Dövlət qaliblərin xidmətini yüksək qiymətləndirir

 

Xalqımız isə igid övladlarının qeyrəti və tarixi hünəri ilə öyünür

 

Azərbaycan xalqı arzu və ümidlərlə, qayğı və çətinliklərlə, uğur və qələbələrlə dolu daha bir ili yola salamağa hazırla­şır. 2020-ci il son bir qərinənin ən seçilən ili kimi yaddaş­lara köçür. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 30 ildən bəri təcavüzkar Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını düşməndən azad etməsi ilə 2020-ci il həm də 2020 illik tariximizin ən böyük zəfərinin qazanıldığı bir zaman kimi dəyərləndirilir.

 

Prezident ilham Əliyevin dediyi kimi, 2020-ci ildə Qarabağ münaqişəsi tarixə qovuşdu. Bu tarixi zəfəri isə xalqımıza yenilməz Azərbaycan Ordusu, onun canını Vətən yolunda fəda etməyə hazır olan qəhrəman əsgər və zabitləri qazandırdı­lar. Artıq qanlı-qadalı Qarabağ savaşı ay yarımdır düşmənin məğlubiyyəti, xalqı­mızın haqq işinin qələbəsi ilə bitib. Vətən müharibəsinin nəticələri, onun doğurduğu yeni vəzifələrlə bağlı dövlətin və xalqın gördüyü işlər isə davam edir.

 

Müharibən sonra dövlətimizin və xalqı­mızın qarşısında duran ən önəmli borc və vəzifələrdən biribirincisi canını Vətən yolunda qurban vermiş şəhidlərimizin və müxtəlif dərəcədə yaralanmış döyüşçülərin, qələbədə seçilən payı olan hərbçilərin xidmətlərinin qədirbilənliklə qiymətləndirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq Milli Məclis müstəqil dövlətimizin təltifləri cərgəsinə Vətən müharibəsində xalqımıza zəfər qazandıranların mükafatlandırılması üçün yeni fəxri ad, ordenmedallar təsis edilməsi barədə qanunlar qəbul edib.

 

Dövlət başçısı Vətən müharibəsi Qəhrəmanı adının təsis edilməsi haqqında qanunu imzalayıb, müvafiq əsasnaməni təsdiqləyib. Vətən Müharibəsi Qəhrəmanı adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. Əsasnaməyə görə, vu yüksək ad Azərbaycanın işğal olun­muş ərazilərinin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırıqlarına və dövlət sərhədinin bərpa edilməsi üzrə əməliyyatlara yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. Prezidentin təsdiq etdiyi digər bir qanunla isə yeni ordenmedallar yaradılıb: “Zəfər” ordeni; “Qarabağordeni; “Cəsur döyüşçü” medalı; “Döyüşdə fərqlənməyə görə” medalı; “Su­qovuşanın azad olunmasına görə” medalı; “Cəbrayılın azad olunmasına görə” medalı; “Xocavəndin azad olunmasına görə” me­dalı; Füzulinin azad olunmasına görə” medalı; “Zəngilanın azad olunmasına görə” medalı; “Qubadlının azad olunmasına görə” medalı; “Şuşanın azad olunmasına görə” medalı; “Kəlbəcərin azad olunmasına görə” medalı; “Ağdamın azad olunmasına görə” medalı; “Laçının azad olunmasına görə” medalı; “Vətən müharibəsi iştirakçı­sı” medalı və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.

 

“Zəfər” ordeni ilə Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayo­nunya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyü­nün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

 

Qarabağordeni isə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasın­da, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına, habelə ərazi bütövlüyü­nün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslərə təqdim olunur.

 

Artıq Qarabağ savaşında igidlik göstərərək həlak olmuş və döyüşlərdə fərqlənmiş əsgər və zabitlərimizin Pre­zidentin müvafiq sərəncamları ilə böyük dəstələrlə təltif olunması davam edir. Xalq öz igid balalarının hünərinin rəsmi təsdiqi olan bu irimiqyaslı mükafatlandır­manı böyük məmnunluqla qarşılayayır, təltif olunanları tanıyır, onların ailələrini və yaxınlarını qədirbilənliklə təbrik edir, öz qəhrəmanları ilə öyünür.

 

Vətən müharibəsinin nəticələrinə görə dövlətin apardığı irimiqyası dəyərləndirmə proqramlarının digər önəmli bir istiqaməti isə şəhid ailələrinə və yaralanmış döyüşçülərə göstərilən qayğı və diqqətdir. Ölkəmizdə dövlət qayğısına möhtac olan və imtiyazlı kateqoriyalar arasın­da müstəqilliyimiz uğrunda mübarizədə və ərazilərimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin ailələri və müharibə əlilləri ilə bağlı uzun illər mərhələ-mərhələ formalaşmış və geniş tədbirləri əhatə edən xüsusi sosial müdafiə sistemi fəaliyyət göstərir.

 

Dövlət bütün bunları Vətən yolunda canını qurban vermiş ailərin və sağlamlığı­nı itirmiş vətəndaşların normal rifahı və cari ehtiyaclarının aradan qaldırılması üçün edir. İkinci Qarabağ müharibəsindən sonra Vətən uğrunda canını fəda edən şəhid və qazilərimizin ailə üzvlərinə də dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Müharibə qurbanlarının ailələrinin və yaralı hərbçilərimizin bütün sosial ehtiyacları operativ olaraq qarşılanır.

 

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu günlərdə nazirliyin müvafiq qurumları­nın bütün səyləri Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, müharibədə yaralanmış hərbçilərimizin sosial dəstəklə əhatə olunmasına səfərbər edilib. Bu sahədə konkret istiqamətləri əhatə edən plan üzrə işlər görülür. Na­zirliyin əməkdaşları hər bir şəhid ailəsi, yaralanmış hərbçi ilə elə öz ünvanların­da görüşürlər. Onların sosial ehtiyacları öyrənilir və bu yöndə dəstək işləri aparılır.

 

İlk növbədə, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminat hüquqlarının daha çevik şəkildə reallaşdırılması təmin edilir. Bir çox sosial təminat növlərinin təyinatı üzrə proaktiv xidmətlər yaradılıb, onlar avtomatik təyin edilir. Şəhid ailələrinin əziyyət çəkməməsi üçün lazımi sənədlər nazirliyin əməkdaşları müvafiq qurumlar­dan alır, Prezidentin aylıq təqaüdlərinin, pensiyaya müavinətlərinin təyinatları ləngimədən aparılır.

 

Bununla yanaşı, şəhid ailələrinin, vəziyyətləri uyğun olduqda, ünvanlı yar­dımla əhatə olunmaları, eləcə də onların məşğulluq məsələləri operativ həll edilir. Növbədənkənar olaraq özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələrinə öz kiçik bizneslərini qurmaları üçün şərait yaradılır. Bu tədbirlər erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrini, həmin terror nəticəsində ev və təsərrüfatları dağılmış insanları da əhatə edir.

 

Nazirliyin müvafiq qurumlarında Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin müvafiq qaydadadaha opera­tiv mexanizm əsasında qiymətləndirilməsi işləri də aparılmaqdadır. Əlillik dərəcələri təyin olunan şəxslər dövlətin aylıq sosial ödənişləri ilə təmin olunacaq və digər sosial proqramlarla əhatə olunacaq. Na­zirliyin Sosial Xidmətlər Agentliyi də şəhid ailələri ilə, erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə, müharibə zamanı itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, ehtiyac duyduqları psixoloji xidmətləri göstərir. Agentliyin bu yöndə “Onlayn psixoloji dəstək xidməti” də fəaliyyətdədir.

 

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün növbəlilik qaydasında mənzillə və fərdi evlə təminat proqramları da var. Lakin Vətən müharibəsində şəhid olanların ailələri, müharibədə yaralan­mış vətəndaşlarla ünvanlarında görüşlər zamanı ev şəraitinin ağır, dözülməz olması halları ilə rastlaşılır. Belə hallarda sosial tərəfdaşların dəstəyi ilə bu ehtiyaclar ara­dan qaldırılır.

 

Ümumilikdə, bu gün şəhid ailələri, müharibədə sağlamlığını itirmiş vətəndaşlar aşağıdakı sosial müdafiə proq­ramları icra olunur. İlk növbədə, aidiyyəti qurum tərəfindən şəhidin vərəsələrinə 11 min manat sığorta ödənişi, müharibə əlillərinə, o cümlədən, I dərəcə əlilliyi olan şəxslərə 8 min 800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6 min 600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4 min 400 manat ödənilir.

 

Həmçinin, şəhid ailəsi üzvləri və müharibə əlilləri aylıq sosial ödəniş olaraq, Prezident təqaüdü və bununla yanaşı, müavinət və ya pensiya formasında orta hesabla 700 manatlıq bir ödənişlə təmin edilir.

 

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı da dövlətin mühüm proqramlarındandır. Bu günə qədər artıq əksəriyyəti I Qarabağ döyüşlərində həlak olmuş şəhidin və yaralanmış 9 minədək şəxsin ailəlsinə fərdi ev və mənzil verilib, 7 mindən çox müharibə əlilinə minik avtomo­bili təqdim edilib. Bu istiqamətlərdə işlər ildən-ilə genişlənir.

 

Əgər şəhid ailələrinin üzvləri, müharibə əlillərinin övladları və özləri ödənişli təhsil alırlarsa, bu zaman onların haqqı dövlət hesabına ödənilir. Əlillərin protezreabilitasiya vasitələri, sanator-kurort yollayışları ilə təminatı sahəsində də işlər aparılır. Nazirliyin gerçəkləşdirdiyi özünüməşğulluq, ödənişli ictimai işlər və s. kimi aktiv proqramlarında şəhid ailəsi üzvləri və müharibə əlillərinə üstünlük verilir. Əmək və məşğulluq, eləcə də vergi qanunvericiliklərində də onlar üçün bir çox güzəştlər mövcuddur.

 

Nazirliyin məlumatında daha sonra bildirilir ki, müharibə dövründə xalqımızın ordumuza göstərtdiyi fəal, güclü dəstəyin, sarsılmaz birlik və həmrəyliyin davamı olaraq, bu gün də cəmiyyətimiz şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasında xeyirxahlıq, humanizm nümayiş etdirir. Bu amil nəzərə alınaraq Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə ölkəmizdə “YAŞAT” Fondu yaradılıb. Həmin fond Azərbaycanın ərazi bütövlü­yünün müdafiəsi ilə əlaqədar yaralanan­ların və şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması sahəsində dövlətin tədbirlərinə əlavə dəstək verəcək.

 

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İn­novasiyalar üzrə Dövlət Agentliyidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin agentliklə birgə “YAŞAT” Fondunun dəstək tədbirlərinin dövlətin müvafiq sosial proqramları ilə uzlaşdırılmasını təmin edəcək. Bunun üçün iki qurum arasında informasiya mübadiləsi, müvafiq informasi­ya sistemlərinin inteqrasiyası yaradılır.

 

Son bir ayda artıq 5 min 300-dən çox bu kateqoriyalardan olan vətəndaş bu dəstək tədbirləri ilə əhatə olunub. Onlara müvafiq sosial ödənişlərin təyinatı, məşğulluq məsələlərinin həlli, özünüməşğulluq proqramına cəlb olunaraq ailə təsərrüfatlarını yaratmaları, sosial-psi­xoloji yardım və s. istiqamətlərdə dəstək göstərilib və bu işlər davam edir.

 

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müasir tələblərə uyğun reabilitasiya sistemi qurulub, təkcə son 2 ildə 7 reabilitasiya müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Onlardan eləsi var ki, 200-dək çar­payısı var və ildə 4 min 500-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərir. İlin sonuna qədər daha 2 belə müəssisə açılacaq. Onlardan Şağan Müalicə Pan­sionatı 250 çarpayılıqdır və il ərzində 7 mindən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərməyə imkan verir.

 

Bu yaxınlarda Göygöl rayonunda müa­sir tələblərə uyğun qurulmuş Psixonevroloji Sosial Xidmət Müəssisəsi istifadəyə verilib. Gəncə şəhərində şəhid ailələrinə və Qara­bağ müharibəsi əlillərinə yeni 103 mənzil təqdim edilib. Şəhərində özünüməşğulluq proqramı əsasında yeni təsərrüfatlar ya­radılır. Digər şəhər və rayonlarda da belə məşğulluq obyektləri təşkil olunur. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına yeni 23-ü əlavə edilib.

 

Göründüyü kimi, ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yara­lanmış qəhrəman insanlarımızın müalicə tədbirlərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunma­ları üçün müasir tələblərə uyğungeniş imkanları olan reabilitasiya sistemi möv­cuddur. Bütün bunlardan əlavə öyrəndik ki, nazirliyin müvafiq qurumları erməni terroru nəticəsində ağır xəsarət almış şəxslərə də sosial dəstək göstərir.

 

Ümumiyyətlə, son illərdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri daha da gücləndirilib, onlara yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artıb. Onla­rın mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin bu il də yüksək səviyyədə davam etdirilib. İl ərzində şəhid ailələri və müharibə əlillərinə, rekord sayda olmaqla, 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1300-dən çoxu təqdim edilib. Bu il müharibə əlillərinə ayrılan 400 avtomobilin artıq böyük əksəriyyəti verilib.

 

Bu gün tam əminliklə deyə bilərik ki, müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilmiş­dir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxilixarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuş­dur. Bu gün müstəqil Azərbaycan dövləti məcburi köçkünlərə, şəhid ailələrinə, müharibədə fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda məcburi köçkün ailələri üçün yeni qəsəbələr salınır. Fiziki sağlam­lığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır.

 

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən yüksək texnolo­giyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə Mehriban xanımın şəxsən iştirak etməsi, hərbçilərlə səmimi şəkildə görüşməsi göstərilən qayğının və ən yüksək insani keyfiyyətin bariz nümunəsidir.

 

Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağ döyüşləri şəhidlərinin, əlillərinin, fərqlənmiş döyüşçülərinin, eləcə də bütün hərbçi veteranların xidmətini yüksək qiymətləndirir, onların və ailələrinin qayğı və etiyaclarının yüksək səviyyədə aradan qaldırılmasını təmin edirlər. Xalqımız isə igid övladlarının qeyrəti və tarixi hünəri ilə öyünür, onlara dərin ehtiram bəsləyir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti  2020.- 29 dekabr.- S.6.