Türkiyə – Azərbaycan
qardaşlığı sarsılmazdır!
Azərbaycan-Türkiyə əməkdaşlığı
regional təhlükəsizliyə və iqtisadi tərəqqiyə xidmət edir
Bu 44 gün
ərzində bizə mənəvi və siyasi
dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident
Rəcəb Tayyib Ərdoğan olub və bir neçə
digər müsəlman və qeyri-müsəlman ölkələrin
rəhbərləri olub. Biz bu Qələbəni birlik,
əzm, iradə və güc hesabına əldə
etdik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara
yeni nailiyyətlərin əlavə
olunacağına da heç
bir şübhəmiz yoxdur.
Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə
etmək mümkün deyil.
Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu,
quruculuğu ilə daim
inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii
ki, burada Azərbaycan
iqtisadiyyatının keçən il əldə
etdiyi inkişaf islahatlar prosesinin nə qədər
doğru olduğunu da ortaya qoymaqdadır.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti
Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Din və dil eyniliyi, mədəniyyətlərin və ənənələrin oxşarlığı ölkələrimiz arasındakı münasibətləri daim gücləndirmiş və onları ən yüksək səviyyəyə qaldırmışdır. Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərinin möhkəmlənməsi və daha da genişlənməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, habelə iqtisadiyyat, hərbi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələrdə rəhbərlərin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. İkinci Qarabağ müharibəsində isə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstək nümayiş etdirməsi isə iki ölkə arasında qardaşlıq münasibətlərinin yeni zirvəyə yüksəlməsinə zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi Azərbaycanla Türkiyə arasındakı münasibətləri ən gözəl şəkildə xarakterizə edir. Bu, əslində, iki ölkənin bütün sahələrdəki real qarşılıqlı fəaliyyətinin əksidir. Türkiyə və Azərbaycan kimi səmimi dostluq, qardaşlıq, ortaq dəyərlər və etnik qohumluq telləri ilə bir-birinə bağlı olan iki ölkə, çətin ki, dünyada tapılsın. Əlbəttə, ulu öndərin iki ölkə arasında münasibətlərin inkişafında xidmətləri misilsizdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional və qlobal əhəmiyyətə malik irimiqyaslı layihələrin reallaşmasında böyük siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin qarşıya qoyduğu strateji hədəflər istiqamətində mühüm addımlar ataraq, iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırmağı bacardı. Dövlət rəhbərimizin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər möhkəmlənir. Bundan başqa, Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını və dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını həmişə bəyan edir.
Əlbəttə, həm Bakının, həm də Ankaranın öz maraqları və prioritetləri var. Lakin bu, qardaş ölkələrin hər zaman eyni cəbhədə qalmasına və bir-birini, necə deyərlər, kədərdə, sevincdə dəstəkləməsinə mane olmur. Bununla yanaşı, regiondaxili proseslərin mürəkkəb dinamikasına baxmayaraq, Türkiyə və Azərbaycan son 30 ildə ikitərəfli münasibətləri xeyli gücləndirməyə müvəffəq olmuşlar. Xüsusilə də Azərbaycanın geosiyasi və strateji mövqeyinin Türkiyənin Xəzər dənizi sahillərində yerləşən ölkələrlə, eləcə də region ölkələri ilə uzunmüddətli münasibətləri bərpa etməyə və inkişaf etdirməyə imkan verməsi günümüzün reallığıdır. Heç kimə sirr deyil ki, siyasi aspektdə bütün postsovet respublikaları arasında məhz Azərbaycan həmişə Türkiyənin ən yaxın tərəfdaşı olmuşdur. Təsadüfi deyil ki, Türkiyə Azərbaycanla diplomatik əlaqələr qurmuş ilk ölkə olaraq tarixə düşmüşdü. Bu diplomatik hadisə 1992-ci il yanvarın əvvəlində, demək olar ki, 8 dekabr 1991-ci il tarixində Belovejsk sazişinin imzalanması ilə Azərbaycanın müstəqilliyinin tanınmasından dərhal sonra baş vermişdi. Həmin andan sonra iki qardaş ölkə arasında siyasi və iqtisadi münasibətlər sürətlə inkişaf etməyə başlamışdı.
Azərbaycan beynəlxalq münasibətlər sistemində nisbətən yeni və kifayət qədər nüfuzlu siyasi subyekt olmaqla, Türkiyənin dəyişməz dəstəyini həmişə hiss etmişdir. Beynəlxalq siyasi-iqtisadi birliyə qoşulan Azərbaycan yeni şəraitə və yeni geosiyasi mühitə adaptasiya prosesini keçməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı dünya və regional təşkilatların dəstəyini qazanmağa çalışmışdı. Türkiyə dövləti də həmişə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini xarici siyasət strategiyası prizmasından çox, türk xalqını narahat edən daxili problem kimi qiymətləndirmişdi. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq işğalçı qonşumuz ilə sərhədləri bağlamış Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyini həmişə tam dəstəkləmişdi.
Türkiyə İkinci Qarabağ müharibəsində də Azərbaycanı qeyd-şərtsiz dəstəklədi, çünki Azərbaycanın ədalətli mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsinə və digər beynəlxalq sənədlərə əsaslanırdı. Məhz buna görə də, Azərbaycan Türkiyəni həm qardaş ölkə, həm də beynəlxalq hüquq əsasında, ədalətli, güclü müstəqil xarici siyasət yürüdən dövlət kimi alqışlayır. Cari ilin oktyabr ayının 10-da dövlət başçımız ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində bildirmişdi ki, Türkiyə Azərbaycana siyasi dəstək verir: “O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır”.
Prezident İlham Əliyev “Haber Global” televiziya kanalına müsahibəsində isə Türkiyənin nəinki bölgədə, dünya miqyasında güc mərkəzi olduğunu vurğulamışdı: “Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir”.
Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal iştirakçılarıdır. Hər iki ölkə iqtisadi və enerji imkanlarından, həmçinin ikitərəfli və regional əməkdaşlığın genişləndirilməsi üçün geosiyasi mövqeyindən səmərəli istifadə edir. Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində münasibətləri müəyyən edən əsas hadisələrdən biri 1994-cü ildə Bakı- Tbilisi-Ceyhan layihəsi haqqında müqavilənin imzalanması olmuşdu. Məhz həmin andan Türkiyə- Azərbaycan ikitərəfli münasibətləri strateji xarakter almış və bir çox Qərb tərəfdaşları üçün müstəsna əhəmiyyət kəsb etmişdi. Bakı-Tbilisi-Ceyhan layihəsi neft ixrac marşrutlarının şaxələndirilməsi imkanını təmin etmiş və Türkiyəyə həm xarici siyasət səhnəsində, həm də enerji sahəsində öz mövqelərini möhkəmləndirməyə imkan vermişdi. Heç kimə sirr deyil ki, Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli strateji əməkdaşlığın, o cümlədən Avropaya təsir göstərən əməkdaşlığın xarakterini müəyyən edən hərəkətverici qüvvə məhz energetikadir. Bu kontekstdə Azərbaycanın Xəzər dənizindəki qaz ehtiyatları həm Türkiyə, həm də Avropa ölkələri üçün həlledici rol oynayır. 2006-cı ilin sonunda məhz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsindən sonra Cənubi Qafqaz regionunun strateji enerji balansı əhəmiyyətli dərəcədə dəyişməyə başlamışdı.
Məlumdur ki, istehlak edilən qazın böyük həcmini idxal edən Türkiyə üçün həm siyasi, həm də iqtisadi baxımdan tədarük axınlarının şaxələndirilməsi çox vacibdir. Bu mənada Azərbaycanın təbii qaz yataqlarının istər Avropa, istərsə Türkiyənin enerji tələbatlarının ödənilməsində böyük rol oynadığı hamıya məlumdur. Qeyd edək ki, bu ilin mart ayında Azərbaycan Türkiyəyə qaz tədarükü ilə bağlı ilk mövqeyə çıxmışdır. May ayında Türkiyəyə qaz tədarükünün 33 faizi Azərbaycanın payına düşmüşdür. Artım hələ 2019- cu ildən başlamışdı. Ötən il ərzində “Şahdəniz” yatağından 9 milyard 584,78 milyon kubmetr qaz qardaş ölkəyə nəql olunmuşdu ki, bu da ötən illə müqayisədə 27,3 faiz çoxdur. Bu, Azərbaycan-Türkiyə gündəmindəki yeganə qaz mövzusu deyil. Bu ilin iyun ayında Ankara ümumi uzunluğu 160 km olan İğdır-Naxçıvan qaz kəmərinin inşası üçün bir tender elan etmişdi. Qaz kəmərinin yaradılması məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin fevral ayında Bakıya səfəri zamanı müzakirə olunmuşdu. Bu layihə Naxçıvana sabit qaz tədarükünü təmin etmək üçün hazırlanmışdır və böyük strateji əhəmiyyətə malikdir.
Bundan başqa, TANAP və TAP boru kəmərləri Türkiyə və Azərbaycana ixrac-idxal marşrutlarını şaxələndirməyə imkan verir ki, bu da qardaş ölkənin strateji enerji körpüsü statusunu daha da artırır. Aydındır ki, bütün bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyini gücləndirir, regionda yeni iqtisadi reallıqlar yaradır. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan-Türkiyə gündəliyində təbii qaz mövzusu bununla bitmir. İki ölkənin iqtisadi münasibətlərində İğdır-Naxçıvan qaz kəmərinin inşası məsələsi də var. Ümumi uzunluğu 160 km olan bu layihə Naxçıvanın sabit qaz təchizatını təmin etmək məqsədi daşıyır və böyük strateji əhəmiyyətə malikdir. Bundan başqa, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Sənəddə o da qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanın türk dünyası üçün çox mühüm qapı olduğunu nəzərə alsaq, o zaman işə düşəcək yolun Azərbaycan və Türkiyə üçün nə qədər strateji əhəmiyyət daşıdığını görmək olur. Məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında demişdi ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq: “Eyni zamanda, Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək”.
İki ölkə arasında ticari-iqtisadi əlaqələr də sürətlə inkişaf edir. Belə ki, 2019-cu il ərzində qarşılıqlı ticarət dövriyyəsi 33 faiz, 5 ay ərzində 2020-ci ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 20 faiz artmışdır. İki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ilə 15 milyard dollara çatdırmaq məqsədi qoyulmuşdur. Hazırda Türkiyədə Azərbaycan kapitalı olan 2 minə yaxın şirkət, Azərbaycanda isə 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri tərəfindən Türkiyə iqtisadiyyatına 18,1 milyard dollar sərmayə qoyulmuşdur, Türkiyə biznesi tərəfindən Azərbaycana 12,6 milyard dollar yatırılmışdır. Çox vacibdir ki, pandemiya ilə bağlı bütün məhdudiyyətlərə və dünya iqtisadiyyatında böhrana baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsi artmaqda davam edir. Məsələn, təkcə 2020-ci ilin iyununda Türkiyə və Azərbaycanın ticarət dövriyyəsi ötən ilin analoji göstəricisi ilə müqayisədə 45,979 milyon dollar artaraq 164,255 milyon dollar təşkil etmişdir. Bu, Azərbaycan- Türkiyə ticarət-iqtisadi əlaqələrinin davamlılığından və xarici risklərə az məruz qalmasından xəbər verir.
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti
2020.- 10 dekabr.- S.4.