Qarabağ zəfəri yeni
iqtisadi yüksəlişə start verdi
Başa vurmaqda olduğumuz 2020-ci ildə Azərbaycan möhtərəm Prezidentimiz və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tarixi qələbələrə imza atdı. İlin əvvəllərindən bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı verilən müdrik və təsirli qərarlar, gerçəkləşdirilən operativ və qəti tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və sosial sferada hər hansı bir böhranın yaşanmamasının və ölkəmizin, bütövlükdə, bu sınaqdan da uğurla çıxmasının şahidiyik. Azərbaycandan daha zəngin və hətta bizə “dərs” verməyə cəhd edən ölkələrə nəzər yetirdikdə, onlardakı iqtisadi itkiləri, sosial gərginliyi, valyutaların devalvasiyasını, aciz qalmış səhiyyə sistemini və mükəmməl olmayan dövlət idarəçiliyini açıq-aşkar görürük.
2020-ci ildə qazanılmış digər ən mühüm qələbə isə 44 günlük Vətən müharibəsində 30 il işğalda qalan tarixi torpaqlarımızın azad olunmasıdır. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının və onun xilaskar liderinin əzmini və eyni zamand, dərin humanizmini göstərdi. Ermənistanın rəsmi mənbələrinin göstərdiyi rəqəmlərə görə, düşmən tərəfin canlı itkiləri içində mülki şəxs cəmi 1 faiz təşkil etmişdir. Buna isə səbəb düşmənin öz hərbi texnika və silah-sursatlarını mülki binaların arasında yerləşdirməsi olmuşdur.
Bu göstərici son 1 əsrdə baş vermiş dəhşətli müharibələrlə müqayisədə çox cüzi bir rəqəmdir. Bu, Azərbaycanın Ali Baş Komandanının humanizminin və Azərbaycan Ordusunun peşəkarlığının nəticəsidir. Yaxın keçmişdə o qədər də böyük olmayan Çeçenistanı nəzarətə almaq üçün Rusiya 6 il vaxt sərf etdi və həmin müharibədə minlərlə əsgər və mülki şəxs həlak oldu. Bundan başqa, Rus-yapon və Dünya müharibələrində, Şimali Koreya, Kamboca, Vyetnam, Əfqanıstan və Yuqoslaviyada baş vermiş müharibələrin heç birində dinc insanlara II Qarabağ müharibəsində Azərbaycan tərəfindən düşmənin mülki əhalisinə olan humanizm nümayiş etdirilməmişdir.
Azərbaycan öz zəngin təbii sərvətləri, coğrafi mövqeyinə görəhəmişə özünü təmin edən ölkələr sırasında olub. Keçmiş SSRİ dövründə, II Dünya müharibəsi və ondan sonrakı illər ərzində iqtisadi cəhətdən, qida təminatı baxımından əksər respublikalar ciddi böhran yaşadığı bir dövrdə Azərbaycan özünü təmin edən ölkələrdən olub. Əlverişli iqlim şəraiti taxıçılığın, üzümçülüyün, pambıqcılığın, tütünçülüyün, habelə heyvandarlığın inkişafına imkan verir. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkənin aqrar sektoru ilə yanaşı, sənaye sahəsində da ciddi sıçrayış olmuşdur. Bakı şəhəri ilə yanaşı, Naxçıvanda, Qarabağda, Lənkəranda, eləcə də Sumqayıt, Şirvan, Mingəçevir, Daşkəsən kimi gənc şəhərlərdə yeni sənaye istehsalı quruldu. Neft-qaz sənayesi ilə yanaşı, kimya, maşınqayırma, cihazqayırma, metallurgiya sənayesi, elektrik enerjisi sahələri inkişaf etdirildi.
1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələrinin SSRİ-dən qalan qoşunların hərbi dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi nəticəsində ölkənin aqrar və sanaye potensialının xeyli hissəsi itirildi. Lakin 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatı ilə başlayan Vətən vüharibəsində müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə tariximizə qızıl hərflərlə yazıldı və ölkəmizin iqtisadi, sosial potensialının artmasına, daha da güclənməsinə ciddi zəmin yaratdı.
Düşməndən azad olunan Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının kənd və qəsəbələrində yaşayış, sosial və xidmət obyektlərinin, inftrastruktur xətlərinin bərpası və inşası tikinti sektorunun və tikinti materiallarnın istehsalının inkişafı ilə yanaşı, əhalinin məşğulluğuna da təkan verəcəkdir. Münaqişə və işğaldan öncə Qarabağın rayonları ölkənin ümümi taxıl istehsalının 18, üzümün 32, ət və süd məhsullarının 32, yun və ipəyin isə 36 faizini təmin edirdi. Kəlbəcər və Zəngilan rayonlarında qızıl ehtiyatı isə 135 tondan artıq qiymətləndirilmişdi.
Ölkə başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, tarixi qələbədən sonra Azərbaycanda artıq yeni strateji dövr başlanmışdır və bu inkişaf dövrünün yeni mərhələsində işğaldan azad olunmuş hər bir rayonun iqtisadiyyatının dirçəlişi ölkənin iümumi tərəqqisi üçün əlavə potensial yaradacaqdır. Belə ki, Qarabağın aran rayonlarında dənli bitkilər, pambıqçılıq, üzümçülük, tütünçülük, yemçilik kimi müxtəlif istehsal sahələrinin, dağlıq rayonlarda isə heyvandarlığın bərpası və inkişafı, habelə Kəlbəcər və Zəngilan rayonlarında qızıl, mis və digər faydalı qazıntı yataqlarının yenidən təşkili ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixrac potensialına da ciddi dəstək verəcəkdir.
Dövlət başçısının qeyd etdiyi kimi, yeni dövrün daha bir çağırışı da regionda geniş nəqliyyat infrastrukturunun yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək yeni nəqliyyat xəttləri – dəmir və avtomobil yolu çox əhəmiyyətli regional şəbəkənin formalaşmasına səbəb olacaqdır. Bu xətt həm də qardaş Türkiyə ilə Azərbaycanı birbaşa qovuşdurmaqla yanaşı, Şərqlə Qərbi bağlayan alternativ bir infrastruktur vasitəsi olacaq. Belə bir mühüm infrastruktur layihəsinin baş tutması idxal-ixrac potensialına əhəmiyyətli təkan verəcək, eyni zamanda, Azərbaycanın tranzit ölkə rolunu da xeyli artıracaq.
Ölkəmiz yeni strateji dövrə qədəm qoymuşdur. Yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadiyyatı qısa vaxt ərzində əlavə dəyəri yüksək olan və premium bazarları hədəf alan məhsulların istehsalına və ixracatına yönəltməliyik. 2000-ci illərin əvvələrindən bütün dünya Azərbaycanın iqtisadi sıçrayış möcüzəsini izlədiyi, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə yeni taktiki hərb nümunəsinə şahid olduğu kimi, bundan sonra da yeni “Azərbaycan – 2025” iqtisadi sıçrayışını görməli olacaq. İnnovativ maşıngayırma, hərbi sənaye, təbii qida sənayesi və metallurgiya sahələrində yüksək nəticə əldə etmək üçün dost və neytral ölkələrdən inverstorlar cəlb etməklə yeni layihələrə başlanılmalıdır.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, son 20 ildə ölkəmizə 2 milyard dollar həcmində ət və süd məhsulları, 5 milyard dollardan artıq taxıl və digər dənli bitkilər, 3 milyard dollarlıq tütün məhsulları, 16 milyard dollardan artıq metal idxal edilmişdir. Yeni strateji dövrdə azad olunmuş ərazilərin də potensialından səmərəli istifadə etməklə, müasir istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatı, qida istehsalı və bir çox sahələrdə idxaldan asılılığın azaldılmasına nail ola bilərik. Burada həmçinin hərbi-sənaye kompleksinin xarici ölkələrin metal məhsullarından asıllılığını azaltmaq üçün öz poladımızın hazırlanması və bu sahəyə yönəldilməsi də vacib məqamlardandır.
Görülən irimiqyaslı tədbirlərin nəticəsi olaraq, ölkəmizin kənd təssərrüfatı, metallurgiya sənayesi, tikinti və nəqliyyat sektorları, habelə turizm sahəsinin potensialı ölkənin ixrac imkanlarını ciddi şəkildə artıracaq. Bu isə Azərbaycanımızın inkişifına, maliyyə dayanıqlığının möhkəmlənməsinə, hərbi cəhətdən güclü olmasına, insanlarımızın rifahının yüksəlişinə xidmət edəcəkdir.
Samir CƏFƏROV,
beynəlxalq münasibələr üzrə fəlsəfə
doktoru
Xalq qəzeti 2020.- 29 dekabr.-
S.6.