Azad edilən ərazilər gülüstana çevriləcək

 

Üç il əvvəl, 2017-ci ilin iyununda Prezident İlham Əliyevin Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlıya səfərini hamımız böyük qürur hissilə xatırlayırıq. Həmin vaxt bura­ya çəkilən 9 kilometrlik qoşa zolaqlı yolun açılışında böyük qələbəlik vardı. Ölkə rəhbəri demişdi ki, zəfər yolları getdikcə daha da uzanacaqta qəhrəman oğullarımızın qədəmləri üçün qəribsəmiş uca zirvələrə qədər! Elə də oldu. Əsgərlərimiz Şuşayadək möhtəşəm zəfər yürüşü etdilər. Vətən müharibəsi böyük Qələbə ilə sona yetdi. Ölkə rəhbərinin artıq işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan və Qubadlıya tarixi səfərlərinin də bəxtəvər şahidləri olduq.

 

Hazırda Azərbaycanda postmüharibə dövrü, işğaldan azad olunmuş Qarabağ ərazilərinin bərpa və yenidənqurma mərhələsi başlanıb. Ermənilər vandalizm və barbarlıq aktları ilə əzəli torpaq­larımızı viran ediblər. Ordumuzun sarsıdıcı cavab zərbələri qarşısında geri çəkildikcə beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən, 1949-cu il tarixli Cenevrə konven­siyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozaraq dinc əhalini qəsdən hədəfə alıb, döyüşlərin getdiyi bölgədən uzaqda yerləşən şəhər və kəndləri intensiv atəşə tutub­lar. Tərtər, Gəncə, Bərdə və digər şəhərlərimizə ballistik raketlər, fos­forlukasetli bombalar atılıb. Bu atəşlər nəticəsində 100-ə yaxın mül­ki vətəndaş, onların arasında uşaq və qadınlar həlak olub, 400-dən çox dinc sakin yaralanıb. İnfrastruktura ciddi ziyan dəyib, 5000-dən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. İndi onların bərpası üçün hərtərəfli tədbirlər görülür.

 

Prezident İlham Əliyev bu tədbirləri prioritet vəzifə kimi qarşıya qoyub. Dövlət başçısının 2020-ci il 6 noyabr tarixli “2020-ci il sentyab­rın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldı­rılması ilə bağlı tədbirlər haqqında” sərəncamı bunun bariz ifadəsidir. Sənəddə erməni terroruna hədəf olmuş mülki vətəndaşlarımıza, infrastruktur obyektlərinə, eləcə də sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi öz əksini tapıb.

 

Tədbirlərin ardıcıl xarakter daşıması nikbinliyi daha da artırır. Dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 dekabr 2020-ci il tarixli növbəti sərəncam bu baxımdan önəmlidir. Həmin sənədə əsasən, ilkin mərhələdə dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş ya­şayış evləri üzrə məişət əşyalarına, şəxsi əşyalara dəymiş ziyanla bağlı ailələrə, həmçinin hər bir ailə üzvünə sanballı məbləğdə yardım ödənilməsi qərara alınıb. Növbəti mərhələ daha əhatəli olacaq.

 

Ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin geri qaytarılması üzrə çoxşaxəli işlərə artıq start verilib. Qüvvələr ziyanın tezliklə aradan qaldırılması üçün səfərbərliyə alınıb. Bərpa işləri nəticəsində həyatımız tamamilə öz məcrasına qayıdacaq. İndidən görülən işlərin aydın kontur­ları gözlərimiz önündə canlanır.

 

...Təsəvvür edək ki, böyük Qələbədən təxminən bir il keçibbiz Qarabağa gəzməyə gedirik. Budur, avtobus Cocuq Mərcanlıda yol ayrıcında dayanır. Qürurla Lələtəpəyə baxırıq. 1994-cü ildə kəndi azad etsək də, bu strateji yüksəklik ermənilərdə olduğu üçün oraya gedə bilmirdik. Nəhayət, şanlı Aprel döyüşlərində Lələtəpə alındı və ondan sonra Cocuq Mərcanlının üzünə gün doğdu. Yol ayrıcında Cəbrayıla, Qubadlıya, Zəngilana, Laçına və hətta Naxçıvana qədər qalan məsafələrin göstərildiyi lövhə vurulub: 40, 100, 86, 145, 250 kilometr. İki-üç il əvvəl yol şaxələnmə nişanındakı doğma yer adları xəyalımızı haralara qanadlan­dırmamışdı! İndi artıq xəyal gerçəyə dönüb, Qarabağ tam azad olunub. Buradan sola dönsən, Cəbrayıl, sağa dönsən, Füzuli səmtidir. İrəliyə uzanan yol düz Şuşaya aparır.

 

Əvvəlcə Cəbrayıla gedək. Oraya cəmi 40 kilometr yoldur. Oktyab­rın 4-də Cəbrayıl işğaldan azad edilib. Yüz illərcə yaşı olan məşhur çinar-abidələrin göynəyən yerini və əkilən təzə çinarların boy atdığını görərik. 1580 metr ucalıqda qərar tutan Dağtumas zirvəsindən yurd yerlərinə baxarıq. Son dəfə 1993-cü ilin yazında Cəbrayılın müdafiəçiləri ilə ora çıxmışdım. Həmin zirvədən mənə təzəcə əldən getmiş Laçın dağlarını göstərmişdilər. Başqa bir zirvə Cəbrayıl şəhəri yaxınlığındakı Daşbaşı yüksəkliyidir. 1993-cü il avqustun 15-də ermənilər Daşbaşını ələ keçirərək orada növbə çəkən 23 nəfər əsgərimizi öldürmüşdülər. İndi onların ruhu şaddır. Elə 1994-cü il Horadiz əməliyyatının iştirakçıları da artıq məzarlarında rahat uyu­yurlar. Dağtumasda təzədən bərpa olunan XVI əsr türbəsinin, Şıxlarda qədim Şıxbaba türbəsinin, Xubyar­da səkkizguşəli türbənin önündə onların hamısının ruhuna dualar oxuyarıq. Bu abidələr Heydər Əliyev Fondu tərəfindən bərpa olunaraq əvvəlki görkəminə qaytarılır. Araz boyunca Böyük Mərcanlıdan, Soltanlıdan keçərik, ulu Xudafərinin yanında nəfəsimizi dərərik. Yeni tikilən yaraşıqlı evlərə, yaşıl ağac olan pöhrələrə, cavan meşələrə baxıb fərəhlənərik.

 

Füzuliözünün xoşbəxt günlərini gözləyir. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin abidəsi vaxtilə bu şəhərin mərkəzində ucaldılmışdı. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib. Abidə tezliklə adına layiq şəkildə yenidən ucaldılacaq. Bir vaxtlar Məngələn ata dağından yandırılıb korun-korun tüstülənən Qacar kəndinə baxmışıq, indi isə yenidənqurma tədbirlərindən fərəhlənək.

 

Bir az cənubda Zəngilandır. Ora­da və Qubadlıda dövlət sərhədinin demilitasiyası aparılır, hüdudlar dəqiqləşdirilir və Azərbaycanın halal torpaqları öz nəzarətinə keçir. Elbrus Abdulzadənin ifasında “Mən gedirəm Zəngilana” mahnısının sədaları altında xəyala dalaqoraya necə çatdığımızı bilməyək. Bir də baxıb görək ki, Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutan Zəngilanın çi­nar meşəsinin yaxınlığındayıq. Heyf ki, bu meşə də, Zəngilan şəhəri, rayonun bütün kəndləri, Mincivan və Ağbənd qəsəbələri də yaman günə qoyulub. Erməni vandalizmi səbəbindən ürək göynədən, 6-8 əsr yaşı olan yaralı abidələr – şəhərdəki “İmam Hüseyn məscidi”, Məmmədbəylidəki səkkizguşəli türbə, Hacıalılardakı Dairəvi bürc, Həkərinin sağ sahilindəki Şərifan məqbərəsi, sərdabələr ikinci həyatına qayıdacaq. Rahat, üzügünə evlər tikiləcək.

 

Vejnəli qızıl yatağında işğal dövründə Kəlbəcərin Zod yatağın­da olduğu kimi, kimyəvi terrorizm törədilib. Ermənistan bu yataqları 27 il ərzində qeyri-qanuni istismar edib. İsveçrədə baş direktoru erməni olan dünyaca məşhur saat bren­diFranck Muller Groupun filialı 2009–2017-ci illərdə buradan 300 milyon manat məbləğində qanunsuz gəlir əldə edib. Azərbaycan Ordusu ərazilərimizi geri alıb, xalqımızın milli sərvətləri, o cümlədən, Vejnəli qızıl yatağı onun özünə qaytarılıb. İndi Azərbaycanın Baş Prokurorluğu qızılımızı daşıyıb aparan ermənilər barəsində cinayət işi qaldırıb, beynəlxalq axtarış elan edib. Artıq Vejnəlidəki kvars-qızıl-sulfid tərkibli zonalarda özümüz çalışırıq.

 

Zəngilandan Qubadlıya, oradan da Laçına eyni məsafədir. Laçın–Şuşa yolunun uzunluğu isə bundan yarıbayarı qısadır. Otuz il həsrətini çəkdiyimiz bu yerləri bir-iki günə gəzməkmi olar? O qədər yenilik, o qədər bərpa-quruculuq işləri var ki, saymaqla qurtaran deyil.

 

Bu da Qubadlı! Bir zaman Qarabağ xanı İbrahimxəlil xan bu yurda məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. 2020-ci ildə isə rəşadətli Azərbaycan əsgəri Qubad­lını erməni işğalından qanlar-canlar bahasına azad eləyib. Hökumətimiz rayonun dramatik səhnələrini gözəllik mənzərələrinə çevirməkdən ötrü mühüm işlər görür. Hacı Bədəl körpüsü, “Dəmirçilər” türbəsi, Göy­qala” nələrin şahidi olmayıb? Şükür ki, yaralar sağalır. İndi buradan Bərgüşad çayı zümzüməylə axıb keçir..

 

Laçın bəzi Vikipediya məlumatlarında hələ də erməni Berdzoru kimi qalsa da, artıq de­kabrın 1-dən bizimdir. Şuşadan bir gün sonra, noyabrın 9-da Laçının Güləbird, Səfiyan, Türklər kəndləri igidlərimizin qəhrəmanlığı, qalan əraziləri isə Ağdam və Kəlbəcər kimi, müzəffər Ali Baş Komanda­nımızın siyasi-diplomatik uğuru sayəsində qan tökülmədən, şəhid verilmədən alınıb. Laçına gedib o tarixi yerlərə baş çəkməmək günah­dır. Güləbirdli Sarı Aşığın, kürdhacılı Sultan bəyin ruhları inciyər. Burada o qədər qalalar, kahalar, digər tarixi abidələr var ki, bərpası ayların, illərin işidir. Laçının ərazisində 2 xü­susi mühafizə olunan təbiət ərazisi – Qaragöl qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. İnşallah, əzəlki zənginliyinə qayıdacaq. Bura, həmçinin narzan, istisu, turşsu kimi mineral bulaqlar, qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Qaragölün qızılxallı balığı hər yerdə ələ düşən deyil. Laçının təbii sərvətlərinin istehsalı və emalı ölkəmizə böyük iqtisadi səmərə verəcək. Araza qovuşmağa tələsən Həkərinin gur suları bu yerlərə ay­dınlıq gətirəcək.

 

Laçında ana babam Süleyman kişinin ruhuna xatir onun uyuduğu Mığıdərə kəndinə də gedərik, bir az yuxarıdakı Alçalı çuxur bula­ğından su içər, meşəlikdə köks dolusu nəfəs alarıq. Oraları uşaq və yeniyetmə vaxtlarımda qarış-qarış gəzmişəm. Sumqayıtdakı məcburi köçkün qohumlarım yurd yerlərinə elə can atırlar ki!..

 

Şuşa ayrıca danışmağa layiq­dir. Bu gözəl şəhərdə hərəsinin öz məscidi, öz hamamı olan 17 məhəllə, 210 tarixi abidə, 55 mədəniyyət müəssisəsi, 500-dən çox memarlıq abidəsi var. Şuşanın alınması çox prinsipial əhəmiyyət daşıyırdı. MDB dövlət başçılarının son iclasında Prezident İlham Əliyev bunu ətraflı izah edib: “Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi”.

 

Şuşayla bağlı ən şanlı, ən şərəfli cəhət burada qələbənin danışıq­lar masası arxasında deyil, məhz üzbəüz döyüş meydanında qazanıl­masıdır. Ermənilər hələ də məəttəl qalıblar ki, Şuşa necə əldən çıxdı. Şəhərin olub-qalan tarixi binaları, abidələri ziyan çəkməsin deyə, xüsusi təyinatlı cəngavərlərimiz dimdik qayalara əliyalın dırmaşaraq, Şuşaya qalxıblar, şəhəri əlbəyaxa döyüşlərlə ələ keçiriblər. Bu, qəhrəmanlığın zirvə həddi idi!

 

Ermənilər Şuşanın tarixi şəxsiyyətlərinin ruhuna da düşməncəsinə yanaşıblar. Vaxtilə ulu öndər Heydər Əliyevin açılı­şında iştirak etdiyi Molla Pənah Vaqifin muzey-məqbərə komplek­si, dahilərin ev-muzeyləri erməni vandalları tərəfindən bərbad hala salınıb. İnsan olan da heç Şuşaya qıyardımı, ona əl qaldırardımı? Bakıya Şuşadanköçkün düşən” güllələnmiş heykəllərin fəryadı o dağları lərzəyə salmazdımı? Axır ki, lərzəyə saldı və “vəhşi qəbilə” Şuşadan rədd edildi.

 

Yeni, 6 hərəkət zolaqlı Şuşa yolu ilə üzü yuxarı qalxaq. Füzulinin Əhmədbəyli kəndindən başlayaraq, rayon mərkəzindən və daha 20 məntəqədən keçməklə, Tağaverdi və Topxananın aşağısından Daşal­tıya və yuxarıya – Şuşaya aparan yolun uzunluğu 101, 5 kilometrdir. Özü də əvvəllər fəaliyyətdə olan Ağdam–Xankəndi–Şuşa yoluna aidiyyəti yoxdur. Hələlik o yolun istifadəsi mümkün deyil. Ərazinin relyefi nəzərə alınaraq, yeni yolun tikintisinə Türkiyənin xüsusi ixtisas­laşmış tikinti şirkətləri cəlb edilib. Buradan Cəbrayıla və Zəngilana rahat gediş-gəliş təmin ediləcək. Magistraldan Qubadlıya doğru yol çəkiləcək, Laçına da hərəkət mümkün olacaq. Dörd bir yana mərhələli şəkildə yollar çəkiləcək. Buraya Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murovdağ­dan keçməklə Kəlbəcərə, oradan isə İstisuya qədər 102 kilometrlik yol, həmçinin Kəlbəcərdən Laçına dairəvi yol da daxildir. Layihələrdən biri isə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən 28,5 kilo­metrlik avtomobil yollarının yenidən qurulmasıdır.

 

Mənfur düşmən Şuşanı tərk edərkən Kiçik Kirs mənbəyindən magistral su kəmərini də sıradan çı­xarmışdı. “Azərsu” ASC problemin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatını bərpa edib. Şuşa şəhərinin su təchizatının dayanıqlığını təmin etmək və asılı­lığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı–Şuşa magistral kəmərində təmir-bərpa işləri aparılıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Müdafiə Na­zirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə şəhərdən 11 km məsafədə yerləşən mənbə və Laçın–Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam qaydaya salınıb. Digər dövlət strukturlarının işçi qrupları da Qarabağda çalışırlar.

 

İndi Şuşada, Gövhər Ağa Məscidinin yaxınlığında yeni çörək zavodundan gələn ətir ətrafa yayılır. Çörək ətri həyat ətridir. Artıq yeni şirniyyat seximağaza da qapı­larını açıb. Burada Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyası hazırlanıb həyata keçirilir. Hotellər tikiləcək, muzeylərin, bankların filial­ları açılacaq. Şuşa musiqi məktəbi və kollecindən muğam, təsnif sədaları ucalacaq, musiqi alətləri fabriki bərpa olunacaq ki, şəhərin özəl ruhu özünə qayıtsın.

 

Qarabağın dağları, düzləri, dərələri başdan-başa işığa bürünəcək. İşğaldan azad edilən ərazilərdə elektroenergetika infrast­rukturunun yaradılması məqsədilə ötən həftə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında müqavilə imzalanıb. Bununla da Qarabağ ərazilərində həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət – İtaliya da qoşulub. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq 4 yarımstansiya italyan avadanlığı ilə təchiz ediləcək. Bundan başqa, İtaliya şirkətləri ilə şəhərsalma, ərazilərin minalardan təmizləməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunur.

 

Türkiyə–Rusiya Monitorinq Mərkəzinin tikildiyi Ağdamda, həmçinin Kəlbəcərdə, Xocavənddə də bərpa və yenidənqurma işləri başlanacaq. Şəhərsalma və Arxi­tektura Komitəsi azad edilmiş bütün şəhər və rayonların Baş Planını hazırlayır. Qarabağın yenidən qurulması zamanı mədəni-tarixi abidələrin özünəməxsusluğu qoru­nub saxlanılacaq. Həmçinin yüksək standartlı, yeni kənd və qəsəbələrin yaradılması qarşıya məqsəd qoyu­lub.

 

Zəfərin nəticəsi olaraq öz azadlığına qovuşmuş yurd yerlərinə qayıtmağa hazırlaşanların ailə təsərrüfatlarını qurmalarına hökumət dəstək verir. Bu sırada Xocavənd sakinləri də var. Onların sevinci sonsuzdur: ƏƏSMN-nin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər. Proqram çərçivəsində onlara malmaterial­lar, avadanlıqlar verilməklə, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə biznesləri genişləndiriləcək.

 

Dövlət Turizm Agentliyi Kəlbəcərin gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı ha­zırlayıb. Kəlbəcər gözəl təbiəti və möhtəşəm relyefi, qədim abidələri, alban irsi ilə turizmin inkişafına imkan verəcək geniş potensiala malikdir. Videoçarxda Kəlbəcərin məşhur yerləri, o cümlədən dün­ya əhəmiyyətli nümunələrindən “Xudavəng” alban monastır komp­leksi və Gəncəsər məbədi, VII-VIII əsrlərə aid dağ qalaları içərisində ən əzəmətlisi hesab olunan Lev qalası, orta əsrlərin atqoç fiqurlarından ibarət daş abidələr, müalicəvi sular, bir çox xüsusiyyətlərinə görə dün­yada yeganə olan İstisi bulaqları, çaylar haqqında məlumatlar təqdim olunur. Abadlıq işlərindən sonra oralar daha gözəl olacaq.

 

Ağdamı anınca bir neçə gün öncə Kaliforniyada dərc olunan ispandilliAlianza Metropoli­tan News” qəzetinin “Qarabağ köçkünləri öz yurdlarına qayıtmaq istəyirlər” adlı məqaləsi yada düşür. Yazıda işğaldan azad olunmuş Ağdam sakinlərinin fikirləri verilmiş­di. Ağdamlı xanım Aidə Hüseynova ermənilərin xarabalığa, “ruhlar şəhəri”nə çevirdiyi Ağdam haqqında suala cavabında deyib: “Ağdamı bu halda görəndə məni ağlamaq tutur, qəhərdən boğuluram”. Rayonun digər sakini Məhəmməd Məmmədov da yurdunun əvvəlki vəziyyətindən həsrətlə danışıb: “Əvvəllər bura­da tarlalar, fabriklər, üzümlüklər var idi, şərab istehsal olunurdu. Amma indi daş üstə daş qalmayıb”. Müharibədən öncə 40 min sakini olan şəhərin indiki halına görə “Qafqazın Xirosiması” adlandırıldığı diqqətə çatdırılıb. Əlbəttə, viranə yerlərin hamısı abadlaşdırılacaq, amma nankor erməni vandalizmi unudulmayacaq.

 

Bildiyimiz kimi, Qarabağ regionu və ətraf rayonlarda iqtisadiyyatın bütün sahələri üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün ilk öncə ərazilərin topoqrafik xəritələrinin hazırlanması vacibdirbu xəritələr yenidənqurma işlərinin icrasında əsas götürüləcək. Artıq ETSN-nin GeodeziyaKartoqra­fiya müəssisəsi ilkin olaraq Şuşa şəhərinin xəritələndirmə işlərinə başlayıb.

 

Dekabrın 18-də Prezident İlham Əliyev MDB Dövlət Baş­çıları Şurasının videokonfrans formatında keçirilən iclasında dost ölkələri bərpa işlərində iştiraka dəvət edib: “Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.

 

Bəli, postmüharibə dövrünün mənzərələri gözlərimiz önündə canlandıqca Qarabağın daha gözəl sabahlara qovuşacağına inamımız artır. Mənfur düşməni torpaqlarımızdan 44 günə kürüyüb ata bildiyimiz kimi, oradakı şəhər, kənd və qəsəbələrimizi də az bir zaman ərzində dirçəldə biləcək, əvvəlkindən də yaxşı görkəmə salacağıq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti 2020.- 27 dekabr.- S.5.