Ata və oğul – hər ikisi qurucu, hər
ikisi xilaskar!
Ulu öndər Heydər Əliyevin cismən bizdən ayrıldığı gündən 17 illik bir zaman keçir. Ötən zaman kəsiyində bu böyük şəxsiyyətin, nadir siyasətçinin xalqı və ölkəsi üçün etdikləri, canı, həyatı bahasına nail olduğu işlər, göstərdiyi xidmətlər bir-bir gözlərimizin önündən keçir. Bu xidmətlər o qədər böyükdür, ölçüyəgəlməzdir ki, bütün bunları bir yazıda əhatə etmək, əlbəttə ki, imkansızdır. Ulu öndəri bizdən ayıran bu 17 ildə onun haqqında minlərlə məqalə yazılıb, şeirlər, poemalar həsr edilib, filmlər çəkilib, mahnılar bəstələnib. Hər il ulu öndərin doğum və anım günlərində konfranslar düzənlənib, haqqında inşa yazıları yazılıb, qalaq-qalaq kitablar həsr edilib. Hər bir azərbaycanlı bu böyük şəxsiyyətin qarşısında öz vətəndaşlıq borcunu, öz azərbaycanlılıq borcunu yerinə yetirməyə çalışıb. Hər kəs onu bildiyi və bacardığı kimi tərənnüm etmək istəyib. Amma düşünürəm ki, biz nə etsək, nə yazsaq, nə danışsaq yenə də bu borcu axıradək qaytara bilmərik.
O, bir dahidir. Hər xalqa qismət olmayan, hər xalqın taleyinə yazılmayan bir dahi! Böyük bir xalqın atası, lideri, yolgöstərəni! Xalqının qurtuluşuna imza atan, ölkəsini parçalanmaq, dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran bir dahi! Xalqının israrlı təkidi ilə bir Simurq quşu kimi Vətəninin səmasında qanad açan, xalqının köməyinə tələsən böyük dövlət adamı, nəhəng bir siyasi xadim!
Bəli! Məhz Heydər Əliyevin sayəsində 1993-cü ilin yayına qədər böyük bir xaos, qardaş qırğını, vətəndaş müharibəsi ilə üz-üzə qalan, separatizmlə qarşılaşan Azərbaycan - büdcəsi, iqtisadiyyatı, sənayesi, ordusu tamamilə yox olub, darmadağın edilən ölkəmiz – qısa bir zaman kəsiyində dirçəldi, ayaqüstə möhkəm dayanmağı bacardı. Azərbaycanın üçrəngli bayrağı Birləşmiş Millətlər Təşkilatının önündə dalğalandı, dünya ölkələri və ictimaiyyəti Azərbaycanı tanıdı, müstəqilliyimizi qəbul etdi.
Azərbaycan həm bölgə, həm də digər dünya ölkələri ilə balanslaşdırılmış, dünyəvi dəyərlərə istinad edən, beynəlxalq münasibətlər prinsiplərinə dayanan bir siyasət həyata keçirməyə başladı. Ən başlıcası isə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi. Azərbaycan sülh şəraitində nəhəng quruculuq işlərinə start verdi.
Mən ulu öndərin, indi onun adını daşıyan saraydakı son çıxışını xatırlayıram. 2003-cü ilin aprel ayı. C.Naxçıvanski adına Hərbi Liseyin müdavimləri ilə görüş… Görüşdə rəhbərin səhhətində yaranan problem… İki dəfə əlini ürəyinin üstünə qoyaraq tribunada müvazinətini itirməsi… Lakin qısa bir zamanda dikələrək, qəlbinin ağrısını öz iradəsi ilə, daxili əzmkarlığı ilə dəf edərək, milləti, xalqı qarşısında ayaq üstündə dayanması! Və nitqini əzmlə sona çatdırması!.. Bu gün belə bu sətirləri yazarkən kövrəlirəm… Üzülürəm… Amma həm də iftixar edirəm. Belə bir atanın övladları olduğumuz üçün fəxr edirəm. O, ən çətin dəqiqələrdə belə heç vaxt əyilmədi, sınmadı, büdrəmədi, yıxılmadı. Başını dik tutdu, xalqına əyilməzlik, ölməzlik nümunəsi oldu. Həm də doğru olan yolu bizə göstərdi.
“Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim başladığım, lakin sona çatdıra bilmədiyim taleyüklü məsələləri o layiqincə yerinə yetirəcəkdir” – deyərkən dahi insan son nəfəsində vəsiyyətində belə xalqını düşündü. Xalqı üçün ən doğru olan yolu işarə verdi. Xalqı üçün xilas yolunun haradan və kimdən başlandığını açıqladı. Bu, ulu öndər Heydər Əliyevin fiziki, mənəvi və siyasi varisi, bu gün adını xilaskar, qurucu, müzəffər komandan kimi çəkdiyimiz Prezident İlham Əliyev idi.
Bəli! Məhz onun liderlik bacarığı, üstün zəkası, sınmaz iradəsi, dönməz qətiyyəti sayəsində Azərbaycan Qafqazın lider ölkəsinə çevrildi. Azərbaycan nəhəng iqtisadi beynəlxalq layihələrə evsahibliyi etdi, astronomik sürətlə böyüdü, inkişaf etdi, gözəlləşdi. Qafqazın və dünyanın ən inkişaf etmiş ölkələri içərisində yer almağa başladı. “Azərbaycanda ən böyük kapital insan amilidir. Biz nə ediriksə, insanımız, xalqımız üçün edirik”, deyən dövlət başçısı ilk dəfə Prezident kürsüsünə qalxarkən əlini müqəddəs “Qurani-Kərimə” və Konstitusiyamızın üzərinə qoyaraq verdiyi vədə, “mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə bütün bu illər ərzində sadiq qaldı. Və bu vədini gerçək etmək üçün gecə-gündüz demədən çalışdı. Sözün əsil mənasında, hər bir azərbaycanlının Prezidenti olmağı bacardı.
Ötən 17 il ərzində Azərbaycan bütün sahələrdə miqyası ölçüyəgəlməz dərəcədə böyük olan bir inkişaf tempinə nail oldu. Ölkəmizə illər əvvəl gələn əcnəbilər, buraya yenidən gəldikləri zaman gördüklərinə, yaxşı mənada, təəccüb etdilər. Belə qısa bir zaman kəsiyində, bu qədər böyük ölçülü inkişafın, mükəmməl bir ölkə quruculuğunun necə baş verdiyinə heyrətləndilər. Azərbaycan bölgəyə və dünyaya iqtisadi, sosial sahədə, beynəlxalq münasibətlər sahəsində, diplomatiya sahəsində, insani münasibətlər, tolerantlıq sahəsində bir nümunə, model ortaya qoydu.
Bu illər ərzində
bizim həll edilməmiş tək problemimiz
qalmışdı. O da Dağlıq Qarabağ münaqişəsi,
itirilmiş torpaqlarımız! Ölkə Prezidenti İlham
Əliyev dəfələrlə deyirdi ki, Azərbaycan bölgədə,
dünyada ikinci Ermənistan dövlətinin qurulmasına imkan
verməyəcəkdir. Biz, masa arxasında son çarə
tükənənə qədər sülh
danışıqlarını davam etdirəcəyik. Lakin
danışıqlar mümkünsüz olarsa, Azərbaycan
öz torpaqlarını son qarışına qədər
düşmən tapdağından azad etməyə qadirdir. Buna bizim gücümüz
var. Buna qabil olan ordumuz var!
Ali Baş Komandan, “Biz torpaq
bütövlüyümüzü mütləq təmin edəcəyik.
Bu münaqişə öz həllini tapacaq” – dedi. Haqqımızı, ədalətimizi bütün
beynəlxalq təşkilatlar qarşısında tələb
etdi. Ermənistanın bütün şərtlərini
birmənalı olaraq rədd etdi. Qarşı tərəfin,
işğalçı ölkənin şərtlərinin
qarşısında sadəcə bir şərtimiz var, dedi:
“Ermənistanın işğalçı ordusu, işğal
etdikləri tarixi, əzəli Azərbaycan torpaqlarından
qeydsiz-şərtsiz çıxmalıdır! Beləliklə
də Birləşmiş Millətlər Təşkilatının
qətnamələri icra edilməlidir!”
Çox da uzaq olmayan ən yeni
tariximizin səhifələrinə, ötən əsrin
ortalarına qayıdaq... Bu, o zamanlar idi ki,
SSRİ məkanında, Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
Respublikasına birləşməsi haqqında Ermənistan rəhbərliyi
tərəfindən vaxtaşırı cəhdlər edilir,
lakin bu cəhdlərin qarşısı alınırdı.
Ermənistan ideoloqlarının bu cəhdlərinin
qarşısına məhz Heydər Əliyevin sayəsində
sədd çəkilirdi. Ümummilli lider Heydər
Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə
seçildikdən sonra, ermənilərin Dağlıq
Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi
xülyaları tamamilə boşa çıxdı.
Ümummilli lider Heydər Əliyevin
bu faktla bağlı fikirlərinə nəzər salaq:
“...1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm.
O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin konstitusiyası qəbul
olunarkən Konstitusiyanı hazırlamaq üçün
komissiya təşkil edilmişdi. Komissiyaya
o vaxtkı Kommunist Partiyasının Baş katibi L.İ.Brejnev
rəhbərlik edirdi və respublikaların nümayəndələri
də, o cümlədən mən də bu komissiyanın
üzvü idik. Komissiya layihə
hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq
təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ
ayrılıb Ermənistana verilməlidir. Hətta,
bir-iki dəfə bu məsələnin komissiyada
baxılmasına cəhd olmuşdu.”
Ulu öndər daha sonra deyib: “Məni
düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını
aldım. Amma, qarşısını almaq
da çətin idi. İradəmlə və
Azərbaycan xalqının milli mənafelərini canımla,
qanımla müdafiə edərək qarşısını
aldım”.
Sonrakı illərdə Heydər
Əliyev SSRİ rəhbərliyində yüksək vəzifədə
- Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi
Bürosunun üzvü, keçmiş SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini işlədiyi zamanda da erməni
şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsi ilə bağlı cəhdləri,
tələbləri qətiyyətlə dəf edildi. Ermənilərin bu cəhdləri, bu tələbləri
boş və həyata keçməsi mümkün olmayan arzu
olaraq qaldı. Lakin Heydər Əliyevin güclü lider
olmaq bacarığını həzm edə bilməyən,
Heydər Əliyevin bütün SSRİ məkanındakı
nüfuzunu qısqanclıqla qarşılayan keçmiş
Sovet İttifaqında “yenidənqurma”nın
müəllifi M.Qorbaçovun qərəzli siyasəti nəticəsində
bu böyük insan “səhhətinə görə” ölkə
rəhbərliyindən uzaqlaşdırıldı və ermənilərin
və onların havadarlarının əli-qolu
açıldı. M.Qorbaçovun o zamanlar iqtisadi məsələlər
üzrə müşaviri olan üzdəniraq akademik Abel
Aqambekyan 1987- ci ilin sonlarında, təəssüf ki, bu
gündə erməniliyin beşiyi olan Fransanın “Humanite” qəzetində
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən
alınaraq, Ermənistana birləşdirilməsi kimi sərsəm
və separatçı bir bəyanat irəli sürdü. Bu bəyanatdan
cəmi bir-neçə ay keçdikdən sonra, 1988-ci ilin
fevralında məlum Dağlıq Qarabağ hadisələri
baş verdi...
Ulu öndər Heydər
Əliyevin siyasi hakimiyyətdən məqsədli şəkildə
uzaqlaşdırıldığı illəri, Azərbaycanın
qarşılaşdığı çətinlikləri, dəhşətli
və qorxulu günləri çox yaxşı
xatırlayırıq. Bu vəziyyət 1993-cü ilin 15 iyununa qədər,
yəni ulu öndər Heydər Əliyevin xalqın tələbi,
istəyi, arzusu ilə Bakıya qayıtdığı günə
qədər davam etdi. Həmin gündən
etibarən Heydər Əliyev bütün fəaliyyəti boyu
qondarma Dağlıq Qarabağ məsələsinin sülh
yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli
həllinə çalışdı. Lakin
heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar
mövcuddur. Ulu öndər hakimiyyətə
gələndə cəbhədə vəziyyət Azərbaycanın
xeyrinə deyildi. Hərbi güc
balansı Ermənistanın xeyrinə idi, həm də
informasiya mübarizəsində və dünyada onlara bəslənən
siyasi simpatiya baxımından ermənilər daha üstün
mövqedə idilər. Belə bir şəraitdə
müharibənin davam etdirilməsi uğurlu nəticələr
gətirə bilməzdi. Heydər
Əliyev vəziyyəti vaxtında düzgün qiymətləndirdi
və ilk addım olaraq atəşkəs əldə edildi.
Beynəlxalq ictimai rəyi dəyişmək,
Dağlıq Qarabağ reallıqlarını dünyaya
olduğu kimi çatdırmaq, böyük dövlətlərin
mövqeyində haqqa-ədalətə doğru
dönüş yaratmaq uğrunda uzun və gərgin
mübarizə başlandı.
Ulu öndər deyirdi: “Tələblərimiz,
istəyimiz ondan ibarətdir ki, bu təcavüzkar hərbi əməliyyatlar
dayandırılsın və silahlı birləşmələr
işğal edilmiş ərazilərdən
çıxarılsın, həmin rayonların sakinlərinə
isə öz daimi yaşayış yerlərinə
qayıtmağa imkan verilsin. Hərçənd,
orada artıq çox şey dağıdılmış, talan
edilmış, adamlar öz ev-eşiyindən, neçə-neçə
nəslin zəhməti ilə yığılmış sərvətdən,
var-dövlətdən məhrum olmuşlar. Bu, əslində, Azərbaycanın dinc əhalisinə
qarşı vəhşilikdir, lakin buna baxmayaraq, bu gün biz
heç də təvazökarlıq və
barışmazlıq mövqeyində durmuruq. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan
qonşu dövlətlərdir, sülh və
barışıq şəraitində yaşamalıdırlar.
Biz hesab edirik ki, ömrü boyu bir-biri ilə
düşmənçilik, ədavət aparmaq, ömrü
boyu müharibə etmək olmaz. Bu
yaxın vaxtlaradək mövcud olmuş əlaqələr
yenidən qurulmalıdır. Amma Azərbaycanın
ərazi bütövlüyü bərpa edilmək şərtilə”.Ulu
öndər Heydər Əliyev, ömrünün son günlərinə
qədər bütün siyasi fəaliyyətində
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllinə çalışdı. Ermənistanın
təcavüzü nəticəsində Azərbaycanın
düşdüyü vəziyyət haqqında dünya
ictimaiyyətinə mütəmadi olaraq ətraflı məlumatlar
verən ulu öndər bu məlumatlarda özünün qətiyyətli
və prinsipial mövqeyini bir daha ortaya qoyurdu: “Əlbəttə
ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə
razılaşmayacaqdır. Məsələnin
həllində beynəlxalq hüquq normaları əsas
götürülməlidir. Azərbaycan
dünyadakı bütün ölkələrin ərazi
bütövlüyünə hörmətlə yanaşır
və özünə də eyni münasibətlə
yanaşmağı tələb edir. Bizim ərazi
bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri
zəbt olunmuş ərazilərdən geri çəkilməlidir.
Qaçqınlara-köçkünlərə
doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü
olan bir ölkənin - Ermənistanın Avropa
Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın
ərazilərini işğal etməsinə yol verməməliyik.
Torpağımızın hər bir qarışının
itirilməsi bizim üçün dəhşətlidir,
...düşmən tapdağı altında qalması
bizim üçün ağır dərddir, böyük bir
faciədir”.
Bax, belə bir şəraitdə
Heydər Əliyev təkcə torpaqlarımızın
bütövlüyü uğrunda düşmənlə, onun
mənfur siyasəti ilə mübarizə aparmırdı, o,
bütövlükdə regionun geosiyasi xəritəsini yenidən
çəkmək və buraya çox güclü iqtisadi amil
əlavə etmək uğrunda böyük bir yola
çıxdı. Cənubi Qafqazın “Böyük İpək Yolu”nda Azərbaycanın
çox mühüm strateji məntəqə olmaq imkanı əldə
etməsi, bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin
daşınmasında nəqliyyat dəhlizi rolunu oynamaq
şansını qazanması, məhz ulu öndərin
apardığı intensiv və israrlı danışıqlar
nəticəsində getdikcə reallığa çevrildi. Gürcüstan da bu proseslərə qatıldı.
Təkcə Ermənistan təcrid olundu.
Beləliklə, Heydər
Əliyevin uzaqgörən siyasətinin mühüm
uğurlarından biri də, heç şübhəsiz,
regionda iqtisadi maraqların intensivliyini artırmaq yolu ilə
böyük dövlətləri ermənipərəstlikdən
uzaqlaşdırmaq, onları iqtisadi maraqlar müstəvisinə
dəvət etməkdən ibarət oldu. “Əsrin müqaviləsi”,
Böyük İpək Yolunun bərpası strategiyası da,
Bakı – Tbilisi – Ceyhan layihəsi, bir-birini əvəz edən
neçə-neçə beynəlxalq neft-qaz müqavilələri,
“Qafqazda təhlükəsizlik paktı” ideyası məhz bu
böyük mərama, bu əhəmiyyətli hədəfə
xidmət edirdi və hərtərəfli olaraq
düşünülmüş vahid strateji planın
ayrı-ayrı məqamları idi.
Azərbaycan ulu öndər Heydər Əliyevin ideyavericiliyi və rəhbərliyi ilə hazırlanan və həyata keçirilən uğurlu layihələrlə siyasi müstəqilliyini möhkəmləndirməklə bərabər, həm də iqtisadi müstəqillik əldə etdi. Ölkənin müstəqil siyasi konsepsiyası birinci növbədə iqtisadi maraqlarımıza, eyni zamanda, vətəndaşımızın əmin-amanlığına, sabitliyinə, firavanlığına istiqamətlənmişdi. İstər böyük və ya kiçik, uzaq və ya qonşu dövlətlərlə, istərsə də iqtisadi və mədəni-mənəvi sahələrdəki tərəf-müqabillərlə münasibətdə Azərbaycan öz milli maraqlarından çıxış edirdi.
Bir az öncə yuxarıda sadaladıqlarımız XX əsr Azərbaycan tarixinin son onilliklərinin həqiqətləridir. Və bütün bu keşməkeşlərə, daxili və xarici çalxalanmalara, xaosa, anarxiyaya ancaq Heydər Əliyev kimi təcrübəli və uzaqgörən siyasətçi sinə gərə bilərdi. Məhz onun dühası xalqı bəlalardan qurtardı, Azərbaycana yeni nəfəs, yeni inkişaf gətirdi. Onun ən böyük arzusu xalqını azad, müstəqil, ölkəsini suveren və bütöv görmək idi. Bunun üçün hətta mümkün olmayanı etdi. Ömrünün qürub çağında, Allahın ona bəxş etdiyi ömür payını rahat, əziyyətsiz yaşamaq yolunu seçmədi. Özünün də söylədiyi kimi, ömrünün qalan hissəsini də xalqına bağışladı. Son nəfəsinə qədər xalqı üçün, ölkəsi üçün çalışdı, onun gələcəyini düşündü. Əbədiyyətə qovuşarkən ölkəsini və xalqını əmin əllərə tapşırdı, bizə böyük bir miras qoyub getdi. Müstəqil, azad, heç kimdən, heç bir xarici qüvvədən asılı olmayan, qərarlarını özü verən, dünyada tanınan və hörmət edilən bir ölkə yadigar qoydu. Amma, həm də bir əvəzsiz yadigar, bənzərsiz bir əsər da qoydu özündən sonra. Bu əsər isə Azərbaycan Respublikasınn Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. İki əvəzsiz yadigar, iki dəyərli əsər. Azərbaycan Respublikası və onun Prezidenti İlham Əliyev!
Bir zamanlar, 90-cı illərin başlarında Azərbaycanı yox olmaqdan ulu öndər Heydər Əliyevin dəmir əli xilas etdi. Bu əl xalqının ona uzanan titrək, ümidsiz əllərini möhkəm sıxdı, ölkəsinə dayaq oldu. Dəmir güclü bu əl sayəsində Azərbaycan qurtuldu! XXI əsrin ikinci onilliyinin sonlarında isə dəmir güclü daha bir əl – İlham Heydər oğlu Əliyev – ölkəsinin və xalqının xilaskarına çevrildi!
Həyatda təsadüf və zərurət tandemi hər zaman düşündürücü olmuşdur. Bu anlayışların hansı daha məqbuldur və bəşər övladı üçün hansı daha keçərlidir? Bu çətin sualın qarşısında bu gün verə biləcəyimiz daha bir sual və yeganə bir cavab var! Tarix boyu bir xalqın taleyində onu ard-arda ölümdən, məhv olmaqdan xilas edən, ölkəsinə xoşbəxtlik, firavanlıq gətirən, torpaqlarını bütövləşdirən, dövlətinə ehtiram və nüfuz qazandıran neçə ata-oğul lider tanıyırsınız? Deməli, burada təsadüf yox, zərurət danılmaz faktdır. Məhz Heydər Əliyev Azərbaycanın müstəqilliyinin, İlham Əliyev isə itirilmiş torpaqlarının xilaskarı olmalı idi! Bu ata-oğulun alın yazısı, tarix qarşısındakı missiyaları idi. Onlar Ulu Yaradan tərəfindən bu missiya üçün dünyamıza göndəriliblər. Ata və oğul! Hər ikisi xalqını və ölkəsini qurtaran! Hər ikisi qurucu! Hər ikisi xilaskar!
Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri
komitəsi sədrinin müavini, filologiya elmləri doktoru,
professor
Xalq qəzeti
2020.- 11 dekabr.- S.9.