Ata vəsiyyətini yerinə yetirmiş xoşbəxt adam
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndər Heydər Əliyevin 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciətində səsləndirdiyi fikirlər bu gün özünü bütün sahələrdə doğruldur. Həmin seçkilərdə xalqın 76,84 faiz səsini qazanaraq, prezident seçilən cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi strategiya bu gün Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Bu gün Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən yeganə dövlətdir.
Prezident İlham Əliyevin 2003 – cü il oktyabrın 31- də keçirilmiş andiçmə mərasimindəki nitqindən bir məqamı diqqətə çatdırmaq istərdim: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir”. Bu fikirlər dövlət başçımızın uzaqgörənliyindən, praqmatik düşüncə sahibi olduğundan xəbər verir. 17 il əvvəl səsləndirilmiş bu qətiyyətli fikirlər artıq reallığa çevrilib. Bəlkə də o zaman çoxları, o cümlədən mənfur qonşumuz – işğalçı Ermənistan, erməni lobbisi, həmçinin təcavüzkarın havadarları bu fikirləri istehza ilə qarşılaşmışdılar. Axı, o vaxt Ermənistanın havadarları bütün vasitələrlə ölkəmizə qarşı təzyiqlər edir, ərazilərimizin düşmən tərəfindən işğalına kömək göstərirdilər. Ancaq unudurdular ki, bu işğal əbədi ola bilməz və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.
Bu il dekabrın 10 - da Bakıdakı Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışından bir məqamı diqqətə çatdırmaqla 17 il əvvəl verdiyi vədin həqiqətə çevrildiyini bir daha düşmənlərimizin və onlara havadarlıq edənlərin diqqətinə çatdırmaq istərdim: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Budur qətiyyət, siyasi iradə, verilən vədə sadiqlik və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması. İndi bütün dünyanın nəzər- diqqəti Azərbaycana yönəlib. Çünki 27 il ərzində BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq qurumların icra olunmayan qətnamələrini Prezident, Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində qəhrəman ordumuzun gücü ilə həyata keçirdi. Həm də staus - kvonu, təmas xəttini ləğv etdi.
Prezident İlham Əliyevin 2003- cü ildə andiçmə mərasimində səsləndirdiyi fikirlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaradır: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azəçrbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.”
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək...” - deyən ulu öndərin uzaqgörənliyi, müdrikliyi bu gün hər kəsə bəllidir. Çünki ulu öndərin yarımçıq qalmış əsas işlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı ərazilərimizin azad edilməsi idi. Bu gün həmin məsələ artıq öz həllini tapıb. Dövlətimizin başçısı da xalqa müraciətində bunu bir daha diqqətə çatdırdı və atasının vəsiyyətini yerinə yetirdiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi proqram xarakterli bir fikri də yada salaq: “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq, Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.” Bəli, elə də oldu. Azərbaycan tarixi Qələbəni müzəffər Ali Baş Komandanın müdrikliyi, siyasi iradəsi, rəşadətli ordumuzun qüdrəti və xalqın həmrəyliyi, Prezidentin ətrafında yumruq kimi birləşməsi sayəsində qazandı.
Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu.
Son 17 ildə Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəldi və dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Dövlət başçımızın dediyi kimi: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik... Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.”
Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyini son dövrlərdə, xüsusilə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının respublikamıza , eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bir daha təsdiq etdi. Keçən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşünə 70 ölkədən dini liderlər təşrif buyurmuş, bundan başqa UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir.
Dünyanın başı üzərini koronovirus təhlükəsi alanda və öz acı fəsadlarını davam etdirəndə də Azərbaycan bu təhlükədən az itki verən ölkələrdən biri oldu. Üstəlik dünyada bu pandemiyadan daha çox zərər çəkən dövlətlərə, o cümldən Ümumdünya Səhiyyə Təşkilatına yardm və ianələr etdi. Bu, ölkəmizin etibarlı əllərdə olmasının nəticəsi idi.
Bu gün Azərbaycan dünyada artıq qalib ölkə kimi tanınır. Bu Qələbənin baş qəhrəmanı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin
sədri, hüquq üzrə fəlsəfə
doktoru
Xalq qəzeti
2020.- 30 dekabr.- S.4.