Düşmənin viran
etdiyi torpaqları gülüstana
çevirəcəyik
Azərbaycan xalqı özünün Vətən müharibəsində böyük zəfərini qeyd edir. Hər birimiz fəxr edirik ki, illərlə həsrətini çəkdiyimiz qələbəni müzəffər Ali Baş Komandanımız İlham Əliyevin siyasi-diplomatik qətiyyəti, milətimizin sarsılmaz birliyi, qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına əldə emişik. Unudulmaz tribun şairimiz Tofiq Bayramın qanadlı misraları anbaan yaddaşımızda təzələnir: “Vətən mənim bu günüm, sabahkı toy-düyünüm. Haqqım var ki, öyünüm, Azərbaycan deyəndə!”
Bütün dünya rəşadətli silahlı qüvvələrimizin 44 günlük zəfər yürüşünün misilsiz qəhrəmanlıq səhifələrindən danışır. Eyni zamanda, hər kəs mənfur düşmənin doğma Qarabağımızda törətdiyi ölçüyəgəlməz vandalizm aktlarını da görür və acı təəssüf hissləri keçirir. Çünki ağlı başında olan kimsə əsas mahiyyəti maddi və mədəni dəyərlərin, abidələrin bilərəkdən və kor-təbii şəkildə məhv edilməsindən ibarət olan vandalizmə haqq qazandıra bilməz. Əgər haradasa beynəlxalq vandalizm sərgisi açılmış olsaydı, heç şübhəsiz, onun əsas ekspozisiyasını erməni yırtıcılarının Azərbaycanın işğal edilmiş rayonlarında qoyduğu “avtoqraf”lar təşkil edərdi.
...Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 16-da Füzuli və Cəbrayıl şəhərlərinə, bundan bir həftə sonra isə Ağdam şəhərinə səfərləri bir daha dünyanın diqqətini Qarabağda necə amansız və mənfur bir düşmənin məhv edildiyinə yönəltdi. Həmin səfərlərdən hazırlanmış reportajları izlədiyimiz anlarda hər birimiz dilimizlə, baxışlarımızla 30 illik həsrətin sona çatmasının şükranlığını ifadə edirdik. Təəssüf ki, ekranda gördüklərimiz həm də erməni vandalizminin dəhşət doğuran səhnələri olmaq baxımından son dərəcə acı təəssürat yaradırdı. Odur ki, bizim böyük zəfərimizi xeyirin şər üzərində qələbəsi də adlandıra bilərik. Qəribədir, özünə millət deyən bir məxluqat necə bu qədər dağıdıcı ola bilər ki, ayağı dəyən hər tərəfi xarabazara çevirsin? Üstəlik, tərk etdiyi evləri yandırmasını, heyvanları öldürməsini, ağacları kəsib doğramasını, təbiəti kor qoymasını xarici telejurnalistlərinin lentə almasından zərrəcə utanmasın, abır-həya eləməsin?
Prezident İlham Əliyev bölgəyə səfəri zamanı bu amilə özəl münasibətini bildirib: “Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.
Ermənistan hərbi-siyasi rəhbərliyinin təlimatları və demək olar, bütün təbəqələrdən olan ermənilərin təmsilçiliyi ilə dağıdılmış, viran edilmiş el-obalarımızı, yurd yerlərimizi nişan verən, göstərən Azərbaycan Prezidentinin bəyanatları vandalizmə verilən ən dəqiq qiymətdir. Füzuli şəhərində Azərbaycan bayrağını qaldıran dövlətimizin başçısı bu kimi halları qətiyyətlə pisləyib: “Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.
Prezident, eyni zamanda, viranəyə çevrilmiş yerlərin tezliklə bərpa olunacağını, köçkünlərin yurd-yuvalarına qayıdacağını bildirib: “Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.
İkinci Qarabağ müharibə-sindəki uğurlar bizim şanlı qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq – ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri”.
...Cəbrayıla doğru gedən yolda görüntülənənlər də Azərbaycanın hansı vəhşi düşmənlə üz-üzə olduğunu təsdiqləyirdi. Dünyada bir çox müharibələr olub, elə indi də işğalın davam etdiyi yerlər var. Amma erməni qədər qəddar, qeyri-insani işğalçı, çətin ki, tapıla. Cəbrayıl şəhərində bir salamat bina belə qalmayıb. Məktəblər, ictimai obyektlər sökülüb, yerlə-yeksan edilib. Əlbəttə, hamısı bərpa olunacaq. Bütün zəruri infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar yaradılacaq. Şəhərlərimizdə qələbə abidələri ucaldılacaq və həyat normal axarına qayıdacaq. Ev sahiblərini buradan didərgin salan, onların əmlaklarını mənimsəyən, talayan, axırda isə dağıdıb gedən “vəhşi qəbilə” isə öz əməllərinə görə beynəlxalq məhkəmələrdə cavab verəcək.
Yaşayış məntəqələrimizi zəbt edib viran qoymaqda düşmənin məqsədi o idi ki, nə hərb, nə də sülh olsun, hər şey dondurulmuş vəziyyətdə saxlansın, işğal əbədiləşsin, həmin ərazilərdən bizim tarixi irsimiz silinsin, torpaqlarımız erməniləşdirilsin, şəhər və kəndlərimzə eybəcər erməni adları verilsin və bu məsələ Azərbaycan xalqının yaddaşından çıxarılsın. Amma düşmən vandalizm aktlarını reallaşdırsa da, istəyinə nail ola bilmədi. El məsəlində deyildiyi kimi, özgə atına mindi və tez də düşdü.
...Qafqazın Xirosimasına çevrilmiş Ağdam şəhəri. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları böyük, abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar öz xislətlərinə uyğun olaraq, Ağdamın da ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Dövlətimizin başçısı və birinci xanım orada olarkən Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən bu qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Prezident Mədinədən gətirdiyi müqəddəs “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı, oradakı çıxışında bildirdi ki, əzəli yurd yerlərimizin işğaldan azad edilməsi son dərəcə böyük xoşbəxtlikdir, xalqımızın halal haqqıdır. Döyüş meydanında əldə edilən qələbə imkan verib ki, Ağdam rayonu, həmçinin Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Bu gün bir çox dünya ekspertləri qeyd edirlər ki, Azərbaycan XXI əsrin azadlıq mücadiləsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. Ağdamda ermənilərin beş müdafiə xətti var idi. Onlar hesab edirdilər ki, Azərbaycan torpaqlarını işğal altında əbədi saxlayacaqlar. Müdafiə sədlərinə külli miqdarda xərc qoyanlar, burada, Füzulidə, Cəbrayılda keçilməz istehkam quranlar buna tam əmin idilər. Amma rəşadətli Azərbaycan Ordusu düşməni diz çökdürdü, rəzil duruma saldı.
Eyni zamanda qeyd edək ki, Ağdam şəhərinin bütünlüklə dağıdılması Qarabağı erməniləşdirmək istəyənlər tərəfindən 1990-cı illərdə həyata keçirilib. Məqsəd o olub ki, haçansa sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Amma yanılıblar. Nəzərə almayıblar ki, torpağın həqiqi sahibləri bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşayıblar: bu torpaqlara qayıtsinlar və qayıdıblar da.
Prezident İlham Əliyev Ağdam məscidinin qarşısındakı çıxışında bir neçə il əvvəl bölgədə olan zaman uzaqdan-uzağa Ağdam şəhərinə baxarkən keçirdiyi hissləri də dilə gətirib: “Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Dövlətimizin başçısı bu müharibənin bir daha bizə dost və düşmənlərimizi tanıtdığına da diqqəti cəlb edib: ”Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi liderlər məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən, azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir”.
Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Kəlbəcər və Laçını da tərk edən vandallar orada eyni izlər qoyub gediblər. Bütün dağıdılmış şəhər və kəndlərimizi tezliklə bərpa edəcəyik, əvvəlkindən də gözəl şəklə salacağıq. Qarabağda çox geniş quruculuq işləri görəcəyik. Əlbəttə, bütün bunlar böyük zəhmət tələb edəcək. Amma 44 gün ərzində birliyimiz sayəsində döyüş meydaanında mümkün olmayanı etdiyimiz kimi, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərərək dünyanı hünərimizə heyran qoyacağıq. Qarabağda yeni şəhərsalma planları qurulacaq, infrastrukturun, ekologiyanın bərpası reallaşacaq, özü də bu işlərə Azərbaycana dost münasibəti göstərən ölkələr, ünlü memarlar, təcrübəli inşaat şirkətləri cəlb ediləcək ki, Qarabağ yenidən cənnətməkan bir diyara çevrilsin, gözəl turizm ünvanı olsun.
Bu gün
tarixi bir gündür. Biz şanlı
qələbəmizi layiqincə
qeyd edirik. Bakıda möhtəşəm Zəfər
paradı keçirilir.
Böyük zəfərin
işığında sabahımıza
doğru daha inamlı addımlar atacağıq!
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2020.- 15 dekabr.- S.2.