Parlaq qələbələr, ürəkaçan uğurlar ili

 

Bu il Azərbaycan üçün çox əlamətdar bir il olub. Xalqımız 30 illik Qarabağ arzusuna qovuşub. Vətən müharibəsində elə böyük bir zəfər qazanılıb ki, illər, qərinələr, əsrlər boyu gələcək nəsillər bununla fəxr edəcək.

 

Bu möhtəşəm qələbə müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik liderliyi və yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, bütün xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olub.

 

Bu il dekabrın 10-da Bakının Azadlıq prospektində xalqımızın ikinci Qarabağ müharibəsində parlaq qələbəsinə həsr olunmuş möhtəşəm Zəfər paradı keçiril­di. Azərbaycan və Türkiyə prezidentləri tədbirdə parlaq, dərin məzmunlu çıxış etdilər. Paraddakı yüksək əhval-ruhiyyə, coşqu qəlbimi dağa döndərdi.

 

İki qardaş dövlətin başçısı tədbirdəki çıxışlarında bildirdi ki, Azərbaycan və Türkiyə xalqlarının dostluğu və qar­daşlığı əbədidir və heç bir qüvvə bu birliyi sarsıda bilməz. Bəli, biz bir yerdə olanda daha güclü və qüdrətli oluruq. Dostlarımız buna, təbii ki, sevinir, düşmənlərimiz, xar olur.

 

Bu gün Azərbaycanın bütün dünya­da dostları, strateji tərəfdaşları dur­madan artır. Səbəbi bəllidir: Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti ədalətli və prinsipial xarici siyasət xətti həyata keçirir. Dünya görür ki, inkişaf və tərəqqi edən Azərbaycan etibarlı tərəfdaşdır.

 

Azərbaycan dövlətinin sosialyö­nümlü daxili siyasəti də əadlətlidir. Dövlətimizin əsas məramı xalqın rifahını daim yaxşılaşdırmaqdır. Bu günlərdə Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsi geniş müzakirə olu­naraq, ikinci oxunuşda qəbul olunub. Büdcədə əhalinin həssas təbəqəsinin təminatını yaxşılaşdırmaq üçün kifayət qədər vəsait ayrılıb. Ölkəmizdə pen­siya və müavinətlər davamlı olaraq artırılır. Azərbaycan dövləti Qarabağ qaziləri, şəhid ailələri, müharibə vete­ranlarının qayğı və problemlərini daim diqqətdə saxlayır. Bütün bunlar ölkə vətəndaşları tərəfindən dərin razılıqla qarşılanır.

 

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Meh­riban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfər etdilər. Televiziyadan nümayiş etdirilən kadrlardan bir daha bəlli oldu ki, mənfur düşmən Qarabağın digər bölgələrində olduğu kimi, Qubadlı və Zəngilandakı evləri, baxçaları, məktəbləri dağıtmışdır, ağacları qırmışdır, meşələri yandırmış­dır. Dünya bütün bunları görüb şoka düşür. Bəli, erməni vandalizmi, barbarlı­ğı sərhəd tanımır.

 

Ermənilərdən tam fərqli olaraq, Azərbaycan xalqı qurub-yaradan xalq­dır. Zərrə qədər şübhə yoxdur ki, biz o əraziləri, kənd, qəsəbə və şəhərləri yenidən dirçəldəcəyik, laləzara, gülüsta­na çevirəcəyik. Qarabağın əsl sahibləri olan qaçqın və məcburi köçkünlərimiz doğma yurdlarına qayıdacaqlar. Həyat yenidən normal məcraya düşəcək. Yeni ailələr qurulacaq, həyət-bacalarda körpə səsləri eşidiləcək.

 

Gözəl, bənzərsiz Qarabağı­mız qədim muğam və mədəniyyət məkanıdır. Əminəm ki, dövlətimizin hərtərəfli dəstəyi ilə milli musiqimiz, mədəniyyətimiz bunda sonra daha da inkişaf edəcək, incəsənətimizin şan-şöhrəti bütün dünyaya yayılacaq. Bir sözlə, Vətənin parlaq gələcəyi ilə ümid və arzularımız çoxdur. İnşallah, hər şey yaxşı olacaq!

 

Gülüstan ƏLİYEVA,

Azərbaycan Respublikasının Əməkdar artisti

 

Xalq qəzeti  2020.- 30 dekabr.- S.3.