Nəhayətdə, 2783 igid balamızı Vətən uğrunda qurban verdik. Bir sözlə, bütün ölkə qələbə üçün çalışdı.
Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində birmənalı şəkildə bəyan etdi ki, noyabrın 10-da imzalanmış bəyanat Azərbaycanın milli maraqlarına tam cavab verir. Bəyanatı Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında, şəffaf şəkildə imzaladılar. Dövlət başçısı dedi: “Bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu bəyanatın icrasını şərh etmək istərdim. Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir”.
Prezidentin sözlərinə görə, ikinci bəndə uyğun olaraq noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 nəfər hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu da təmin edildi. Beləliklə, Prezident İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin qorunub saxlanması istiqamətində növbəti addımını ataraq, xalqla şəffaf şəkildə danışdı, bəyanatın müddəalarının tamamilə yerinə yetirildiyini bəyan etdi.
Bəyanata əsasən, Ermənistan 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın rayonunu Azərbaycana qaytardı. Laçın dəhlizi Şuşa şəhərinə toxunmadan 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında verildi. Doğrudur, əvvəlcə dəhlizin 30 kilometr, sonra 10 kilometr enində olması, üstəlik erməni silahlı qüvvələrinin nəzarəti altında qalması təklif edilib, amma Prezident İlham Əliyev bununla razılaşmayıb. Bundan əlavə, Laçın şəhəri o dəhlizin ortasında qaldığı üçün Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin inşası qərara alınıb. Eyni zamanda, Azərbaycan liderinin təklifi ilə bəyanatda Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yeni dəhlizin yaradılması nəzərdə tutulub. Bununla da həm Naxçıvan mühasirədən çıxır, həm də Azərbaycan Türkiyə ilə birləşir.
Prezident İlham Əliyev bu barədə dedi: “Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq”.
Xalqla həmişə açıq danışan Azərbaycan lideri son müraciətlərində 30 ilə yaxın aparılan danışıqlar haqqında da əhalini geniş şəkildə məlumatlandırdı: “İstəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, – təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu… Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə – Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu – qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər”.
Aydın olur ki, Azərbaycan nə qədər çətin şəraitdə milli maraqlar uğrunda döyüşməli, vuruşmalı olub. Dövlət başçısı həmişə deyib ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Onun bu mövqeyi isə xarici ölkələrdə bir çoxlarını qıcıqlandırıb: “Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”.
Bəli, Azərbaycan Prezidenti, Azərbaycan Ordusu, Azərbaycan xalqı döyüş meydanında yeni reallıq yaratdı, qələbə çaldı, düşməni torpaqlarımızdan qovduq. İndi hər kəs bu reallıqla barışmağa məcburdur. Bu reallıq – Xalq-İqtidar-Ordu birliyi bu gün keçirilən Qələbə paradında da aşıq-aşkar nümayiş etdirilir. Xalq Bakının mərkəzində özünün tarixi Qələbəsini bayram edir. Eşq olsun qalib Azərbaycan Prezidentinə! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!..
Paşa ƏMİRCANOV
Xalq qəzeti
2020.- 10 dekabr.- S.5.