İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan yeganə lider adlandırmaq olar

 

Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişikbunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.

 

Nəşr yazır: “İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

 

Prezident İlham Əliyevin “İlin siyasətçisi” seçilməsi dövlətimizin baş­çısının lider kimi bütün keyfiyyətlərinin bir daha təsdiqi deməkdir. Belə ki, ölkə rəhbərinin fəaliyyəti əvvəlki illərdə olduğu kimi, cari il ərzində də nəinki respublikamızda, eləcə də bütün dünyada diqqət çəkib. Bununla bağlı bəzi məqamları bir daha xatırlatmaq istərdik. Belə ki, ilin ilk aylarında bütün dünyanı ağuşuna alan COVİD-19 pandemiyasına qarşı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ciddi mübarizə tədbirlərinə başlanıldı. Dövlətimizin başçısı həmin vaxtdan etibarən respublika daxilində “Biz birlikdə güclüyük!” çağırışını irəli sürərək, hər kəsi bu amal ətrafında birləşməyə, səfərbər olmağa çağırdı. Bu çağırış, eyni zamanda, hər birimi­zin üzərinə yeni qaydalarla yaşamaq kimi önəmli bir vəzifə qoydu. Həmin qaydalar tibbi maskadezinfeksi­ya vasitələrindən istifadə kimi şəxsi gigiyenaya riayət etmək, sosial məsafəni gözləmək, ehtiyac duyul­madığı təqdirdə isə evdən çıxmamaq məsələlərini diqqət mərkəzinə gətirdi.

 

Dövlətimizin başçısının BMT Baş Assambleyasının (BA) xüsusi sessi­yasının keçirilməsi təşəbbüsü isə həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT-yə üzv dövlətlər tərəfindən dəstəkləndi, 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etdi.

 

Prezident İlham Əliyev bu təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atdı. Beləliklə, cari il iyulun 10-da xüsusi sessiya rəsmi olaraq öz işinə başladı. Çoxsaylı müzakirələr zama­nı bu sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər barədə qərarlar verildi. Müzakirələrin sonundaKoronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası” ilə bağlı qətnamə qəbul edildi. Bu sənədə əsasən BMT BA-nın COVID-19-a qarşı mübarizəyə həsr olunan xüsusi sessiyası dekabrın 3-də öz işinə başladı.

 

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev xüsusi sessiyada videofor­matda çıxış edərək Qoşulmama Hərəkatı tərəfindən irəli sürülən BMT BA-nın COVID-19 pandemi­yasına qarşı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətləri tərəfindən böyük dəstək verildiyini, eyni zaman­da, təşəbbüsün gerçəkləşməsinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğuru oldu­ğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı, həmçinin xüsusi sessiya­nın keçirilməsinə verdikləri dəstəyə görə Qoşulmama Hərəkatı adından BMT-nin üzv dövlətlərinə və BA-nın sədrinə səmimi təşəkkürünü bildirdi.

 

Azərbaycan Prezidenti, Qoşul­mama Hərəkatının sədri İlham Əliyev çıxışında 2020-ci il ərzində dünya ictimaiyyətinin müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşdiyini, hazırda dünyada 60 milyondan artıq yoluxma halının qeydə alındığını və 1 milyondan çox insanın həyatını itirdiyini xatlrladaraq, sosial-iqtisadi sahələrdə çoxşaxəli fəsadlara yol açan bu böhra­nın insanların yaşayışına sarsıdıcı təsir göstərdiyini diqqətə çatdırdı.

 

İlin ötən ayları ərzində ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanıldı. Bu məqsədlə respublikada virusun yayıl­masının qarşısını almaq məqsədilə vaxtında zəruri işlər görüldü, müvafiq addımlar atıldı, koronaviruslu xəstələrin 46 dövlət xəstəxanasında müalicəsi reallaşdırıldı, funksional laboratoriyaların sayı 40-ı keçdi. Bütün bunlarla bərabər, pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edildi. Sosial yardım tədbirlərindən ölkə əhalisinin yarısı, başqa sözlə, 5 milyon insan yararlandı. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirildi və bu, hazırda da uğurla davam etdirilir.

 

Pandemiya başlayandan indiyədək Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx təmasda olub. Bu qurum COVID-19-un ilk vaxtla­rından ölkəmizə dəyərli tövsiyələr verib, mütəxəssislərini respublikamı­za göndərib. Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı göstərib. Bununla yanaşı, Azərbaycan indiyədək 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib.

 

Ölkəmiz pandemiyaya qarşı mübarizə apardığı bir vaxtda – sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən Vətən müharibəsinə baş­lamağa məcbur edildi. Belə ki, həmin gün düşmən olkənin silahlı qüvvələri Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektlərimizi və mülki əhalini hədəfə aldı. Azərbaycanın əks-həmlə əməliyyatına başlamaqdan sava­yı ayrı bir yolu qalmadı. Beləliklə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan torpaqlarımızın erməni silahlı qüvvələrindən azad edilməsi uğrunda döyüşlər başlandı.

 

Şübhəsiz ki, Azərbaycan Ordu­sunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, ordu-xalq-Prezident birliyi qısa müddətdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi.

 

Prezident İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində bu barədə dedi: “Biz öz torpağımızda vuruşu­ruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qo­ruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağı­mızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusunun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

 

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qara­bağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumun­dan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğal­çı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi və 44 gün çəkən uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək düşmən həm canlı qüvvə, həm də texnika ba­xımından böyük itkilər verdi, 5 şəhər, 4 qəsəbə və 286 kənd düşməndən təmizləndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bar­taz, Sığırt, Şükürataz zirvələri, habelə daha 5 adsız yüksəklik azad olundu.

 

Bütün bu uğurlarımız noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıl­ması barədə bəyanatın imzalanma­sını şərtləndirdi. Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarına birdəfəlik son qoyuldu.

 

Beləliklə, dövlətimizin başçısının qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Ordumuz uğurlu əməliyyatları ilə sta­tus-kvonu dəyişdirdi, təmas xəttini dar­madağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı bu tarixi qələbəni reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi günlərində xari­ci kütləvi informasiya vasitələrinə müsahibələrində ordumuzun rəşadəti, güc-qüdrəti haqqında dəfələrlə münasibət bildirdi. Son 17 ildə Silahlı Qüvvələrimizin istər sosial, istərsə də texniki cəhətdən möhkəmləndirilməsinin diqqət mərkəzində saxlanıldığını vurğuladı. Məhz bütün bunların nəticəsi idi ki, müharibənin davam etdiyi 44 gün ərzində ordumuz möhtəşəm uğurla­ra imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi.

 

Bütün sahələrdə olduğu kimi, bu məsələdə də verdiyi vədə sadiq qalan dövlətimizin başçısı ötən dövrdə mü­asir döyüşlərin aparılmasında mühüm əhəmiyyət daşıyan hərbi texnika­nın alınmasını, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıa­lınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsini yüksək səviyyədə gerçəkləşdirmişdi. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş imkanları tamamilə modernləşdirilmişdi.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2020.- 27 dekabr.- S.1.