Bir başqa il, tarixi Zəfər və Ali Baş Komandanın ad günü

 

Bu il bir başqa ildir. Mənim könlüm də rəhmətlik Müşfiq kimi deyir ki...

 

“Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır!

 

2020-ci ilin əvvəllərində koronavirus təbəddülatları çoxlu suallar gətirmiş, insanları evə, cəmiyyəti özünə qapanmağa vadar etmişdi. Hərçənd koronavirus təhlükəsi hələ də davam edir, yoluxmalar ilin birinci yarısı ilə müqayisədə xeyli çoxdur. Lakin bu istiqamətdə cəmiyyətin psixoloji immuniteti formalaşıb, deyə bilərik. Bu, öz yerində, sözüm bu barədə deyil. 2020-ci il haqqında bəd danışanlar çoxalmış, ili yamanlamalar artmışdı. Koronalı günlərə, karantin məhdudiyyətlərinə uyğunlaşmalar müəyyən problemlər yaradırdı. O yandan da, Paşinyanın, Tonoyanın sərsəm açıqlamaları ara vermirdi, qondarma rejim əsilsiz “seçki” keçirir, “seçki”nin ikinci turu–filan olurdu. Şuşa ilə bağlı, işğal altında olan digər torpaqlarımızla (Kəlbəcər, Cəbrayıl...) bağlı qondarma rejim “hökumət”inin “infrastruktur plan”ları yayılır, bizi narahat edirdi.

Sonra, iyul ayında Tovuz istiqamətində düşmən hücumu oldu, generalımız Polad Həşimov başda olmaqla hərbçilərimiz, mülki sakinimiz şəhid oldu, evlər dağıdıldı. Bir qədər sonra Rusiyadan İran üzərindən də keçməklə Ermənistana tonlarla silah-sursat daşındığı bəlli oldu, daha sonra Goranboy isqtiqamətində erməni kəşfiyyat-təxribat qrupunun sızma cəhdi barədə eşitdik, bildik.

Belə baxanda, il, doğrudan da, dərd ağırlığı basmış kimi idi, lakin dövlətin müdrik başçısı müxtəlif görüşlərdə, TV-lərə açıqlamalarında ümid verir, inam aşılayırdı, təmkinlə, dövlət ağlı ilə cəmiyyətə ismarınclar verirdi. Beləliklə, çox keçmədi:

– Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, bir neçə modul tipli xəstəxana açıldı, işlər səhmana salındı, vətəndaşların sosial qayğıları öyrənildi, mümkün olanlar yerinə yetirildi. Koronavirusla bağlı Azərbaycan Respublikasının gördüyü işlər ÜST tərəfindən təqdir edildi. Respublikamız ÜST-ə, kasıb ölkələrə ianələr etdi, bəzi ölkələrə yardımlar göndərildi. Dövlət başçıları səviyyəsində koronavirusla mübarizə tədbirlərini ilk müzakirə edən beynəlxalq qurum, Azərbaycan Prezidentinin sədrlik etdiyi Türk Şurası oldu. Sonra Qoşulmama Hərəkatı, yenə Azərbaycanın sədrliyi ilə koronavirusla effektiv mübarizəni müzakirə etdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə mövzu BMT Baş Assam­bleyasına daşındı.

– İşğalçı Ermənistanın siyasi-hərbi təxribatları öz cavabını aldı. Qondarma rejimin saxta “seçki”lərini dünya birliyi tanımadı. Azərbaycan cəmiyyətinin Ermənistana qarşı qəzəbi kükrədi.

– Tovuza hücum cəhdi edən Ermənsitanın burnu ovuldu. Hərbçilərimizin düşmənə bilavasitə verdiyi dərs öz yerində, kükrəyən cəmiyyət də, xalq ruhunun cəsarətinin nə dərəcədə diri olduğunu, vətəndaşın öz ölkəsi üçün necə ayağa qalxdığını dosta da, düşmənə də göstərdi. Səfərbərlik idarələrinin qarşısı cavanlarla aşıb-daşdı.

– Azərbaycan Prezidenti Paşinyanın əsassız “7 şərt”ini zibil qutusuna atdı.

– Azərbaycan Prezidenti Rusiya Prezidentinə telefon açaraq, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən avqustun 13-dək Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu onun diqqətinə çatdırdı,

– Goranboya sızmış düşmən qrupu zərərsizləşdirildi, qrupun başçısı əsir götürüldü və bülbül kimi ötdü,

– Azərbaycan – Türkiyə birgə hərbi təlimləri yüksək səviyyədə, böyük miqyasda keçirildi.

– Sentyabrın 21–də BMT Baş Assambleyasının 75–ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev videoformatda çıxış etdi, dünya birliyini Ermənistanın hüquqtanımazlığı haqqında, müharibəyə hazırlaşması barədə bir daha uyardı.

–Və nəhayət! 27 sentyabr 2020–ci il, səhər saat 06.00! Ermənistanın növbəti hücum cəhdi, hərbi təxribatı və ordumuzun cəbhə boyu əks-həmləsi ilə 44 gün çəkən Vətən müharibəsi başladı! Həmin 44 gün göstərdi ki, bütün çətin, mürəkkəb situasiyalarda, bütün gərginliklərdə dövlət ağlı, dövlət başçısının düşünülmüş siyasəti, uzaqgörənliyi və Vətən sevgisi dövlətə sədaqətlə necə uzlaşıb, necə uğurlar yarada bilər!

İndi, ilin tamamına sayılı günlər qalıb və biz 2020–ci ilin bütün çətinlikləri ilə yanaşı, məhz uğur ili kimi tarixə düşəcəyini deyirik, görürük. Bu il bir başqa il oldu: Özünə inamın qayıdış ili! Qarabağ ili, Şuşa ili! Qələbə ili! Artıq, 28 il boyu etdiyimiz ilsonu müraciətlərimiz, Həmrəylik Günü, Yeni il təbriklərimiz yeni məzmun, əsl məzmun qazanıb. Və “Mənim könlüm deyir ki”!..

Bəli, Azərbaycan Respublikası, dünya azərbaycanlıları, Azərbaycanın dostları, haqq-ədalət sevdalıları üçün 2020-ci ili uğur ilinə döndərən Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə müzəffər Ordumuz oldu! Ordumuzun hər bir mənsubu, cəmi bir neçə ay xidmətdə olan gəncimizdən tutmuş təcrübəli generallarımızadək Silahlı Qüvvələrimiz oldu 2020-ci ili uğur ili edən! Xalqımızın dövlətcanlılığı, vətəndaşımızın torpağa bağlılığı, dövlət-xalq birliyinin təntənəsi 44 günümüzün daxil olduğu 2020–ci ili il kimi il etdi! Dərdini içində çəkən, qürurunu hamımızla bölüşən baş tacı şəhid ailələrimiz tarixi zəfərimizin əsas söz sahibləri oldu! Şəhidlərimizi dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! Yaralı qazilərimizə tezliklə sağalmalarını, itkinlərimizə öz doğmalarına, öz torpaqlarına qovuşmalarını ulu Tanrıdan arzu-təmənna edirik.

Vəfalı qardaşlarımız, etibarlı dostlarımız, qədirbilən xalqlar, dövlətlər Azər-baycanın gücünə güc, sevincinə sevinc qatdı 44 gün boyunca.

30 ildən sonra nəhayət, diləyimiz, inamımız öz yerində, öz dərəcəsində, öz mərtəbəsindədir. İndi Şuşada, Kəlbəcərdə, Laçında... bayramlaşmaq arzusunun ötəsindəyik. Şükür bu günə, bu ilə! Bu günü, bu sevinci bizə bəxş edəni tarix unutmayacaq, xalq unutmayacaq, vətəndaş unutmayacaq, ürək və qələm unutmayacaq!

Necə unuda bilərik zəfərimizin özünü, təntənəsini, Zəfər Paradımızı! Qardaş Türkiyənin Cümhurbaşqanının başçılığı ilə böyük nümayəndə heyətinin, o cümlədən qardaş ölkə hərbçilərinin paradda iştirakı unudulmaz hadisə idi.

Ermənistan üzərində qələbə çalan hərbçilərimiz üçün yeni orden, medal və fəxri adın təsisi unudulmazdır: İndi Azərbaycan yeni oğullarını – Vətən müharibəsi qəhrəmanlarını tanıyır, Ermənistansa özünün minlərlə fərarisini!

Azərbaycan “İrəli!” deyən, “Vətən sağ olsun!” deyən şəhid ailələrini tanıyır, Ermənistansa öz hökumətinə üsyan bayrağı qaldıran, Azərbaycan tərəfinə keçəcəyini bağıran erməni analarını...

Bizim qalib hərbçilərimizin yaxasını “Zəfər”, “Qarabağ” ordenləri, “Vətən urğunda” medalı, digər orden–medallar bəzəyir, Ermənistan hərbçilərinin yaxasındakılar isə həqiqətən adi dəmirə çevrildi.

Şuşada sancılan üçrəngli Azərbaycan bayrağı müqəddəsdir, kəndlərimizdən, şəhərlərimizdən endirilən isə əski parçasıdır. Prezident demiş, “endir o bayrağı dirəkdən, bük qoy cibinə, get, işinin dalınca...”

Yaxşı bilirik ki, dövlət başçısının həyata keçirdiyi siyasətin strateji hədəfi olub, var və o strateji hədəf güclü Azərbaycan dövlətidir! O hədəfə çatmaq üçün çağdaş iqtisadi sistemin təmini, çağdaş sosial – mədəni infrastrukturun yaradılması, çağdaş dövlət-vətəndaş münasibətləri, vətəndaş cəmiyyəti quruculuğu, bir sözlə, həyatın bütün sahələri üzrə islahatlar və s., yeni mədəniyyət iqliminin yaradılması kimi səciyyələndirilə bilər. Bura nələr daxildir?:

– Sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi,

– Respublikamızın müstəqil xarici siyasəti, ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli, nüfuzlu üzvünə çevrilməsi,

– Dövlət başçısının siyasətində humanizm prinsipinin, vətəndaş amilinin yüksək tutulması, milli birlik, xəlqi həmrəylik, sivilzasiyalar, mədəniyyətlərarası dialoq,

– Günün tələblərinə cavab verən çağdaş ordu quruculuğu və s.

Vətən müharibəsinin gedişatı, işğaldan qurtarılmış torpaqlarımızda aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş, qənimət götürülmüş hərbi texnika, silah–sursat açıq şəkildə nümayiş etdirir ki, ordumuzun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış, təşkilatlandırılmış güclü düşmən olub. 30 ilə yaxın möhkəmləmiş, yaxşı mövqelər tutmuş düşmənə 44 gün içində qalib gəlmək asan məsələ deyildi!

Biz belə bir düşmənə, belə bir hünərlə qalib gəlmişik!

O Ermənistana qalib gəlmişik ki, dünyanın dörd yanında böyük havadarları, diaspor, lobbi şəbəkəsi vardır. Bu idbar şəbəkə 44 gün içində, öncələr olduğundan daha şiddətli dərəcədə fəallaşdırılmışdı, respublikamıza qarşı ciddi təzyiq kampaniyasına israrlı cəhdlər olunmuşdu. Bu cəhdlərin qarşısında, Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi–psixoloji durumu, qalibiyyət ovqatı dururdu. Bunu yaradan vardı. Heç nə öz-özünə olmur, birdən-birə təmin olunmur bunlar. Necə deyərlər, göydə Tanrı, yerdə dövlət!

Bəli, sözümüzün önü də, ortası da, sonu da Vətəndir, dövlətdir, xalqdır! Çünki vətəncanlı, güclü dövlətçilik ideya–siyasi xətli, xalqına qulluğu həyat amalı seçən siyasət və dövlət xadimindən, dövlət başçısından danışırıq!

44 gün!

Dövlət orqanları, vətəndaş cəmiyəti institutları – Şuşa deyəndə damarında qanı oynayanlar, Qarabağ deyəndə ürəyi yerində durmayanlar, hətta heç Şuşanı, Qarabağı görməyənlər İlahi bir eşqlə irəli atıldı, qələbə üçün əli ilə, yalnız əli ilə deyil, könlü ilə, yalnız əli və könlü ilə deyil, ruhu ilə çalışdı, vuruşdu! Bütün hallarda ölkənin, xalqın vahid, kamil orqanizm kimi çalışmasını təmin edən bir dövlət, dövlət başçısı vardı, əlbəttə! Çuvaşlar demiş, Vardı! Var! Var olacaq!

O rəhbərin ad günüdür, ad günü mübarək olsun!

Prezident bu il ad günü ərəfəsində əsgərlərlə görüşdəydi. Öncəki illərdə də belə olub: ya hərbçilər, ya da qaçqın, məcburi köçkünlər içində keçib dövlət başçısının ad günü.

Sizi ürəkdən təbrik edirik, cənab Prezident! Uğur, Qələbə, Zəfər Sizə çox yaraşır! Ömrünüz uzun olsun! Dövlətimiz zaval görməsin!

 

Əkbər QOŞALI

 

Xalq qəzeti  2020.- 26 dekabr.- S.7.