Tarixi Qələbəmizi
reallaşdıran müdrik dövlət xadimi
Mən 2003-cü ildə, prezident
seçkiləri ərəfəsində xalqa müraciət
edərək demişdim ki, əgər mənə xalq etimad
göstərərsə, mən ulu öndər Heydər
Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam
etdirəcəyəm. Mən
fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi
və mən də öz növbəmdə sözlərimə
əməl etdim.
Prezident İlham Əliyevin 2018-ci il aprelin 18-də
keçirilmiş andiçmə mərasimindəki nitqindən
Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq, düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də erməni işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
Vətən müharibəsindəki hərbi-diplomatik uğurlarımız
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq, öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycan hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.
Milli maraqlara söykənən xarici siyasət
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən, dövlətlərin suverenliyinə və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Dövlət başçımızın yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.
Son 17 ildə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım kimi Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bunun davamı olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkatın təmas qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri statusunda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 150-dək dövlət tərəfindən dəstəklənməsi, xüsusi sessiyanın bu il dekabrın 3-4-də keçirilməsi və Prezident İlham Əliyevin sessiyada çıxışı beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, xüsusilə dövlətimizin başçısına olan böyük etimadın, eləcə də hörmətin növbəti göstəricisidir. Bu mühüm hadisələr onu təsdiq edir ki, artıq ölkəmiz təkcə regional məsələlər deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrlə bağlı da öz sözünü deyir, qlobal təhlükələr zamanı mövqeyini ortaya qoyur.
2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Dövlət başçısı bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.
Regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən enerji diplomatiyası
Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 5 il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı həmin toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığında energetika sektoru, təbii ki, çox böyük yer tutur. Bu baxımdan, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantılarının keçirilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
Prezident İlham Əliyev 2020-ci ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında diqqətə çatdırdı ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi: “Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi... Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə “Şahdəniz” sazişi imzalandı.
Son 17 il ərzində
ölkəmizin enerji təhlükəsizliyi strategiyası
uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın
enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən
asılılıq aradan qaldırılıb. Azərbaycan bu
gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz
iqtisadiyyatında onun payı 80 faizdən artıqdır.
1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”,
“Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə
yerləşən hissəsinin birgə işlənməsi və
hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti
2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər
uzadılıb. Hazırda “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu
müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni
neft strategiyası icra olunmağa başlanıb.
2018-ci il mayın
29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin
rəsmi açılış mərasiminin, eləcə də
XXV Xəzər Neft-Qaz Sərgisinin keçirilməsinin Azərbaycanın
enerji siyasətinin reallaşmasında çox böyük
rolu olub. Bununla yanaşı, 2018-ci il iyunun
12-də Türkiyənin Əskişəhər şəhərində
TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və
qardaş dövlətin münasibətlərinin ən
yüksək zirvədə olduğunun bariz göstəricisidir.
Onu da qeyd etmək vacibdir ki, 2018-ci il avqustun 12-də Xəzər
dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli
danışıqların nəticəsi olaraq, Xəzəryanı
Dövlətlərin Dövlət
Başçılarının V Zirvə toplantısında Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiyanın
imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən
biri kimi qiymətləndirilməlidir. Bu konvensiya
ölkəmizin maraqlarının təmin edilməsi
baxımından böyük diplomatik və siyasi uğurdur.
Prezident İlham Əliyev Türkiyənin
Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub
Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və
Avropanın enerji təhlükəsizliyində mühüm
amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə
birləşən hissəsinin açılış mərasimində
bildirdi ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi
layihəsidir. Azərbaycan özü və
qonşuları üçün enerji təhlükəsizliyini
təmin edən ölkədir. Bu baxımdan, 1994-cü
ildə “Əsrin müqaviləsi”nin
imzalanması ilə Azərbaycanın enerji siyasətinin təməli
qoyulmaqla yanaşı, ölkəmizin enerji təhlükəsizliyi
tam təmin edildi. Bundan əlavə, Azərbaycanın təşəbbüsü
ilə reallaşan Bakı –Tbilisi – Ceyhan, Bakı – Tbilisi
–Ərzurum, Bakı –Tbilisi – Qars, TANAP, TAP və digər layihələr
Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus
iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.
Hazırda Azərbaycan Şərq
– Qərb, Şimal – Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında
iştirak edən və fəal investisiya yatıran yeganə
ölkədir.
Bu mühüm qlobal layihələr onu göstərir
ki, artıq ölkəmiz bütün regional məsələlərdə
əsas iştirakçıdır və Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycanın razılığı
olmadan reallaşdırıla bilməz.
Beynəlxalq təşkilatlarla
münasibətlər yeni müstəvidə
Azərbaycan 2011-ci il
oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
keçirilən seçkilərdə BMT-yə üzv olan 193
dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə
qazanmışdır. BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın
diplomatiya tarixində əldə edilmiş ən böyük
nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər
dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi
qəbul edilməlidir.
Bu illərdə Azərbaycanın
beynəlxalq təşkilatlarla əməkdaşlığı
daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan
arasında qəbul olunmuş “Tərəfdaşlıq
prioritetləri” adlı mühüm sənəddə bir
çox məsələlər öz əksini tapmaqla
yanaşı, Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə, sərhədlərimizin
toxunulmazlığına dəstək və hörmət ifadə
olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də
Brüsseldə keçirilmiş NATO Zirvə
Görüşünün Yekun Bəyannaməsində də
alyans üzvlərinin Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə dəstək
və hörməti öz əksini tapıb. Onlar
regiondakı mövcud münaqişələrin məhz bu
prinsiplər əsasında həll olunmasının zəruriliyini
bildiriblər. Eyni zamanda, 2018-ci il avqustun 12-də Xəzər
dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli
danışıqların nəticəsi olaraq, Xəzəryanı
Dövlətlərin Dövlət
Başçılarının V Zirvə toplantısında Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiyanın
imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən
biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya
ölkəmizin maraqlarının təmin edilməsi
baxımından böyük diplomatik və siyasi uğurdur.
Bununla yanaşı, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının VII Zirvə Görüşü
keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə
başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da
Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət
başçılarının Bakıda keçirilən
XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin
dövlət və hökumət başçısı, həmçinin
beynəlxalq təşkilatların rəhbərləri,
ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq
təşkilatın nümayəndələri iştirak etdilər.
Həmçinin zirvə görüşündə
qəbul edilmiş sənədlər Azərbaycanın qlobal
miqyasda mədəniyyətlərarası dialoqun təşviqi
sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.
Bununla yanaşı, zirvə
görüşü iki gün ərzində beynəlxalq
münasibətlər sistemində ən mühüm hadisə
oldu. Ümumilikdə, özündə 120 ölkəni
birləşdirən və BMT-dən sonra dünyada ən
böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının
XVIII Zirvə Görüşünün Prezident İlham
Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və
2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə
edilməsi ölkəmizin böyük diplomatik uğurudur.
Son iki ildə ölkəmizin ev
sahibliyi etdiyi, eləcə də, dövlət
başçısının təşəbbüsü ilə
keçirilən bir sıra mühüm əhəmiyyət kəsb
edən tədbirlər – 2018-ci ildə VI Bakı Beynəlxalq
Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının
Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının
iclası, Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin
rəsmi açılış mərasimi, 2019-cu ildə VII
Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VII Zirvə Görüşü,
Qoşulmama Hərəkatının Zirvə
toplantısı, Dünya dini liderlərinin II Sammiti və digər
möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
Tarixi Qələbəmizi şərtləndirən
amillər
Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı işğalçı ölkə rəhbərliyi
tərəfindən səsləndirilən əsassız fikirlər
tarixi reallıqları, münaqişənin əsl mahiyyətini
əks etdirmirdi. Bunu dövlət başçımız 2019-cu il
oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində
“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında
və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə
iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının
Bakıda keçirilən XVIII Zirvə görüşündə
çıxışları zamanı tutarlı faktlarla
sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində isə Ermənistan
– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı panel müzakirələr zamanı, eləcə də
iyunun 18-də Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
sammitində Ermənistanın yürütdüyü
faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə,
dövlət terrorizmi və işğalçılıq siyasətini
ifşa edən Prezident İlham Əliyev Ermənistanın
baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs
keçdi.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində panel müzakirələri
zamanı bəyan etdi ki, erməni xalqı öz müqəddəratını
artıq təyin edib və onların erməni dövləti
var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə
öz müqəddəratını təyin etmək üçün
Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda
yox!”.
“Azərbaycanın ərazi
bütövlüyü istənilən digər ölkənin ərazi
bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini
bütün dünyaya bəyan edən Prezident İlham
Əliyev dəfələrlə bildirib ki, bizim mövqeyimiz həm
tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır
və heç vaxt Azərbaycan torpağında ikinci erməni
dövlətinin yaranmasına icazə verilməyəcək,
işğal edilmiş bütün torpaqlar
işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları
öz doğma yurdlarına qayıtmalıdırlar.
Dövlət
başçısı bu münaqişə həll olunmadan,
yəni Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarından çıxmayınca bölgədə
heç bir müsbət irəliləyişin mümkün
olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın
öz milli maraqları uğrunda sona qədər mübarizə
aparacağını dəfələrlə bildirib. Eyni zamanda, bu mübarizədə
ədalətin Azərbaycanın tərəfində
olduğunu söyləyən ölkə rəhbəri
dünyaya bəyan edib ki, dövlətimiz bundan sonra da öz
prinsipial mövqeyindən dönməyəcək: “Əgər
beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə
görə məsuliyyətə cəlb etmək istəmirsə,
– necə ki, Xocalı soyqırımına görə
heç kim onları məsuliyyətə
cəlb etməyib, – biz özümüz onları məsuliyyətə
cəlb edəcəyik. Biz özümüz
onların cəzasını verəcəyik, özümüz
onları cəzalandıracağıq və bizim cəzamız
ədalətli cəza olacaqdır. Onlar ən
ağır cəzaya layiqdirlər. Ermənistanın
hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz
bu cinayətkarları cəzalandıracağıq”.
Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli ordumuz sentyabrın
27-dən Ermənistanın hərbi təcavüzünə
cavab olaraq, 30 ildən artıq işğal altında olan
torpaqlarımızı azad etmək üçün
genişmiqyaslı əks-hücum əməliyyatları həyata
keçirilməklə yanaşı, düşmənin bu illər
ərzində yaratdığı “yenilməzlik”
mifologiyasını darmadağın etdi. Bununla yanaşı,
Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə
verdiyi çoxsaylı müsahibələri Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən
artıqdır ki, yürütdüyü
işğalçılıq siyasəti, xüsusilə
müharibə cinayətlərinin mahiyyətini açmaqla
bütün region üçün yaratdığı ciddi təhdidləri,
ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya
ictimaiyyətinə çatdırılmasında müstəsna
rol oynadı.
Dövlət
başçısı mühüm beynəlxalq tədbirlərdə
dəfələrlə Ermənistanın
işğalçılıq siyasətini ifşa edərək
təcavüzkarın faşist ideologiyası
yürütdüyünü və terrorizmin dövlət səviyyəsində
dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə, son 17 ildə
Azərbaycan diplomatiyasının səyləri nəticəsində
münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik
Şurası, Qoşulmama Hərəkatı, Avropa
İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası və s. beynəlxalq təşkilatların sənədləri
buna müvafiq hüquqi baza yaratdı.
Xüsusilə, Prezident İlham
Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq
platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır
və nida işarəsi!” devizi bir ildən sonra, 44 gün ərzində
reallığa çevrildi və xalqımıza böyük
sevinc yaşatdı. Dövlətimizin başçısı
birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq
işidir və Qarabağ Azərbaycandır!
Ümummilli lider Heydər Əliyevin
siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın
milli və dövlətçilik maraqlarını daim
üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev
2020-ci il noyabrın 8-də Şuşa
şəhərinin azad olunması münasibətilə xalqa
müraciətində demişdir: “İyirmi səkkiz il
yarım işğal altında olan Şuşa azad edildi!
Şuşa indi azaddır! Biz Şuşaya
qayıtmışıq! Biz bu tarixi Qələbəni
döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi
qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin
günüdür!”
Elçin
ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru
Xalq qəzeti 2020.- 24
dekabr.- S.7.