Ulu öndər Heydər
Əliyevin qəlbi həmişə doğma
xalqı ilə birgə döyünürdü
Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına böyük dövlət xadimi kimi daxil olmuşdur. Onun keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu yüksəltmişdir.
Heydər Əliyev öz əməksevərliyi, vətənpərvərliyi, peşəkarlığı və yüksək insani keyfiyyətləri sayəsində uğur əldə etmiş böyük şəxsiyyət idi. O, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladı və respublikanı faktiki olaraq regionun öncül dövlətinə çevirdi. O, çox yaxşı təşkilatçı idi, insanları tanıyır, onların psixologiyasını bilirdi. Harada işləməsindən asılı olmayaraq, onun qəlbi daim doğma xalqı ilə birgə döyünürdü!
1982-ci ildə Moskvaya dəvət olunanda, SovİKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçiləndə bir çox sahələri, o cümlədən mədəniyyəti kurasiya edirdi. Heydər Əliyev hər zaman mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Sovet İttifaqı dağılandan sonra Azərbaycan yenidən dağıntı və faciənin astanasında idi. Yalnız Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması ölkəni qarabaqara izləyən bəlalardan xilas etdi. Azərbaycan bununla da inkişaf və sabitlik yoluna qədəm qoydu.
Heydər Əliyev özünün uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, görkəmli siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünyanın məşhur miqyaslı siyasətçiləri siyahısında ön cərgələrdə yer tutmuşdu. Dahi rəhbərimizin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur.
Ulu öndərimiz Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafı, o cümlədən, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Bunu statistik məlumatlara müraciət etdikdə görmək mümkündür. Statistikaya görə, 1969-cu ildə respublikamızda 12 peşəkar teatr, 5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı. Bir rəsm qalereyası belə fəaliyyət göstərmirdi.
Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.
Respublikaya rəhbərliyi dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ Xalq artistləri Bülbülün, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ Xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarca başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubileyləri respublikamızda təntənə ilə qeyd olunmuşdur.
Bakıda qeyd olunan tanınmış sənət adamlarının tarixi yubileyləri - Şövkət Ələkbərovanın, Qəmər Almaszadənin, Leyla Vəkilovanın, Nəsibə Zeynalovanın, Tofiq Quliyevin və başqalarının yaradıcılığına həsr edilmiş təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olmuşdur.
Bu tədbirlərin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.
Dünyanın ən müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri göstərmək olar.
Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi Xalq artisti, Xalq rəssamı, Xalq şairi, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür.
Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.
Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm Prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: “Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur”.
Heydər Əliyev çox sadə və səmimi insan idi, yaxından tanıdığı insanlarla zarafatlaşır, çox mehribanlıqla söhbət edirdi. O, bir dəfə mənə demişdi ki, Naxçıvanda orta məktəbdə oxuyarkən rəsm çəkməyi xoşlayırdı və öz rəsmlərini mənə göstərmişdi. Bu, o zaman rəssamlıq öyrənməyən gənc oğlan üçün çox yaxşı şəkillər idi. Onun rəssam olmaq arzusu var idi! 1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu. Amma müharibə ona təhsilini başa çatdırmağa imkan vermədi. Faktiki olaraq müharibə onun planlarını yarıda qoydu və o, təhlükəsizlik orqanlarında işə başladı. Heydər Əliyev özünü inzibati və dövlət fəaliyyətinə həsr etdi. Xatırlatmaq lazımdır ki, onun böyük qardaşı Hüseyn Əliyev Azərbaycanın Xalq rəssamı olub. Heydər Əliyevin qardaşı oğlu Rasim Əliyev uzun illər Bakının baş memarı işləyib. Yəni yaradıcı mühit Heydər Əliyevin xarakterinə və məqsədlərinə çox yaxın idi.
Heydər Əliyevin sağlığında heykəlləri olmayıb, o, buna icazə vermirdi. Amma SSRİ Ali Soveti Heydər Əliyevə ikiqat Sosialist Əməyi Qəhrəmanı adı verəndə o, Vətənində büst qoyulmasına razılaşmalı oldu. Bu qərar iki dəfə Sosialist Əməyi Qəhrəmanı olanların hamısına şamil edilirdi. Lider abidəni yaratmağı mənə tapşırdı, çünki bunu yerli heykəltəraşın etməsini məsləhət gördü. Həmin dövrdə o, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Ona görə də büstün yaradılması üçün mənimlə Moskvada görüşlər təşkil olunurdu. Mənəvi və peşəkar dəstək üçün mən bu görüşlərdə Tahir Salahovun və Rasim Əliyevin iştirakını xahiş etdim. Biz gündə iki-üç saat gərgin olmayan yaradıcı mühitdə işləyirdik. Etüd çox yaxşı alındı və mən bunu Bakıya gətirdim. Daha sonra Naxçıvan şəhərində böyük meydanda abidə üçün yer seçildi. Orada, həmçinin Azərbaycan memarlığının digər abidəsi Möminə xatun türbəsi yerləşir.
Heydər Əliyev ən gözəl heykəlini insanların qəlbində ucaltmışdır. Bu abidə əbədi olaraq nəsillərin qəlbində yaşayacaq.
Ömər ELDAROV, akademik
Xalq qəzeti
2020.- 12 dekabr.- S.1.