Zəfər paradı böyük qələbəmizin nidasıdır!

 

Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Koman­danımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız bö­yük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

 

O böyük Qələbə günü gəldi...

 

Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı bö­yük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanı­mızın bəyan etdiyiQarabağ Azərbaycandır!” həqiqətinin məntiqi nəticəsidir. Burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır. Bu Zəfər Paradı Böyük Vətən müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi paraddan sonra Post-Sovet məkanında keçirilən ilk qələbə paradıdır. Və daha bir vacib məqam ondan ibarətdir ki, hər iki parad faşizm üzərində Qələbənin paradıdır. Birincisi alman faşizmi üzərində Qələbə idisə, ikincisi erməni faşizmi üzərində Qələbənin paradıdır. Bu parad İkinci Qara­bağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin göstəricisidir. Bu paradın özünəməxsus özəlliyi, digər paradlardan fərqi var­dır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması­nın 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaq­lar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxın­laşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət, gözlənilən gün - o böyük gün gəldi. Dekabrın 10-da Bakı­nın Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradın­da iştirak etdilər. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər pa­radına 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raketartilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər qatılaraq nümayiş olundu. Parad­da, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qisminümayiş etdirildi. Dövlət başçısı öz məzmunlu çıxışında bil­dirdi ki, “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxı­şında vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “iki dövlət bir millət” şüa­rını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qa­rabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.

 

Qələbə paradı Azərbaycanın gücünü bir daha dünyaya göstərdi. Qələbə paradının keçiriləcəyini biləndə həmin günə gəlib çatana qədər keçdi­yimiz yol barədə düşünürük. 44 günlük müharibədə əldə olunan möhtəşəm qələbə və Zəfər paradı uzun illər ərzində görülmüş işlərin, keçilən yolun nəticəsidir. Azərbaycan Ordusunun sent­yabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm Qələbə haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən baş­lıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

 

Qələbəyə gedən yol ümum­milli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən başlayıb. O vaxt Ümummilli lider hakimiyyətə gələndə ölkədə qarşıdurma, hərc-mərclik idi, ölkə siyasi-iqtisadi böhran içərisində idi. Torpaqlar itirilmişdi, Azərbaycan dağılmaq, bölünmək təhlükəsi qarşısında idi. Ümummilli li­der Azərbaycanı parçalanma, bölünmə təhlükəsindən xilas etdiyeni bir Azərbaycanın bünövrəsini qoymağa başladı. Məhz ulu öndərin hakimiyyəti illərində Azərbaycanın iqtisadi inkişafının əsasları qoyuldu. Əsrin Müqaviləsi imzalandı, oradan gələn gəlirlər Azərbaycanı iqtisadi cəhətdən gücləndirdi. Ölkədə aparılan iqtisadi-siyasi islahatlar Azərbaycanın qüdrətini daha da artırdı. Təbii ki, Azərbaycan iqti­sadi cəhətdən gücləndikcə onun ordusu da güclənməyə başladı.

 

Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artma­sı Qələbəyə gedən yolda ən böyük nailiyyətlərdən biridir. Azərbaycanın beynəlxalq arenada uğurlarının əsası da ümummilli liderin hakimiyyəti dövründə qoyu­lub. Onun özünün nüfuzu, böyük dövlətçilik təcrübəsi imkan verdi ki, Azərbaycan beynəlxalq əlaqələrini gücləndirsin. Yəni bu gün möv­cud olan beynəlxalq əlaqələrin bünövrəsi həmin dövrdən qoyulub. 2003-cü ildə cənab Prezident İlham Əliyev estafeti qəbul etdi və görülən misilsiz işləri, atılan vacib addımları uğurla davam etdirdiinkişaf etdirdi. Bugünkü Qələbimiz Prezident İlham Əliyevin, dün­ya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

 

Güclü iqtisadiyyat: qüdrətli dövlət, güclü ordu

 

Ümummilli lider Heydər Əliyev iqtisadiyyatın inkişafına hər zaman böyük önəm verib. Ulu öndər deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və dövlət müstəqilliyinin əsasını iqtisadi yüksəliş təşkil edir.

 

Təsadüfi deyil ki, 1990-cı illərin ikinci yarısından Azərbaycanın böyük problemlər içində olan, hər gün daha çox tənəzzülə uğrayan iqtisadiyyatı tədricən dirçəlməyə başladı. Belə ki, ölkəmizin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində həyata ke­çirdiyi neft-qazixrac layihələri öz bəhrəsini verdi. Əlbəttə, o dövrdə ən vacib problemlərdən biri ordunun güclənməsi idi. Ölkəmizin torpaqlarının 20 fai­zinin işğal altında olması bunu gündəmə təxirəsalınmaz bir vəzifə kimi gətirirdi. Məhz buna görə də Prezident İlham Əliyev bu sahədə də ümummilli liderin ənənələrini davam etdirərək ordu quruculu­ğuna böyük diqqət yetirdi. Ordu­muzun qələbələri məhz dövlət başçısının apardığı uzaqgörən siyasət və islahatlarla bağlıdır. Azərbaycan nəinki öz ordusunu gücləndirdi, həmçinin dünyada olan hərbi güclərin, NATO və Ru­siya Hərbi Sənaye Kompleksinin bir araya gəldiyi məkana çevrildi. 2017-2018-ci illərdə Bakıda ABŞ və Rusiya qərargah rəislərinin bir araya gəlməsi, 2019 ildə üçüncü dəfə müdafiə rəhbərlərinin Avro­pada təhlükəsizlik məsələlərində Bakıda müəyyən razılıq əldə etməsi bir daha Azərbaycanın ar­tan nüfuzundanonun sülhsevər siyasətindən xəbər verir. Bu o deməkdir ki, Azərbaycan nəinki Cənubi Qafqazda, həmçinin Av­ropa məkanında təhlükəsizliyə öz tövhəsini verir.

 

Cənab Prezident İlham Əliyev Azərbaycan xalqını dünyaya multikultural modelə malik olan bir ölkə kimi tanıda bildi. Qarabağı münaqişə ocağına çevirənlərlə, bu məkanı sülh və əmin-amanlıq bölgəsinə çevrənləri dünyaya göstərdi. Bu da öz növbəsində bölgədəki hərbi-siyasi vəziyyəti dəyişdi.

 

Həmçinin cənab Przident İlham Əliyevin həyata keçirdiyi dolğun iqtisadi siyasət, ölkənin gündən-günə inkişaf etməsinə, iqtisadi siyasətin davamı ola­raq sosial siyasətin əhalinin rifah halının yüksəlməsinə yönləndirilməsinə gətirib çıxardı. Eyni zamanda ölkədə siya­si proseslərin tənzimlənməsi, siyasi dialoqun təmin olunması milli birliyin və həmrəyliyin daha da güclənməsinə imkan verdi. Aparılan islahatlar ölkəmizin daha da demokratikləşməsinə şərait yaratdı və nəticədə vətəndaş cəmiyyətini daha da gücləndirdi. Bütün bu islahat­ların nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artdı, başqa ölkə və təşkilatlarla güclü əməkdaşlıqlar quruldu. Azərbaycanın ərazi bütövlüyü dünya dövlətləri və beynəlxakq təşkilatlar tərəfindən tanındı. Bü­tün bu uğurlar ona gətirib çıxardı ki, biz bu müharibəyə həm iqtisadi cəhətdən, həm hərbi və həm də beynəlxalq gücləri öz tərəfimizə çəkmək cəhətdən artıq hazır olduq.

 

Əlbəttə, Azərbaycan dövləti münaqişənin başladığı, tarixi torpaqlarımızın işğal altında saxlanıldığı 30 il ərzində hər zaman sülh tərəfdarı olub. Cənab Prezident bütün çıxışlarında, beynəlxalq səviyyəli görüşlərində bunu dəfələrlə bəyan edib. Da­nışıqlar prosesində Azərbaycan fəal iştirakçı olaraq, hər zaman beynəlxalq hüquqa hörmətlə yana­şıb, məsələnin beynəlxalq hüquq normaları daxilində çözülməsinin tərəfdarı olub. Məhz buna görə, Azərbaycan ötən 27 il ərzində sülh yolu ilə, dinc yolla torpaqlarımızın işğaldan azad olunmasını gözlədi. Lakin, cənab Prezident bütün çı­xışlarında deyirdi ki, lazım gələrsə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq. Azərbaycan, o lazım gələn ana hazır olmaq üçün ordumuzu da gücləndirirdi. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır ol” kəlamına əməl etdi. Proseslər elə inkişaf etdi ki, danışıqlar ümumiyyətlə dayandırıldı. Ermənistan tərəfinin hərbi və siyasi təxribatları ucbatın­dan danışıqlar dalana dirəndi. Və Ermənistan tərəfindən son hərbi təxribat sentyabrın 27-də baş verdi. Nəticədə Ali Baş Koman­dan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi.

 

Güclü dövlət işğala son qoydu

 

27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ­runda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı.

 

Ordumuz bu tarixi günə 2016-cı ilinAprel döyüşlərində”, 2018-ci ilin may ayında “Günnüt əməliyyatı” zamanı başladı və bu ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkarın layiqli cavabını verməklə davam etdirdi. Və tarixə artıq II Qara­bağ müharibəsi kimi daxil olmuş Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya gücünü bir daha göstərdi. 27 sentyabrda düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və bu müharibə işğalçı Ermənistanın ka­pitulyasiyası ilə nəticələndi. 44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzala­dığı birgə bəyanatla başa çatdı. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Ko­mandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Ali Baş Komandan xalqa sonuncu müraciətində bu məqamı xüsusi vurğuladı: “Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi mərhələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı… Biz tarixi Qələbəmizi hüquqisiyasi müstəvidə daha da möhkəmləndirəcəyik”. Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Ermənistanın kapitulyasiyası ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi bü­tövlüyü, suverenliyi bərpa olundu.

 

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiişğala son qoydu. Azərbaycan 27 il idi ki, kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, beynəlxalq hüquq praktikasın­da və bölgəmizdə yeni reallıq yaratdı. Cənab Prezidentin dediyi kimi, “...Biz yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”. Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını yaratdı. Bu format nədən ibarət olacaq, bunu gələcək göstərər. Hər halda həm regionda, həm dünyada heç nə, xüsusilə geosiyasi vəziyyət əvvəlki kimi olmayacaq.

 

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğaçevrilib Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi. Xalqımız bu tarixi qələbəni sevinclə qarşıladı, ümumxalq yürüşlərilə, Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etdi. Bu yürüşlərdə Ali Baş Komanda­na, qəhrəman Azərbaycan Ordu­suna alqışlar səsləndi, xalqımız bir daha öz Prezidentinin, öz Ordusu­nun arxasında olduğunu qətiyyətlə bildirdi.

 

Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. 90-cı illərdə müstəqillik əldə olandan sonra, həm xarici, həm də bəzi daxili qüvvələr tərəfindən Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq cəhdləri iflasa uğradı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qal­dırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə əzmini artırdı.

 

Prezident İlham Əliyevin sərəncamları ilə 27 sentyabr, “Anım Günü” və 8 noyabr, Şuşa­nın işğaldan azad edildiyi gün, “Zəfər günükimi tariximizə daxil oldu. Artıq Azərbaycan xalqının Qarabağ dərdi yoxdur, Şuşa kimi qanayan yarası yoxdur. İllərdir yurd yerlərindən, ev-eşiklərindən didərgin düşən soydaşlarımız ürəklərini sızladan Vətən ağrısına birdəfəlik şəfa tapdılar. Artıq güclü dövlət, bütöv AZƏRBAYCAN var. Artıq qartalımızın qanadı sınıq, göylərimizin üzü tutqun deyil. İndi hər bir azərbaycanlının bir müqəddəs amalı var: öz Müzəffər Liderinin səsinə səs verib viran qalmış yurd yerlərimizi gülüstana çevirmək. O gün uzaqda deyil. Necə ki, qalibiyyətin unudulmaz təntənəsi uzaqda olmadı.

 

Yaşadığımız günlər Azərbaycan tarixinin ən zəfərli, şanlı, şöhrətli günləridir. Biz xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq bizə nəsib olub.

 

Azərbaycan xalqı öz Prezi­denti, Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusu­nun arxasındadır. Bu birlik Vətən müharibəsində qalib gəldiyi, Qa­rabağı qaytardığı kimi, Qarabağa həyat və inkişaf gətirəcək.

 

Yaşasın Azərbaycan Prezidenti!

 

Yaşasın Azərbaycan Xalqı!

 

Yaşasın Azərbaycan Əsgəri!

 

 

 

Tamam CƏFƏROVA, Milli Məclisin deputatı

 

Xalq qəzeti  2020.- 12 dekabr.- S.9.