Türk dünyasına Zəfər sevinci yaşadan Ali Baş Komandan

 

Azərbaycanın tarixi zəfər bayramını bütün Türk dünyası şərəflə, hörmətlə, ehtiramla qeyd edir. Tarixi keçmişi ilə fəxr etdiyimiz Azərbaycanımız bu gün dünya dövlətləri arasında adı hörmətlə çəkilən və qəhrəmanlıq salnaməsi yazan bir dövlət kimi tanınır. Tarixin bütün sınaqlarından başı uca, üzü çıxan Türk dünyasının sağlam budaqlarından olan Azərbaycan yeni şərəfli bir tarix yazdı. Bu şərəfli tarixin müəllifi, xalqımızın vətənpərvər, qeyrətli və müdrik oğlu, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.

 

Bütün dünya bir daha əmin oldu ki, qüdrətli Azərbaycan Ordusu Türk dövlətçiliyinin çox qədim və zəngin tarixi ənənələrinə sadiqdir. Bu gün xalqımızın milli müstəqilliyini, onun ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Xalqımızın yeni tarixini yazan, onun keçmişinibugününü qeyrət və qətiyyətlə qoruyan Ali Baş Komandanın bu yolda atdığı addım gələcəyə göstərilən xidmətdir. Kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu qələbənin tarixi önəmini qədərincə anlamalı və qiymətləndirməlidir. Hamı bilməlidir ki, bəşər tarixində ilk dəfə 44 günə belə bir qələbəyə Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu nail olub.

Mən də bir ziyalı kimi, müharibə başlayana kimi müxtəlif səpkili danışıqların şahidi olurdum. İnsanlar arasında ruh düşgünlüyü, inamsızlıq yaratmaq üçün sınıq-salxaq “dəyirmanlarını” işə salan “dırnaqarası” vətənpərvərlər belə hesab edirdilər ki, əgər onlar deyən olmasa, dünyanın sonu gələcək. Ədalət xatirinə demək istəyirəm ki, onların arasında ziyalı insanlar da olub. Belələri yaxşı başa düşməlidirlər ki, ləyaqətli vətəndaş ölkəsində baş verən gedişatı daha dərindən təhlil edərkən, öncə ­qüruru, mənliyi, vicdanı, keçirdiyi böhranlı dəqiqələri göz qabağına gətirməlidir.

Onlar bunun hamısını yaxşı bilirlər, sadəcə, dünya diplomatiyasından uzaq olduqlarından çox şeyləri unudurlar. Bu yerdə Ziya Paşanın hikmətli kəlamına ehtiyac vardır: “Ayinəsi işdir kişinin lafa baxılmaz, şəxsin görünür rütbeyi-ağlı əsərində”. Bu müdrik kəlamdan nəticə çıxarmaq hər birimizin vətəndaşlıq borcudur. Bəli, Ali Baş Komandanın gördüyü böyük göz qabağındadır!

Müharibə dövründə xalq gecə-gündüz bilmədən hər dəqiqə, hər saniyə Ali Baş Komandanın elan edəcəyi cəbhə xəbərlərini gözləyirdi. Azərbaycan xalqı onu özünün ümid çırağı adlandırmaqda səhv etmirdi. Hər bir zəfər xəbərini ­Prezidetimizin dilindən eşitməyi səhrada su axtaran bədəvinin arzusu ilə müqayisə etmək yerinə düşərdi. Ali Baş Komandanın xoş xəbəri xalqına çatdırmaq üçün necə həyacan keçirdiyini onun xoş təbəssüm dolu sifətindən hiss etmək olurdu. Bu xoş təbəssüm, gözlərində düşmənə tuşlanmış nifrət qığılcımı ətrafı hər an kül etməyə hazır vəziyyətdə idi.

Bizim hər birimiz dünyada gedən siyasi oyunlara açıq gözlə baxmalıyıq. Atdığımız hər bir addıma diqqət etməliyik. Daşnak tör-töküntülərinin, dünyanın hər yerinə səpələnmiş, müxbir adı ilə söz bazarında meydan sulayanlar Azərbaycanda at oynatmağın o qədər də asan olmadığını görüb üzüqara gəlin kimi aradan çıxdılar. Təəssüf ki, Türk dünyasının tarixi düşməni erməni vandalları öz mənfur əməlləri ilə bu gün də quduzluqlarını müxtəlif yollarla davam etdirirlər.

Ali Baş Komandan gecə-gündüz bilmədən xarici diplomatlarla keçirdiyi görüşlərində, çoxsaylı jurnalistlərin qərəzli suallarına cavablarında onları başa salırdı ki, Azərbaycan Ordusu ölkəmizin bütövlüyü uğrunda savaşdadır. Döyüşlər Azərbaycan ərazilərində aparılır, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın milli müstəqilliyini qoruyub saxlaması hər bir azərbaycanlının müqəddəs borcudur. Azərbaycan xalqına və onun müzəffər ordusuna güvənən Ali Baş Komandan tarixi müsahibələrində təkcə jurnalistlərə yox, bütün dünyaya dərs verdi. Onları başa saldı ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalıdır.

Dövlətimizin rəhbəri bildirdi ki, Ermənistanın Azərbaycanın əzəli torpaqlarında işğalçılıq siyasətini davam etdirməsi, törətdiyi hərbi cinayətlər və etnik təmizləmələr 44 günlük müharibənin əsas səbəblərindəndir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, ordu–xalq–Prezident birliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi. Prezident İlham Əliyev yaxın günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən də vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq. Bu, artıq tarixdir.

Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Türkiyə dövləti kimi arxası, qüdrətli Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi dostu, qardaşı var. Bu ölkələr əkiz qardaş olduqları kimi, Azərbaycan və Türkiyə Prezidentləri də əkiz qardaşdırlar. Dünyanın çox sayılıb-seçilən təbibləri sübut ediblər ki, əkizlər zahirən bir-birinə oxşamasalar da, daxilən bir-birinə son dərəcə bağlı insanlardır. Ulularımız da deyir ki, qardaş olmaq üçün bir anadan olmaq şərt deyildir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev çıxışlarında deyirdi: “Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik”.

Bir millət və iki dövlətin eyni köklər üzərində əzəmətlə ucalan və insanlığa örnək olan Qoşa Çinarlardır bu şəxsiyyətlər! Bütün Türk dünyasının fəxr etdiyi, Qoşa Çinarların əzəmət, məğrurluq rəmzi olaraq Bakıda keçirilən zəfər paradında yan-yana, çiyin-çiyinə dayanmaları düşmənlərin çirkin niyyətlərini puç etdi. Türk dünyasının görən gözü, düşünən beyni Rəcəb Tayyib Ərdoğan ulularının yolunu gedərək çıxışı zamanı dilə gətirdiyi mülahizələr region ölkələrinin əməkdaşlığının vacibliyinə bir işarə idi. Dünya yaxşı bilir ki, hərə öz arşını ilə ölçər!

Biz bu gün bir xalq olaraq, azad nəfəs almağımıza görə “əkiz qardaşlara” minnətdar olmalıyıq. Bu ulu çinarlarımız Türk dünyasının başını uca etdilər. Hər iki tərəfin diplomatik korpusları, Türk dünyasını qüdrətli diplomatı Mövlud ÇavuşoğluÇeyhun Bayramovun diplomatik uğurları masada da qələbəmizin tarixini təsdiqlədi. Keçmiş bir fikri xatırlatmaq istəyirəm: çox nüfuzlu diplomatlardan biri Azərbaycan xalqını yatmış aslana bənzətmişdi. O, aslan oyanarsa, ermənilər vay sizin halınıza, – demişdi. Bu yad oğlunun sözünə hörmətlə yanaşsaq görərik ki, bu, bir həqiqət oldu.

Göründüyü kimi Prezident, Ali Baş Komandan İlham Əliyev “nəyi, nə vaxt və necə etməyi yaxşı bilirəm” sözlərini nahaqdan demirdi. Azərbaycan Ordusunun xalqımıza qazandırdığı tarixi uğur danılmazdır. Dağlıq Qarabağdan kənardakı rayonlar, eləcə də Şuşa və digər ərazilər də işğaldan azad edilib. Ona görə də bu nəticə Azərbaycan üçün tam Qələbədir.

“Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır!” şuarları xalq birliyinin çağırışı olaraq tarixin şərəfli səhifələrinə qızıl hərflərlə yazılacaqdır. Bu yolda da tək olmayan Prezident, Ali Baş Komandan İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yanaşı, işğaldan azad olunmuş torpaqları ziyarət etdilər. Tanrı onları qorusun!

Cənab İlham Əliyev azad olmuş torpaqlarımızı xanımı ilə birgə ziyarət edərkən sübut etdi ki, bu Vətən, bu torpaq əsl sahibinindir. Onlar dəmir yumruğu düşmənin başına elə endirdilər ki, Köçəryanlar, Sərkisyanlar, Paşinyanlarbütün “...yanlar” öz hikkəli əməlləri ilə özlərinə daha dərin quyu qazdılar. Azərbaycanın Ali baş Komandanı sübut etdi ki, ər meydanı vandallığı və təlxəkliyi sevmir.

Bu yazımın sonunda böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gün təkcə Azərbaycan xalqı deyil, bütün Türk dünyası müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir!

 

Rüfət RÜSTƏMOV

 

Bakı Dövlət Universiteti türk filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist

 

Xalq qəzeti 2020.- 26 dekabr.- S.5.