Ümummilli liderin xilaskarlıq və
dövlət quruculuğu missiyası
Heydər Əliyevin bütün həyatı,
bütün fəaliyyəti bir amala qulluq edirdi. Azərbaycançılıq,
Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət,
millətimizə xidmət etmək onun həyatının ən
ümdə amalı idi.
Müasir Azərbaycanın
bütün uğurları Heydər Əliyevin adı ilə
bağlıdır. 1993-cü ildə xalqın tələbi ilə
Azərbaycana rəhbərliyə gəldikdən sonra Heydər
Əliyev ölkəni inkişaf etdirməyə
başladı. Müharibə dayandırıldı, vətəndaş
qarşıdurmasına son qoyuldu, qeyri-qanuni silahlı dəstələr tərksilah
olundu, qayda-qanun yaradıldı.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan xalqı müstəqil dövlətimizin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu günün növbəti ildönümünü bu günlərdə unudulmaz rəhbərin xatirəsinə dərin ehtiram və qədirbilənlik duyğuları ilə qeyd etdi. Anım tədbirlərində bu yaxınlarda tarixi zəfərlə başa çatmış Vətən müharibəsində Qarabağın Ermənistanın 30 illik işğalından azad edilməsini xalqımız ulu öndərin sadiq davamçısı İlham Əliyevin böyük tarixi xidməti kimi dəyərləndirdi.
Azərbaycan çoxminillik tarixinin ən mükəmməl şəxsiyyəti və lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük soydaşımız Heydər Əliyevin tarixi xidmətləri haqqında danışılarkən, ilk növbədə, diqqət onun yarım əsri əhatə edən fəal və ardıcıl dövlət quruculuğu missiyasına verilir. Ulu öndər keçən əsrin 60-cı illərinin ortalarından enerjisini, əsasən, Azərbaycanda milli, müasir və sovetlər birliyinin imkan verəcəyi qədər müstəqil bir dövlətin qurulmasına həsr etmişdir.
Dünyanın tanınmış dövlət xadimlərindən olan bu nadir şəxsiyyət bir neçə mərhələdən keçən kifayət qədər inamlı, ardıcıl mübarizələrdən sonra– 90-cı illərin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün mükəmməl strateji perspektivlər müəyyən etmişdir. Bu, əlbəttə, mənsub olduğu xalqın iradəsini ifadə edən böyük liderin əsas tarixi missiyası idi. Bununla belə, Heydər Əliyevin dövlət quruculuğundan heç də kiçik olmayan bir missiyası da millət quruculuğu idi.
Politoloji mülahizələrə görə, dövlət quruculuğu xeyli dərəcədə siyasi-adminstrativ hadisə olduğu halda, millət quruculuğu mənəvi-siyasi prosesdir. Belə möhtəşəm proses, adətən, yüz illər boyu davam edib, xalqın müxtəlif tarixi dövrlərdə, mərhələlərdə təbii olaraq yetişdirdiyi bir neçə ziyalılar, ictimai xadimlər, mütəfəkkirlər nəslinin çoxşaxəli, çoxmiqyaslı mübarizələri ilə müşayiət olunur.
Millət qurucusunun ən mühüm xüsusiyyəti bundan ibarətdir ki, o, mənsub olduğu etnosun, xalqın, millətin müstəqilliyi, inkişafı, dünyanın mədəni millətləri səviyyəsinə yüksəlməsi uğrunda mübarizə aparır. Bu taleyüklü prosesin başında dayanan lider milli dövlət müstəqilliyinə nail olmaq qeyri mümkündürsə belə, həmin mübarizədən imtina etməyib xalqın gücünü, yaradıcılıq enerjisini təmərküzləşdirməklə onu gələcəyə hazırlayır. Azərbaycanda millət quruculuğunun XIX əsrin əvvəllərindən başlayan, XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən geniş vüsət alan zəngin bir tarixi vardır ki, onun ötən əsrin 60-cı illərindən bu günə qədər olan mərhələsi, məhz ulu öndər Heydər Əliyevin şərəfli adı və titanik fəaliyyəti ilə bağlıdır.
Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta onun beşdən birinə (Azərbaycanın şimalına) nəzarət etmək, müxtəlif etnosları bir cəmiyyət halında birləşdirmək, bütöv bir sosium formalaşdırmaq gücünə malik deyildi. O, daha çox milli dövlətçilik təfəkkürünün metaforik təzahürü idi. Azərbaycan SSR də, əslində, həmin metaforanın davamı sayıla bilər. Lakin məsələ burasındadır ki, XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başladı.
Keçən əsrin ortalarından sovetlər birliyinin ictimai-siyasi həyatında özünü göstərən “mülayimləşmə” prosesi ölkənin (özünəməxsus imperiyanın) hər yerində olduğu kimi, Azərbaycanda da milli təəssübkeşlik hisslərinin bu və ya digər dərəcədə açıq təzahürü üçün müəyyən şərait yaratmışdı. Lakin simvolik funksiya daşıyan dövlət rəhbərləri respublikada həmin prosesin lazımi intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü olan kadrların formalaşdırılmasına diqqət yetirmədilər.
Həmin şəraitdən düzgün, məqsədyönlü və məhsuldar istifadənin əsas qarantlarından biri (əslində, birincisi) Heydər Əliyevin şəxsində güclü milli liderin hakimiyyətə gəlməsi idi. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan nəinki sovet dövlətinin – mərkəzin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələri dəf edərək müstəqil düşüncəyə meydan açdı. 70–80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərdi.
Öz ölkəsini tərəqqi yoluna çıxarmaq üçün Heydər Əliyev xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə (və istedadına!) malik ikinci bir şəxs olmamasıdır. Onun imzasına 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür.
Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə müəyyən münasibətlərdə Azərbaycanın ən yeni tarixinə dair ölkə ictimaiyyətini, ziyalıları düşündürən bir sıra suallara cavab verməli olmuşdu ki, onlardan biri də belə idi: “Nə üçün 60-cı, 70-ci illərdə Azərbaycandan sona qədər təqib olunan bir dissident – millətçi çıxmadı? Halbuki, sovetlər birliyinin digər respublikalarında onlar kifayət qədər olmuşdular”. Cavab olduqca yığcam və mükəmməl idi: “Çünki ən böyük dissident mən özüm idim”.
Ulu öndər Heydər Əliyevin millət quruculuğu siyasətinin, fikrimizcə, 3 əsas prinsipi mövcuddur: milləti özünə tanıtmaq; milləti, xüsusilə, onun ziyalılarının, böyük şəxsiyyətlərinin timsalında hər hansı təhlükədən xilas və müdafiə etmək; milləti dünyaya, eləcə də dünyanı millətə tanıtmaq. Tarixin təcrübəsi göstərir ki, millət quruculuğu prosesi o zaman uğurlu və ya məhsuldar olur ki, həmin proses tədricən, fundamental dəyərlərə əsaslanaraq getsin və hər cür populizmdən, tələsgənlikdən, “millət xadimlər”inin liderlik iddialarının doğurduğu münaqişələrdən, mənsəbpərəstlikdən uzaq olsun.
Böyük siyasət qrossmeysteri Heydər Əliyevin təmənnasız xalq, millət sevgisi imkan verdi ki, o, mənsub olduğu xalqı, milləti ən yüksək səviyyədə irəli apara, yüksəldə bilsin, qarşıya çıxan kifayət qədər güclü maneələri cəsarətlə aradan qaldırmağı bacarsın. Ümummilli lider yaxın keçmişin təcrübəsindən yaxşı bilirdi (və bunu bir neçə dəfə qeyd etmişdi) ki, millət quruculuğunda ən təhlükəli hallardan biri liderlik konyukturudur ki, bunun acı nəticələrini Azərbaycan xalqı az görməmişdir. Liderlik konyunkturları isə elə bir mürəkkəb sosial-psixoloji hadisədir ki, onu nəzərə almadan, əslində, müəyyən mənada, idarə etmədən millət quruculuğu prosesini uğurla aparmaq, demək olar ki, mümkün deyil.
Buraya (liderlik konyunkturuna): ölkənin uzun əsrlər müxtəlif xanlıqlara parçalanması nəticəsində hər regionun öz liderlərini yaratmaq iddialarından irəli gələn münaqişəlilik; biri digərini əvəz edən süni liderlər hazırlayıb onların şişirdilmiş “nüfuz”u ilə ölkəni idarə etməyə çalışması; ardıcıl olmayan, bir növ, impulsiv “qəhrəmanlıq”ların ortaya çıxardığı təsadüfi liderlik iddialarının doğurduğu problemlər və s. daxildir. Bunların hər biri, praktik olaraq, hamısı bir yerdə Azərbaycan xalqının təmərküzləşməsi qarşısında həmişə böyük maneələrə çevrilmış, millət quruculuğunun lazımi və təbii sürətlə getməsini təxribatçı metod və üsullarla ləngitmişdir.
Millət, yaxud dövlət quruculuğunda bir lider səviyyəsində iştirak etməyin təməl şərti, əlbəttə, universal xarakterə malikdir ki, bu da mənsub olduğun xalqın hər hansı bir sahədə – elmi, mədəni, hərbi, idarəçilik və s. və ya bu sahələrin bir neçəsində nüfuzunu qazanmaqdan ibarətdir. Bundan sonra isə milli liderin millət, yaxud dövlət müstəqilliyi uğrunda mərkəzi hakimiyyətlə “dialoq”u başlayır ki, Azərbaycanın Heydər Əliyevə qədərki siyasi tarixində bunun, əsasən, 3 təcrübəsi mövcud olmuşdu: müstəqillik tələbi ilə bu və ya digər şəkildə mərkəzi hakimiyyətə qarşı çıxmaq; mərkəzi hakimiyyətin bütün tələblərini yerinə yetirməklə uzun müddət hakimiyyətdə qalıb, nəticə etibarilə, ekzotik və ya dekorativ bir liderə çevrilmək; milli mənafeləri gözləmək, müdafiə etmək və millətin ardıcıl tərəqqisini təmin edəcək real işlər görməklə yanaşı, mərkəzi hakimiyyətdən asılılığı tədricən minimuma endirmək.
Ən çətin, ancaq perspektivli yol üçüncüsü idi. Heydər Əliyev Azərbaycanda siyasi nüfuz qazandıqdan sonra, məhz bu yolla getdi. O, mərkəzi hakimiyyətə qarşı üsyan etmədi, əksinə, müxtəlif üsullarla mərkəzi hakimiyyəti məcbur etdi ki, Azərbaycanla maraqlansın, onun barəsində qərarlaşmış “Rusiyanın ucqarları” (Nəriman Nərimanov) – periferiya təsəvvüründən əl çəksin. Dünyagörüşü etibarilə milli kommunist olan Heydər Əliyev milli müstəqillik uğrunda mübarizəsində, əsas prinsip kimi, mənsub olduğu xalqın hər hansı iddia ilə özünə qapanmasını, özünü təcrid etməsini yox, ən azı, Sovetlər Birliyi miqyasında dünyaya açılmasını seçdi.
Vətəninin təəssübkeş oğlu yaxşı bilirdi ki, xalq istedadlı nümayəndələrinin timsalında dünyaya açılarsa, özünü başqa xalqlarla müqayisə etmək imkanları qazanacaqdır ki, bu da müstəqillik üçün mühüm şərtdir. Bu, müdafiə deyil, hücum taktikası idi. Heydər Əliyev mənsub olduğu xalqın dünya miqyasına çıxanda o qədər də mükəmməl və müasir görünməyəcəyindən çəkinmədi. Və tədricən Moskvaya, ümumən sovetlər birliyinə konkret işlə sübut etdi ki, azərbaycanlılar zəhmətkeş, mədəni, hər sahədə uğurlar qazana biləcək istedadlı bir xalqdır.
Xalqı yüksəltməyin, özünə və dünyaya tanıtmağın elə bir üsulu, forması qalmadı ki, Heydər Əliyev ondan tam gücü ilə istifadə etməmiş, sınaqdan keçirməmiş olsun. İqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi kimi fundamental sahələrdəki uzun illərin gerilikləri, ətaləti və hərc-mərcliyi tezliklə nəinki aradan qaldırıldı, respublikanın ictimai həyatında ela bir canlanma oldu ki, insanlar milli mənsubiyyətlərilə qürur duymağa başladılar. Bu insanın hakimiyyətə gəldiyi ilk illərdən hamıya məlum idi ki, Heydər Əliyev tarix yaradır.
Türk hökmdarlarının böyük ənənələrini davam etdirən Azərbaycan rəhbəri respublikanı nəhəng tikinti meydanına çevirdi: Bakı şəhəri görünməmiş bir sürətlə abadlaşdırıldı, Naxçıvanda, Gəncədə, Sumqayıtda, respublikanın rayon mərkəzlərində mədəniyyət evləri, məktəblər, inzibati binalar, yaşayış evləri tikildi, kanallar çəkildi, su anbarları yaradıldı və s. Heydər Əliyev bu vaxta qədər ittifaq miqyasında, demək olar ki, adı çəkilməyən respublikanı SSRİ-nin ən qabaqcıl müsəlman-türk respublikasına çevirdi; on ildən artıq müddətdə Heydər Əliyevin Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi üçün gördüyü işləri o zaman SSRİ respublikalarından heç birinin rəhbəri edə bilməmişdi.
Azərbaycan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə təkcə nefti, pambığı, üzümü ilə deyil, mənəvi-intellektual sərvətləri ilə də ittifaq miqyasında məşhurlaşmışdı… Respublikanın müxtəlif rayonlarında dünya mədəniyyətindən, demək olar ki, təcrid edilmiş şəkildə yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın mərkəzi ilə əlaqələrinin genişlənməsində də Heydər Əliyevin bu günə qədər dərindən araşdırılmamış (lakin araşdırılmaya ehtiyacı olan) mühüm xidmətləri olmuşdur, məhz bu görkəmli şəxsiyyətin, böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Bakı “beynəlmiləl” şəhərdən milli şəhərə çevrilirdi.
80-ci illərin ortalarında artıq Heydər Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan xalqının yox, ümumən türk-müsəlman xalqlarının lideri idi, türk dünyasının həm strateji, həm də taktiki problemlərini həll etmək yalnız onun üzərinə düşürdü.
Ötən əsrin 70–80-ci illərin Azərbaycanını ən müxtəlif baxımlardan “Heydər Əliyevin Azərbaycanı” adlandırmaq üçün hər cür əsas vardır. Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev idi. Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın, məhz “Heydər Əliyevin Azərbaycanı” olduğu bütün aydınlığı ilə təzahür etdi.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev sovet dövlət idarəçiliyi sistemini öz xalqının xidmətinə verməklə vətənini mərkəzi hakimiyyətin “canişinliyi”ndən çıxardı. Və bunun nəticəsidir ki, azərbaycanlılar yalnız idarə olunan yox, həm də idarə edən xalqa çevrildilər. Sovetlər birliyinin dağılması, Azərbaycanda milli müstəqillik (və dövlət müstəqilliyi) uğrunda hərəkatın güclənməsi illərinin sosial- siyasi mənzərəsi göstərdi ki, Heydər Əliyev Azərbaycan xalqını doğru yolla aparmış həqiqi milli lider olmuşdur.
Bu doğru yolda olmağın nəticəsi idi ki, xalq müxtəlif xarakterli provokasiyaları, nəticə etibarilə, dəf edərək milli müstəqillik ideallarına sadiq qalıb heç bir siyasi himayəçilik iddiasını qəbul etmədi. Öz növbəsində, Azərbaycan dövləti də ərazi bütövlüyünü ən kəskin və güclü təzyiq qarşısında düşmənlərə güzəştə getmədi. Azərbaycanın xalqı isə ona müxtəlif liderlər “təklif olunduğu” halda aldanmayıb öz həqiqi liderinə sədaqət nümayiş etdirdi.
Belə bir tarixi şərtaitdə xalqın tələb və dəstəyi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev başladığı millət quruculuğu prosesini yeni tarixi şəraitdə daha inamla davam etdirərək ən tendensiyalı və ya qısqanc tarixçinin belə etiraf etməli olduğu həqiqətən, cahanşümul işlər gördü. Buraya aşağıdakılar aiddir: milli mütəşəkkilliyin müstəqil dövlətçilik səviyyəsində təmin olunması; dünya azərbaycanlılarının mədəni, ictimai-siyasi birliyinin gücləndirilməsi; türk dünyasının etnik-mədəni birliyinin siyasi birlik səviyyəsinə yüksəldilməsi. Bütün bunlar isə Azərbaycan xalqının dünya miqyasında özünə get-gedə daha möhkəm mövqe tutmasını təsdiq etməklə böyük milli inkişaf perspektivləri müəyyənləşdirir.
Bir sıra siyasi tarix mütəxəssisləri, publisistlər 1993-cü ilin iyun hərbi-siyasi böhranını Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. Lakin bununla razılaşmaq çətindir. Heydər Əliyevin hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos “ölkənin sahibi”ni tələb edirdi. Heydər Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyl də güclənirdi. O, Azərbaycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, tarix kimi də lazım idi.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqın fəhmi ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi tarixi də axtarıldı. Həmin tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin “praktika”dan deyil, “nəzəriyyə”dən ibarət olması ona əsaslanmağa imkan vermirdi. 1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikdən xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə, birinci növbədə, onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ilə ifadə etdi. Və həmin inam xırda “xalq qəhrəmanları”nın, heç bir tarixə söykənməyən siyasət fəallarının “obraz”ını ictimai təfəkkürdən bütünlüklə silib atdı.
Azərbaycanı Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır; Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə də oldu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmədi, onun gələcəyinə də əhəmiyyətli təsir göstərdi. Bu mənada, Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə, tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir. Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar.
Azərbaycan respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Misilsiz dövlət qurucusu, həqiqətən, müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil respublikanın gələcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvi, tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir.
Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü il 15 iyun tarixli iclasda aşağıdakıları dedirtmişdi: “Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”. Bununla belə, Heydər Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyini, sadəcə, elan etmək nə qədər sevindirici hal olsa da, xalqın milli “izzəti-nəfs”ini nə qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki “kimdənsə asılı olmaq” hissini, inersiyasını öldürmək lazım gəldi. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü olmadı.
Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi “ritm” üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır. Və ona görə də biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.
Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın “pasport”u idi. Artıq on ildən çoxdur ki, müstəqil Azərbaycan Respublikası yaşayır, dünyanın üzvi tərkib hissəsi olmaq uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətini təmin edən əsas qüvvə isə heç şübhəsiz, Heydər Əliyevin şəxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə – əbədi müstəqilliyə aparır.
Ulu öndər Heydər Əliyev Azərbaycana ölkənin ümumən məhv olmaq təhlükəsi altında olduğu zaman gəldi. Və Azərbaycanı nəinki xilas etdi, onu həm də türk dünyasının qabaqcıl məmləkətlərindən birinə çevirdi. Bu gün Azərbaycan haqqında danışmaq türk dünyası barəsində, Heydər Əliyev haqqında danışmaq isə türk böyüklərindən biri barəsində bəhs etmək deməkdir. Müstəqillik əldə etmiş heç bir (digər) türk dövlətinin başçısı bu səviyyəyə ümumən türk dünyasının lideri olmaq səviyyəsinə gəlib çatmamışdır.
Azərbaycan rəhbərliyinə yenidən gəldikdən, siyasi hakimiyyət əldə edildikdən sonra Heydər Əliyevin fəaliyyətində ölkəmizin iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək, türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək; türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s. önəmli yer tutmuşdu.
Azərbaycanın ümummilli liderinin türk dünyasının birliyi və həmrəyliyi yolunda atdığı tarixi addımlar bu gün öz bəhrəsini verməkdədir. Bu birliyin timsalı olaraq ötən ay qələbə ilə başa çatan Vətən müharibəsində qardaş Türkiyənin ilk gündən Azərbaycanın yanında olması, haqq işimizi inadla dəstəkləməsi düşmənlərimizi çarəsiz hala gətirdi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Son 17 ildə isə ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar, nəhayət, ata Əliyevin ən böyük arzusunu da gerçəkləşdirmək imkanı yaratdı. Xalqımız Prezident, Ali Baş Komandan – oğul Əliyevin rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu.
Qarabağın tacı olan Şuşanın işğaldan azad olunduğu noyabrın 8-də ölkə Ali Baş Komandan İlham Əliyev təntənəli surətdə bəyan etdi: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Bəli, İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatdırılmasına görə, həm də ulu öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət kursuna borcluyuq, onun ruhuna minnətdarıq. Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan, qüdrətli, güclü Azərbaycan dövlətinin sükanı bu gün tam etibarlı əllərdədir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin milli dövlətçilik xətti və siyasəti Azərbaycana tarixi qələbələr qazandırmaqdadır.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin
müdiri, akademik
Xalq qəzeti
2020.- 15 dekabr.- S.3.