Kapitan Türkayın rəşadət dastanı

 

Qəhrəmanlar unudulmur

 

Türkay Nizami oğlu Hüseynli Daxili İşlər Nazirliyinin Daxili Qo­şunlarının kapitanı idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində xüsusi təyinatlı qrup rəhbəri kimi iştirak edib. Füzuli və Cəbrayıl cəbhələrində gedən ağır döyüşlər zamanı düşmənin canlı qüvvəsinin və döyüş texniêasının məhv edilməsində rəşadət göstərib.

 

Kapitan Türkay Hüseynlinin tabeliyindəki döyüşçülər onun yanında özlərini daha inamlı hiss edirdilər, nə mərmilərin vahiməsindən, nə də ölümdən qorxurdular. Çünki komandir özü öndə gedirdi, “Torpaqlarımız uğrunda vuruşuruq!” – deyə hayqıraraq, hər kəsi ruhlandırırdı. Oktyabrın 3-də gecə Cəbrayıl ərazisində mühüm yüksəkliyi alan zaman igid komandir şəhid olub. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, o, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Eyni zamanda, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasında fərqləndiyi üçün digər bir sərəncamla “Vətən uğrunda” medalına layiq görülüb. İgid kapitan dekabrın 24-də isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Türkayın atası Nizami Göyçəvi Elyanar şairdir, vətənpərvərlik mövzusunda çoxlu gözəl şeirləri var. Səkkiz kitab müəllifidir. Nizami müəllim bir oğluiki qızından sonra 1990-cı ildə Bakıda doğulan sonbeşik övladına poetik ad qoymuşdu: Türkay, yəni türklüyə işıq saçan, başucalığı gətirən. Elə də oldu: Türkay müqəddəs Vətən müharibəsində gecə ay kimi parladı və özünün qəhrəmanlıq nümunəsi ilə adını türklüyün şərəf tarixinə yazdırdı...

 

Atasının şeirlərinin təsiri ilə əsl vətənpərvər kimi böyüyən Türkay Bakıdakı 274 nömrəli tam orta məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında Daxili Qoşunların tərkibində hərbi xidmətdə olub. 2010-2011-ci illərdə düz on ay Türkiyənin Ankara şəhərində hərbi təlimlərə cəlb edilərək gizir rütbəsi qazanıb və yenidən öz hərbi hissəsinə qayıdıb. Vətənə nümunəvi davranış və qüsursuz qulluq göstərib. Xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə keçib. 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbində taktiki komandir ixtisasına yiyələnib və leytenant kimi qulluğa davam edib. Quba və Sumqayıtdakı müvafiq hərbi hissələrdə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri olub. 2019-cu ilin yayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığı tərəfindən baş leytenant Türkay HüseynliQüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalla təltif edilib. Elə həmin il də xidmətdə fərqləndiyinə görə ona vaxtından əvvəl kapitan rütbəsi verilib. Subay idi Türkay, ailə qurmağı müharibədən sonraya saxlamışdı, amma...

 

Türkay Hüseynli İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və mayor Ələsgər Muxtarovun xüsusi təyinatlı qüvvələr dəstəsinin tərkibində qrup komandiri kimi əsl hünər nümunəsi göstərib. Döyüş dostları ilə bərabər düşmənin çoxlu canlı qüvvəsini məhv ediblər, döyüş texnikasını ələ keçiriblər. Onunla həm kursant, həm də eyni hissədə zabit yoldaşı olan kapitan Nadir Şərifov deyir ki, Türkay vuruşduğu cəmi bir həftə ərzində Füzuli və Cəbrayılda öz qrupu ilə yüzlərlə erməni işğalçısını zərərsizləşdirib.

 

Biz qısa təlimdən sonra sentyabrın 27-də Füzuliyə göndərildik, Horadizdə olduq, – deyən kapitan Şərifov o günləri həm rəşadət qüruru ilə, həm də dost itkisinə görə kədərlə xatırlayır. – Əməliyyatların ilk günü düşmənə gücümüzü göstərdik, eyni zamanda, dəstəmizin 47 döyüşçüsündən 6-sı şəhid oldu. Mayor Muxtarovla kapitan Hüseynli xüsusi təyinatlı dəstəmizin üzvlərinə daim ürək-dirək verir, ruh yüksəkliyi yaradırdılar. Sentyabrın 30-da qruplarımız ayrıldı. Sonra tapşırıq üzrə düşmən istehkamlarını, sədləri dağıda-dağıda irəliləyərək, Türkaygillə yenidən birləşdik. Bizdən təxminən 200 metr məsafədə olan qarşı səngərdən düşmənin atəş səsləri kəsilmirdi. Biz çətinliklə olsa da, səngəri ələ keçirə bildik, sonra gecəni orada qaldıq, çünki ermənilərin artilleriya qurğuları susmaq bilmirdi.

 

Oktyabrın 2-də sübh tezdən bizə əmr verildi ki, qarşıdakı iki təpəni və strateji yüksəkliyi alaq. Mənim qrupumla Türkayın qrupu müxtəlif istiqamətlərə yollandı. Üzüyuxarı hərəkət eləsək də, ən yüksək nöqtədəki postu almağa nail olduq. Orada Türkayla görüşüb-öpüşdükbir-birimizi təbrik etdik. Sonra dəstəmiz Cəbrayıl ərazisinə göndərildi və yenə də qruplarımıza ayrı-ayrı tapşırıqlar verildiyinə görə, ayrılmalı olduq. Türkay gülə-gülə mənə “Qayıdanda görüşərik!” dedi. Sən demə, bu, ondan eşidə biləcəyim son sözlər imiş. Sabahısı gün məlumat gəldi ki, Türkaygil ermənilərin dişinə qədər silahlanmış tank əleyhinə döyüş dəstəsini məhv ediblər. Özü də gecə vaxtı aşağıdan yuxarıya qalxa-qalxa. Mövqelərimiz yaxınlaşanda mən cəld Türkayı soraqlamağa getdim. Onun qrupunun üzvü, indi mənim kimi qazi olan Sirus Müsüzadə ağlaya-ağlaya dedi ki, daha axtarma, komandirim də, əsgər dostum Ayaz Abbasov da şəhid oldular...

 

İgid kapitanımız iki güllə yarası alıbmış. Oktyabrın 10-da mən də yaralandım. Hadrut istiqamətində gedən döyüşlərdə ayağımdan üç güllə yarası aldım. Güllələrdən biri baldır əzələmdə ilişib qalmışdı... Müalicə aldığım Daxili Qoşunların hospitalından çıxan kimi, Türkayın dəfn olunduğu 2-ci Fəxri Xiyabana gedib onu ziyarət elədim, sonra evlərinə baş çəkdim. Qəhər məni boğa-boğa ailəsinə onun necə qəhrəman zabit, necə gözəl dost, necə həssas komandir olmasından danışdım. Sonra da bir neçə dəfə onlara getmişəm, çünki Türkay qətiyyən unudulası oğlan deyil...

 

Mayor Ələsgər Muxtarov bizimlə telefon söhbətində Türkayı onun tabeliyində olan döyüşçülərin ən qorxmazı, ən risksevəri kimi xarakterizə elədi:

 

Kapitan Türkay Hüseynli göz qırpmadan ölümün üstünə gedən əsl vətənpərvərlərdən idi. Oktyabrın 3-ü gecə saatlarında onun qrupu hücuma keçərək qarşıdakı iki səddən birini aldı. İkinci səddi almaq üçün irəli atılan qrup birbaşa düşmənin içinə nüfuz elədi və bu zaman cəsur kapitan snayper atəşləri ilə başından və ürəyindən vuruldu. Biz oktyabrın 4-də səhər saat 7-8 arası yenidən hücuma keçərək həmin səddi götürdükTürkaygilin nəşlərini oradan çıxardıq. Həmin gün müzəffər Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciət edərək Cəbrayılın işğaldan azad olunması barədə müjdəni çatdırdı. Təəssüf ki, kapitan Türkay Hüseynli bu xəbəri eşidə bilmədi.

 

Onun ölümünə çox heyfsiləndim. İntizamlı zabit, mərd insan, əsgərləri arxasınca apara bilən igid komandir idi. Bizim Silahlı Qüvvələrimiz, qoşunlarımız, bax, belə cəsur döyüşçüləri ilə qüdrətlidir, yenilməzdir. Türkayın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

 

Türkayın atası, tədqiqatçı-şair Nizami Göyçəvi Elyanarın kitablarından biriMateriyazaman: fəlsəfi gerçəklik” adlanır. Mən o kitabı oxumamışam, amma bildiyimə görə, fizikada materiyanın enerjiyə çevrilməsi ideyası mövcuddur. Bu mənada demək olar ki, şəhidlər varlığa yaşam enerjisi verirlər. Elə Nizami müəllim də oğlu haqqında dedikləri ilə bir növ bunu təsdiqlədi:

 

– Mənim oğlum sağdır – dedi. – Şəhidlər ölmürlər. Türkaygil həsrətin sinəsinə dağ çəkərək bizi Qarabağımıza qovuşdurublar. Qürur duyuram.

 

Nizami müəllimin “Vətən yanğısı, yurd ağrısı” adlı kitabında Göyçə həsrəti, Qarabağ intizarı ilə bağlı şeirlər üstünlük təşkil edir. Elə o şeirləri misra-misra içən oğlu Türkay şair atanın yazdıqlarının bir qismini canı bahasına gerçəkləşdirə bilib. El üçün yanıb və onunElyanar” təxəllüsünü doğruldub. Ata da təsəllisini elə bundan tapır.

 

Qanları ilə tarix yazanlar özlərinə əbədi həyat qazanırlar. Şəhid kapitan Türkay Hüseynli kimi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti 2020.- 27 dekabr.- S.6.