Prezident İlham Əliyevin möhtəşəm zəfəri xalqımız tərəfindən yüksək dəyərləndirilir

 

Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusunun nəticələrini açıqlayıb. Rəy sorğusunda respondentlərə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəliliyinin dəyərləndirilməsi, Qarabağın hərbi yolla azad edilməsinə inamın əsasında duran amillərin müəyyənləşdirilməsi, Vətən müharibəsində Qələbəmizi reallaşdıran əsas hansı məqamların olması, müharibə və pan­demiya dövründə əhalinin yaşadığı əsas təhlükələrin öyrənilməsi və s. istiqamətlər üzrə suallar ünvanlanıb.

 

Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şir­van, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb. Sorğuda təsadüfi üsulla seçilən 1217 respondent iştirak edib. Seçmədə hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı propor­sional olaraq müəyyənləşdirilib.

 

Xatırladaq ki, respondentlərin 96,4 faizi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə Azərbaycan Prezidentinin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib.

 

Belə bir dəyərləndirmə təsadüfi deyil. Çünki son 17 ildə dövlətimizin başçısının uzaqgörən inkişaf strategi­yası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, dün­yada nüfuzu artıb, beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlib və dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşu­lub. Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərin gerçəkləşdirilməsi üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşü­nülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb.

 

Nəhayət, xalqımız bu il bir arzusuna da qovuşub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun güc-qüdrəti ilə 44 gün davam edən Vətən müharibəsi ərazilərimizin işğaldan azad olunması ilə başa çatıb, eyni zamanda, 30 illik bir münaqişənin həlli gerçəkləşib.

 

Şübhəsiz ki, xalqımızın taleyində böyük rol oynayan bu şanlı zəfər, bu qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə əvəzsiz töhfələr verəcək.

 

Azərbaycan Prezidentinin son 17 il ərzində qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmizi şərtləndirib. Dövlətimizin baş­çısı tarixi ədalətin bərpasından narahat­lıq keçirən, ordumuzun zəfər yürüşünə qısqanclıqla yanaşan, düşmən mövqedə olan və düşmənə, işğalçıya açıq-aşkar dəstək verən qüvvələr qarşısında mətin iradə, yenilməz qətiyyət, dönməzlik, əyilməzlik nümayiş etdirib. Ali Baş Ko­mandan dövlətimizin, xalqımızın maraq­larının müdafiəsindən bir addım belə geri çəkilməyib. Xalqımız, eləcə də dünyada yaşayan hər bir azərbaycanlı möhtərəm Prezidentimizin bu keyfiyyətlərindən qürur­lanıb, daha da sıx birləşib, Ali Baş Koman­dana güclü dəstək ifadə edib.

 

Rəy sorğusunda 75,2 faiz respon­dent ölkə başçısının müharibə veteran­ları və yaralı hərbçilərlə görüşməsini və işğaldan azad olunan torpaqlara səfərlərini təqdir edib. Bu, istər Vətən müharibəsi günlərində, istərsə də döyüşlər qələbəmizlə başa çatandan sonra Azərbaycan Prezidentinin müharibə vete­ranları və yaralı hərbçilərlə görüşməsinin, onların qayğı və problemləri ilə dərindən maraqlanmasının məntiqi nəticəsidir.

 

Yeri gəlmişkən, dövlətimizin başçısı Vətən müharibəsi qələbəmizlə başa çatandan sonra cəbhədə qəhrəmanlıq nümunəsi göstərən əsgər və zabitlərimizin rəşadətini yüksək qiymətləndirib. Eyni za­manda, Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi şücaətə görə, 9 dekabr 2020- ci il tarixli sərəncamla 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verib.

 

Dekabrın 15-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” növbəti sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular “Azərbaycan Bayra­ğı”, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Sonrakı günlərdə də hərbi qulluqçuların təltif edilmələri davam etdirilib.

 

Sorğuda bu il ərzində Prezident İlham Əliyevin daha çox insan tərəfindən (68,5 faiz) təqdir olunan digər fəaliyyəti bir sıra icra hakimiyyəti başçılarının, yüksək vəzifəli şəxslərin qanunazidd fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılması olub.

 

Respondentlərin 65,6 faizi Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini, 62,1 faizi dövlət başçısının xarici kütləvi informasi­ya vasitələrinə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında təqdir edib. Prezidentin korrup­siyaya qarşı mübarizəni gücləndirməsi və sərt mövqe göstərməsi 60,2 faiz, pande­miyanın mənfi təsirlərini azaltmaq üçün həyata keçirdiyi sosial dəstək siyasəti 60,1 faiz respondent tərəfindən dəstəklənib.

 

Prezident İlham Əliyev tərəfindən pandemiyaya qarşı mübarizənin aparılma­sında strateji qərarların qəbulu 58,8 faiz respondent tərəfindən təqdir edilib. Bu, təsadüfi deyil. Belə ki, yola saldığımız ilin mühüm hadisələrindən birikoronavirus pandemiyasının iqtisadi həyatımıza təsiri ilə bağlıdır. Azərbaycan rəhbərliyinin gör­düyü tədbirlər ölkəmizdə yeni növ virusun törətdiyi xəstəliyə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni za­manda, iqtisadi böhranın qarşısını almağa, iqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaradıb.

 

Azərbaycan qlobal pandemiyaya qarşı hərtərəfli mübarizəni bu gündavam etdirir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün ilk zamandan etibarən qətiyyətli və çevik addımlara start verilib. Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdı­rılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, eyni zamanda, maska istehsalı müəssisəsinin açılması, yeni təcili tibbi yardım avtomobillərinin təminatı kimi mühüm əhəmiyyətli işlər həyata keçirilib.

 

Azərbaycan çevik şəkildə ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa zaman ərzində laboratoriyaların sayı 8 dəfə artırılıb. Ötən müddət ərzində yeni koronavirusun aşkar­lanması üçün ümumilikdə 2 milyondan çox test aparılıb.

 

Respublikamızda 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Bunun sayəsində virusa yoluxan xəstələr üçün 10 mindən çox çar­payı yeri yaradılıb.

 

Paralel olaraq həkim çatışmazlığının qarşısının alınması istiqamətində mühüm işlər görülüb. Bəzi ölkələrlə bu sahədə əməkdaşlıq üçün operativ danışıqlar apa­rılıb, 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət edilib ki, bu da xəstələrin müalicə olunaraq sağaldılma­sında müstəsna rol oynayıb.

 

Görülən tədbirlərin nəticəsidir ki, indiyə qədər virusa yoluxan 150 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb.

 

Hazırda qlobal böhranın ölkəmizdə daha az hiss olunması üçün bütün istiqamətlərdə lazımi qabaqlayıcı tədbirlər davam etdirilir. Karantin dövrü ərzində vətəndaşlara göstərilən maddisosial yardımlar bu xüsusda əhəmiyyətli rol oyna­yır. Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən böyük dəstək göstərilir.

 

Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib.

 

Bu gün Prezident İlham Əliyevin həm Vətən müharibəsi dövründə, həm də ümumilikdə 2020-ci ildəki fəaliyyəti əhali tərəfindən səmərəli qiymətləndirilir. Başa çatmaqda olan bu il COVID-19 pande­miyası fonunda bütün dünyada olduğu kimi, Azərbaycanda çətinliklərin yaşan­dığı il oldu. Buna baxmayaraq, 2020-ci il Azərbaycan dövlətinin tarixində torpaqları­mızın işğaldan azad olunması nəticəsində Zəfər ili kimi tarixə qızıl hərflərlə yazıldı. Bu qələbənin əsasında ölkə rəhbərinin ge­osiyasi vəziyyəti düzgün dəyərləndirməsi, resurslardan düzgün istifadəsi, diplomatik bacarıqları dayanır. Müsbət haldır ki, res­publika əhalisi Prezident İlham Əliyevin bu fəaliyyətini dərindən təhlil edir və yüksək dəyərləndirir.

 

Sosial Tədqiqatlar Mərkəzinin ictimai rəyin öyrənilməsi departamentinin mü­diri Ayşəm Balayeva söhbətində bildirib ki, sorğuda iştirak edənlərin əhəmiyyətli hissəsi əvvəlki illərlə müqayisədə müharibə dövründə ölkəmizin beynəlxalq infor­masiya məkanındakı mövqeyini müsbət qiymətləndirib. Ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyini çox yaxşı qiymətləndirən 78,6 faiz respon­dentin 66,5 faizi Prezidentin xarici me­diaya müsahibələrini müntəzəm olaraq izlədiklərini bildirib. Prezidentin xalqa müraciətlərini respondentlərin 72,2 faizi müntəzəm izləyib.

 

Vətən müharibəsindən son­ra Prezidentin siyasi lider kimi şəxsi keyfiyyətlərinə ictimai münasibətə gəlincə, əhalinin mütləq əksəriyyəti (81,6 faiz) dövlətimizin başçısında yeni şəxsi keyfiyyətlər müşahidə edib.

 

Respondentlərin mütləq əksəriyyəti (93,7 faiz) müharibədə göstərdikləri xidmətlərə görə zabit və əsgər heyətinin təltif olunmasını müsbət qiymətləndirilib. Sentyabrın 27-nin Anım günü kimi keçirilməsi ilə bağlı həmfikir olduğunu bildirən respondentlər rəyi öyrənilənlərin 96,7 faizini təşkil edib. Noyabrın 8-nin Qələbə günü kimi qeyd edilməsi ilə bağlı qərarı dəstəkləyənlər isə 99 faiz həddində olub. Respondentlərin mütləq əksəriyyəti Prezidentin rəhbərliyi ilə ordu quruculuğu və təkmilləşdirilməsi istiqamətində görülən işləri çox səmərəli qiymətləndirib (94,6 faiz çox səmərəli, 1 faiz əsasən səmərəli).

 

Sorğuda iştirak edənlərin 85,1 faizi Prezidentin xarici siyasət istiqamətindəki fəaliyyətini çox səmərəli, 10,4 faizi isə əsasən səmərəli qiymətləndirib.

 

İşğaldan azad olunmuş ərazilərin yaxın dövrlərdə bərpası ilə bağlı bəyanatlara inam mütləq çoxluqla (97,7 faiz) xarakterizə edilib.

 

Sorğunun nəticələri bir daha göstərir ki, Prezident İlham Əliyevin həm Vətən müharibəsi dövründə, həm də ümumilikdə 2020-ci ildəki fəaliyyəti əhali tərəfindən yüksək qiymətləndirilir. Müsbət haldır ki, ölkə əhalisi dövlətimizin başçısının fəaliyyətini dərindən təhlil edir və lazımınca dəyərləndirir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2020.- 29 dekabr.- S.5.