Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı gənclərinin
disput klubunun
açılış mərasimi olub
Yanvarın 31-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) gənclərinin disput klubunun açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Klubun əhəmiyyətini yüksək qiymətləndirən C.Səttarova ölkəmizdə gənclər üçün lazımi şəraitin yaradıldığını deyib. Bildirib ki, MİHİ-nin təşkilatçılığı ilə artıq iki ildir fəal gənclər üçün forum təşkil olunur. 2018-ci ildə Qubada, ötən il isə Nabranda baş tutan forumlarda gənclərə fikirlərini açıq söyləməsi, mövcud problemlər ətrafında fikir mübadiləsi aparması üçün hər cür şərait yaradılıb. Belə forumların bundan sonra da davam etdirilməsi planlaşdırılır.
“Ölkəmizdə həmkarlar ittifaqının çox mühüm yeri var. Könüllülük, hüququ biliklərin olması və ədalət prinsipi bu sahənin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2020-ci il “Könüllülər ili” elan edilib. Həmkarlar ittifaqı hərəkatında könüllülük var və həmişə olacaq. Cari ildə ölkəmiz yenidən irimiqyaslı idman yarışlarına evsahibliyi edəcək və könüllülərin əməyindən geniş istifadə olunacaq”, – deyə C.Səttarova bildirib.
Komitənin gənclərlə iş üzrə komissiyasının sədri Zaur Həmidov cari ildə disput klubun dörd dəfə təşkil olunacağını deyib. Diqqətə çatdırıb ki, gələn il bu tipli tədbirlərin sayının artırılması və disput klubların digər təşkilatlarda təşkil olunması planlaşdırılır.
Birinci disput
klubda gəncləri maraqlandıran mövzularda müzakirələr
aparılıb.
Xalq qəzeti 2020.- 1 fevral.- S.9.