Dialoq mədəniyyətlər arasında təmas nöqtələrinin
axtarışıdır
Böyük tarixi keçmişə malik olan Azərbaycan–Rusiya münasibətləri dəfələrlə mürəkkəb və çətin sınaqlardan çıxmışdır. Hər iki ölkənin xalqları arasında əlaqələr zaman-zaman möhkəmlənmiş və bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Rusiya bütün zamanlarda Azərbaycan üçün inkişaf və tərəqqinin, müasir bəşəri dəyərlərin, maarif və mədəniyyətin qapısı olmuş, Azərbaycanın görkəmli ziyalılarının, elm və mədəniyyət xadimlərinin bir qismi bu ölkənin elmi-mədəni mərkəzlərində yetişib ərsəyə gəlmişdir. XIX əsrin ikinci yarısından başlayaraq, Azərbaycanın uzaqgörən insanları bu ölkəyə üz tutmuş, Rusiyada baş verən böyük dəyişikliklərin təsiri ilə öz vətənlərini yenidən qurmağa, yeni və mütərəqqi dəyərləri ölkələrində yaymağa çalışmışlar. M.F.Axundovun, S.Ə.Şirvaninin, H.B.Zərdabinin getdiyi bu yolu XX əsrin əvvəllərində onlarca, yüzlərlə Azərbaycan ziyalısı davam etdirmişdir. Azərbaycanın Rusiya ilə bugünkü dostluq və mehriban qonşuluq münasibətləri məhz bu ənənələr üzərində bərqərar olmuş və yeni nəsillər onu daha da inkişaf etdirmişlər.
Ulu öndər Heydər Əliyev Azərbaycan–Rusiya münasibətlərinə xüsusi önəm vermiş, xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsi və möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atmışdır. Ümummilli liderin xidmətləri sahəsində yüzlərlə, minlərlə azərbaycanlı Rusiyanın müxtəlif ali məktəblərində təhsil almış, bu ölkənin elmi-mədəni nailiyyətlərindən bəhrələnmişdir. Müstəqillik dövründə xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsi, azərbaycanlı gənclərin Rusiya elm və mədəniyyətinə, dilinə və ədəbiyyatına dərindən yiyələnməsi məqsədi ilə ulu öndər Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universitetinin yaradılması təşəbbüsünü irəli sürdü və onu gerçəkləşdirdi. Bu gün Bakı Slavyan Universiteti Qafqazda rusiyaşünaslığın mərkəzi hesab olunur. Biz buna görə dahi liderə minnətdarıq. TASS baş direktorunun birinci müavini, məşhur publisist Mixail Qusmanın dediyi kimi, ulu öndər Heydər Əliyev Rusiya–Azərbaycan münasibətlərində yeni mərhələnin banisi olmuş, bu münasibətləri bərabərhüqüqlu dostluq və qardaşlıq səviyyəsinə yüksəltmişdir.
Bu günlərdə Bakıda keçirilən “Bakı–Moskva: mədəniyyətlərin dialoqu” konfransını da həmin silsilədən olan növbəti tədbir hesab etmək olar. Məlum olduğu kimi, konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Moskva Hökumətinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilmişdi. Son dərəcə zəngin qrafikə malik tədbirdə hər iki ölkənin dövlət nümayəndələri, mədəniyyət, elm, ədəbiyyat, sənət xadimləri dövlətlərararası münasibətlərin inkişafına xidmət edən proqram və layihələrlə çıxış etmişlər.
Konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda keçirilən “dəyirmi masa” yeni beynəlxalq siyasi düzəndə qarışılıqlı etimad və dostluq prinsiplərinin müəyyənləşməsi baxımından çox önəmli oldu. Azərbaycan bu ölkə ilə bu gün bütün sahələrdə əməkdaşlıq edir; çoxlu sayda soydaşımız bu ölkədə yaşayır, həyatın müxtəlif sahələrində çalışır, öz biliyi, zəkası ilə Rusiyanın çiçəklənməsinə xidmət edir. Rusiyada onlar öz dini, milli-etnik kimliklərinə görə heç bir təzyiqə məruz qalmırlar.
“Bakı–Moskva: mədəniyyətlərin dialoqu” konfransı dostluq və mehriban qonşuluq münasibətlərində potensialların bitib tükənmədiyini göstərdi, bu münasibətlər üçün geniş üfüqlər açılmasına stimul verdi. Bu mənada Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin “bu konfrans ölkələrimizin ekspertləri, incəsənət xadimləri, alimləri və ictimai xadimləri arasında əlaqələri nizamlamağa və genişləndirməyə imkan verəcək” fikrini siyasi strategiya kimi dəyərləndirə bilərik. Nazir daha sonra belə tədbirlərin insanların bir-birini anlamasına və bir-birinin mədəniyyətlərini daha yaxşı başa düşməsinə, müxtəlif fobiya və təhdidlərə qarşı birləşməsinə imkan verdiyini deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin uzun illərdən bəri məhz bu istiqamətdə, yəni mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi naminə həyata keçirdiyi tədbirlər öz bəhrəsini verməkdədir. Müxtəlif formatlarda həyata keçirilən “Bakı prosesi” ölkəmizi dünyada sülh, barış dövləti kimi tanıtmışdır. Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun dediyi kimi, Azərbaycan Prezidentinin bu sahədəki fəaliyyəti planetar məzmunu ilə seçilir. Çünki “Bakı forumu” təkcə ikitərəfli münasibətlər üçün deyil, çoxtərəfli münasibətlər üçün də mühüm hadisədir. O, ən müxtəlif ölkələrin, o cümlədən ABŞ, Avropa, Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin nümayəndələrinin diqqətini cəlb edir. Budəfəki konfrans göstərdi ki, Azərbaycan və Rusiyanı əsrlər boyu davam edən dostluq münasibətləri bağlayır.
Konfransın daha bir xüsusi cəhətini Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib. O, doğru olaraq, belə dialoqların, ilk növbədə, dövlətlərin müstəqilliyinə, onların öz seçimlərində azad olduqlarını göstərmələrinə xidmət etdiyni diqqətə çatdırmışdır. M.Zaxarovanın fikrini olduğu kimi vermək yerinə düşər: “Mədəniyyətlərin dialoqu o deməkdir ki, mədəniyyətlər və ənənələr kənardan zorla qəbul etdirilməsin. Həm Rusiya, həm də Azərbaycan elə bir vəziyyətlə üzləşir ki, bizim necə yaşamalı, nəyi dəyişməli, nəyi keçmişdəki kimi saxlamalı, kiminlə ünsiyyət qurmalı və dostluq etməli olmağımız barədə bitib-tükənməz məsləhətlər verirlər, bunları zorla qəbul etdirməyə çalışırlar. Mədəniyyətlərin dialoqu ənənələri qoruyub saxlamaqla, ümumi dəyərlər tapmaq bacarığıdır. Mədəniyyətin bu tərəfini inkişaf etdirmək lazımdır”.
Doğrudan da, dialoq olmadığı halda, siyasi diktələr başlayır. Dialoq bərabərhüquqlu müzakiərədir, fikir sərbəstliyidir.
“Bakı–Moskva: mədəniyyətlərin dialoqu” konfransı həm də təkcə nəzəri, siyasi-strateji məsələlərin müzakirələri üzərində qurulmamış, konfrans çərçivəsində yubileylərin, ad günlərinin qeyd olunması, kitab təqdimatlarının keçirilməsi onun dəyərini daha da artırmışdır.
Rafiq NOVRUZOV,
Bakı Slavyan Universitetinin
prorektoru, professor,
Xalq qəzeti 2020.- 1 fevral.- S.11.