Qarabağ xarici mətbuatın da gündəmindədir

 

Dünyanın nüfuzlu media orqanları Vətən müharibəsindən sonra Azərbaycanda baş verən prosesləri diqqətdə saxlayır. Qarabağla bağlı reportajların, məqalələrin yayımlanması davam edir.

 

Fransanın “Le Monde qəzeti” Azərbaycan Kəlbəcərdə dağlarla “mübarizə aparır” sərlövhəli məqalə yayımlayıb. Pol Tavinyonun hazırladığı reportajda Qələbədən sonra işğal­dan azad edilmiş Kəlbəcərdə olan vəziyyətdən söhbət açılır. Qeyd edilir ki, təbii şəraitlə əlaqədar bu rayona gediş-gəliş çətindir. “Kəlbəcərə hər gün ərzaq, inşaat materialları və hərbi yüklər 6 təkərli “Kamazlarla daşınır. Onlar rayona Murovdağ yolu ilə (bu yol adını hündürlüyü 3724 metr olan, Kür vadisini Qarabağdan ayıran silsilədən götürüb) gəlib-gedir. Bu 50 kilometrlik daşlı və dik dağ yolu 27 il idi Dağlıq Qarabağdakı erməni müdafiə xəttinə görə bağlanmışdı. Güclü küləyin tut­duğu ərazidə yolun kənarları minala­nıb. Ətrafa səpələnmiş məhv edilmiş zirehli texnikanın üzərini qar örtüb. Qış “4×4” sistemli avtomobillərin belə, buzlu yamaclarda təhlükəsiz hərəkətini çətinləşdirir. Onların xüsusilə aşa­ğı enməsi mümkün deyil. Təkərləri zəncirlənmiş “6×6” sistemli yük maşınları belə, sürüşür. Qartorpaq uçqunlarına həssas olan bu yolda hər tərpəniş avtomobilin yoldan çıxmasına və ölümlərə səbəb ola bilər.”

 

Məqalədə 46 yaşlı Vüqar Məmmədovun 27 il əvvəl erməni işğalı nəticəsində Kəlbəcəri ailəsiylə birlikdə məcburi köçkün kimi tərk etməsinə, onların yaşadığı Vətən həsrətinə toxunulur. Doğma yurduna qayıtmaq arzusunda olan Kəlbəcər sakini yollardakı vəziyyətin yazda qaydasına düşəcəyinə inandığını bildirib: “Ruslar Ağdərədən Bakı istiqamətinə yolu açacaqlar. Çünki bu, atəşkəs razılaş­masında əksini tapıb. “ Yol açılanda isə V. Məmmədov yenidən ev tikmək üçün tikinti materiallarını həmin yolla aparacağını düşünür. Çünki tikinti materiallarını Murovdağ vasitəsilə daşımaq mümkün deyil. Ermənilərin Kəlbəcərdə törətdikləri vandallıqlar­dan qəzəb içində olan V. Məmmədov bildirib: “Onlar bizim torpaqlarımızı 30 il işğal altında saxlayıblar, amma burada heç nə tikməyiblər, heç nə”.

 

Müəllif məqalədə bir çox evlərin dağıdıldığını, yeni tipli evlərin ermənilər tərəfindən damının söküldüyünü, bəzi yerlərdə elektrik dirəklərinin aşdığını, yarımstansiyalardan birinin insanların gözü qarşısında partladıldığını xüsusi vurğulayıb.

 

Kəlbəcərin təminatına məsul olan mayor Eynullayev narazı şəkildə vurğulayıb: “Biz ermənilərə Kəlbəcəri sakitcə tərk etmələri üçün 10 noyabr razılaşmasında nəzərdə tutulmuş müddətdən 10 gün də artıq vaxt verdik. Lakin onlar bu müddətdə evləri yandırdılar, əraziləri minaladılar”. Müəllif daha sonra yazıb: “Rayonun eyniadlı şəhər mərkəzinə çatmaq üçün 3 saat yol getmək lazımdır. Bu, dağıdılmış evlərdən ibarət qəribə şəhərdir. Ətrafda yalnız uçmuş divarlar görünür. Divarlar pis hava şəraitindən o qədər aşılanıb ki, sanki antik bir sivilizasiyaya aiddir. Kəlbəcər göz qamaşdıran qarlı zirvələrin əmələ gətirdiyi qövsvari təpədə salınıb. SSRİ dağılan zaman bu gözəl məkanda təxminən 6 min azərbaycanlı yaşayır­mış. Birinci Qarabağ müharibəsindən sonra onları sayca 10 dəfə az erməni əhali əvəzləyib. Bu gün isə Kəlbəcər minlərlə Azərbaycan əsgərinin qışı qarşılamağa hazırlaşdığı, Ermənistanla sərhəd yaxınlığında tələm-tələsik ka­zarma və müşahidə məntəqələri tikdiyi boz, palçıqlı şəhərdir. “

 

Türkiyənin “Milliyyət” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibədə nəticəsində Ermənistanın işğalından azad olunmuş Qubadlı şəhərinə səfərinə həsr edilmiş məqalə yayımlayıb. Məqalədə İlham Əliyevin xanımı Mehriban Əliyevanın “Instaqram” hesabında paylaşdığı kadrlarda dövlət başçısının səfər zamanı avtomobili özünün idarə etdiyi görünür. Kadrlarda prezident yol boyu dağıdılmış yaşayış yerlərini göstərir, ətrafdakı bütün kəndlərin Ermənistan qüvvələri tərəfindən dağıldığını bildirir.

 

Heç İkinci Dünya müharibəsi za­manı faşistlər belə vəhşilik törətməyib”, - deyə İlham Əliyev qeyd edir: “Görün biz hansı vəhşi düşmənlə üz-üzə idik. Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir”.

 

Yol boyu işğaldan azad edil­miş daha bir rayon – Zəngilanın da kəndlərinin dağıdıldığını göstərən İlham Əliyev deyib: “Bəzi evlərdə yaşa­yıblar. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, sonra da onların evində ya­şayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpa­ğıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında sax­layıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq”.

 

Qəzet həmçinin İlham Əliyevin əsgərlərlə görüşünü əks etdirən görüntülərə diqqət çəkib və əsgərlərin Prezidenti böyük həvəslə alqışladıqla­rını xüsusi qeyd edib.

 

Bundan başqa, qəzet həmçinin Türk hava yollarına məxsus təyyarələrin artıq Ermənistanın hava məkanından istifadə etməklə, Ba­kı-İstanbul uçuşunun reallaşması­na da yer ayırıb. Qəzet bildirib ki, bu razılıq Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatdan sonra əldə edilib. “Milliyyət” bunutarixi uçuş” adlandırıb.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti  2020.- 30 dekabr.- S.4.