“Biz Qarabağı
dirçəldəcəyik və onu
dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”
Bizim məlumatımıza görə, müharibə nəticəsində
Ermənistan silahlı qüvvələrinin
potensialının 80 faizindən çoxu
məhv edilib. Azərbaycan üçün
bu, Vətən müharibəsi,
azadlıq müharibəsi, Ermənistan üçün
isə işğalçılıq, istilaçılıq
müharibəsi idi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı bir sıra məqamları ilə diqqət çəkdi. Dövlətimizin başçısı nitqində COVID–19 pandemiyası ilə mübarizədə Azərbaycanın gördüyü işlərdən, eyni zamanda, Ermənistan–Azərbaycan müharibəsindən ətraflı bəhs etdi.
Ölkə rəhbəri respublikamızda koronavirusla mübarizədə həyata keçirilən operativ tədbirlərdən danışaraq bildirdi ki, Azərbaycan ötən müddətdə həm ölkə daxilində, həm də beynəlxalq arenada COVID–19 pandemiyasının qarşısının alınması ilə bağlı operativ tədbirlər reallaşdırıb. Belə ki, laboratoriyaların sayı 8 dəfə artırılıb, 10-dan artıq yeni müasir xəstəxana yaradılıb. Bununla bərabər, həkim qıtlığı ilə bağlı məsələ həll edilib, 5 ölkədən həkim qrupları dəvət olunub.
Pandemiya ilə mübarizə və bu xəstəlik nəticəsində zərərçəkmiş vətəndaşlara dövlət dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən 2,5 milyard manat ayrılıb. Bu yardımla 5 milyondan artıq vətəndaş əhatə olunub.
Azərbaycan Prezidenti hazırda ölkəmizin dünyada başlanan vaksinasiya prosesinə qoşulduğunu, dünyanın aparıcı vaksin istehsalçıları ilə danışıqlar aparıldığını, respublikamızda çox platformalılığı nəzərdə tutan vaksinasiya strategiyasının hazırlandığını da vurğulayıb. Eyni zamanda, Azərbaycan üçün vaksinlərin elmi şəkildə əsaslandırılan təhlükəsizliyinin əsas şərt olacağını, vaksinasiyanın gələn ilin əvvəlində başlanılmasının planlaşdırıldığını və bu prosesin könüllü şəkildə və dövlət hesabına reallaşdırılacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal səviyyədə pandemiya ilə mübarizəyə əhəmiyyətli töhfə verməsi barədə də danışıb. Dövlətimizin başçısı respublikamızın pandemiya ilə mübarizədə geniş beynəlxalq əməkdaşlığın tərəfdarı kimi çıxış etdiyini, Azərbaycanın təşəbbüsü ilə bu istiqamətdə bir neçə beynəlxalq tədbirin, məsələn, bu ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, mayda isə Qoşulmama Hərəkatının sammitlərinin həyata keçirildiyini xatırladıb.
Ölkə rəhbəri daha sonra deyib: “Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi. Biz bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak etmişik. Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir”.
Dövlətimizin başçısı çıxışında Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatları ilə bağlı bəzi məsələlərə də toxunub. Ölkə rəhbəri bu müddətdə Vətən müharibəsinin bir çox hallarda xarici media tərəfindən qeyri-obyektiv işıqlandırıldığını vurğulayaraq, münaqişənin tarixi, mahiyyəti ilə bağlı təhrif olunan, qeyri-dəqiq və qərəzli məlumatlar verildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın informasiya təminatı ilə əlaqədar gördüyü tədbirlər nəticəsində ölkəmizə münasibətdə illərlə formalaşmış neqativ fonu dəyişmək və dünya birliyinə həqiqəti çatdırmaq mümkün olub.
Prezident İlham Əliyev çıxışında bu müharibədə Azərbaycanın işğalçı dövlət üzərində qələbə qazandığını, Ermənistanın hərbi potensialının 80 faizinin məhv edildiyini, bu savaşın ölkəmiz üçün Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olduğunu diqqətə çatdırıb: “1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə 1993-cü ildə Azərbaycan əhalinin sayına görə ən yüksək qaçqın faizinə malik idi: Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı”.
Dövlətimizin başçısı çıxışında Ağdam, Füzuli, Cəbrayıl və digər ərazilər işğaldan azad edildikdən sonra xarici diplomatlar və jurnalistlərin həmin ərazilərə səfər etdiklərini, erməni qəsbkarların o torpaqlarda vandalizm törətdiklərini öz gözləri ilə gördüklərini də diqqətə çatdırıb. Bildirib ki, şəhərlər, kəndlər, tarixi, dini abidələri dağıdılıb: “Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik”.
Prezident İlham Əliyev nitqində 1992-ci ildən ötən 28 il ərzində Ermənistanın mövcud status-kvonun saxlanması üçün əlindən gələni etdiyini, status-kvonun saxlanmasına yönəlmiş cəhdlərin danışıqlar prosesində Ermənistan hakimiyyətinin imitasiya xarakterli fəaliyyəti ilə maskalandığını, bununla da təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldatdığını bildirib: “Üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı”.
Yeri gəlmişkən, burada Nikol Paşinyanın işğalçılıq siyasətinə də toxunmaq istərdik. Paşinyan Ermənistanın baş naziri seçiləndən daim təxribatçı fəaliyyət göstərib. Belə ki, o, hələ bu vəzifəyə seçilməzdən əvvəl, Ermənistan parlamentinə müraciətində Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırıb. Belə bəyanatı ilə Paşinyan danışıqların formatını şübhə altına alıb, baş nazir kimi fəaliyyəti dövründə də bunu dəfələrlə təkrarlayıb.
Ermənistan baş nazirinin dəfələrlə işğal olunan Azərbaycan ərazilərinə gələrək, qanunsuz rejim “rəsmiləri” ilə hərbi məsləhətləşmələr aparması, oğlunu özünün dediyi kimi, bir jest olaraq daha çox erməninin orduya cəlb edilməsi məqsədilə Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmətə göndərməsi, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirməsi də onun nasizm siyasətinə sadiqliyindən xəbər verirdi.
Burada bir məqama da toxunmaq istərdik. Bu da Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz
məskunlaşma həyata
keçirməsi cəhdi
ilə bağlıdır.
Xatırladaq ki, hələ ötən il fevralın
27-də Ermənistanın Milli
Təhlükəsizlik Xidmətinin
direktoru Artur Vanetsyan işğal altında olan Xankəndi şəhərində
keçirdiyi mətbuat
konfransında demişdir:
“Məskunlaşdırma proqramı
adlandırdığımız proqram, mənim və hər kəsin nəzərində,
ölkəmizin təhlükəsizliyinin
əsas təminatı
olacaqdır. Çünki
bu mövzunu həmişə sanki torpaqlar geri qaytarılacaq, danışıqlar
aparılacaq, güzəştə
gediləcək və
s. kimi təhrif edən insanlar, çıxışlar və
ifadələr var. Bu proqramın
nəticəsi olaraq xalqımıza və dünyaya bir qarış torpaqdan imtina etmək niyyətində olmadığımıza
dair açıq bir mesaj göndərəcəyik;
əksinə, soydaşlarımız
o torpaqlarda məskunlaşmalı
və ölkəmizi qurmalıdırlar.”
Bütün bunlar barədə Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasda deyib: “Ermənistanın baş nazirinə gəldikdə isə, o, 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, danışıqlar prosesinin pozulmasına yönəlmiş bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Nəticədə kimin haqlı olduğunu tarix göstərdi.
Özlüyündə Azərbaycana qarşı, təkcə ona qarşı yox, ATƏT-in Minsk qrupuna qarşı bu nümayişkaranə təhdid, onların fəaliyyətinə hörmətsizlik onu göstərir ki, Ermənistan danışıqlar prosesini bilərəkdən və nümayişkaranə şəkildə pozurdu və əslində, pozmuşdu. Ona görə ki, bu məntiqi əsas götürsək onun dediyi kimi əgər “Qarabağ Ermənistandır”sa, onda danışıqlar aparmağa mövzu yoxdur. Ona görə ki, masa üzərində Minsk qrupunun həmsədrləri tərəfindən işlənib hazırlanmış, Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən danışıqlar üçün əsas kimi qəbul edilmiş Madrid prinsipləri vardı. Həmin prinsiplərdə açıq-aydın göstərilmişdi ki, işğal edilmiş bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Buna görə də həmin bəyanatlar və bir sıra başqa bəyanatlar, - mən sadəcə olaraq, həmkarlarımın vaxtını çox almaq istəmirəm, - onu göstərirdi ki, Ermənistan danışıqları qəsdən pozur.
Daha sonra, bizə məlum idi ki, Ermənistan rəhbərliyi uzun illər boyu işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirməyə çalışıb. Bu, hərbi cinayətdir, lakin insan və maliyyə resursları olmadığına görə onlar bu niyyətlərini tam həcmdə həyata keçirə bilmirdilər”.
Dövlətimizin başçısı nitqində sentyabrın 27-də ermənilərin xaincəsinə hücumundan sonra xalqımızı, ölkəmizi müdafiə etmək üçün Ali Baş Komandan kimi “İrəli!” əmrini verdiyini, 44 günlük döyüşdən sonra düşmənin kapitulyasiya ilə razılaşdığını, bu müddət ərzində ordumuzun 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murov dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdiyini də xatırladıb: “Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi”.
Prezident İlham Əliyev nitqində, həmçinin Azərbaycanın, əslində, Sarkisyan və Koçaryan rejiminin yaratdığı ordunu məhv etdiyini, hazırda Ermənistanda çox gərgin vəziyyət hökm sürdüyünü, işğalçı dövlətin ordusunun Paşinyanın deyil, Koçaryan və Sarkisyan tərəfindən yarsadıldığını, eyni zamanda, Azərbaycanın şəhər və kəndlərinin Paşinyan deyil, Koçaryan və Sarkisyan rejimi tərəfindən dağıdıldığını, bu şəxslərin əllərinin xalqımızın qanına batdığını bildirib.
Beləliklə, Şuşanın azad olunması düşmənin kapitulyasiya etməsi, noyabrın 9-da isə Rusiyanın fəal iştirakı ilə birgə bəyanatın mətninin hazırlanması və daha sonra imzalanması ilə nəticələndi.
Azərbaycan müharibənin fəal fazasında açıq şəkildə dəfələrlə bildirdi ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxacağını konkret bəyan edən kimi, hərbi əməliyyatlar dayanacaq. Belə də oldu. Ermənistan qalan 3 rayonun – Ağdam, Kəlbəcər və Laçının azad ediləcəyi ilə bağlı üzərinə öhdəlik götürən kimi hərbi əməliyyatlar dayandı.
Hazırda işğaldan azad edilən ərazilərdə Rusiya sülhməramlıları Azərbaycanın müvafiq strukturları ilə birgə qarşıya qoyulan missiyanı uğurla həyata keçirilir. Eyni zamanda, bu gün Ağdam rayonunda Rusiya- Türkiyə Monitorinq Mərkəzinin yaradılması istiqamətində də səmərəli iş aparılır.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2020.- 20 dekabr.- S.1;2.