Prezident İlham Əliyevin qələbələr marafonu

 

Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı və rəşadətli Silahlı Qüvvələrimiz 33 ildən bəri davam edən qanlı-qadalı Ermənistan – Azərbaycan münaqişəsinə cəmi 44 gün ərzində son qoydu. Bu il sentyabrın 27-də başlayan Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşı noyabrın 10-na keçən gecə tarixi Qələbə ilə sona çatdırıldı. Təcavüzkar Ermənistan sarsıdıcı məğlubiyyətə uğradıldı, işğalçı dövlətin başçısı 10 noyabr bəyanatını imzalamaqla ölkəsinin acı məğlubiyyətini, təslim olduğunu etiraf etmək məcburiyyətində qaldı. Azərbaycanın Ali Baş Komandanının başçılığı ilə qalib ordumuz XXI əsrin qəhrəmanlıq dastanını yazdı, dünya hərb tarixinə döyüş yeniliyi gətirdi. Mötəbər beynəlxalq dairələrdə bildirildiyi kimi, dünya hələ uzun illər bu rəşadətdən, Azərbaycanın Ali Baş Komandanının sərkərdəlik məharətindən, zabit və əsgərlərimizin yenilməz qəhrəmanlığından söz açacaq, bu döyüş təcrübəsindən yararlanmağa çalışacaq. “Şuşa əməliyyatı” isə tarixi fəthlər sırasında öyrəniləcək.

 

44 günlük müharibə ilə Azərbaycan həm də kimin kim, nəyin nə olduğunu bir daha aləmə sübut etdi. Dostlar da bilindi, düşmənlər də, ikili-üçlü oyunlar­la aranı qatanlar da. Onsuz da bəzilərinin mövqeyi çoxdan bəlli idi, amma bu dəfə pərdə yırtıldı.

 

Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk vaxtlarda “Xalq qəzeti”nə yazdığım bir məqalədə onun ümummilli lider Heydər Əliyevin ən layiqli siya­si varisi kimi və yeni tipli dövlət başçısı olaraq Azərbaycanı tarixi qələbələrə çatdıracağına dərin inamımı arqumentlərlə əsaslandırmağa çalışmışdım. Ara­dan keçən 17 ildən sonra həmin qələbələrdən tarixi gerçəklik kimi söz açmaq mənim üçün alim və ziyalı xoşbəxtliyidir.

 

Modern idarəçilik mədəniyyəti

 

İstər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci dönəmində, istərsə də onun siyasətinin layiqli davam­çısı – ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ölkəmizdə idarəçilik məsələlərinə xüsusi önəm verilmişdir. Çünki dövlətçiliyin inkişafı dövlət idarəetməsindən, yüksək idarəçilik qabiliyyətindən önəmli dərəcədə asılıdır. Dövlətin və dövlətçiliyin inkişafı həm də yüksək səviyyədə idarəetməni, bu sahədə çalışanların bacarıq və qabiliyyətini şərtləndirir. Yüksək, səmərəli dövlət idarəçiliyi olmayan cəmiyyətin, dövlətin dayanıqlı, davamlı, sabit inkişafı da mümkün deyil.

 

Vətən müharibəsinin 44 günü Azərbaycan dövləti dəmir yum­ruq kimi hamını– xalqı, ordunu, cəmiyyəti, bütün sosial-siyasi qrupları düşmənə qalib gəlməyə, Vətənin bütövlüyünü təmin etməyə səfərbər etdi. Xalqımızın bir məqsəd uğrunda mübarizədə sarsılmaz birliyi Prezident İlham Əliyevin dövlət quruculuğunun, idarəetmə strukturlarının səmərəli fəaliyyətinin təmin edilməsini stra­teji vəzifə kimi qiymətləndirməsinin nəticəsi kimi ərsəyə gəlmişdir.

 

Artıq daha aydın göründü­yü və bilindiyi kimi, digər vacib məsələlər kimi, idarəetmə, idarəçilik məsələlələri də dövlət həyatının başlıca prioritetlərdəndir. Bu sahədə, xüsusilə, 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra çox önəmli, radikal addımlar atılmışdır. Nisbətən yaşlı, təcrübəli kadrlarla yanaşı, müasir dövrün bir çox yeniliklərini mənimsəyən bilikli, enerjili, işgüzar gənc kadrların idarəçiliyə cəlb edilməsi, yüksək dövlət vəzifələrinə təyin edilməsi kadr islahatlarının və buna paralel olaraq, struktur islahatlarının apa­rılmasına da start verilmişdir.

 

Bu proses Prezident İlham Əliyevin ötən ilin oktyabrında sosial məsələlərin müzakirəsinə hərs olunmuş müşavirədə dövlət və hökumət orqanları qarşısında qoyduğu son dərəcədə vacib tap­şırıqlardan sonra daha sürətli hal almışdır. Elə bunun nəticəsi idi ki, həmin müşavirədən bir az sonra öz fəaliyyətlərində ciddi nöqsan­lara, qüsurlara yol vermiş bir çox icra başçısı, nazirlik və komitə rəhbəri, müxtəlif səviyyələrdə məsul şəxslər vəzifələrindən azad edilmişdir. Bununla yanaşı, hüquq-mühaifizə orqanlarının, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin ölkə vətəndaşlarının birmənalı dəstəyini qazanan əməliyyatları nəticəsində öz yerində olmayan insanlar, vəzifəli şəxslər məsuliyyətə cəlb edilmişlər.

 

Ötən ilin sonlarında isə yeni dövrün ab-havasına uyğunlaşmaq zərurəti baxımından 5-ci çağı­rış Milli Məclis vaxtından əvvəl buraxılmış, ölkədə növbədənkənar seçki elan edilmişdir. Nəticədə, çağdaş ruhlu, yeni tərkibli par­lament-- 6-cı çağırış Milli Məclis formalaşdırılmışdır. Bunlar da ölkə Prezidenti cənab İlham Əliyevin praqmatik dəst-xətti, yeniliklərə açıq olması, müasir çağırışlara zamanında cavab vermək məharəti ilə bağlıdır. Bu idarəçilik mədəniyyəti və onun daim yüksəldilməsi, nəticə etibarı ilə vətəndaş məmnunluğunun yaradılması məhz İlham Əliyevin adı, həyata keçirdiyi uzaqgörən və müdrik siyasətlə bağlıdır. Bu, həm də dünyaya təqdim edilən daha bir İlham Əliyev nümunəsidir.

 

44 günlük Vətən müharibəsi ilə 33 illik bəlalı münaqişəyə son qoyulması, tarixi Zəfərin əldə edilməsi yüksək dövlətçilik, idarəçilik mədəniyyətinin, kadrların yerində olmasının bir göstəricidir. Bunlar olmasaydı, bəlkə də, Qələbəmiz də uzanar, yaxud bir qədər çətinləşərdi. Bunları da məhz modern dövlət və siyasət xadimi olan İlham Əliyevin fitri istedadı və tükənməz enerjisi nəticəsində əldə etdik, qazandıq.

 

İnformasiya blokadasının yarılması

 

Müharibə dövründə döyüş və diplomatiya meydanında olduğu kimi, informasiya cəbhəsində də dostun dostluğu, düşmənin düşmənliyi bir daha üzə çıxdı– gerçək üzlər, sözü ölə əməli düz gəlib-gəlməyənlər daha aydın göründülər. Heç kimə sirr deyil ki, 1988-ci ilin fevralından alov­landırılan Qarabağ fitnəkarlığı nəticəsində keçmiş SSRİ məkanında, həm də daim dünyaya demokratiyadan, söz azadlığın­dan dərs keçən Qərb ölkələrində Azərbaycana qarşı ermənipərəst qüvvələrin təhriki və dəstəyi ilə bö­yük informasiya savaşı başladıldı. Ölkəmizə, xalqımıza qarşı, necə deyərlər, informasiya blokadası tətbiq edildi.

 

Azərbaycan həqiqətlərinə, Qarabağın əsl gerçəkliklərinə göz yumuldu. Fitnəkar ermənilərin, qəsbkar Ermənistanın mənafeyindən çıxış edildi, həqiqətin ağzına daş basıldı. Söz, mətbuat azadlığının, obyektivliyin, tərəfsizliyin bircə hərfinə belə əməl olunmadı, onun bütün parametləri yerlə-yeksan edildi. Xüsusilə, SSRİ-nin mərkəzi televiziyasında ermənipərəst Borovikin “Pozisiya” (“Mövqe”) proqramında yayım­lanan fitnəkar verilişdən sonra başlanan məkrli ssenari, infor­masiya savaşı nəticə etibarı ilə Azərbaycanın haqq mübarizəsini daha çətinləşdirdi. Qarabağ münaqişəsinin ədalətli həllini tapmasında informasiya işinə ciddi maneələr, çətinliklər yaradıldı. Azərbaycan həm hərb, diploma­tiya səngəri ilə yanaşı, informa­siya səngərində də döyüşməli, mübarizə aparmalı oldu. Bu istiqamətdə uzun, yorucu, ağrılı bir mərhələ yaşandı.

 

Hər nə qədər çətin və üzücü olsa da, Azərbaycan bu səngərdə də, nəhayət, öz sözünü deyə, maneələri, əngəlləri dəf edə, aşa bildi. Çətinliklə olsa da, ölkəmiz informasiya blokadasını yarmağa, dünya miqyasında əsl həqiqətləri ortaya qoymağa və onun xeyli dərəcədə etiraf edilməsinə nail ola bildi. Xüsusilə , 44 günlük Vətən müharibəsində bu istiqamətdə önəmli addımlar atıldı. Çünki hərb, diplomatiya səngərində uduzanlar artıq bütün güclərini informasiya, qaralama, şər-böhtan kampaniya­sına yönəltmişdilər.

 

Onlar bununla Azərbaycanı öz yolundan, haqq mübarizəsindən çəkindirməyə çalışır və öz istəklərinə, planlarına nail ola biləcəklərini düşünürdülər. Reallıqlar bir tərəfdə qaldı, yalan, böhtan, qarayaxma yenə at oy­natdı. Ancaq qətiyyətli və müdrik Azərbaycan lideri cənab İlham Əliyev burada da öz sözünü deyə bildi, Qarabağ həqiqətlərini məhz həmin kampaniya aparanların öz dili ilə etiraf etdirməyə nail oldu.

 

Azərbaycan rəhbəri İlham Əliyev 44 gün ərzində dünyanın tanınmış, nüfuzlu, reytinqli media qurumlarına – telekanallara, xəbər agentliklərinə, qəzetlərə 30-dək müsahibə verdi, dövlət başçımıza üst-üstə 500-dən çox sual ünvan­landı. Həmin müsahibələrin hər biri, eləcə də Prezidentin dünyada geniş əks-səda doğuran xalqa müraciətləri və müxtəlif açıqla­maları uğurlu bir tarix, həm də bizi sevməyənlərin, haqq işimizi saxtalaşdıranların möhtəşəm ifşa­sı oldu. Bəlkə də, dünya tarixində belə bir hadisəyə, analoji fakta rast gəlinməmişdi ki, müharibə aparan ölkənin rəhbəri qısa dövr ərzində bu qədər müsahibə, açıq­lama vermiş olsun. Özü də səbrlə, son dərəcə soyuqqanlılıqla, usta­lıqla. Bunun özü də bir ilk idi, bir tarixi, nadir hadisə, Azərbaycanın daha bir uğuru idi.

 

Qarabağ münaqişəsi baş­layan gündən, xüsusilə, bu ilin iyul – Tovuz hadisələri və Vətən müharibəsi dövründə daim yanımızda olan, hər zaman öz dəstəyini hiss etdirən qardaş və dost Türkiyənin, demək olar ki, əksər telekanallarına, media qurumlarına, o cümlədən, ABŞ-ın, Rusiyanın, Fransanın, Alma­niyanın, İngiltərənin İtaliyanın, İspaniyanın, Qətərin, Yaponiyanın və digər ölkələrin kütləvi yayım vasitələrinə Azərbaycan rəhbərinin verdiyi tarixi müsahibələr Ordumu­zun 44 günlük Zəfər yürüşündə öz sözünü dedi, tarixi rolunu oynadı.

 

Azərbaycan reallıqlarına, Qa­rabağ gerçəkliklərinə bilərəkdən və ya bilməyərəkdən göz yuman­lar əsl həqiqətin necə və nədən ibarət olduğunu bir daha öz gözləri ilə gördülər, anlamağa məcbur oldular. Ələlxüsus da, Rusiya ka­nallarından birinin təşkil etdiyi tele­debatda Azərbaycan Prezidentinin Ermənistanın bədnam və kəmağıl baş nazirini, sözün əsl mənasında, seytnot, nokaut vəziyyətinə salma­sı informasiya blokadasının alt-üst edilməsində və münaqişənin gedi­şatında öz rolunu oynamış oldu.

 

Bu informasiya qələbəsi, çox güman ki, hələ uzun illər yaddaş­lardan, hafizələrdən silinməyəcək, düşmənlər hələ uzun dönəm bunun ağrısı və acısını, utancını yaşayacaqlar. Həmin müsahibə ilə Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin dərin zəkalı, aydın baxışlı dövlət və siyasət xa­dimi olduğunu dünyaya göstərdi. O, sübut etdi ki, kim siyasətdə, idarəçilikdə yetkin və məharətlidir– kim təsadüfi və naşıdır.

 

Deyilənlərin əyani sübutu olaraq, dövlət başçımızın ABŞ-ın nüfuzlu “Fox News” televiziya kanalına müsahibəsindən bir parçaya nəzər salaq:

 

“– Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldu­nuz. İndi 2020-ci ildə isə Siz qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz.

 

– Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduz­muşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

 

– Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi.

 

– İkincisi, bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə baş­lamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşa­yacaqlar”.

 

Bəli, bəzi aparıcıların su­allarından, davranışlarından açıq-aşkar Azərbaycana qarşı kin-küdurət, qərəz, erməni yalan­larına aludəçilik hiss olunurdu. Müxbir-aparıcı, sanki, öz peşəsini unutmuşdu, elə bil, müstəntiq, prokuror, hakim rolunda çıxış edirdi. Ancaq Azərbaycan Prezi­denti təmkinli, müdrik və soyuq­qanlı şəkildə hər bir sualı usta­lıqla, sərrast və iti arqumentlərlə, peşəkarlıqla cavablandırır, aparıcı­nı hər dəfə pərt vəziyyətə salırdı. Bu idi İlham Əliyev fərqliliyi, bu idi İlham Əliyev ustalığı, bu idi İlham Əliyev istedadı.

 

Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayan­ması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 33 illik Qa­rabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, dostluq və qardaşlığımızın təzahürünə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi. Bir neçə dəfə erməni vandalizminə, düşmənin raket zərbələrinə məruz qalan, qəddarlıq dramları səhnələrinə çevrilən Gəncədən, Bərdədən, Tərtərdən, Naftalandan və digər bölgələrdən yayımlanan birbaşa, canlı reportajlar Azərbaycanın tək, yalnız buraxılmadığının, əsl həqiqətlərin kimin tərəfində olma­sının dünyaya nümayişi oldu.

 

Minsk qrupunun iflası

 

Vətən müharibəsi bir çox gerçəklikləri və reallıq­ları ortaya qoydu. Xüsusilə, beynəlxalq təşkilatların, insan hüquq-müdafiə qurumları­nın, Ermənistan--Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürdüklərini bəyan edənlərin əsl mahiyyətlərini və niyyətlərini də bir daha olduğu kimi nümayiş etdirdi. Uzun illər ermənipərəst, antiazərbaycan dairələrin təsiri altında olan bir çox beynəlxalq təşkilatlar bu dəfə də öz yarıt­maz, bədnam, obyektivlikdən, elan etdikləri dəyərlərdən qat-qat uzaqda dayanan fəaliyyətləri ilə seçildilər.

 

AŞPA, ATƏT və onun struk­turları, digər qurumlar bir daha həqiqətin deyil, yalanın və riyakar­lığın, ermənilərin və Ermənistanın, təcavüzün və işğalçının yanında dayandıqlarını sübut etdilər, yenə də bəlli simalarını gizlədə bilmədilər. 28 il öncə yaradılan ATƏT-in Minsk konfransı (sonradan Minsk qrupuna çevrildi) və 1997-ci ildən həmsədrlik for­matını inhisarına alan həmsədrlər öz mandatlarından, missiyaların­dan uzaq fəaliyyət sərgilədilər. Onlar Emənistan--Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli missiyasını üzərlərinə götürdükləri halda nə Minsk qrupu, nə də həmsədrlər ötən 28 il ərzində ortaya düz-əməlli bir nəticə qoya bildi.

 

Həmsədrlərin regiona səfərləri turist səfərlərindən heç nə ilə fərqlənmədi. Gəldilər, getdilər, sadəcə, arada-sırada da fayda­sı olmayan boş bəyanatlarla öz işlərini bitmiş saydılar. Üzərlərinə gediləndə də missiyalarının mahiyyətinə tam zidd şəkildə “tərəflər özləri razılığa gəlsinlər, biz də dəstək verək” cavabı ilə ya­xalarını kənara çəkməyə çalışdı­lar. Əllərində işğalçı və təcazükar işğala son qoymağa, sülhə razı salmağa hər cür imkanları və mexanizmləri olduqları halda, heç bir təzyiq vasitəsini işə salmadılar, faşist və terror dövlətinə heç bir sanksiya tətbiq etmədilər.Daha doğrusu, etmək istəmdilər, bir çox hallarda Ermənistanın, işğalçının yanında olduqlarını, onu növbəti işğala iştahlandırdıqlarını sübut etdilər.

 

Xüsusilə də, ermənipərəstliyi ilə seçilən, ermənilərdən daha çox erməniçilik nümayiş etdirən Fransa, onun siyasi və ziyalı elita­sı. Bu ölkə münaqişə başlayan ilk gündən, o cümlədən, özünü Minsk qrupuna Azərbaycanın etirazlarına rəğmən zorla pərçim etdiyi andan daim Ermənistanın, işğalçının ya­nında yer aldı. Həmsədr kimi, ən azı, tərəfsizlik nümayiş etdirməli olduğu halda, tam və açıq şəkildə tərəflilik, Ermənistanpərəstlik yolunu tutdu. Prezident Makronun 44 gündə ortaya qoyduğu davra­nış, bunun davamı olaraq, Fransa Senatı və Milli Assambleyası­nın məlum mövqeyi bu ölkənin həmsədrlikdən, haqqdan bilmərrə uzaq olduğunu bir daha gözlər önünə sərdi.

 

Beləliklə, missiyası Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi olan Minsk qrupu Fransanın timsalında özünü tam iflasa uğratmış oldu. Onsuz da Azərbaycan xalqının və dövlətinin, ölkə rəhbərliyinin bu qrupa etimadı, güvəni az idi. Cəmiyyətimzdə neçə illər idi ki, ATƏT-ə etimadsızlıq var idi. Lakin 44 günlük savaş günlərdəki davranışı ilə Minsk qrupu bir daha özünü biabır etdi. Onsuz da biz hərb, savaş meydanında öz sözü­müzü dedik, 33 illik münaqişəyə 44 günlük müharibə, tarixi Zəfər ilə son qoyduq.

 

Artıq nə savaş var, nə Dağlıq Qarabağ adlı münaqişə və coğrafi məfhum var, nə cəbhə, təmas xətti var, nə status-kvo, nə də status məsələsi. Hamısı darmadağın edil­di. Biz öz gücümüzlə münaqişəyə, süni problemlərə, maeələrə son qoyduq. Bizim artıq kimsəyə, xüsusilə də Minsk qrupuna və həmsədrlərə ehtiyacımız yoxdur.

 

Elə Müzəffər Ali Baş Koman­dan, ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ və Fransa­dan olan həmsədrləri və Rusiya səfiri ilə görüşündə dediyi sözlər, verdiyi tarixi mesaj məsələyə birmənalı nöqtəsini qoymuş oldu. Bu, həm də Minsk qrupunun, bütövlükdə, 28 illik “fəaliyyəti”nə verilən yekun dəyərləndirmə oldu.

 

“Qarabağ Azərbaycandır!”

 

33 illik qanlı münaqişəyə son qoyan 44 günlük Vətən müharibəsi sentyabrın 27-də, səhər saatlarında Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinə verdiyi bütün cəbhə boyu əks-hücüm əməliyyatına keçmək əmri və həmin gün Azərbaycan xalqına ilk tarixi müraciəti ilə başladı.

 

Sentyabrın 27-də saat 12 radələrində Azərbaycan xal­qının və bütün dünyanın gözü Azərbaycana, ölkə Preziden­tinin öncədən elan olunmuş müraciətinə yönəldi. Dünyanın nəbzi Azərbaycanla döyünməyə başladı. Ali Baş Komandan kimi Azərbaycan Prezidentinin nə deyəcəyi, hansı mesaj verəcəyi bir andaca dünyanın gündəminə çev­rildi. Tarixi müraciətinə başlayan ölkə Prezidenti artıq Ermənistanın və onun havadarlarının qanlı təxribatlarına, fitnəkarlıqlarına dözülmədiyini, düşmənə necə lazımdırdsa, bütün cəbhə boyu zərbə endirildiyini bəyan etdi.

 

Ali Baş Komandan onun əmri ilə Qarabağda Vətən müharibəsinə başlanıldığını və bu savaşda Azərbaycanın axıracan qərarlı, son və qəti Qələbəyəcən getmək, geri çəkilməmək niyyətində olduğunu bütün dün­yaya elan etdi. Ölkə Prezidentinin bu müraciəti göy üzündə çaxan şimşəyə bənzədi, düşmənlərimiz, onların havadarları bundan nə qədər narahat, rəncidə oldularsa, Azərbaycanın dostları buna bir o qədər sevindilər. Xalqımız isə dövlətinə, dövlət başçısına, ordu­suna bir o qədər güvəndi, etibar etdi, arxa-dayaq oldu.

 

(ardı var)

 

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin deputatı, akademik

 

Xalq qəzeti 2020.- 25 dekabr.- S.9.