“Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir...”

 

Biz öz istəyimizə nail olduq. Dekabrın 10-da Zəfər paradı keçirildi. Zəfər paradında biz düşmənin məhv edilmiş qənimət götürülmüş texnikasını nümayiş etdirdik öz hərbi potensialımızı nümayiş etdirdik. Biz bundan sonra da ordumuzu gücləndirəcəyik. İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ermənistanın işğal altında saxladığı ərazilərimiz–kənd və qəsəbələr, şəhərlər 30 il ərzində viran qoyulub, infrastruktur, maddi-mədəni abidələr dağıdılıb, təbii sərvətlər talan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 23-də işğaldan azad edilən Qubadlı və Zəngilan rayonlarına səfərlərində də bunun bir daha şahidi olduq. Qubadlıya gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev yağı tapdağından qurtulan torpaqlarımızda dağıdılan evlərin, tarixi-dini dəyərlərimizin, hətta sovet vaxtından qalan, İkinci Dünya müharibəsinə həsr edilən abidənin, bağ-bağçaların acı mənzərəsini görüb düşmənin bu cinayətlərə görə cavab verəcəyini bildirdi. Dövlətimizin başçısı daha sonra qəsbkarın yerlə-yeksan etdiyi Göyərçin kəndini göstərib dedi: “Erməni faşistlər tərəfindən dağıdılıb. Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyiblər. Görün, biz hansı vəhşi düşmənlə üz-üzə idik, biz hansı şər qüvvələri məğlub etdik?! Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Ancaq, ilk növbədə, bütün kəndlər, o dağıntılar sənədləşdiriləcək, uçota alınacaq”.

 

rezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonu ərazisində də erməni barbarlığınını şahidi oldular. Babaylı, Ağalı, Seləli kəndlərinin dağıdıldığını, bir salamat bina belə saxlanılmadığını, ağacların kəsildiyini, hətta qəbiristanlıqların vandal hərəkətlərə məruz qaldığını müşahidə etdilər.

Yeri gəlmişkən, burada diqqətçəkən bir məqamı xatırlatmaq istərdik. Dövlətimizin başçısının səfəri zamanı yolboyu viran qoyulan, ürək dağlayan yaşayış məntəqələrimizin bəzilərində evlərin bir qisminin dağıdılmaması nəzərə çarpırdı. Azərbaycan Prezidentinin vurğuladığı kimi, şübhəsiz ki, həmin evlərdə ermənilər yaşayıblar. Amma kənardan baxanda belə orada sosial şəraitin, həyat tərzinin işğal dövründə acınacaqlı vəziyyətdə olması haqqında aydın təsəvvür yaranır. Dövlətimizin başçısı bu barədə bildirdi: “Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax, budur bunun sübutu. Bizim kəndimizə gəliblər, kəndimizin böyük hissəsini dağıdıblar. Ermənilərin zəbt etdikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıblar. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq”.

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini tərk edərkən, hər zaman olduğu kimi, dünya dövlətlərinə, havadarlarına üz tutub, haray-qışqırıq qoparırdılar: qoymayın, imkan verməyin, azərbaycanlılar xristian məbədlərini dağıdırlar, yerlə-yeksan edirlər. Əslində, əli hər yerdən üzülən düşmən fikirləşirdi ki, bəlkə belə bir yalan, iftira ilə hansısa məqsədinə nail ola bilər. Digər tərəfdən, sözügedən xristian məbədlərinin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu abidələr əsasən qədim tarixə malik Qafqaz Albaniyası dövlətinin tarixi irsidir, başqa sözlə, Azərbaycanın əzəli maddi-mədəniyyət xəzinəsidir. İndi siz fikirləşin, biz öz irsimizi necə məhv edə, dağıda, viran qoya bilərik?!.

Azərbaycan hökumətinin rəsmi məlumatına əsasən, ölkəmizin 30 il ərzində işğal altındakı torpaqlarında 403 tarixi-dini abidəsi olub. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgah kimi qeydə alınıb.

Ermənilərin məscidlərimizə düşmən münasibəti, insanlıqla bir araya sığmayan vəhşi əməlləri işğaldan azad edilən kənd, qəsəbə və şəhərlərimizdə daha qabarıq nəzərə çarpır. Şuşa, Ağdam, Zəngilan və Qubadlıda içərisində donuz saxlanan tarixi məscidlərimiz haqqında yəqin ki, beynəlxalq ictimaiyyət xəbərdardır. Xocavənd rayonu ərazisində 1894-cü ildə tikilən Rus Pravoslav Kilsəsi də hazırda acınacaqlı vəziyyətdədir.

Uzun illər davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, təyinatına uyğun gəlməyən şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ifadə ediblər. İşğal olunan ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir.

İşğaldan azad olunan ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də hazırda acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də donuz tövləsi olaraq istifadə ediblər. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Eyni zamanda, bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Amma, təəssüf ki, bu cür vəhşiliyə susqunluqla yanaşılır. Təəccüblü hal isə odur ki, hazırda müəyyən dövlətlər erməni yalanlarına inanır, onların təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa qarşı bəşəri cinayətlərinə qarşı biganə münasibət bəsləyirlər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidə gəldikləri zaman belə vandallığın bir daha şahidi oldular. Məscidin qarşısında çıxış edən dövlətimizin başçısı dedi: “Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib.

Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruqdünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl, gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün!..”.

Prezident İlham Əliyev Qubadlıda səfərdə olarkən, Azərbaycan bayrağını ucaltdıqdan sonra çıxış edərək, bildirdi ki, bu şəhərin işğaldan azad edilməsi tarixi hadisə idi. Bu, bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər getdi, şəhidlər verdik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu: “Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir”.

Dövlətimizin başçısı çıxışında daha sonra Qubadlının azad edilməsi əməliyyatının bir neçə gün çəkdiyini, düşmənin şəhərdə güclü istehkam qurduğunu, hərbi baza yaratdığını, yüksəkliklərdə isə hərbi birləşmələr yerləşdirdiyini xatırlatdı. Ona görə də Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Bunun üçün, ilk növbədə, ermənilərin istehkamları məhv edilməli idi. Belə istehkamlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurulmuşdu. Xaricdə yaşayan ermənilər də bu qəsəbədə yerləşdirilmişdi. Bu, əslində, hərbi cinayət idi. Bu cinayətə və bütün digər cinayətlərə görə, Ermənistan dövləti cavab verəcəkdir.

Prezident İlham Əliyev çıxışında Qubadlı rayonu, Qubadlı şəhəri, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan, Türklər kəndləri, eyni zamanda, strateji yüksəkliklər uğurunda gedən döyüşlərdə Azərbaycan Ordusunun qəhrəmanlıq nümunələri göstərdiyini, bununla da Şuşa şəhərinin azad edilməsi üçün əlverişli şərait yaradıldığını da vurğuladı.

Dövlətimizin başçısı əsgər və zabitlərimizin bu ərazilərdəki şücaəti barədə danışarkən dedi: “Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır. Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır”.

Prezident İlham Əliyev çıxışında Ermənistan ordusunu sarsıdıcı məğlubiyyətə uğratmaqla həm Azərbaycanın, həm də bölgəmizin erməni faşizmindən xilas edildiyini, bundan Ermənistan cəmiyyətinin düzgün nəticə çıxarmasının zəruriliyini xatırladıb. Həmçinin qeyd edib ki, əgər onlar bundan sonra revanş hissi ilə yaşayacaqlarsa, axırları pis olacaq. Əgər Ermənistan tərəfdən Azərbaycan ərazisinə bir güllə belə atılarsa, bu, düşmənin ən ağır şəkildə cəzalanacağı ilə nəticələnə bilər.Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”,– deyə ölkə rəhbəri bildirib.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2020.- 26 dekabr.- S.8.