“Düşmənləri xar
eləyər qeyrəti türkün”
Türk dünyasının
qüdrətli təmsilçisi, 85 milyona
yaxın əhalisi olan, sürətlə inkişaf edən, beynəlxalq məsələlərdə
sözünü qətiyyətlə deyə
bilən, NATO-nun üzvü
olan Türkiyə hazırda yaxın Şərq
və Aralıq dənizi regionunda sülhün təminatçısı kimi
tanınır. Qardaş ölkə Cənubi
Qafqazda da sülh carçısı olan
və səsi aydın eşidilən bir
dövlətdir.
Fəxrlə demək olar ki, bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaflı gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur. Mənəvi bağlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən su içən bu birlik, bu bağrıbadaşlıq əbədidir. Hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətləridir.
Son proseslər unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin böyük sevgi ilə Azərbaycan-Türkiyə qardaşlığını dəyərləndirərək irəli sürdüyü “Bir millət, iki dövlət” tezisini gerçək həyatda bir daha təsdiqləmişdir. Yaxın tariximizə nəzər salaq: Bakı-Tbilisi-Ceyhan, Bakı- Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji layihələri, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Bakıda keçirilmiş hərbi parad, Türkiyədə “STAR” neft emalı zavodunun işə salınması və s. ölkələrimiz arasındakı sarsılmaz dostluğun nümayişi kimi fərəh doğurur.
Yenicə başa çatmış Vətən müharibəsində böyük qələbəmizi qeyd etdiyimiz bu günlər isə həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlığın yeni salnaməsidir. Bu sətirləri yazdığımız anlarda istər-istəməz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın unudulmaz xalq şairi Bəxtiyar Vahabzadədən çox sevdiyi və tez-tez təkrarladığı misralar yada düşür:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da
ulu –
Azərbaycan-Türkiyə!
Türkiyə Qarabağda aktiv hərbi əməliyyatların
ilk günündən Azərbaycana
siyasi və mənəvi dəstəyini
əsirgəmədi. Münaqişədə
tarixi ədalətin bərqərar olması üçün səsimizə
səs verdi.
Özünün gücü, təsir
imkanları ilə Azərbaycanı erməni
təəssübkeşlərindən qorudu. Ərazilərimizi məhz havadarlarının
əli ilə zəbt etmiş erməni işğalçılarının
bu dəfə döyüş meydanında
qəhrəman Azərbaycan
əsgəri ilə üz-üzə qalmasına
şərait yaratdı.
Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin
bir çox rəsmiləri, Türkiyə
cəmiyyətinin ən
nüfuzlu simaları Azərbaycanın yanında
olduqlarını bəyan
etdilər.
Dövlətimizin başçısı
İlham Əliyev ötən ay Türkiyənin
“A Haber” televiziya kanalına
verdiyi müsahibəsində
haqlı olaraq bildirdi ki, əgər
toqquşmaların ilk saatlarında
Türkiyədən bu
dəqiq mesajlar gəlməsəydi, bəlkə
də bu işlərə kimlərsə
pəl vura bilərdi: “Türkiyənin
bu mesajları hər kəsə “dur!” dedi. Azərbaycan tək
deyil. Türkiyə işin sonuna
qədər Azərbaycanın
yanındadır. Əlbəttə ki, bu gün
Azərbaycan-Türkiyə birliyi
artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət
amildir. Bizim birliyimiz hər
hansı bir ölkənin maraqlarına
qarşı deyil.
Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə
edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim
işimizə qarışmasın...
Sadəcə, biz deyirik ki,
bizə də dəyməyin, kənarda durun. Dost olaq,
tərəfdaş olaq,
işbirliyi edək.
Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik
və buna haqqımız çatır”.
Biz bu qələbəmizlə qardaş
Türkiyə ilə yeni tarixi nailiyyətlərə
imza atacaq, daha böyük uğurlar qazanacağıq. Bunun müjdə
xəbəri Ermənistan
üçün əsl
kapitulyasiya sənədi
olan 10 noyabr bəyanatı olub. İlham Əliyev, Vladimir Putin və
Nikol Paşinyanın imzaladıqları həmin
bəyanatda Azərbaycan
Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin
təhlükəsizliyinə zəmanət verilib.
Buna nail olunmasında Türkiyənin təsir imkanları danılmazdır.
Orada kommunikasiyanın bərpası
həm Naxçıvanın
blokadasının aradan
qaldırılmasını, həm də Türkiyənin birbaşa
yolla Xəzər dənizinə və Orta Asiya respublikalarına
çıxışını təmin edəcək.
Təsadüfi deyil ki, həmin yola artıq obrazlı şəkildə “Böyük
Turan yolu” deyilir.
Azərbaycanın qələbəsindən sonra
ərazidə sülhün
qorunması prosesində
də Türkiyə yaxından iştirak edəcək. Bu məqsədlə
yaradılan Monitorinq Mərkəzində Türkiyə
hərbçiləri də
xidmət aparacaq, burada sülhün qorunmasına öz töhfələrini verəcəklər.
Artıq
bununla bağlı müvafiq memorandum imzalanıb.
Türkiyə Böyük Millət
Məclisi Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
sülhməramlıların göndərilməsinə dair
qərar layihəsini təsdiqləyib. Türk
hərbi heyəti Qarabağda qurulacaq Türkiyə- Rusiya müşahidə mərkəzində
bir il
müddətinə fəaliyyət
göstərəcək. Ehtiyac olduqda
müddət artırılacaq.
Rusiya Prezidenti
Vladimir Putin dəfələrlə Azərbaycanın Türkiyə
ilə yaxşı münasibətlərdə maraqlı
olduqlarını etiraf
edib: “Azərbaycan müstəqil, suveren dövlətdir və kimi lazım bilirsə, onu özünə tərəfdaş
seçmək haqqı
var... Dağlıq Qarabağ məsələsində
Türkiyəyə istənilən
qiyməti vermək olar, ancaq onu
beynəlxalq hüququ
pozmaqda günahlandırmaq
olmaz. Yeri gəlmişkən, Türkiyə əvvəldən
Qarabağ məsələsinin
tənzimlənməsi üzrə
ATƏT-in Minsk qrupunun üzvü
olub. Odur ki, Türkiyə
tənzimlənmə üzrə
beynəlxalq institutun,
beynəlxalq mexanizmin daxilində olub”. Başqa bir çıxışında
isə Vladimir Putin Türkiyənin
elə onun rəhbərlik etdiyi Rusiya üçün də etibarlı tərəfdaş olduğunu
təsdiqləməklə bədxahlarımızı
xar edib.
...Zəfər paradı bir daha tarixin təkrar
olunduğunu göstərdi.
Fəxarətlə xatırlayırıq
ki, düz 102 il bundan əvvəl,
1918-ci il sentyabrın
15-də Nuru paşanın
rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından
azad edib. Beləliklə, həm Azərbaycanın
müstəqilliyi təmin
olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
O zaman Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri
olub. Möhtəşəm və tarixi
qələbədən sonra
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın
17-də Gəncə şəhərindən
Bakıya köçürülüb.
Beləliklə, Azərbaycanda dövlət
quruculuğunun əsas
mərhələsinə start verilib.
Həmin vaxt türk ordusunun Bakını bolşevik-daşnak
işğalından azad
etməsi şəhərdə
əsl bayrama səbəb olub, məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə
təntənəli ziyafət
təşkil edib, şanlı komandan Nuru paşaya və onun qəhrəman
sərkərdələrinə hədiyyələr verib.
Azərbaycan xalqı böyük minnətdarlıq duyğuları
ilə onu da xatırlayır ki, Osmanlı qoşunları Bakının
azad olunması üçün həyata
keçirdikləri hərbi
əməliyyatlarda 1132 şəhid
verib. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan
sonra hər il sentyabrın
15-də təkcə Bakıda
deyil, Şamaxıda,
Göyçayda və
digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olan türk əsgərlərinin
məzarları ziyarət
olunur. Hər il Şəhidlər
xiyabanında şəhid
türk əsgərlərinin
xatirəsinə ucaldılmış
“Türk şəhidliyi”
abidəsi önündə
anım mərasimi keçirilir.
Elə dekabrın
10-da Zəfər paradından
əvvəl iki qardaş prezidentin – İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə
olan Rəcəb Tayyib Ərdoğanın Bakının Fəxri xiyabanına gələrək
xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsinə
ehtiramla baş əymələri, eyni zamanda, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etmələri, həqiqətən də bir millət-iki dövlət amalının
əbədi olduğunu
bir daha göstərdi. Zəfər paradı isə
Türkiyə rəhbərliyinin,
eləcə də bu müharibədə canını vermiş 2783
şəhidimizin sayı
qədər mehmetciyin
iştirakı ilə
daha da möhtəşəm
oldu.
İkinci Qarabağ müharibəsində biz diplomatiya və informasiya cəbhəsində də böyük zəfərə imza atdıq. Heç şübhəsiz, bu qələbədə də Türkiyənin böyük rolu oldu. Cənab Rəcəb Tayyib Ərdoğan da, Türkiyənin digər rəsmiləri də Prezident İlham Əliyevin xarici jurnalistlərə müsahibələri, xalqa müraciətləri hər dəfəsində anındaca dəstəkləyir, obyektiv şəkildə şərh edərək dünyaya mesaj verirdilər. Bəzi çıxışları xatırlamaq yerinə düşər.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın hələ oktyabrda demişdi:
– Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların səyləri boşa çıxacaq. Cənab İlham Əliyev məsələyə çox gözəl yanaşdı: “Atəşkəs istəyənlər Ermənistana silah göndərir. Dağlıq Qarabağ gec-tez azadlığına qovuşacaq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş:
– Türkiyə hökuməti, milləti, Türkiyə Böyük Millət Məclisi, ümumilikdə qardaş xalqın bütün nümayəndələri Qarabağdakı möhtəşəm qələbə münasibətilə can Azərbaycanı təbrik edirlər. Qarabağ məsələsində beynəlxalq arenanı həm Azərbaycan, həm də Türkiyə əleyhinə qaldırmaq istəyənlərə rəğmən yolumuzdan dönmədik. Prezident İlham Əliyevin liderliyində Azərbaycan kəskin mübarizə ilə ay yarım ərzində 29 illik yuxunu gerçəkləşdirdi və Qarabağ Azərbaycana qovuşdu. Qarabağ Azərbaycandır və qiyamətə qədər Azərbaycan olaraq qalacaq!
Qardaş ölkənin Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polkovnik-leytenant Nadidə Şəbnəm Aktop isə xainlərin basdırdığı heç bir minanın birliyimizi sarsıda bilməyəcəyinə, birgə səylərlə zərərsizləşdiriləcəyini vurğulayıb:
– İşğaldan azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri ərazini minalardan təmizləyir. Eyni zamanda, bununla bağlı təlimlər də keçilir. Həm kədərdə, həm də şad günlərdə bərabər olduğumuz, can qardaşlarımız Azərbaycan türkünün haqlı davasında bütün imkanlarımızla yanındayıq!
Onu da qeyd edək ki, daim terrorçuluqla mübarizənin önündə gedən Türkiyə hər zaman bü mücadilədə qətiyyət göstərir, dünyada sülhə, təhlükəsizliyə təhdid yaradan bütün təsirləri layiqincə dəf edir. Elə Azərbaycanın da öz torpaqlarını faşist xislətli, terrorçu və vandal ermənilərdən azad etməsindən Türkiyədə hədsiz məmnuniyyət ifadə olunub. Baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri qardaş ölkənin diqqətindədir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2020.- 11 dekabr.- S.11.