Biz gəlmişik, doğma Qarabağımızdayıq

 

Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, xilaskar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrin şücaəti və rəşadəti, dillərdə dastan olmuş igidliyi, qəhrəmanlığı ilə 30 illik qanlı münaqişəyə son qoyuldu. 44 günlük tarixi, möhtəşəm İkinci Vətən müharibəsi ilə işğalçı, faşist Ermənistan dövləti diz çökdürüldü, təslim edildi, kapitulyasiyaya imza atdırıldı, məğlubiyyəti elə öz dilindən etiraf etdirildi. Yağı düşmən üzərində 32 il səbirlə, təmkinlə, dözümlə gözlədiyimiz tarixi Qələbə və Zəfər çalındı, üçrəngli bayrağımız 27-28 ildən sonra yenidən Qarabağımızın hər bir guşəsində – Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Hadrutda, Suqovuşanda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, yaralı Xocalımızın kəndlərində dalğalandırıldı. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Dekabrın 10-da bütün dünyanın maraqla gözlədiyi, bütün gözlərin zilləndiyi tarixi, möhtəşəm “Zəfər paradı” keçirildi, qardaşdost Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycan və Türkiyə liderlərinin tarixi çıxışları ilə dünyaya bir daha birlik və bərabərliyimizin, dost və qardaşlığımızın sarsılmazlığının növbəti mesajları verildi.

 

Bəli, tarixi Qələbə və zəfərə qədər böyük yol, məsafə qət edil­di. Bu Zəfəri əldə etmək üçün çox böyük, tarixi addımlar atıldı. İkinci dəfə müstəqilliyimizi itirmək, par­çalanmaq, məhv olmaq təhlükəsi aradan qaldırıldı, Azərbaycan inkişaf, tərəqqi, sabitlik yoluna qədəm qoydu. Bunlar da heç şübhəsiz ki, 1993-cü ilin gərgin və ağır iyun günlərində hakimiyyətə qayıdan, müstəqil Azərbaycanın qurucusu və memarı, dahi şəxsiyyət ulu öndərimiz Heydər Əliyevin tarixi xilaskarlıq missi­yası nəticəsində mümkünləşdi, baş tutdu. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra torpaqlarımızın, dəyəri heç nə ilə ölçülə bilməyəcək mənəvi, maddi sərvətlərimizin, milli, tarixi, dini abidələrimizin, məscidlərimizin, ibadətgahlarımızın, qəbiristanlıqlarımızın, açıq və qapalı muzeylərimizin, mənəvi zənginliklərimizin murdar düşmən tapdağından qurtulması, işğal­dan azad edilməsi üçün bütün cəbhələrdə, səngərlərdə ardıcıl, sistemli mübarizə başlanıldı. Elə bir tədbir, elə bir yüksək səviyyəli forum olmadı ki, torpaq­larımızın işğalı, mənəvi, maddi sərvətlərimizin barbarizm və vandalizmə məruz qalması, onla­rın azad olunması məsələsi dilə gətirilməsin, səsləndirilməsin.

 

İstər ulu öndərin 10 illik ikinci hakimiyyəti dönəmində, istər onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə, istərsə dövlət başçısının ən yaxın və ən sədaqətli silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən illər ərzindəki tükənməz, bənzərsiz ictimai-siyasi fəaliyyəti müddətində bu məsələlər, xüsusilə, milli, tarixi, dini abidələrimizin, sərvətlərimizin vəhşiliklərə məruz qalması, Ermənistan tərəfindən, həmçinin mənəvi soyqırımının həyata keçirilməsi hər zaman, hər bir kürsüdə açıq və gur səslə bəyan olundu, lal, kar, kor dünyanın nəzərinə, diqqətinə çatdırıldı. Nəticə etibarı ilə bir sıra qurumlar, o cümlədən, uzun illərdir səmərəli əməkdaşlıq etdiyimiz UNESCO-nun önəmli qərarlarının qəbuluna nail olundu. Ermənistanın həm hərbi, həm də mənəvi təcavüzü, işğalı pislənildi, qınanıldı.

 

Bəli, işğal uzandıqca, mənəvi sərvətlərimizin, mənəvi resurs­larımızın məhvi bizim hər biri­mizibütün Azərbaycan insa­nını bir o qədər incitdi, sızlatdı. Xüsusilə də, Qarabağımızın gözü, dilbər guşəsi olan Şuşa­dakı abidələrimizin, Gövhərağa , Ağdam, o cümlədən, digər yurd yerlərimizdəki məscidlərimizin, qədim alban kilsələrinin, Azıx mağarasının, başqa bənzərsiz, təkrarsız sərvətlərimizin dağı­dılması, murdarlanması, yerlə-yeksan edilməsi hər birimizin ürək ağrısına, sızıltısına, naləsinə çevrildi. Bəs vətənindən didərgin salınan, təhqirlərə məruz qa­lan heykəllərimiz? Üzeyir bəy Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün heykəlləri güllələndi, məhv edildi. Düşmən bilə-bilə, qəsdən bunları törədərək, həm öz yırtıcı, ənənəvi insanlıqdan uzaq mahiyyətini ortaya qoyur, həm də bizim milli-mənəvi hisslərimizlə oynayırdı. Çünki bir daha acı təəssüf və qəzəb hissi ilə qeyd etmək istəyirik ki, işğalın daha amansız xarakter aldığı 1992-93-cü illərdən ötən illər ərzində yurd yerlərimizin elə bir guşəsi, elə bir milli -mənəvi, dini, tarixi sərvəti, abidəsi olmadı ki, təcavüzdən ciddi zərər çəkməsin… Dağıdılan dağıdıldı, məhv edilən məhv edil­di, qalanlar isə elə bir hala salındı ki, ələgəlməz oldu

 

Ancaq 32 illik səbirin, dözü­münbir həddi olmalıydı və oldu…Səbir kasası da daşma­lıydı və daşdı da. Sentyabrın 27-də Ermənistanın növbəti qanlı təcavüzündən, açıq təxribatından sonra Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrimizə döyüş, “vur!” əmri verildi, İkinci Vətən müharibəsi başlandı və cəmi 44 gündə 32 illik münaqişəyə son qoyuldu. İndi işğal altın­dakı torpaqlarımız, onun üstü də, altı da, o cümlədən, təbii sərvətlərimiz də öz sahibindədir, bizdədir, Azərbaycandadır. Ölkə PrezidentininBirinci xanımın Cəbrayıla, Xudafərinə, Füzuliyə, Ağdama tarixi səfərlərində də bir daha dünyaya erməni faşizmi, erməni barbarizmi, vəhşiliyi əyani şəkildə nümayiş etdirildi. Dünya bir daha erməni vandalizminə, erməni barbarizminə şahidlik etdi. Şahidlik etdi ki, işğal olunmuşişğaldan azad edilmiş Azərbaycan ərazilərində daş üstə-daş qalma­yıb, hər yer dağıdılıb, məhv edilib, vəhşiliklərə, murdarlıqlara məruz qalıb, xüsusilə, bərpası bəlkə də on illər çəkəcək milli, mənəvi, tari­xi, dini sərvətlərimiz, abidələrimiz yox edilib. Ağdam məscidi bunun acı və əyani sübutudur.

 

Ölkə PrezidentiBirinci xanım 27 ildən sonra erməni vandalizmini hələ də canında, ruhunda hiss edən, yaşadan Ağdam məscidini ziyarət etdikdən sonra Ali Baş Komandan Ağ­dam məscidinin önündə tarixi nitq söylədi, bir daha dünyaya səsləndi, çağırış etdi, erməni vandalizminə diqqət çəkdi: “Bu gün burada, vandallar tərəfindən dağıdılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də, tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danı­şacağam”.

 

SonraBiz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat ol­masın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar”- deyən Ali Baş Komandan bildirdi ki, han­sılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar, onların bu barədə danışmağa haqqı yoxdur. İkinci­si, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir.

 

Bəli, möhtərəm Preziden­timizin dediyi kimi, kimsənin, xüsusilə də, illərdir işğala göz yumanların, sərvətlərimizin talan edilməsinə səssiz qalanların “narahatlığı”na heç bir əsas və səbəb yoxdur. Azərbaycanda hər il Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin zirvə görüşləri keçiri­lib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görül­müş işlərə yüksək qiymət verib, pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycandakı tolerantlıq, dini dözümlülük, multi­kulturalizm haqqında danışıb.

 

Belə olan halda, kim bizə irad tuta bilər? Məscidləri bağ­layan, yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş do­nuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Dövlət başçı­sının göstərişi ilə dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsə təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udin kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Qafqaz Albaniyası kilsələri, gürcü kilsələri bizim milli sərvətimizdir. Erməni kilsəsi dini-mənəvi əhəmiyyət daşıyır biz onlara da hər zaman hörmətlə yanaşmışıq.

 

Ancaq vəhşi, qəbilə, yırtıcı təfəkkürlü düşmən məscidlərimizdə, xüsusilə Ağ­dam məscidində inək saxlayıb, donuz saxlayıb bununla da əsl mahiyyətini ortaya qo­yub. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl bədnam Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində olublar. Bəs niyə gördükləri bu iyrənc mənzərə, erməni vandalizmi barədə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıt­maq olar?!

 

Dövlət başçımızın da dediyi kimi, əgər belədirsə, olduğu kimi desinlər getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə qarışmasınlar. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik durmuşuq tarixi tor­pağımızda, Qarabağımızda! Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik verəcəyik.

 

Necə ki, 44 gün ərzində birlik göstərmişik, azad edilmiş torpaq­larımızın bərpası işində birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər ola­caq. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik bir daha gücümüzü göstərəcəyik.

 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin müavini, filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti  2020.- 24 dekabr.- S.10.