“Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiya­sı Qaydaları”nın və “Azərbaycan Respub­likasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 498 Bakı şəhəri, 16 dekabr 2020-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublika­sında dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli 365-IIQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qlobal­laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

 

2. “Azərbaycan Respublikasının coğ­rafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

 

3. Bu Qərarda dəyişiklik Azərbaycan Res­publikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş

 

“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 dekabr tarixli 498 nömrəli Qərarı ilə

 

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının

 

Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası

 

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar beynəlxalq istifadə üçün nəzərdə tutulan kartoqrafik və digər çap məhsullarının nəşri zamanı Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan dilindəki yazılış formasının rus əlifbasına transli­terasi­ya­sının üsul və    yollarını müəyyənləşdirir. Bu Qaydalar, eyni zamanda Azər­baycan Respublikasının hüdudlarından kənarda mövcud olan Azərbaycan mənşəli coğrafi obyektlərin adlarının rus dilinə transliterasiyasında da tətbiq edilə bilər.

 

1.2. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rının rus əlifbasına transliterasiyası Milli transliterasiya standartlarına və Azərbaycan dilinin orfoqrafiya normalarına uyğun olaraq aparılır.

 

1.3. Dövlət orqanları (qurumları), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər bu Qaydaların tələblərinə əməl etməlidirlər.

 

1.4. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rının rus dilinə transli­terasiyası onların Azərbaycan dilində rəsmi mənbələrdə (coğrafi obyektlərin adlarının dövlət kataloqunda, o cümlədən coğrafi obyektlərin adları lüğətlərində və soraq kitablarında və s.) təsbit olunmuş düzgün yazılış forması əsasında aparılır.

 

1.5. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları ilə bağlı Azərbaycan dilində rəsmi material olmadığı təqdirdə, onların adları “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respub-likasının Qanununa uyğun olaraq müəyyənləşdirilir, dəqiqləşdirilir və işlədilir.

 

1.6. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rının rus dilinə transliterasiyası bu Qaydaların 1.2-ci bəndi nəzərə alınmaqla, Azərbaycan dilindəki yazılışında hərfləri (işarələri) rus əlifbasında qarşılığı olan müvafiq hərflərə transliterasiya etməklə verilir. Bu zaman sözün yazılış forması onun tələffüzünün dəqiqliyi nəzərə alınaraq saxlanılır. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları rus dili üçün ekzonim hesab edilir, yad dil xüsusiy­yətləri daşıyır və alınma sözlər kimi bəzi hallarda rus dilinə transliterasiya ediləndə spesifik qaydalara uyğun olaraq işlənilir.

 

1.7. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının latın qrafikalı Azərbaycan əlifbasından kiril qrafikalı rus əlifbasına transliterasiyasında əsas məqsəd həmin onomastik vahidlərin rus di­lin­də orijinala daha yaxın variantda verilməsidir.

 

 1.8. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları latın qrafikalı Azərbaycan əlifbasından kiril qrafikalı rus əlif­basına transliterasiya edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

 

1.8.1. Azərbaycan dilinin və rus dili­nin fonetik xüsusiyyətləri,    o cümlədən la­­tın qrafikalı müasir Azər­bay­can əlifbasında və kiril qrafikalı rus əlif­­basında spe­sifik qra­femlərin möv­­cudluğu;

 

1.8.2. bir sıra coğrafi obyektlərin adlarının transliterasiyasında ümumi qəbul edilmiş və sabitləşmiş ənə­nənin mövcud olması;

 

1.8.3. sözlərin heca xüsusiyyətləri, hərflərin sözlərdə mövqeyi, morfemlərin düzülüşü və daxili strukturu, hərf birləşmələrinin spesifik cəhətləri.

 

1.9. Kiril qrafikalı rus əlifbasında latın qrafikalı Azərbaycan əlif­ba­sında olan ö, ü, ə, h, ğ, c, g hərfləri olmadığından, bu hərflərin trans­li­te­ra­siyasında praktik transkripsiyaya üstünlük verilir.

 

2. Coğrafi obyektlərin adlarında saitlərin transliterasiyası

 

 

 

2.1. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rının transliterasiyası zamanı Azərbaycan əlifbasındakı a, i, ı, o, u hərfləri rus əlifbasına а, и, ы, о, у hərf­ləri ilə transliterasiya olunur. Ancaq a, o hərfləri k və g hərflərindən sonra işlən­dikdə, я və ё hərfləri ilə transliterasiya edilir: Koroğlu - Кёроглу, Kortala - Кёртала, Korgöz - Кёргёз,  Gəraybəyli - Гярайбейли və s.

 

2.2. Azərbaycan əlifbasındakı e hərfi rus dilinə coğrafi obyektlərin adlarının tərkibində iki cür transli­terasiya olunur - sözün əvvəlində э hərfi kimi, sözün ortasında samit hərflər­dən sonra e hərfi kimi. Məsələn: Eymur kəndi - село Эймур, Elabad kəndi - село Эльабад, Qarazeynallı kəndi - село Гаразейналлы, Reqloba kəndi - село Реглоба və s.

 

2.3. Azərbaycan əlifbasındakı ü hərfi coğrafi obyektlərin adlarının tərkibində rus əlifbasına iki cür transliterasiya olunur - sözün əvvəlində y hərfi kimi, samit hərflərdən sonra   ю hərfi kimi. Məsələn: Şümrüd kəndi - село Шюмрюд, Üçtəpə kəndi - село Учтепе, Kürdlər kəndi - село Кюрдляр və s.

 

2.4. Azərbaycan əlifbasındakı ö hərfi coğrafi obyektlərin adlarının tərkibində rus əlifbasına iki cür trans­literasiya olunur - sözün əvvəlində o hərfi kimi, sözün ortasında samit­ hərflərdən sonra gələrsə ё hərfi kimi. Məsələn: Öysüzlü kəndi - село Ойсюзлю, Dördyol kən­di - село Дёрдъйол, Ceyrançöl qəsəbəsi - посёлок Джейранчёль, Kö­vər kəndi - село Кёвяр, Görədil kəndi - село Гёрадиль, Hökməli kəndi - село Хёкмели və s.

 

2.5. Coğrafi obyektlərin adlarında Azərbaycan əlifbasındakı     ə hərfinin rus əlifba­sında qarşılığı aşağıda sadalanan işlənmə mövqe­yindən asılı olaraq, 4 vari­antda - a, е, я, э kimi verilə bilər:

 

 2.5.1. ə hərfi sözün əvvəlində və b, s, z, r, n, ş, q, ş, ç, c, j, f, x, h hərflərindən sonra gəldikdə, rus dilinə əksər hallarda a hərfi ilə transliterasiya olunur: Qəşəd - Гашад, Əhən - Ахан, Əlinəzərli - Алиназарли, Nərimanov -  Нариманов və s.

 

2.5.2. ə hərfi sözün əvvəlində k, g, l samitlərindən sonra gəldikdə, я hərfi ilə trans­lite­rasiya olunur: Kəhrizli - Кяхризли, Kətük - Кятюк, Gəgəli - Гягяли, Gəncə - Гянджа, Arpagədik - Арпагядик, Ləki - Ляки və s.

 

2.5.3. bəzi hallarda ə hərfi b, v, ğ, d, z, p, r, s, t samitlərindən sonra gəldikdə, е hərfi ilə transliterasiya olunur: Bəytəpə - Бейтепе, Kürəkçay - Кюрекчай, Zəngişalı - Зенгишалы, Dədəli - Дедели, Xasıdərə - Хасыдере və s.

 

2.5.4. nadir hallarda ə hərfi sö­zün əvvəlində gəldikdə, rus dilində э hərfi ilə transliterasiya edilir: Ətyeməzli - Этъемезли, Əyritala - Эйритала və s.

 

3. Coğrafi obyektlərin adlarında samitlərin transliterasiyası

 

3.1. Coğrafi obyektlərin adlarında Azərbaycan əlifbasındakı    b, v, d, j, z, k, m, n, p, s, t, f, x, ç, ş hərfləri rus əlifbasına müvafiq olaraq б, в, д, ж, з, к, м, н, п, р, с, т, ф, х, ч, ш hərfləri ilə transliterasiya olunur: Badamdar - Бадамдар, Xaçmaz - Хачмаз, Novxanı - Новханы, Sabirabad - Сабирабад və s.

 

3.2. Azərbaycan toponimlərində ğ hərfi ilə verilən sözlər rus əlifbasına əsasən г hərfi ilə transliterasiya olunur: Ağdağ - Агдаг, Ağdam - Агдам, Ağcabədi - Агджабеди, Ağdaş -  Агдаш, Sığırlı - Сыгырлы və s. Ancaq bəzən mövqeyindən asılı olaraq və yaxud ənənəyə görə nadir hallarda ğ hərfi x hərfi ilə transliterasiya olunur: Ağsu - Ахсу, Qaradağ -  Гарадах, Qarabağ - Карабах və s. Belə coğrafi obyektlərin adlarında Azərbaycan dilinə xas olan qapalı dilarxası sait olan a hərfindən sonra ğ samitinin novlaşması, yəni     x kimi tələffüz olunması müşahidə edilir. Bu fonetik xüsu­siyyətdir və transliterasiyada nəzərə alınır.

 

3.3. Azər­bay­can dilindəki coğrafi obyektlərin adlarında işlənən qoşa samitləri ifadə edən hərflər rus əlif­ba­sına qoşa samit     hərflərlə transliterasiya olunur: Yed­dixırman - Едди­хыр­ман, Mollalı - Моллалы və s.

 

3.4. Coğrafi obyektlərin adlarında h hərfi rus əlifbasına ənənəvi olaraq müasir dövrdə г, həm də х hərfi ilə transliterasiya olunur: Heydərli - Гейдарли, Hacallı - Гаджаллы, Həsənli - Гасанлы, Hökməli - Хёкмели, Heyvalı - Хейвалы və s.

 

3.5. Coğrafi obyektlərin adlarında q hərfi rus əlifbasına əsasən г hərfi ilə transliterasiya edilir: Sarıyataq - Са­ры­я­таг, Qamıştala - Гамыштала və s. Ancaq bəzən ənənəyə görə к hərfi ilə də transliterasiya olunur: Qarabağ - Карабах, Qafqaz - Кавказ və s.

 

3.6. Coğrafi obyektlərin adlarında c hərfi rus əlifbasına дж hərf birləşməsi şəklində transliterasiya olunur:  Acı­dərə - Аджыдере, Ceyrandüzü - Джейрандюзю və s.

 

3.7. Coğrafi obyektlərin adlarında g hərfi г hərfi ilə transliterasiya olunur:   Gəgəran - Гягяран və s.

 

3.8. Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında l samiti hecanın əvvəlində və hecanın sonunda arxa sıra a, o, u saitlərindən sonra rus dilində dəyişikliyə uğramır, lakin hecanın sonunda e, ə, ö, ü ön sıra saitlərindən sonra rus dilinə transliterasiyada ль (yəni мягкий знак – yumşaldılma işarəsi) əlavə olunur və incələşmə baş verir. Bu xüsusiyyət rus dilində işlənilən alınma sözlərə xasdır. Məsələn: Xırdalan - Хырдалан, Görədil kəndi - село Гёрадиль, Ceyrançöl qəsəbəsi - посёлок Джейранчёль və s.

 

4. Coğrafi obyektlərin adlarında hərf birləşmələrinin transliterasiyası

 

4.1. Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında ya, yə hərf birləş­mələri rus dilinə transliterasiya olunanda, sözün əvvəlində я kimi, morfem daxilin­də ья kimi, iki kökün qovuşuğunda, yəni mürəkkəb sözün kompo­nent­ləri arasında ъя kimi verilir. Məsələn: Yardımlı - Яр­дымлы, Aşağı Qara­mər­yəm kəndi - село Ашагы Гарамарьям, Dövlət­yarlı kəndi - село Довлят­ъярлы, Xubyarlı kəndi - село Хубъярлы və s.

 

4.2. Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında ye hərf birləşməsi də rus dilinə trans­lite­rasiya olunanda sözün əvvəlində      е kimi, morfem daxilində ье kimi, iki kökün qo­vuşuğunda, yəni mürəkkəb sözün komponentləri arasında ъе kimi ve­ri­lir. Məsələn:     Yevlax - Евлах, Ətyeməzli kəndi - село Этъемезли, Yerliağalı kəndi - село Ерлиагалы və s.

 

4.3. Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında yu (yü) hərf birləşməsi bir qayda olaraq rus əlifbasına ю hərfi ilə transliterasiya olu­nur: Yuxarı Ağalı - Юxары Агалы, Böyük Tala - Бёюк Тала və s.

 

4.4. Azərbaycan mənşəli olmayan coğrafi obyektlərin adlarının tərkibində işlənən ts hərf bir­ləş­məsi rus əlifbasına ц samiti ilə transliterasiya olunur: Katsbinə - Кацбина və s.

 

5. Coğrafi obyektlərin adlarının transliterasiyasında

 

ənənənin gözlənilməsi

 

5.1. Bəzi coğrafi adlar Azərbaycan dilindən rus dilinə transliterasiya olu­nar­kən, ənənəyə uyğun olaraq, onların rus dilindəki ümumi qəbul edilmiş və sabitləşmiş ekvivalentləri əsas  götü­rü­lür. Məsələn: Xəzər dənizi - Кас­пийское море, Kür  çayı - река Кура, Kiçik Qafqaz - Малый Кавказ, Cənubi Qafqaz - Южный Кавказ, Şirvan düzü - Ширванская равнина, Həftəran düzü - Афтаранская равнина, Ağgöl gölü - озеро Аггёль, Ceyrançöl düzənliyi - Джейранчёльская равнина, Mərdəkan - Мардакан, Türkan - Туркан,   Balakən -  Балакан və s.

 

5.2. Azərbaycan Respublikasının bəzi coğrafi obyektlərinin adlarının transliterasiyası zamanı həm tarixi ənənəyə, həm də fonetik prinsipə üstünlük verilir. Məsələn: Abşeron adı transliterasiya zamanı Aбшерон kimi çevrilsə də, ənənəvi olaraq rus dilində Aпшерон kimi verilir. Eyni za­manda, burada tələffüz zamanı fonetik hadisə kimi      b - p karlaşması baş ver­mişdir. b - p karlaşması nadir hallarda coğrafi adlarda fışıltılı samitdən əvvəl b səsi gələndə müşahidə edilir. Əksinə, əgər b cingiltili və ya sonor samitdən, saitdən əvvəl gələrsə, bu hallarda cingiltili b kimi tələffüz olunur. Məsələn: Abdal Gülablı - Абдал Гюлаблы, Lökbatan - Лёкбатан və s.

 

5.3. Azərbaycan Respublikasına aid coğrafi obyektlərin adla-rında işlənən və obyektlərdə indikator rolunu oynayan nomenklatur coğrafi terminlərin rus dilinə transliterasiyasında vahid forma gözlənilməlidir: göl - гёль, çeşmə - чешмя, bulaq - булаг, dərə - дере, düzü - дюзю,  yataq - ятаг, qışlaq - гышлаг, təpə - тепе, qazma - газма, qaya - гая, dağ - даг, tala - тала, yol - йол və s.

 

6. Rus dilinə transliterasiyada ixtisarların verilməsi

 

6.1. Azərbaycan Respublikasına aid mürəkkəb quruluşlu inisial abreviatur tərkibli coğrafi adlar müvafiq olaraq rus dilinə həmin inisial abreviatur tərkibli coğrafi adlar vasitəsilə transliterasiya edilir və ixtisarların izahı verilir. Məsələn:

 

6.1.1. q.i.ə.d. (qəsəbə inzibati-ərazi dairəsi) - п.а.т.о. (поселковый административно ерриториальный округ);

 

6.1.2.  ş.t.q. (şəhər tipli qəsəbə) - п.г.т. (посёлок городского типа);

 

6.1.3. ş.i.ə.d. (şəhər inzibati-ərazi dairəsi) - г.а.т.о. (городской административно-территориальный округ);

 

6.1.4. k.i.ə.d. (kənd inzibati-ərazi dairəsi) - с.а.т.о. (сельский административно-территориальный округ);

 

6.1.5. i.ə.d. (inzibati-ərazi dairəsi) - а.т.о. (административно-территориальный округ);

 

6.1.6. x.k.i.ə.d. (xüsusi kənd inzibati-ərazi dairəsi) - с.с.а.т.о. (специальный сельский административно-территориальный округ).

 

 

 

 

 

_________________

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 dekabr tarixli 498 nömrəli Qərarı ilə

 

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar beynəlxalq istifadə üçün nəzərdə tutulan kartoqrafik və digər çap məhsullarının nəşri zamanı Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan dilindəki yazılış formasının ingilis əlifbasına və əksinə transliterasiyasının  üsul və yollarını müəy­yənləşdirir. Bu Qaydalar, eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından  kə­narda mövcud olan Azərbaycan mənşəli coğrafi obyektlərin adlarının ingilis dilinə transliterasiyasında da tətbiq edilə bilər.

 

1.2. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rının ingilis əlifbasına transliterasiyası Milli transliterasiya standartlarına və Azərbaycan dilinin orfoqrafiya normalarına uyğun olaraq aparılır.

 

1.3. Dövlət orqanları (qurumları), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər bu Qaydaların tələblərinə əməl etməlidirlər.

 

1.4. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rının ingilis dilinə transliterasiyası onların Azərbaycan dilində rəsmi mənbələrdə (coğrafi obyektlərin adlarının dövlət kataloqunda, o cümlədən coğrafi obyektlərin adları lüğətlərində və soraq kitablarında və s.) təsbit olunmuş düzgün yazılış forması əsasında aparılır.

 

1.5. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları ilə bağlı Azərbaycan dilində rəsmi material olmadığı təqdirdə, onların adları “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respub-likasının Qanununa uyğun olaraq müəyyənləşdirilir, dəqiqləşdirilir və işlədilir.

 

 1.6. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının ingilis dilinə transliterasiyası bu Qaydaların 1.2-ci bəndi nəzərə alınmaqla, Azərbaycan dilindəki yazılışında hərfləri (işarələri) ingilis əlifbasında qarşılığı olan müvafiq hərflərə transliterasiya  etməklə verilir. Bu zaman sözün yazılış forması onun tələffüzünün dəqiqliyi nəzərə alınmadan saxlanılır.

 

1.7. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları üçün onların müasir Azərbaycan ədəbi dilində düzgün yazılış forması əsas götürülür. Coğrafi obyektlərin adlarında dialekt forması yalnız Azərbaycan dilində rəsmi mənbələrdə təsbit edildiyi hallarda saxlanılır. Məsələn: Erkəc - Erkeç, Xaçındərbəndli - Xaçındərbətli.

 

1.8. Transliterasiya zamanı ingilis əlifbasında böyük və kiçik hərflərin istifadəsi Azərbaycan əlifbasında yazılmış adlardakı böyük və kiçik hərflərə uyğun olmalıdır: Aşağı Ağcakənd - Ashaghi Aghjakend, Qubalıbalaoğlan - Gubalibaloghlan və s.

 

1.9. Bitişik, defislə və ayrı yazılan coğrafi obyektlərin adlarının yazılış forması ingilis dilinə transliterasiya zamanı olduğu kimi saxlanılır: Ağaşirinoba - Aghashirinoba, Birinci Paşalı - Birinci Pashali və s.

 

2. Coğrafi obyektlərin adlarında saitlərin transliterasiyası

 

2.1. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında Azərbaycan dilinin a, o, u arxa sıra və i, e ön sıra saitləri  ingilis dilinə eyni saitlərlə transliterasiya olunur. İngilis əlifbasına transliterasiya zamanı ı, ü arxa sıra və ə, ö ön sıra saitləri ingilis əlifbasında qarşılığı olan uyğun saitlərlə əvəzlənir. Məsələn:   Sarıcalı - Sarijali, Novruzlu - Novruzlu, Şelli - Shelli, Seyidli - Seyidli, Ağzıbir - Aghzibir, Alıbəyli - Alibeyli, Güllücə - Gulluja  və s.

 

2.2. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarında Azərbaycan dilində şəkilçilərin xeyli hissəsi saitlərin ahənginə uyğun olaraq dördvariantlı cərgə (-lı, -li, -lu, -lü; -çı, -çi, -çu, -çü; -sı, -si, -su, -sü və s.) əmələ gətirdiyindən dördvariantlı şəkilçilərin i və u saitləri ilə işlənən variantları ingilis dilində verilir, digər, yəni ı və ü saitləri ilə işlənənlər isə ingilis dilində uyğun saitlərlə əvəzlənir. Məsələn: Yusifcanlı - Yusifcanli, Yusifli - Yusifli, Gursulu - Gursulu, Külüllü - Kulullu, Arabaçılar - Arabachilar, Qaradəmirçi - Garadamirchi, Quşçular - Guşchular, Düdükçü - Dudukchu, Qasımbinəsi - Gasimbinasi, Qalacıq - Galajig,  Şəkərcik - Shakarjik  və s.

 

2.3. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında a, e, i, o, u saitləri ingilis əlifbasına eyni hərflərlə transliterasiya olunur: Ağdam - Aghdam, Erkeç - Erkech, Kilit - Kilit, Kosacan - Kosajan, Çalburun - Chalburun və s.

 

2.4. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında ə saiti aşağıdakı kimi transliterasiya edilir:

 

2.4.1. Azər, bəy, bəyim, dərə, dəhnə, ət, kənd, köhnə, pəyə, təpə, təzə sözlərinin bitişik və ya ayrı işləndiyi coğrafi adlarda e hərfi ilə transliterasiya edilir: Azərbaycan - Azerbaijan, Ağabəyli - Aghabeyli, Bəyimli - Beyimli, Xasıdərə - Khasidere, Böyük           Dəhnə - Boyuk Dehne, Ətyeməzli - Etyemazli, Daşkənd - Dashkend, Köhnə Gəgir - Kohne Gagir, Güneypəyə - Guneypeye, Ağtəpə - Aghtepe, Təzə Şilyan - Teze Shilyan, Təzəkənd - Tezekend və s.

 

2.4.2. digər hallarda a hərfi ilə transliterasiya edilir: Ələt - Alat, Kijəbə - Kizhaba, Dəjəl - Dazhal, Qəşəd - Gashad, Ləcət - Lajat, Gəncə - Ganja, Şəlvə - Shalva, Xəlfəli - Khalfali və s.

 

2.5. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında ı saiti ingilis dilinə i hərfi ilə transliterasiya edilir: Alpı - Alpi, Qumbaşı - Gumbashi, Yardımlı - Yardimli, Arısu - Arisu və s.

 

Qeyd. “Bakı” sözünün ingilis dilinə transliterasiyası zamanı       ı hərfinin u hərfi ilə transliterasiyası ənənəyə əsaslanır: Bakı - Baku.

 

2.6. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında ö saiti ingilis dilinə o hərfi ilə transliterasiya edilir: Hövsan - Hovsan, Göygöl - Goygol, Köhnəqışlaq - Kohnegishlag və s.

 

2.7. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarında ü saiti ingilis dilinə u hərfi ilə transliterasiya edilir: Aşağı Küngüt - Ashaghi Kungut, Aşağı Göynük - Ashaghi Goynuk,  Söyüdlü - Soyudlu və s.

 

3. Coğrafi obyektlərin adlarında samitlərin transliterasiyası

 

3.1. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında b, d, f, h, k, l, m, n, p, r, s, t, v, y, z hərfləri ingilis əlifbasının eyni hərfləri ilə transliterasiya olunur: Baltalı - Baltali, Dəlləklər - Dallaklar, Fatmayı - Fatmayi, Baharlı - Baharli, Kolanı - Kolani, Ləzran - Lazran, Deman - Deman, Bərcan - Barjan, Gərsava - Garsava, Kövər - Kovar, Yenigiyan - Yenigiyan, Zevin - Zevin və s.

 

Qeyd. “Azərbaycan” sözünün ingilis dilinə transliterasiyası zamanı y hərfinin i hərfi ilə transliterasiyası ənənəyə əsaslanır: Azərbaycan - Azerbaijan.

 

3.2. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında c samiti ingilis dilinə j hərfi ilə transliterasiya edilir: Cunud - Junud, Hacıalılar - Hajialilar və s.

 

3.3. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında ç, ğ, x, j, ş samitləri ingilis dilinə müvafiq olaraq ch, gh, kh, zh, sh hərf birləşmələri ilə transliterasiya edilir: Balçılı - Balchili,   Muğanlı - Mughanli, Xıdırlı - Khidirli, Jiy - Zhiy, Şəfəqli - Shafagli     və s.

 

3.4. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında g və q samitləri ingilis əlifbasına  g hərfi ilə transliterasiya edilir: Görədil - Goradil, Goranboy - Goranboy, Qarabağ - Garabagh, Qarabulaq - Garabulag, Abbasqulular - Abbasgulular və s.

 

3.5. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla-rında qoşa samitlər ingilis əlifbasına uyğun qoşa samit hərflərlə transliterasiya edilir: Qaraməmmədli - Garamammadli, Rəsullu - Rasullu, Müzəffəroba - Muzaffaroba, İkinci Yeddioymaq - Ikinji Yeddioymag və s.

 

Xalq qəzeti  2020.- 20 dekabr.- S.2.