XXI əsrin möhtəşəm Zəfər paradı

 

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaqancaq irəli gedəcəyik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Xalqımız 30 ildən bəri gözlədiyi tarixi qələbənin sevincini yaşayır. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuzun işğala son qoyaraq, torpaqlarımızı azad etməsi qəlbimizi qürur hissi ilə doldurdu. Eyni zamanda, haqq-ədalət, ərazi bütövlüyümüz uğrunda, işğalçı siyasətə qarşı aparılan Vətən müharibəsinin nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi və bir yumruq kimi birləşdrirdi. Dövlətimizin başçısının dediyi dəmir yumruq kimi.

 

Tarixdə əbədi qalacaq 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bundan sonra dünya ölkələri Azərbaycan xalqını daha yaxından tanıyacaq, onun qəhrəmanlığına, cəsurluğuna, bir qarış torpağının işğalda qalması­na dözməyən, bu yolda canından keçməyə hazır olan vətənpərvər kimi qəbul edəcək. İndiyədək də tanıyırdı, ancaq bundan sonra tam əmin olacaq. Bu gün böyükdən-kiçiyə vəzifəsindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı özünü daha vüqarlı, daha mətin hiss edir. Çünki artıq biz qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hərb meydanında , öz gücümüzlə – rəşadətli ordumu­zun güdrəti ilə azad etməyimizlə fəxr edir və qürurlanırıq.

 

Bayramlarımız sırasında möhtəşəm tarixi gün

 

Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Hər birimizidə qürur hissi yaradan bu gün həm də dünya tarixinə düşdü. Çünki XXI əsrdə Zəfər Gününü qeyd edən, Zəfər paradı keçirən ilk və yeganə ölkə Azərbaycandır. Dünyanın inkişaf etmiş müstəqil dövlətləri ilə müqayisədə cəmi 29 illik müstəqillik tarixi olan bir ölkənin beynəlxalq aləmə səs salan belə möhtəşəm qələbə qa­zanması və Zəfər paradı keçirməsi, həqiqətən də, tarixdə silinməz iz qoyacaq bir hadisədir. Bayramla­rımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci ya­şatdı bizə. Ən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, dünyanın ən güclü dövlətlərinin həmsədr olduğu ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddətdə qarşısını al­maqda aciz olduqları Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 44 gün ərzində Pre­zident , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordu­muzun qəhrəmanlığı sayəsində həllini tapdı. Azərbaycan Ordusu təcavüzkarı və onun havadarları­nın hegemonluğuna, işğalına son qoydu, ermənilərin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi tex­nikasını məhv etdi, hətta qənimət kimigötürdü, Ermənistanı kapi­tulyasiyaya məcbur etdi.

 

Adı müstəqil, özü isə bir sıra dövlətlərin əlində alətə çevrilmiş Ermənistan Azərbayanın inki­şafını gözü götürməyən qərəzli beynəlxalq təşkilatlar və Qərbin bir sıra dövlətləri üçün ölkəmizə qarşı sanki bir təhdid, təzyiq vasitəsinə çevrilmişdi. Hər dəfə ölkəmizdə dünya birliyinə səs salacaq bir tədbir keçiriləndə və ya hər hansısa bir uğur qazanılanda bir müddət sonra Ermənistan ordusu cəbhəboyu ərazilərdə təxribatlar törədir, yaşayış məntəqələrimizi ya­rarsız hala salır, dinc əhalini qətlə yetirirdi. Sonra da vay-şüvənlik salaraq, guya, bütün bunların hamısının, hətta beynəlxalq hüquq normalarının Azərbaycan tərəfindən bilərəkdən pozulduğunu iddia edir, xarici himayədarlarının vasitəsilə bu barədə beynəlxalq aləmdə inam yaratmaq istəyirdi. Təəssüf ki, dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik, islamofobiya buna təkan verirdi. Hətta sentyabrın 27-də təcavüzkar Ermənistanın açıq şəkildə baş­ladığı müharibənin də səbəbini Azərbaycanda axtarmağa başla­mışdılar. Ancaq fakt qarşısında aciz qaldılar. Bu dəfə istəklərinə, rəzil niyyətlərinə çata bilmədilər.

 

İkinci Qarabağ müharibəsində silahlı qüvvələrimiz işğalçı Ermənistan ordusunu darmadağın etdi və ərazi bütövlüyümüz təmin olundu. Azərbaycan dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirdi. Parad qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qüruriftixar mənbəyinə çevrildi.

 

Azərbaycan xalqının əzmi, gücü və iradəsi, iqtisadi qüdrəti, müasir ordu quruculuğuPrezident-xalq birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Pre­zident İlham Əliyevin xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı ba­xımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il təntənəli şəkildə qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə imzaladığı sərəncama əsasən, noyabrın 8-i Zəfər Günüdür.

 

Bir millət, iki dövlət

 

Azərbaycan–Türkiyə sarsıl­maz birliyi, vəhdəti , qardaşlıq və dostluq əlaqələri bütün sahələr üzrə isti münasibətləri dünyaya nümunədir. Həm sevincli, həm də kədərli günlərini birgə yaşa­yan, bir-birinə arxa, dayaq olan iki ölkənin dost münasibətləri Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də özünü açıq şəkildə büruzə verdi. Yeri gəlmişkən, 2012-ci ildə Türkiyənin Baş naziri (indiki Prezident) Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıq­ların intensivləşdirilməsini təklif edib. Qardaş ölkə Prezidenti deyib ki, “əgər münaqişənin həlli üçün Azərbaycanla danışmaq lazımdırsa, Türkiyə bunu etməyə hazırdır. Lakin bir şərtlə ki, Fran­saRusiya da, öz növbəsində, Ermənistanla bağlı tədbirlər görsünlər”. Həmin görüşdə Ərdoğan Obamanın diqqətinə çatdırıb kı, “Minsk triumviratı” artıq 20 ildir ki, Qarabağ nizamlanması ilə məşqul olur, lakin indiyədək heç bir nəticə əldə olunmayıb.

 

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biriRu­siya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşlərində də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllində mövqeyini israrlı şəkildə bildirib. Bununla yanaşı, qardaş ölkə Prezidenti dövlətimizin başçısı ilə çiyin-çiyinə verərək ölkəmizə qarşı siyasi təzyiqlərin qarşısını almaq­da da qətiyyətli mübarizə aparıb. Sentyabrın 27-də Ermənistan ordu­su Azərbaycana qarşı müharibəyə başlayanda Türkiyə həmin gündən bizim yanımızda oldu. Hətta tarixi Zəfər paradında da Azərbaycan– Türkiyə prezidentləri çiyin-çiyinə dayanmışdılar. Bu, dünyaya Azərbaycan–Türkiyə birliyinin sar­sılmazlığı barədə növbəti mesaj idi.

 

Qardaş ölkə başçısının və türk hərbçilərinin də paradda iştirakı xüsusi qeyd edilməlidir. Vətən müharibəsində verdiyimiz 2783 şəhid əvəzinə, bu paradda 2783 mehmetcik iştirak edirdi. Bunun özüçox mühüm mesaj – “se­vinciniz-sevincimiz, kədəriniz - kədərimizdir” kəlamının reallığı idi.

 

Prezident İlham Əliyev Zəfər paradında çıxışında bir da bəyan etdi ki, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk sa­atlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqla­maları Azərbaycan xalqını çox sevindirdi. Qardaş ölkə Prezi­denti bu müharibədə ölkəmizin haqlı və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu demişdir. Bu, birliyimizin, qardaşlı­ğımızın təzahürüdür.

 

Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir soydaşımızı, türk dünyasını qürur­landırır, sevindirir. Zəfər paradında qardaş ölkə rəhbərinin, həmçinin çoxsaylı nümayəndələrin, eləcə də hərbçilərin iştirakı bir daha birliyimi­zi həm xalqlarımıza, həm də bütün dünyaya göstərdi.

 

Türkiyə Prezidenti Zəfər para­dındakı çıxışında Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağalmalarını arzuladıq­dan sonra Xalq şairimiz Bəxtiyar Vahabzadənin şeirindən iki bənd səsləndirməsi Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” olduğunun bariz nümunəsi idi.

 

“Qarabağı otuz illik həsrətdən sonra ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edirəm, onları dua­larla cəbhəyə göndərən anaların əllərindən öpürəm “ – deyən qar­daş ölkə Prezidenti bu mübarizədə ilk gündən Azərbaycanın yanın­da olduqlarını bir daha bəyan etdi: “Hörmətli qardaşım, əziz Azərbaycan xalqı! Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq, Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatür­kün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qa­rabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu günbu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”.

 

Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan son­rakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqla­rımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə apar­maqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” – deyən Türkiyə Prezidenti iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyini dünyaya bəyan etdi.

 

Ermənistana göz dağı

 

Zəfər paradı həm işğalçı –bun­dan sonra məğlub Ermənistana, həm də onun havadarlarına göz dağı oldu. Bu müharibə Ermənistana, təxminən, 3 milyard dollara başa gəldi. Bu da işğalçı ölkənin bir illik dövlət büdcəsinə bərabərdir. Bundan sonra Ermənistanın özünə gəlməsinə 40-50 il vaxt lazımdı. Ermənilər və havadarları Zəfər paradında bir daha Azərbaycan Ordusunun gü­cünü, müasir hərbi texnikasilah­larla, o cümlədən, müasir PUA-lar, raket sistemləri, hava hücumundan müdafiə sistemləri və digər müasir silah sistemləri ilə təmin olunduğu­nu gördülər.

 

Müzəffər ordumuzun Vətən müharibəsində məhv etdiyi Ermənistan ordusuna məxsus avtomobil və texnikaların nömrə ni­şanlarından ibarət nəhəng lövhənin nümayişi həm işğalçı ölkəyə, həm də havadarlarına göz dağı oldu. Lövhədə böyük hərflərlə əks olun­muşQarabağ Azərbaycandır!” şü­arı Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilmişdi. Bu, həm də ərazi bütövlüyümüzün təmin olunması barədə dünyaya bir mesaj idi.

 

Prezident İlham Əliyev bü­tün siyasi təzyiqlərin qarşısını qətiyyətlə aldı, dünya erməniliyinin ölkəmizə qarşı diplomatik cəbhə yaratmasına imkan vermədi. Dövlətimizin başçısı bu qələbə ilə bütün dünyaya sübut etdi ki, güclü Azərbaycanın qarşısında Ermənistan heç vaxt dura bilməz. Eyni zamanda, heç bir qüvvə Azərbaycanın və onun başçısının iradəsinə təsir göstərə bilməz.

 

Dövlət başçısının dediyi kimi, Azərbaycan parlaq qələbə qaza­naraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedir­di, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilir­di. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti  2020.- 15 dekabr.- S.4.