Qalib Azərbaycan Ordusu
müstəqil dövlətimizin dayağıdır
Zaman-zaman bir çox xalqların torpağını, dövlətini, milli əlamətlərini itirib tarixdən silindiyini yada salsaq, Azərbaycan xalqının bugünə öz ərazisi, milli dövləti, doğma dili, çoxminillik tarixi və zəngin mədəniyyəti ilə gəlib çıxmasının əsasında yurd sevgisinin, milli yaddaşı qorumasının, döyüşkənliyinin və zəhmətsevərliyinin dayandığına bir daha əmin olarıq. Azərbaycanın quzeyində rus işğalı nəticəsində itirilmiş dövlətçiliyini ötən əsrdə iki dəfə bərpa etməsi də bu anlayışların həmişəyaşarlığı ilə mümkün olmuşdur.
102 il əvvəl istiqlal məfkurəsinə çevrilmiş bu dəyərlərin üzərində Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da milli hökumətin ilk önəmli tədbirlərindən biri ərazilərimizi və milli varlığımızı qorumaq üçün müstəqil dövlətin xalq ordusunun yaradılması olmuşdu. Milli dövlətçiliyimizin dirçəldilməsinin ən önəmli tarixlərindən olan 1918- ci ilin 26 iyun günü 1991-ci ildə suverenliyimizin bərpasından sonrakı dövrdə hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir. Hər il 26 iyun günündə milli ordumuzun yaranma tarixinə və rəşadətli fəaliyyətinə öyünclə nəzər salırıq. Bu müqəddəs duyğu-düşüncələr çağdaş nəsillərin babaların ən qiymətli əmanəti olan Azərbaycan torpaqlarını və müstəqil dövlətimizi göz bəbəyi kimi qorumaq ruhunda tərbiyəsində çox önəmli amildir.
26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı söhbətdə müsahiblərimiz hərb tariximizin tanınmış tədqiqatçıları, ehtiyatda olan polkovnik-leytenant, yazıçı-publisist Şəmistan Nəzirli və ehtiyatda olan polkovnik, tarix elmləri doktoru, professor Mehman Süleymanovdur.
Şəmistan Nəzirli: – Bizim günlərdə 26 İyun tarixinin yüksək məna-mahiyyəti ondan ibarətdir ki, 1918-ci ildə çar Rusiyası imperiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, cümhuriyyət dövründə müstəqil dövlətin ən zəruri atributları, o cümlədən milli ordu formalaşdırılmışdı.
O zaman zəruri dövlət quruculuğu ilə yanaşı, xain ermənilərin və bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparan AXC hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etmişdi. Həmin gün diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olunmuş və Azərbaycanda milli ordunun təməli qoyulmuşdu. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edilmişdi. Rus ordusunda yüksək rütbəyə və şöhrətə çatmış istedadlı generallarımız– Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdilər. 1918--1920-ci illərdə peşəkar, milli varlığa bağlı hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyəti, hərbi hazırlığı və intizamlı milli ordu quruculuğunun əsasları yaradılmışdı.
1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan türkcəsinin orduda dövlət dili kimi tətbiq edilməsinə başlanmışdı. 1919- cu il yanvarın 11-dən orduda hərbi qulluqçular üçün yeni hərbi geyim forması tətbiq edilmişdi. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə çatdırmaq məqsədilə dövlət büdcəsindən 400 milyon manat vəsait ayırmışdı. Əvvəlcə Gürcüstandakı hərbi məktəblərdə təhsil almaq üçün yüzlərlə azərbaycanlı zabit və əsgər qonşu ölkəyə göndərilmiş, sonra isə türk qoşunlarının Gəncədə olduğu vaxt fəaliyyət göstərən praporşiklər məktəbinin işi yenidən qurulmuş, onun əsasında hərbi məktəb təşkil edilmişdi. Ordunu milli-hərbi kadrlarla təmin edəcək hərbi dəmiryolçular, istehkamçılar və hərbi feldşerlər məktəbləri də açılmışdı.
Azərbaycan parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasında “Gömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul edilmişdi. 8 maddədən ibarət olan bu qanunun 1-ci maddəsində göstərilirdi: “Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı 99-a çatan, 992 mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin”.
Qısa müddət ərzində Milli Ordu hissələri Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdi. Milli Ordunun hərbi birləşmələri Muğanda və Qarabağda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda qətiyyət və hünər göstərmişdi. Milli Ordumuz Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etmişdi. 1920-ci ilin aprelində Azərbaycan ordusunun tərkibində 3 piyada diviziyalarında birləşmiş I Cavanşir, II Zaqatala, III Gəncə, IV Quba, V Bakı, VI Göyçay, VII Şirvan, VIII Ağdaş piyada alayları, süvari diviziyasında isə birləşmiş I Tatar, II Qarabağ, III Şəki süvari alayları və 2 topçu briqadası var idi. O zaman Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və s. kimi istedadlı və yüksək rütbəli zabitləri var idi.
Azərbaycan Xalq Cümhuriyyəti qonşu dövlətlərlə sülhyaratma cəhdlərinə baxmayaraq daim Ermənistanla rəsmən elan edilməmiş müharibə vəziyyətində olmuşdu. Həmin vaxt millətçi-terrorçu daşnakların rəhbərlik etdiyi, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Cənubi Qafqazın çox hissəsini “erməni torpaqları” elan edərək ələ keçirməyə, ərazilərini genişləndirməyə çalışırdı. Təsadüfi deyildi ki, 1920-ci ilin aprelində XI Ordu Azərbaycanı işğal edərkən AXC ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni qiyamçılarına qarşı mübarizəyə cəlb edilməklə paytaxt müdafiəsiz qalmışdı.
Azərbaycan hökuməti az vaxtda milli ordu quruculuğu yönündə çox işlər görmüşdü. Lakin bolşevik işğalından sonra Milli Ordunun döyüşçülərinin taleyi son dərəcə kədərli olmuşdu. AXC ordusunun əsgərləri bolşevik işğalçıların gəlişi ilə qətiyyən barışmaq istəməmişdilər. Ona görə də ayrı-ayrı bölgələrdə bolşevizmə qarşı güclü müqavimət göstərilmişdi. 1920-ci il mayın 25– 26-da Gəncədə sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Qiyamda əsas qüvvəni yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil etmişdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət hərbi şura rəhbərlik etmişdi. Bolşevik Rusiysı və yerli dönüklər üsyanı amansızlıqla yatırtmışdılar.
1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək olan müddətdə Azərbaycanda 48 min adam qırmızı terrorda məhv edilmişdi. 1921-ci ilə qədər Azərbaycan-türk hərbçilərindən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan, 266 nəfər hərbi işçi güllələnmişdi. Matvey Sulkeviç, İbrahim ağa Usubov, Əliyar bəy Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar, Həmid Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy Şıxlinski, İsgəndər bəy Seyfulin, İsmayıl xan Ziyadxanov və digər tanınmış hərbçilər güllələnənlər sırasında idilər. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqilliyin necə şirin olduğunu anlayan, ölkəni gözləyən təhlükələri aydınca görən hərbçilərimizin əksəriyyəti sonrakı illərdə də tutduqları yoldan çəkilməmişdilər və axıradək məhv edilmişdilər.
Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri tədricən ləğv edilmişdi. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılmışdı ki, bu da məqsədli xarakter daşıyırdı. Lakin bütün bu maneələr Azərbaycan xalqının hərbi ənənələrini, döyüş ruhunu sarsıtmamışdı. 1939--1945-ci illərdə İkinci Dünya müharibəsinin gedişi, nəticələri bu həqiqəti bir daha təsdiqləmişdi.
Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq göstərmişdi. Həmin dövrdə Azərbaycan milli diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdi. İkinci Dünya müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov kimi bir çox qəhrəmanları əsl mərdik və şücaət nümunəsi göstərmişdilər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri XX əsrdə də uğurla davam etdirilmişdi.
Mehman Süleymanov: --Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına keçmiş SSRİ rəhbərliyi yenə də qısqanc münasibət bəsləmişdi. Yalnız ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı dövdən ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri daim önə çəkilmişdi. Heydər Əliyev 1971- ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin– görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmuşdu. O dövrdə Azərbaycan hər il, təxminən, 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılmasının böyük əhəmiyyət var idi.
Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdi. Bu hərbi məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu quruculuğunun əsas dayağına çevrilmişdi.
1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə artıq erməni silahlı qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı tədricən işğal edirdilər. AXC—Müsavat hakimiyyəti dövründə baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı.
Təcrübəli siyasətçi və dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, əsgərlər arasında ciddi nizam-intizam yaradılması, xalqımızın böyük oğlunun cəbhə bölgələrində, səngərlərdə əsgərlərlə görüşməsi, zabitlərimizlə sıx təmasda olması ordumuzu xeyli ruhlandırdı. Ümummilli liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi.
2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə milli ordu quruculuğu sahəsində yeni keyfiyyət dəyişiklikləri mərhələsi başlandı, xalqımızın qüdrətli ordu yaradılması ilə bağlı istək və arzuları reallaşdı. Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin orduya göstərdiyi hərtərəfli qayğı-- zabitlərin evlə təmin olunması, əmək haqlarının artırılması, yeni silahların alınması kimi irimiqyaslı işlər silahlı qüvvələrin problemlərinin həllində önəmli rol oynadı.
Möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan ordusu regionun qüdrətli silahlı qüvvəsidir. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi zamanı xalqımız və dünya bir daha bunun şahidi oldu. Həmin gün bütün dünyanın, xüsusilə də mənfur qonşularımız olan Ermənistanın nəzər-diqqəti Azərbaycanda keçirilən hərbi parada yönəlmişdi. Bəli, indi Azərbaycan yenilməz, peşəkar, qüdrətli bir orduya malikdir. Milli Orduda peşəkarlıq getdikcə artır, maddi-texniki baza güclənir, bundan sonra daha da möhkəmlənəcək. Çünki Azərbaycan sürətlə inkişaf edən ölkədir.
Ulu öndər Heydər Əliyev deyirdi: “İqtisadi cəhətdən qüdrətli olan dövlət hər şeyə qadirdir”. Məhz belə inkişafın nəticəsi olaraq Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bundan sonra Ermənistan daha çox qorxuya düşüb. Dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitin Ermənistanın bir illik dövlət büdcəsindən artıq olması da təsdiqləyir ki, Azərbaycanda ordu quruculuğu daim dövlətin diqqət mərkəzindədir.
Azərbaycan Ordusu NATO standartlarına
tam cavab verir. Bunu NATO rəsmiləri
də ölkəmizdə
səfərdə olarkən
təsdiqləyiblər. NATO-nun “Sülh naminə
tərəfdaşlıq proqramı”
çərçivəsində beynəlxalq terrorizmə qarşı apardığı
mübarizədə Azərbaycan
Milli Ordusu üzvlərinin fəaliyyəti
yüksək qiymətləndirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə isə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün Silahlı Qüvvələrimizin gücü və imkanları kifayət qədər yetərlidir. Lakin möhtərəm Prezidentimiz sülh tərəfdarı olduğundan münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verir. Əgər bu bir nəticə verməzsə, qüdrətli ordumuz bu işin öhdəsindən məharətlə gələcək.
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə yadelli nişğalçılarla çoxsaylı mübarizələrdən qalib çıxmış qədim, zəngin və mədəni Azərbaycan məmləkətini yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırıq.
Söhbəti qələmə aldı: Tahir
AYDINOĞLU
Xalq qəzeti
2020.- 11 dekabr.- S.12.