Azərbaycan Prezidenti informasiya müharibəsində də qələbəmizi təmin etdi

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədə informasiya mübarizəsinin də rolu böyükdür. Prezident İlham Əliyev dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına verdiyi çoxsaylı müsahibələrində suallara dəqiq, məntiqli, faktlara söykənən cavabları ilə Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Bununla da düşmənin və havadarlarının ölkəmiz haqqında yaydığı qərəzli məlumatları təkzib etdi, işğalçının bütün avantüra, qarayaxma kampaniyalarının qar­şısını qətiyyətlə aldı, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında ədalətli müharibə apardığını bildirdi.

 

Bu məsələdə diqqət çəkən məqam həm də o idi ki, Prezi­dent İlham Əliyev Ermənistanın mövqeyini müdafiə edən KİV-in də müraciətinə müsbət yanaşa­raq, onların suallarını cavablan­dırırdı. Bu zaman dövlət başçısı təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla Azərbaycanın haqlı mövqeyini elə əsaslandırdı ki, ondan sonra erməni lobbisinin maraqlarına xidmət edən jurnalistin əlavə sual verməyə gücü çatmırdı. Azərbaycan Prezidenti bu sualların hər birinə son dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verirdi, məsələnin mahiyyətini səbrlə izah edirdi, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirirdi.

 

İnformasiya mübarizəsindəki uğurumuzu şərtləndirən bir neçə məqamı xatırlatmaq istərdik. Əvvəla onu qeyd edək ki, Azərbaycan hər zaman to­lerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verib. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Tarixi-mədəni, dini abidələrimiz necə qorunubsa, digər millətlərə və dinlərə xas olan dəyərlər də eləcə mühafizə olunub. Lakin Azərbaycanın işğal altındakı torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbar­lıq hərəkətləri bütün çılpaqlığı ilə nəzərə çarpıb: qəsbkar ordu respublikamızın əzəli ərazilərindəki tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan edib.

 

Amma belə bir vəziyyətdə Ermənistan guya Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni kilsələrini və digər xris­tian məbədlərini dağıtdığını həyasızcasına dünyaya car çəkirdi. Ermənilərin 30 il ərzində tapdaq altında saxladıqları torpaqlarda tarixidini abidələrimizi yerlə-yeksan etmələrinə göz yuman dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları isə iftiraya, yalana, böhtana əsaslanan erməni təbliğatına bir çox hallarda uyur, hətta utanıb-qızarmadan Azərbaycan dövlətindən işğaldan yenicə azad edilən Kəlbəcərdə mövcud olan xristian məbədlərinin qorunmasına təminat verməsini istəyirdilər. Müzəffər Ali Baş Komandanımız noyabrın 25-də Kəlbəcərin işğaldan azad olun­ması ilə bağlı Azərbaycan xalqına müraciətində belələrinə bir daha qətiyyətli və tarixi ədalətə söykənən mesajını çatdırdı: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilirbütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıq­la erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə bax­maq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qaf­qaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var”.

 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri çərçivəsində dövlətimizin başçı­sının Ağdam məscidinin qarşısın­dakı çıxışında söylədiyi fikirlər də Azərbaycanın tolerantlığa daim sadiqlik nümayiş etdirməsinin parlaq ifadəsidir: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə da­nışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımız­da. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Ru­siya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dö­zümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?”.

 

Ermənistan ordusu Vətən müharibəsi günlərində dinc insanları, evləri, mülki obyektləri məqsədli şəkildə atəşə tutmaq­la, həm də beynəlxalq hüququn əsas normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymamasını açıq-aydın göstərdi, bununla da terrorçu dövlət oldu­ğunu nümayş etdirdi. Dövlətimizin başçısı noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya uyğun olaraq Kəlbəcər rayonunun işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bu məqamı diqqətə çat­dırdı: “Ermənistan terror dövlətidir. Bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqı­rımı, meşələrimizin qırılması, çay­larımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Tarixi Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, erməni faşiz­minin məhvidir”.

 

Ermənistan rəhbərliyi uzun illər olduğu kimi, Vətən müharibəsi günlərində də guya Azərbaycanın Dağlıq Qarabağda erməni genosidi həyata keçirdiyini bütün dünyaya yayırdı. Prezident İlham Əliyev isə müraciət və müsahibələrində bu iftiranı konkret fakt və dəlillərlə təkzib edir, məsələnin mahiyyətini məntiqə söykənərək beynəlxalq ictimaiyyətə çatdırırdı. Məsələn, dövlətimizin başçısı CNN Inter­national kanalına müsahibəsində hazırda Azərbaycanda minlərlə erməninin ölkəmizin müxtəlif şəhərlərində, əsasən isə paytaxt Bakıda yaşadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olanSmerç” erməni qadının evinə düşüb. Bu da onu göstərir ki, hazırda Azərbaycanda əmin-amanlıq şəraitində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulublar. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenə də yalan deyir. Çünki hazırda Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan re­jimi tərəfindən etnik təmizlənməyə məruz qalıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə yer alan bu məqamla bağlı daha sonra de­yib: “Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlar yayır. İnternetə baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imza­lanmış Kürəkçay sülh müqaviləsinə baxın. Erməni əhalisi haqqın­da heç bir şey deyilmir. Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin dedikləri isə feykdir, tamamilə feykdir”.

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Mixail Boçarnikovu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən etdiyi çıxışla dünya­ya bir sıra mesajlarını çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, 30 ilə yaxın davam edən münaqişəni Minsk qrupu deyil, Azərbaycan özü həll etdi, buna güc yolu siyasi vasitələrlə nail oldu, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Azərbaycan Ermənistanı döyüş meydanında əzərək, işğal­çını məğlubiyyətini etiraf etməyə təslim hesab olunan bəyanatı imzalamağa məcbur etdi.

 

Prezident İlham Əliyev çıxı­şında Ermənistan rəhbərlərinin müharibə caniləri olduğunu deyərək, Gəncənin ballistik raketlə atəşə tutulmasını, Bərdə və Tərtər şəhərlərinin kasetlifosforlu sursatla atəşə məruz qalmasını, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma aparılmasını hərbi cinayətlər olaraq qiymətləndirdi, Ermənistanın keçmiş rəhbərləri olan Sarkisyan və Köçəryanı hərbi cinayətkarlar adlandırdı.

 

Dövlətimizin başçısı daha sonra vurğuladı ki, bu hərbi cinayətlər ha­zırda sənədləşdirilir və Azərbaycan şəhərlərinə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlar hazırlanır, beynəlxalq tərəfdaşlarla birlikdə mülki əhaliyə, infrastruktu­ra, dini və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır.

 

Bütün bunlar yekunlaşan­dan sonra zəruri addımlar atılacaq, təzminatın reallaş­ması üçün müəyyən tədbirlər gerçəkləşdiriləcək.

 

Dövlət başçısı sonda vurğu­ladı ki, beynəlxalq ictimaiyyət də gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamamasına dair Ermənistana birbaşa mesaj verməlidir, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək.

 

Beləliklə, Ali Baş Koman­dan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqla­rını inamla və qətiyyətlə müdafiə etdi. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşı­sındakı çıxışları xalqın ürəyindən xəbər verdi. Ən əsası, Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu. Bir daha sübut olundu ki, milli ma­raqlarımız Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2020.- 20 dekabr.- S.4.