Ali Baş Komandanın Qarabağ zəfəri

 

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik.

 

Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan və azərbaycançılıq tarixində məzmun və mahiyyətcə yeni və işıqlı bir səhifəni yazan II Qarabağ savaşında qazandığımız böyük qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi. Bu zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırdı, əsrlərdən bizə miras qalmış qürurumuzu dirçəltdi. Möhnət yükü 30 ilə deyil, heç 300 ilə də sığışmayacaq ayrılıqdan sonra biz öz torpaqlarımıza qovuşduq. Vətən müharibəsi adı alan bu misilsiz savaş yeni bir Azərbaycan ortaya qoydu. Azərbaycanın döyünən ürəyi sayılan cənnət Qarabağ uğrunda apardığımız 34 illik qanlı-qadalı mübarizədə indiki zəfərə aparan yolun başlanğıcı ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdıb, yenicə qazandığımız dövlət müstəqilliyini xilas etdiyi, yeni ərazilərin işğalına son qoyduğu dövrdə qoyulmuşdu. Bu yol 1994-cü il may ayının 12-də Bişkek şəhərində Ermənistanla Azərbaycan arasında atəşkəs sazişindən başlayırdı.

 

Atəşkəsə dair sazişlə ölkə müharibənin girdabından çıxarıldı, respublikanın potensialı dünya erməniliyinin və onu Azərbaycana qarşı ən məkrli siyasətin vasitəsinə çevirən böyük qüvvələrin məhvindən xilas edildi və nəhayət, qələbəni təmin edəcək böyük quruculuq işlərinə başlandı. Ordu da, respublikanın müdafiə potensi­alının dirçəldilməsi də bu quruculuq işlərində özünə yer tutdu.

 

Bu siyasət cənab İlham Əliyevin prezidentliyi dövründə yüksək səviyyədə davam etdirildi. Bütün dünyanın gözü qarşısında təcavüzkarlığı dünya siyasətinin həqiqəti kimi qəbul etdirməyə çalışan erməni faşızminin belinin qı­rılması üçün 30 illik təşkilatlanmaya ehtiyac yarandı. Bu 30 illik fasilə xalqın yalnız səbrlə və ümidlə döz­düyü uzun bir müddət deyil, həm də Azərbaycanın dövlət rəhbərliyinin haqsızlığın, siyasi həyasızlığın rəsmiləşdirilməsinə qarşı apardığı mübarizə dövrü idi.

 

Prezident İlham Əliyev də dəfələrlə bəyan edirdi ki, bu 30 ildə Dağlıq Qarabağ ətrafında yaranmış status-kvonun qəbul etdirilməsi, işğalın rəsmiləşdirilməsi və ya pərdələnməsi, Azərbaycanın milli və haqlı maraqlarını əks etdirməyən təkliflərin ortaya qoyulması üçün davamlı cəhdlər göstərilirdi. Amma bunların qarşısı qətiyyətlə alınırdı. Beləliklə, “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – deyənlərə gözdağı olacaq bir potensial formalaşdırıldı. Bu potensialın tərkib hissəsini isə inkişafının ən yüksək nöqtəsində olan silahlı qüvvələrimizlə birlikdə Azərbaycanın möhkəmlənən güclü dövlətçiliyi, iqtisadiyyatı, demoqrafiyası, xalqın mübarizliyi, hər sahədə yüksək peşəkarlıq, idarəçilik məharəti, ölkənin dünya birliyindəki nüfuzlu yeri, informasi­ya məkanındakı genişlənən təsir sahəsi və s. təşkil edirdi.

 

Müharibə elə bir mürəkkəb ictimai, siyasi, hərbi prosesdir ki, onun qiymətləndirilməsi sonsuz sayda parametrlər üzrə aparıla bilər. Bununla belə onun başlaması, planlaşdırılması, təşkili, icrasının xüsusiyyətləri, sınaqları, gərginliyi və sevincləri haqqında mütləq təsəvvür əldə etmək mümkün deyil. Belə bir təsəvvürün əldə edilməsi üçün gərəkli olacaq ölçülər zaman və məkan çərçivəsindən kənardır. Sona çatmaqda olan 2020-ci ildə Azərbaycanın taleyinə yazılmış Vətən müharibəsinin bizə miras qalmış təcrübə və dəyərlərinin bü-tünlüyü ilə təsəvvür edilməsi də adi zəka çərçivəsinə sığmayacaq bir ta­rixdir. Amma bu təcrübə və dəyərləri ümiləşdirərək bir sözlə ifadə etmək mümkündür – Qələbə.

 

Cəmi ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyətli dünya erməniliyinə və onların havadarla­rına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı: Azərbaycan xal­qı və onun iradəsini ifadə edən Azərbaycan dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı.

 

Azərbaycan xalqı sübut etdi ki, haqsızlığa dayaqlanan şər və təcavüzlə onun iradəsini qırmaq, Azərbaycan xalqı ilə zor və təzyiqlə danışmaq, Azərbaycan xalqının səbr və dözümü ilə siyasi alver etmək olmaz. Kimsənin torpağına göz dikməyən Azərbaycan dövləti torpaqlarının da yad tapdağı altında qalması ilə barışmadı və bu torpaq­larda əbədi kök salacaqlarına şübhə etməyən erməniliyə layiq olduğu ye­rini göstərdi, müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

 

Dünya müharibələr təcrübəsi göstərir ki, güclü ordunun mövcud­luğu, xalqın mübariz iradəsi, habelə dövlətin siyasi və iqtisadi gücü, cəmiyyətin mübariz mənəvi əhval-ruhiyyəsi, ön və arxa cəbhənin vəhdəti, informasiya və diplomatiya çevikliyi və s. amillər müharibənin uğurla aparılması üçün mühüm amillərdir. Lakin bunların hər birinin ayrı-ayrılıqda mövcudluğu müharibənin uğurla aparılması üçün heç də yetərli deyil. Həmin amillər yalnız dövlətin təşkilati fəaliyyəti ilə məqsədyönlü siyasət çərçivəsində planlaşdırıldıqda, formalaşdırıldıqda, qarşıya qoyulan hədəf müstəvisində düzgün uzlaşdırıldıqda və məntiqli şəkildə səfərbərliyə alınaraq cəbhəyə istiqamətləndirildikdə özünün əməli nəticəsini verir.

 

Bütün bunlar istənilən ölkənin müdafiə potensialını formalaşdı­ran amillərdir. Onların hər birinin müharibənin aparılmasında öz yeri və rolu vardır. Amma Azərbaycanın qazandığı tarixi zəfərdən danışarkən, ilk növbədə, dəmir yumruğa çevrilmiş 3 amil diqqət mərkəzinə gətirilir – ordu, xalq və Ali Baş Komandan.

 

Cəmiyyət daxilində özünü göstərə biləcək ictimai-kütləvi proseslərin heç biri ordu qu­ruculuğu və müharibə qədər mərkəzləşdirirlmiş rəhbərlik və vahid komandanlıq tələb etmir. Çünki sərt intizam, icraçılıq və nəzarət tələb edən hərb işinin mahiyyəti ölkənin, dövlətin bütün potensialının bir mərkəzdə toplanmasını, bu gücün vahid mərkəz tərəfindən idarə olun­masını və istiqamətləndirilməsini tələb edir. Bütün bunlar isə hərb işində, o cümlədən, müharibələrin aparılmasında ali baş komandan­ların rolunu birmənalı şəkildə ön plana çıxarır.

 

Ali baş komandan xüsusilə müharibə dövründə xalqın bütün gücünün hərb və müdafiə işinə səfərbər edilməsini təmin edə biləcək bir strateji vəzifə sahibidir və ona görə də onun öz fəaliyyətini necə qurmasının dövlət maraq­larının qorunmasında müstəsna əhəmiyyəti vardır. Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyəti də bir daha onu göstərdi ki, ölçülüb-biçilmiş, əsaslandırılmış, bütün riskləri və təfərrüatları he­sablanmış rəhbərlik və təşkilatçılıq olmadan müharibədən qalib çıxmaq mümkün deyildir. Bu mənada, müharibə həm də dövlət idarəçiliyinin, ali baş komandanlığın sınağıdır və bu sınaqdan yalnız ən məsuliyyətli bir zamanda ən doğru seçim etməyi və bu seçimin ən düz­gün icrasını təşkil etməyi bacaran ali baş komandan uğurla çıxa bilər.

 

Azərbaycan dövlətinin lideri İlham Əliyev, məhz belə keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Prezident Vətən müharibəsinin gedişində etdiyi çıxışlarda bir neçə dəfə bəyan etdi ki, hansı qərarın nə zaman və necə qəbul edilməsini o çox yaxşı bilir. Çünki müharibə kimi kütləvi insan qırğınlarına apara biləcək bir seçimə əl atılması ali baş komandandan böyük məsuliyyət tələb edir. Qəbul edilən qərarda azacıq tələsgənliyə yol verilməsi kütləvi insan qırğın­larından əlavə, dövlətin özünün mövcudluğunu da təhlükə altına ala bilər. Ali Baş Komandanın ustalığı ondadır ki, bütün bu məsələləri dəqiqliklə hesablaya və sonra da öz ordusunu və xalqını qələbəyə apara bilir. Prezident İlham Əliyev, məhz belə – öz ölkəsinin potensialını dəmir yumruğa çevirməyi bacaran və tarixi qələbəyə aparan müzəffər bir komandandır.

 

İlham Əliyev ona görə müzəffər Ali Baş Komandandır ki, o bu sahədə yeni bir təfəkkür və ya­naşma ortaya qoydu, mövcud olan reallıqların sərt çərçivəsini sındıraraq çox böyük qüvvələrin təsəvvürünə gəlməyəcək bir zəfərin memarına çevrildi. Onun rəhbərliyi və təşkilatçılığı altında dünya xəritəsində və bu xəritəyə qəyyumluq etməyə çalışan qüvvələrin gözündə çox da böyük görünməyən Azərbaycan dünyanı heyrətə gətirəcək və dünyaya ibrət olacaq bir hərbi uğuru ortaya qoydu.

 

Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edi­rik. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik”. Bununla çox böyük dövlətlər üçün oyun məkanı olan Dağlıq Qarabağ münaqişəsi də həll olunaraq tarixə qovuşdu.

 

Cənab İlham Əliyev öz çıxış­larında çox qabarıq şəkildə qeyd edirdi ki, bu böyük tarixi zəfəri qazanan Azərbaycan Ordusu, onun qəhrəman əsgər və zabitləridir: “An­caq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu qələbəni, bu zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər”.

 

Belə bir ordunun yaradıcısı isə dövlət başçısı və Ali Baş Komandandır. Güclü ordunun yaradılması İlham Əliyevin ölkə Prezidenti kimi apardığı siyasətin prioritet istiqamətlərindən birini təşkil edir: “Ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik”. Çünki cənab Prezident özü də təkrar-təkrar bəyan edirdi ki, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş çağı­rışların qarşısının alınmasının və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin etibarlı yollarından biri, məhz Azərbaycan Ordusunun daha da gücləndirilməsidir.

 

Doğru-düzgün və real hədəflərin müəyyənləşdirilməsi və ölkə potensialının planlı şəkildə bu hədəflərin icrasına yönləndirilməsi indi Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına yüksəltmişdir. Bu ordu indi dünyanın ən müasir silah və hərbi texnikası ilə təchiz edilmiş, infrastruktura mənzərəsi tamamilə dəyişmiş, döyüş hazırlığı ən yüksək tələblər səviyyəsinə qaldırılmışdır.

 

Məhz bu yüksək hazırlıq səviyyəsi ona imkan verdi ki, Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun malik olduğu yüksək peşkarlıq qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirilsin, zaman və məkan amillərindən səmərəli istifadə edilsin. Nəticədə müəyyən edilmiş tapşırıqlar əsasında əsas zərbə istiqamətini vaxtında və dəqiqliklə müəyyənləşdirilməklə üstünlük ya­radılsın və böyük zəfəri addım-ad­dım yaxınlaşdırmaq mümkün olsun. Bu da öz nəticəsini verdi.

 

Hər gün yeni bir uğur qaza­nıldı və cənab İlham Əliyevin də fəxrlə qeyd etdiyi kimi, Azərbaycan Ordusu bir dəfə də olsun tutduğu mövqelərdən geri çəkilmədi, yalnız və yalnız irəli getdi. Nəticədə, savaşın ilk günündə Ağdərə və Murovdağ istiqamətində bəzi strateji yüksəkliklər ələ keçirildi. Oktyabr ayınnı 3-də isə Ağdərə rayonunun Talış kəndi ilə Suqovuşan qəsəbəsi erməni işğalından azad edildi.

 

Bundan sonra əsas qələbələr cəbhənin cənub hissəsində əldə edildi. Bu da təsadüfi deyildi və döyüşlərin əsas ağırlığının respub­likanın cənubuna keçirilməsi Ali Baş Komandanının təsdiq etdiyi əməliyyat planına uyğun edilmişdi. Belə bir seçimin səbəbini isə işğal­dan azad edilmiş Ağdam rayonuna səfəri zamanı Ali Baş Komandan İlham Əliyev özü açıqladı. Əldə edilmiş operativ məlumatların təhlili göstərirdi ki, düşmənin hərbi ko­mandanlığı Azərbaycan Ordusunun əsas hücum istiqamətinin Ağdam istiqaməti olacağını gözləyirdi. Ona görə həmin istiqamətin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmiş və təkcə Ağdam istiqamətində beş xətdə eşelonlaş­dırılmış müdafiə yaradılmışdı. Bütün müdafiə xətləri mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilmiş, hərbi texnika və canlı qüvvə ilə təchiz edilmişdi.

 

Bu istiqamətdən hücumun davam etdirilməsi çoxsaylı canlı qüvvənin itirilməsinə və Azərbaycan Ordusunun irəliləməsinin dayan­dırılmasına gətirib çıxara bilərdi. Ona görə də Ağdam istiqamətindəki düşmən qüvvələrinin yayınmasına imkan vermədən Azərbaycan Or­dusunun dəmir yumruğu cəbhənin cənubuna istiqamətləndirildi. Döyüşlərin elə ilk günü bu istiqamətdə 6 yaşayış məntəqəsi işğaldan azad edildi. Sonra isə bu uğur günbəgün daha da artdı.

 

2020-ci il oktyabr ayının 30-də Cəbrayıl qəsəbəsi, oktyabrın 9-da Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli şəhəri, oktyabrın 18-də Araz çayı üzərindəki tarixi Xudafərin körpüsü, oktyabrın 21-də Zəngilan şəhəri, oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi erməni işğalından azad edildi. Oktyabr ayının 26-da Qubadlı şəhəri və nəhayət, noyabr ayının 8-də Şuşa şəhəri düşməndən geri alındı. Bu zəfərlərin hər birini Ali Baş Koman­dan İlham Əliyev böyük sevinclə ondan qələbə xəbərləri gözləyən Azərbaycan xalqına çatdırdı.

 

Noyabr ayının 9-da Azərbaycan Ordusunun bölmələri uğurlu hücumlarını davam etdirdilər və gün ərzində əsas hissəsi cəbhənin cənubunda olmaqla 70-dən çox kənd erməni işğalından azad edildi. Bütünlükdə isə 44 gün­lük müharibənnin gedişində Azərbaycanın 300-dən çox işğal altında olan yaşayış məntəqəsi azad edildi.

 

Bütün Qarabağ üçün hərbi-strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin və ardınca da çox sayda yaşayış məntəqəsinin ələ keçirilməsi Ermənistanın hərbi süqutuna yol açdı. Azərbaycan Ordusunun zəfər yürüşünə du­ruş gətirə bilməyən Ermənistan rəhbərliyi məğlub duruma düşdüyü­nü etiraf etməli oldu. Bunun nəticəsi kimi, 2020-ci il noyabr ayının 10-da Rusiya Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalandı.

 

Bu bəyanat, əslində, Ermənistan üçün kapitulyasıya aktı oldu və Ermənistana rəhbərlik edən xunta, dünya erməniliyi və onların hava­darları Azərbaycan Prezidentinin, müzəffər Ali Baş Komandanın iradəsini qəbul etməli oldular. Həmin bəyanata əsasən, noyabr ayının 20-də Ağdam rayonu, 25-də Kəlbəcər rayonu və dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan Ermənistanın işğalından azad olundu.

 

44 gün davam edən Vətən müharibəsinin gedişində İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş etdirdi. Ən yeni nəsil hərbi texnika ilə piyada qüvvələrin fəaliyyət uzlaşmasının dəqiqliklə, yeni təfəkkür və yanaş­ma ilə təmin edilməsi müasir döyü­şün taktikasına da yeniliklər gətirdi. Xüsusilə, pilotsuz zərbə uçuş aparatlarının dünya təcrübəsində ilk dəfə çox geniş miqyasda və davamlı şəkildə tətbiqi döyüş meydanında səmanın tamamilə Azərbaycanın nəzarəti altına keçməsinə yol açdı.

 

Müzəffər Ali Baş Komandan da bəyan etdiyi kimi: “Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”.

 

Vətən müharibəsi günlərində gözlərimiz qarşısında yazılan şərəfli tarixin başlıca qəhrəmanlarından biri də sözsüz ki, Azərbaycan xal­qıdır, torpağının yad tapdağından azad olunması istəyi bütün qayğıla­rını üstələyən Azərbaycan övladla­rıdır. Bunu Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də öz çıxışlarında böyük məmnunluq və minnətdarlıqla qeyd edirdi: “Bu qələbənin səbəbkarı Azərbaycan xalqıdır. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”.

 

44 gün davam edən Vətən müharibəsinin təcrübəsi də göstərdi ki, qazanılan böyük zəfəri yaxınlaş­dıran amillərdən biri də sözsüz ki, iqtidar–xalq birliyinin real qüvvəyə çevrilərək Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı güclü bir zərbəyə çevrilməsi idi. Vətən müharibəsinin başlanması ilə Azərbaycan xalqı dövlət rəhbərliyinə qarşı dünyanı heyrətə gətirəcək bir həmrəylik nümayiş etdirdi və bütün xalq yaşından və harada yaşamasından asılı olmayaraq Vətən torpaqlarının müdafiəsi üçün nəinki Ali Baş Ko­mandanının yanında olmağa, hətta onun bir əmri ilə cəbhəyə yollanma­ğa hazır olduğunu ortaya qoydu.

 

Bununla Vətənin müdafiəsi məsələsində Ali Baş Komandan–Xalq vəhdətinin əyaniliyinə Azərbaycanın dostları da, düşmənləri də şahid oldular. Dövlət başçısı İlham Əliyev vurğuladı­ğı kimi, ötən illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq: “Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Biz bir daha gücümüzü göstərdik, xal­qımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”.

 

Dünya təcrübəsi də göstərir ki, Vətənin müdafiəsi baxımın­dan iqtidar–xalq birliyi son dərəcə vacibdir. Çünki xalq təkcə müharibə ehtiyaclarını ödəyə biləcək bir qüvvə deyil, həm də Vətənin müdafiəsini öz üzərinə götürmüş ordunun ilham mənbəyidir. Xalqın mübariz iradəsinin üzə çıxarılma­sı və onun məqsədyönlü şəkildə yönləndirilməsi isə Ali Baş Ko­mandanın təşkilatçılıq fəaliyyətinin mühüm istiqamətlərindən biridir. İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan xalqının gücünə meydan açıldı, bu güc vahid yumruqda birləşdi və düşmənin aşınmış təfəkkürünü, qana susamış zehniyyətini qara günə qoydu.

 

Vətən müharibəsinin başla­ması ilə Azərbaycanın yaşayış məntəqələrinin, xüsusilə döyüş bölgəsinə yaxın olan yaşayış məntəqələrinin hər bir evi bir səngərə çevrildi, erməni faşizmi­nin dinc əhaliyə qarşı apardığı vəhşiliyin qarşısında təpərli bir müqavimət ocağı oldu. Kimsə erməni vəhşiliyinə boyun əyib ev-eşiyini tərk etmədi, yersiz təşvişə və həyacanlara yer vermədi. Əksinə, xalq öz təpəri ilə mübarizə meyda­nında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi. Erməni vəhşiliyinin qurbanı olan günahsız insanların faciəsi isə bütün xalqın faciəsinə çevrildi. Bu birlik, ümu­mi əzmkarlıq, cəbhəyə bağlı olan həmrəylik isə Azərbaycan Ordusuna güc-qüvvət verdi, tarixi qələbəyə aparan yola işıq tutdu.

 

Ali Baş Komandan bu birliyin, dəyanətin möhtəşəmliyini belə ifadə etdi: “Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də, çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib”.

 

Azərbaycan xalqının, dövlətinin haqq mübarizəsinin aparılmasına kimlərin maneçilik törətməsi, əldə edilən zəfərlərin kimdə qısqanclıq törətməsi indi hamıya məlumdur. Belə qüvvələrə qarşı mübarizənin aparılmasının və susdurulmasının öz xəttində də Ali Baş Koman­dan dayandı. Cənab İlham Əliyev birmənalı şəkildə yalnız Azərbaycan Ordusunun, Azərbaycan xalqı­nın deyil, həm də informasiya və diplomatiya sahəsində aparılan mübarizənin ali baş komandanı oldu.

 

Bu mübarizənin görünən tərəfləri Azərbaycan Prezidentinin xalq və milli maraqlar üçün necə fədakarlıq, ardıcıllıq, məntiq və təmkin göstərməsinin nümayişi oldu. Onun aydın təfəkkürü, təmkini və səriştəsi diplomatiya və informa­siya cəbhəsində də Azərbaycana qarşı istiqamətlənmiş yırtıcı, pozucu cəhdləri alt-üst etdi və Azərbaycan həqiqətlərini bütün dünyanın hesab­laşmalı olacağı bir həddə çatdırdı.

 

Bütünlükdə, tarixi zəfərə aparan Vətən müharibəsi Ali Baş Komandan kimi İlham Əliyevin müstəsna fəaliyyətinin qabarıq şəkildə əksini tapdığı bir tarixdir. Bu zəfərin təşkilatçısı və müəllifi, sözsüz ki, Azərbaycan Respublika­sının Prezi-denti və Ali Baş Koman­danıdır. Həmin zəfərin əldə eidlməsi isə məntiqli bir siyasətə dayaqlanan uzun bir yolun əməli nəticəsi idi.

 

Dövlətimizin başçısı bu yolu belə dəyərləndirdi: “Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu qurucu­luğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.

 

Yuxarıdakı fikrin davamı kimi qeyd etmək olar ki, bu tarixi zəfərin əldə edilməsinin çox mühüm amillərindən biri də, heç şübhəsiz ki, Ali Baş Komandan kimi İl­ham Əliyevin şəxsi idarəçilik və təşkilatçılıq keyfiyyətləridir. Dünya hərb təcrübəsi də birmənalı şəkildə onu deməyə əsas verir ki, müharibə şəraiti yalnız ordu üçün, ölkə üçün, xalq üçün ağır sınaq deyil. Bu şərait həm də ölkənin Ali Baş Komanda­nının idarəçilik məharətinin sına­ğıdır. Çünki xalqın da, ölkənin də, ordunun da potensialı nəhayət Ali Baş Komandanın idarəçilik məharəti ilə öz səmərəsini verir.

 

Dövlətin, xalqın, ölkənin müqəddəratının həllinə yönəlmiş çox məsuliyyətli anlarda ən düz­gün seçimi edə bilmək və həmin seçimin ən səmərəli həllinə nail olmaq Ali Baş Komandandan böyük zəka, duyum və fədakarlıq tələb edir. Belə olmasa, döyüşdən qalib çıxmaq da mümkün olmaz. İlham Əliyev də Ali Baş Komandan kimi, məhz belə keyfiyyətlərə malik olduğuna görə Ermənistanın və onun havadarlarının çox uzaqlara hesablanmış məkrli planlarının icrasının qarşısını uğurla almaq mümkün oldu. Qarabağ yenidən Azərbaycana qovuşdu.

 

Bu il dekabr ayının 1-də Ağdam rayonunun erməni işğalından azad olması ilə bağlı xalqa müraciətində cənab İlham Əliyev təntənə ilə bildirdi: “Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanıl­masında bütün xalqımız birlik, həmrəylik göstərmişdir”.

 

Əldə edilən bu böyük zəfər həm də hər bir azərbaycanılının xoşbəxt anlarının və qürurunun təcəssümüdür.

 

Bu təntənənin baş memarı və bu qürurun baş qəhrəmanı isə ərazi bütövlüyümüzün bərpası ilə müstəqilliyi bir daha daimi, əbədi və dönməz olan Azərbaycanın tarixində ilk müzəffər Ali Baş Komandan adı qazanan Prezident İlham Əliyevdir.

 

Mehman SÜLEYMANOV,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, ehtiyatda olan polkovnik

 

Xalq qəzeti  2020.- 27 dekabr.- S.3.