İlk poliqrafçı alim, ustad naşir

 

Başa çatmaqda olan 2020-ci ildə Azərbaycanın ilk poliqrafçı alimi, tanınmış naşir və yazıçı Şəddat Cəfərovun anadan olmasının 80 illiyi tamam oldu. Bu münasibətlə hazırlanıb nəfis şəkildə çap olunmuş “Şəddat Cəfərov–80. “Acılı-şirinli günlər” kitabında tanınmış ziyalının zəngin və mənalı ömür yolu geniş əksini tapıb.

 

Yubiley nəşrinə kitabın müəllifi Fatma Həsənqızının Şəddat Cəfərova həsr etdiyi bioqrafik-sənədli romanı, poliqrafçı alimin həyat və fəaliyyətinə çıraq tutan çoxsasylı sənədlər və illüstrativ materiallar, keçmiş rəhbər naşir Nazim İbrahimovun, tanın­mış yazar ziyalılarımızdan Sevda Əlibəylinin, Tofiq Mahmudun, Kəramət Rzaoğlunun ustad poliqrafçının parlaq şəxsiyyətini səciyyələndirən yazıları daxil edilib. Toplu Şəddat Cəfərovun yazıçı kimi qələmə aldığı bədii ya­radıcılıq nümunələri ilə tamamlanır. “Nurlar” nəşriyyatında yüksək poliqrafik icrada işıq üzü görən nəşrin redaktoru populyarSöz” jurnalının baş redaktoru Sevda Əlibəylidir.

 

Kitabda aparıcı yer tutan Fatma Həsənqızının “Acılı-şirinli günlər” sənədli romanında Şəddat Cəfərovun uşaqlıq illərindən başlayaraq 1993-cü ilə qədər olan həyat və fəaliyyətinə dərindən nəzər salınıb. Müəllif göstərir ki, Şəddat Cəfərov harada işləyirsə-işləsin, onun haqqında həmişə yalnız müsbət fikirlər səslənib. O, 15 ya­şından poliqrafiya sahəsində çalı­şır. Respublikada bu sahədə ilk və yeganə alimdir. Lakin bununla heç vaxt öyünməyib, taleyini bağladığı fəaliyyət sahəsinə daha çox fayda verməyə çalışıb.

 

Xatırladaq ki, müəllifin hələ 1994-cü ildə kiril qrafikasında işıq üzü görmüş “Acılı-şirinli günlər” kitabının I nəşrindən sonra onun qəhrəmanının bioqrafiyası daha da zənginləşib, barəsində qəzet-jurnallarda samballı yazılar dərc edilib, sənədli videofilm çəkilib. I kitabın isə təkcə poliqraf­çılar üçün deyil, gənc nəsil naşir və jurnalistlər üçün də dəyərli olduğu dönə-dönə vurğulanıb. Buna görə də Şəddat Cəfərov haqqında kitabın latın qrafikasında yeni təkmilləşmiş II nəşrinə ehtiyac yaranıb.

 

Kitabın “Salnaməyə layiq şəxsiyyət və ya ikinci nəşrə ön söz əvəzi” adlı girişində bu barədə söz açan naşir Mərhəmət Abiyev bildirir ki, Şəddat Cəfərovun leksikonunda, bəlkə də, “başqası”, “yad”, “kənar adam” sözləri yoxdur. O, istər dostu-yaxını, istərsə də tanımadığı təsadüfi adam olsun, fərqinə varmır – köməyə ehtiyacı olan üçün əlindən gələni əsirgəmir. Onun üçün mətbəə maşınlarının ahəngdar səsindən həzin melodiya yoxdur.

 

İki kitabdan ibarət yeni nəşrdə orta məktəb partasından birbaşa poliqrafiya aləminə qədəm qoyan, yuxusuz gecələri, zəngin mütaliəsi hesabına müstəqil olaraq rəngli kilişelər hazırlamağı öyrənməklə həmkarlarını və mətbəə rəhbərliyini heyrətə salan, işə başladığı bir neçə ay ərzində altıncı dərəcəli usta adına layiq görülən, istehsalatdan ayrılma­dan ali təhsil alan, Moskvada aspi­ranturaya daxil olan və namizədlik dissertasiyası müdafiə edən Şəddat Cəfərovun şərəfli və mənalı həyat yolu, elmi axtarışları gözlərimiz önündə canlanır.

 

Təqdim edilən materiallardan məlum olur ki, ən geridə qalmış mətbəələrin belə inkişafına qısa müddətdə nail olan Şəddat Cəfərov təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də poliqrafiyanın kamil mütəxəssisi kimi tanınıb.Ulyanovska­ya pravda” nəşriyyatının baş direktoru işləyərkən yüksək peşəkarlığını, fəal işgüzarlığını və yaradıcı təşkilatçılığını bir daha təsdiqləyib.

 

Həmyerlimiz uzaq və yaxın xaricdə milli mədəniyyəti, elitar davranışı, zəngin təcrübəsi, istər poliqrafiya, istər iqtisadiyyat, istərsə də texni­katexnologiya sahəsində dərin biliyi ilə Vətəninin başını daim uca edib. Şəddat müəllim müxtəlif dünya ölkələrində poliqrafiya təcrübəsinin öyrənilməsi üzrə keçirilən konfrans­larda (İran, Rusiya, Fransa, Almaniya, Türkiyədə) elmi məruzələrlə çıxış edib.

 

20 Yanvar hadisələri zamanı Ulyanovsk şəhərində zindana salın­mış soydaşlarımız Şəddat müəllimin kömək və himayəsi ilə nicat tapıb­lar. Bu faciəyə etiraz olaraq, yüksək vəzifəsini və mövqeyini tərk edib Bakıya qayıdan Şəddat Cəfərov Dövlət Mətbuat, PoliqrafiyaKitab Ticarəti Komitəsi sədrinin köməkçisi, 3 saylı Bakı kitab mətbəəsinin “Azərbaycan” nəşriyyatının direktoru, Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyi baş direkto­runun müavini, daha sonraGöytürk” mətbəəsinin direktoru və digər məsul vəzifələrdə çalışıb. Öz bilik, baca­rıq və təcrübəsini gənclərə həvəslə öyrətməklə yeni nəsil poliqrafçılar yetişdirən Şəddat müəllim hazırda “3 saylı Bakı mətbəəsi” ASC-nin direkto­rudur.

 

Yeni kitabı ölkə jurnalistlərinin də dostusevimlisi olan görkəmli poliqrafçının növbəti yubileyinə həmkarlarının və ölkənin elmi-mədəni ictimaiyyətinin dəyərli hədiyyəsi adlandıran Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi :

 

– İşıqlı, əməlpərvər ziyalılarımızdan, nadir mütəxəssislərimizdən sayılan Şəddat Cəfərov 80 illik ömrünün 60 ildən çoxunu ölkəmizdə poliqrafiya sənətinin inkişafına və səmərəli fəaliyyətinə həsr edib. Gördüyü işlər yubilyarı ölkə ictimaiyyətinə tanınmış alimnaşir, ləyaqətli insan kimi tanıdıb. Lakin Şəddat müəllimi bizim üçün doğmalaşdıran ən başlıca xüsusiyyət daim jurnalistlərin çevrəsində olması, bədii yaradıcılığa üs­tünlük verməsidir. O, Mətbuat Şurasının faəliyyətində də yaxından iştirak edir, şuranın Ahıl Jurnalistlər Məclisi idarə heyətinin üzvüdür.

 

Bütün bunlara görə Şəddat müəllimin 75 illik yubileyini biz jurnalistlər də təntənə ilə qeyd etmiş­dik. Lakin pandemiya və müharibə şəraiti sevimli dostumuzun 80 illik yubileyini daha yüksək səviyyədə keçirməyimizə mane oldu. Şübhəsiz, bugünlərdə onu telefononlayn vasitələrlə təbrik edənlər saysız-he­sabsızdır. Bizbu təbriklərə qoşulur, görkəmli poliqrafçı alimimizə, ustad naşirimizə, müdrik qələm sahibinə “cənub uzunömürlülüyü” ilə yanaşı, ən xoş arzularımızı da çatdırırıq.

 

Xalq qəzeti”nin kollektiviuzun illərdən qəzetimizin fəal oxucusu, ötən onilliklərdə isə onun yüksək səviyyədə nəşrində zəhməti olan Şəddat müəllimi səmimi təbrik edir, ona yeni uğurlar arzulayır.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti 2020.- 27 dekabr.- S.7.