Regionu inkişafa,
əməkdaşlıq və sabitliyə aparan
Qələbəmizin Zəfər paradı
Azərbaycan 44 gün ərzində
parlaq qələbə qazanaraq
Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün
hər günü bizim
şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu
irəli gedirdi, hər gün
yeni şəhərlər, kəndlər,
qəsəbələr, yüksəkliklər azad
edilirdi. Azərbaycan əsgəri, Azərbaycan
zabiti bir amalla vuruşurdu ki, bu işğala
son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər
çalsın, tarixi ədalət zəfər
çalsın və buna nail
olduq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dağlıq Qarabağa fəlakət,
qətliam və göz yaşından başqa heç nə gətirməyənlər
də artıq ağıllarını başlarına
toplamalıdırlar. Ermənistan rəhbərləri
xalqın sərvətlərini Azərbaycanın
torpaqlarını işğal atında saxlamaq üçün sərf
etmişlər. Halbuki bu
potensial mənasız müdafiə xətlərinə,
silahlara, gözlərini kin
və qan tutmuş rəhbərlərin
ehtiraslarına sərf edilməsəydi, bu
gün mənzərə çox
fərqli olardı.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti
Tarix bizə necə şərəfli günlər
yaşadır. On milyonluq
ölkə vətəndaşlarını, əlli milyondan çox dünya azərbaycanlılarını xoşbəxt
edən günlərin şahidinə çevrilirik.
Rastlaşdığımız,
salamlaşdığımız istənilən insanın
üzündən “mən bu günləri
gördüyümə görə xoşbəxtəm” ifadəsini
“oxumaq” o qədər
də çətin deyil.
Münaqişənin bitməsi bir sevincdirsə, yurda qayıdış günlərinin yaxınlaşması başqa bir həyəcan yaradır. Azərbaycanın dünya müharibə tarixinə “Dəmir yumruq” əməliyyatı ilə “imza atması” bir fəxarətdirsə, həm adı çəkilən əməliyyatların başlanmasından sonadək, həm də şanlı Qələbədən sonrakı günlərdə qardaş Türkiyənin anbaan yanımızda olması başqa bir iftixar mənbəyidir. Ermənilərin son bir neçə əsrdə yaratdıqları mifləri bir kapitulyasiya sənədinə imza atmağa məcbur etməyimizlə heçə endirməyimiz bir məmnunluq mənbəyidirsə, Bakıda heç kəsin heç zaman görmədiyi Zəfər paradının keçirilməsi tamamilə başqa, ifadəolunmaz hisslərin təntənəsi idi.
...1990-cı il yanvarın 23- də Şəhidlər xiyabanında müxtəlif musiqi alətlərində ifa olunmuş kədərli muğam parçalarını eşidəndən sonra yazdığım şeirdə belə bir misra var idi: “Nə qədər belə gün olubmuş, Allah, bu qədər muğamlar yarana bilib!?” 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradını seyr edəndə isə ürəyimdən başqa bir “təəssüf” hissi keçdi: “Nə üçün son iki yüz ildə bizə belə bir gün qismət eləməmişdin, İlahi?”
Dekabrın 10-da Bakıda Türkiyə Cümhuriyyətinin Prezidentini, nazirlərini, ali hərbi rütbəli zabitlərini və əsgərlərini görəndə yadıma başqa bir türkün dedikləri düşdü. Bu barədə mətbuatda bir neçə dəfə yazdığıma görə təkrar olsa da, yenə də qeyd edəcəyəm. Türkün böyük ziyalılarından olan İhsan Doğramaçı demişdi: “Dağlıq Qarabağ münaqişəsini Heydər Əliyev həll edə bilməsə, onda həmin problemi Heydər Əliyevin siyasəti həll edəcək”.
Müdrikcəsinə verilən proqnoz idi. Çünki Heydər Əliyev siyasətini ustalıqla davam etdirən Prezident İlham Əliyev nəinki Azərbaycan xalqının bir yumruq kimi birləşməsinə nail oldu, həm də türk dünyasının, İslam ölkələrinin, Avropanın mütərəqqi düşüncəli insanların, dünyanın sülhsevər ölkələrinin diqqətini Azərbaycana, bu gənc müstəqil dövlətin ərazi bütövlüyünün bərpasının vacibliyinə yönəldə bildi. Nəticə göz qabağındadır.
Bütün dünyanın gözü qabağında olan Zəfər paradımızda qeyd edildi ki, “Dəmir yumruq” əməliyyatında -- Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş bu təntənəli mərasimdə 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Şanlı Qələbəmizin müəllifi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin paraddakı çıxışı çoxsaylı faktlar, rəqəmlər və arqumentlərlə zəngin idi. Amma cənab Prezidentin qardaş Türkiyə Cümhuriyyəti ilə bağlı dediyi fikirlər həmin günün daha çox yadda qalan və alqışlanan tezislərindən birinə çevrildi. Çünki dövlət başçımız həm özü, həm də xalqımız adından mükəmməl bir qədirşünaslıq nümunəsi ortaya qoyurdu: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.
Dövlət başçımız xatırlatdı ki, bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik: “Azərbaycanın müzəffər Ordusu, öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”. Yəni Azərbaycan Prezidenti düşmənə xəbərdarlıq edirdi ki, ağlını başına yığsın.
Elə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında təxminən bu istiqamətli fikirlər səsləndirdi: “ Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”.
Əgər Azərbaycan Prezidentinin çıxışında qədirşünaslıq, minnətdarlıq ifadələri daha qabarıq idisə, Türkiyə Prezidentinin çıxışında şükranlıq daha öndə görünürdü: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”
...Son 15-20 ildə dünyanın müxtəlif ölkələrindən olan həmkarlarımız yazırlar ki, Azərbaycan həqiqətən idman ölkəsidir. Ona görə də mən bu günlərin faktlarını idman jurnalistlərinin ifadələri ilə qiymətləndirmək istəyirəm.
Şahmat: “ İlham Əliyev dünya erməniliyini 44 günlük mübarizədə mat qoydu”.
Boks: “Ermənistan Azərbaycanı rinqin küncünə sıxışdırsa da, rəqib sonuncu raundda rüsvayçı nokautla məğlub oldu”.
Dzyü-do: “Beynəlxalq hakimlər Ermənistanın ipponla məğlub olduğunu təsdiq etdilər”.
Nəhayət, futbol: “ Azərbaycan Ermənistana böyük hesabla ( futbolda üç top fərqi böyük hesab adlanır –red.) qalib gəldi”.
… 1963-cü ildə kəndimizə elektrik xətti çəkilmiş, 1965-ci ildə atam televizor almışdı. Elə televizorlu ilk günlərimizdəcə faşist Almaniyası üzərindəki Qələbənin 20 illiyi münasibəti ilə Moskvada keçirilmiş parad haqqında xəbəri vermişdilər. Paradın prezidiumunda müttəfiq ölkələrin dövlət başçıları dayanmışdılar. Sonrakı illərdə onlarca parad görmüşdük.
2020-ci ilin dekabrında Bakıda keçirilən parad da faşizm üzərində, daha doğrusu, faşist Ermənistanı üzərindəki qələbəyə həsr olunmuşdu. Prezidiumda isə müttəfiq ölkələrin yox, qardaş ölkələrin prezidentləri dayanmışdılar. Özü də böyük səmimiyyət və qətiyyətlə. “Parad görməmişdik, bu parad kimi…”
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”Əməkdar
jurnalist
Xalq qəzeti
2020.- 12 dekabr.- S.1;2.