Gənclərə
böyük etimad göstərilməsi onlara olan inam və
qayğının təzahürüdür
Gənclər, əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçımızın siyasi kursunun prioritetlərindən birini gənclərə diqqət və qayğı, onlara böyük etimad göstərilməsi təşkil edir. Son illərdə bu istiqamətdə aparılan siyasət digər ölkələrə nümunədir. Prezident İlham Əliyevin “Bugünkü gənc sabah ölkəni idarə edəcəkdir” – fikri artıq dövlət idarəçiliyinin bütün sahələrində indidən özünü büruzə verir. Ölkə əhalisinin 30 faizdən çox hissəsini təşkil edən gənclərin hərtərəfli inkişafı məqsədilə onların dövlət idarəçiliyi sistemində iştirakının, səmərəli məşğulluğunun təmin edilməsi, potensialından dövlətimizin rifahı naminə istifadə olunması istiqamətində kompleks tədbirlərin görülməsi bu etimadın təsdiqidir.
Gənclər, daim hər bir cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Gənc nəslə göstərilən diqqət və qayğı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, dünya birliyinə inteqrasiyasına əlverişli şəraitin yaradılması dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin problemlərinin həllinə dəstək, onlara göstərilən dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin siyasi kursunun mühüm tərkib hissələrindəndir.
2019-cu il, həm də islahatlar ili kimi yadda qaldı. Söz yox ki, son 16 ildə ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılır, ancaq yola saldığımız il köklü islahatların aparılması kimi yaddaşlara həkk olunub. Bu islahatlar yeni idarəçilik sisteminə keçid, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq aləmdəki reytinqinin yüksəldilməsi ilə yanaşı, gənclərə böyük etimad göstərilməsi ilə də diqqəti cəlb etdi.
Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul etdiyi zaman səsləndirdiyi fikirlərdən bəzi məqamları xatırlatmaq yerinə düşərdi: “Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik... Təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin”.
Dövlətimizin
başçısının vəzifəyə yeni təyin
etdiyi gənclərə “Gedin işə başlayın və
bir daha deyirəm ki, Prezidentin və xalqın yüksək
etimadını doğruldun” – deməsi dövlət idarəçiliyində
gənclərə göstərilən yüksək
etimadın nümunəsidir.
Dövlətimizin
başçısı ötən il Bakı Konqres Mərkəzində
keçirilən Azərbaycan Gəncləri Gününə
həsr olunmuş respublika toplantısında da ölkəmizin
hərtərəfli inkişafında gənclərimizin
çox böyük rolu olduğunu vurğulamışdı.
Bu, əslində, gənclərimizin daha böyük hissəsinin
dövlət idarəçiliyinə cəlb olunacağına
bir mesaj idi. Çünki Prezident gənclərin müxtəlif
sahələrdə uğurla fəaliyyət göstərdiyini,
ölkəmizin ümumi inkişafına böyük töhfələr
verdiyini də xatırlatdı. Dedi ki, bu gün Azərbaycan gəncləri
cəmiyyətimizin fəal hissəsidir. Biz, haqlı olaraq, gənclərimizlə
fəxr edə bilərik. Gənclər müxtəlif sahələrdə
çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin
ümumi inkişafına böyük töhfələr verirlər.
Sonrakı proseslər də bunu təsdiqlədi. Son vaxtlar gənclərə
böyük etimad göstərilərək mühüm vəzifələrə
təyin edilməsi ölkə başçısının
inam və etimadının təsdiqidir.
Gənclərimizin
Vətənin müdafiəsi, ərazi
bütövlüyümüzün təmin olunması yolunda
canlarını qurban verərək, şəhidlik zirvəsinə
yüksəlmələri onların hərbi vətənpərvərlik
ruhunda yetişmələri üçün yaradılan əlverişli
şəraitin göstəricisidir. Dövlət
başçısı gənclərimizin bu qəhrəmanlığını,
onların Vətənə, xalqa, millətə böyük məhəbbətlə
bağlılığını, torpaqlarımızın
azadlığı uğrunda canlarını qurban vermələrini
yüksək qiymətləndirib: “Bizim gənclərimiz torpaq
uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin
böyük əksəriyyəti gənclərimiz olubdur. Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Bizim gənclərimiz hərbi qələbələrimizi
şərtləndiriblər”.
Azərbaycanın
müstəqillik tarixinə qürurverici fakt kimi həkk
olunmuş 2016 -- cı ilin Aprel döyüşlərində gənclərimizin
göstərdiyi qəhrəmanlıq heç zaman unudulmayacaq.
Cəmi dörd gün davam edən həmin döyüşlərdə
əsasən gənclərdən ibarət olan hərbçilərimiz
düşmənlərimizə elə divan tutdular ki, hələ
də özlərinə gələ bilməyiblər. Ölkə
Prezidenti də gənclərimizin bu şücaətini
yüksək qiymətləndirib: “Aprel döyüşləri
bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda
iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir.
Biz bu əməliyyat nəticəsində uzun illər ərzində
işğal altında qalan torpaqları
işğalçılardan azad etdik. O torpaqlarda -- Lələtəpədə,
Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının
dağlarında Azərbaycan bayrağını ucaltdıq.
Bu, böyük tarixi qələbədir. Bu qələbə
bir daha onu göstərdi ki, Azərbaycan xalqı
işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri,
Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda
canından keçməyə hazırdır. Bu qələbə
ermənilərin uzun illər ərzində yaratdıqları
mifi tamamilə darmadağın etdi. Bu qələbə
göstərdi ki, biz döyüş meydanında da onlardan
üstünük. Bu qələbə göstərdi ki, ən
əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı
apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu
gün ordu quruculuğu istiqamətində atılan addımlar
təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində
yaşayırıq, müharibə hələ bitməyib. Biz
hər an hazır olmalıyıq ki, torpaqlarımızı
işğalçılardan azad edək”.
Göründüyü
kimi, təməli ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan dövlətin gənclər siyasətini Prezident
İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsini hər
bir gənc gündəlik həyatında hiss edir. Bu gün Azərbaycan
gəncləri bütün sahələrdə özlərini
doğruldurlar. Bu da gənclərə qayğının
dövlət siyasətinin mühüm tərkib hissəsinə
çevrilməsindən irəli gəlir. Azərbaycan gəncliyi
son illər ictimai həyatın bütün sferalarında daha
çox fəallığı ilə diqqəti cəlb edir və
siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayır. Gənclərin
fəaliyyəti üçün dövlətin
yaratdığı geniş imkanlar nəticəsində onlar
artıq cəmiyyətin avanqard qüvvəsinə
çevrilib.
Təsadüfi
deyil ki, ulu öndər Heydər Əliyev gənclərə
xitabən “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə
sizə etibar edəcəyik, sizə
tapşıracağıq”, – demişdir: “Siz Azərbaycanın
bu günü və gələcəyisiniz. Sizin üzərinizə
böyük vəzifələr düşür. Bu vəzifələr
gələcəkdə daha da böyük olacaqdır. Siz,
müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız,
quranlarısınız, inkişaf etdirənlərisiniz”.
Azərbaycanın
beynəlxalq aləmdəki reytinqinin daha da yüksəlməsində,
dünya dövlətləri sırasında öz layiqli yerini
tutmasında bu gün aparıcı qüvvəyə
çevrilmiş gənclərimizin rolu danılmazdır. Bu
gün Azərbaycan gəncləri ölkəmizin suverenliyi və
ərazi bütövlüyünün keşiyində
ayıq-sayıq dayanır, peşəkar kadr olmaq
üçün müxtəlif biliklərə yiyələnir,
Dövlət bayrağımızı yüksəkliklərə
qaldıraraq dünya səviyyəli idman
yarışlarında, Olimpiya Oyunlarında fərqlənirlər.
Gənclik
bir millətin gələcəyi üçün təməl
daşıdır. Çünki hər bir ölkədə
dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı intellektual səviyyəli
gənc nəslin yetişdirilməsindən, onların
aparıcı qüvvəyə çevrilməsindən
asılıdır. Bu baxımdan, ölkəmizdə həyata
keçirilən uğurlu gənclər siyasəti bir
çox ölkələrə nümunədir. Məlum
olduğu kimi, ulu öndər Heydər Əliyevin 1997-ci ildə
imzaladığı sərəncamla “2 Fevral – Azərbaycan Gəncləri
Günü” elan edilib. Həmin vaxtdan etibarən, ənənəvi
olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü
kimi təntənəli şəkildə qeyd olunur. Sevindirici
haldır ki, Gənclər Günü MDB məkanında və
Şərqi Avropa ölkələri arasında ilk dəfə
olaraq məhz Azərbaycanda təsis olunub.
Dövlət
quruculuğunda gənclərin iştirakına şərait
yaradılması, gənclərin mənəvi inkişafı,
onların vətənpərvərlik ruhunda tərbiyəsi,
xarici ölkələrdə təhsil alması, sosial
müdafiəyə ehtiyacı olanların problemlərinin həlli,
gənclər təşkilatlarının daha da
inkişafı üçün yaradılan yüksək
şərait diqqət və qayğının nəticəsidir.
Bu il fevralın 9-na təyin olunmuş parlament seçkilərində
namizədliyi qeydə alınanlar sırasında gənclərin
çoxluq təşkil etməsi, yeni formalaşacaq parlamentdə
onlara göstərilən inam və etimadın bariz nümunəsidir.
Bütün bunlar bir daha təsdiqləyir ki, ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi onların bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını, dünya birliyinə inteqrasiyasını təmin etməkdir. Dövlət başçımızın dediyi kimi, bizim gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2020.-1 fevral.-S.1.