Hüquqi dövlət və vətəndaş cəmiyyəti:
yeniliklər, islahatlar
Hüquqi və demokratik dövlətin əsas atributlarından sayılan, insanların qanuni maraq və mənafelərinin qorunmasında başlıca instansiyalardan olan məhkəmə orqanlarının fəaliyyətinin davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın bütün dünyada müasir qlobal çağırışları nəzərə alan sivil ölkə kimi tanınmasını təmin edir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinə keçid prosesini alternativsiz inkişaf yolu kimi qəbul edən müstəqil Azərbaycan Respublikası sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsinə adekvat şəkildə məhkəmə-hüquq islahatlarının ardıcıllığını təmin edir. Səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi fonunda müasir məhkəmə-hüquq sisteminin formalaşdırılması ölkəmizin müasir inkişaf trendinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Ölkənin 1995-ci ildə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyasının müddəalarının üçdəbiri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatları nəticəsində keçmiş Sovet İttifaqından miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Hüquqi dövlət quruculuğuna xidmət edən bu strategiyanın nəticəsidir ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elektron xidmətlərin genişləndirilməsinə yönəldilən islahatlar son illər daha geniş vüsət almışdır.
Məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur. Bu sahədə ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilərək tətbiq olunan yeniliklər, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.
Bütün bunlar dövlət başçısının insanlara layiqli xidmətlərin göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı tapşırıqlarından irəli gəlir. Ölkə Prezidentinin insan hüquqlarının etibarlı təminatına həssas münasibətinin və humanist siyasətinin təzahürü olaraq 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamı da məhz insanların azadlıq hüququnun qorunmasına, onlara ədalətli, humanist mövqedən yanaşılmasına xidmət edir. Bu sərəncam ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların yeni mərhələdə davamına təkan verməklə cəza-icra siyasətinə baxışın yenilənməsini, cinayət qanunvericiliyinin təkmilləşdirilməsini, dünyada mövcud olan mütərəqqi təcrübələrin, o cümlədən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərində elektron nəzarət vasitələrinin tətbiqini şərtləndirmişdir. Məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılması, cəzanın növü və həddini müəyyən edərkən sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cinayət törətməkdə təqsirli bilinən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş hədlərdə ədalətli cəzanın təyin edilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilmişdir.
Bütövlükdə, proqram xarakterli həmin sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası üzrə artıq bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin təşəbbüsü ilə əhatəliliyinə, konseptuallığına və tənzimlənmə sahəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə özündə humanistləşdirmə və liberallaşdırmanı ehtiva edən 300-ə yaxın dəyişiklik edilmişdir. Məcəllədə mövcud 18 növ cinayət əməli dekriminallaşdırılmış, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi xeyli dərəcədə genişləndirilmiş, cinayətlərin əksəriyyətinin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzalar əlavə olunmuş və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Bu istiqamətdə atılmış mühüm addımlardan biri də “Hərbi xidmət üzrə məhdudlaşdırma” cəzası ilə bağlı idi. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulduğu halda dispozitiv əlamətlərinə görə tətbiqi qeyri-mümkün olan “Hərbi xidmət üzrə məhdudlaşdırma” cəzasının təsbit edildiyi maddədə dəyişiklik edilməklə, hərbi qulluqçunun (zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət keçən) cəmiyyətdən və xidmət yerindən təcrid olunmadan cəzasını çəkməsinə şərait yaradılmışdır. Belə ki, köhnə redaksiyada həmin cəzanın yalnız kontrakt (bağlaşma) əsasında xidmət keçən hərbi qulluqçulara təyin edilməsi nəzərdə tutulmuşdu. Lakin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində kontrakt əsasında hərbi xidmətkeçmə nəzərdə tutulmamışdı.
“Hərbi xidmət əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş cinayətlərin tam əksəriyyətinin sanksiyasında “Hərbi xidmət üzrə məhdudlaşdırma” cəzasının təsbit edilməsini nəzərə aldıqda, bu dəyişikliyin mühüm əhəmiyyəti bir daha önə çıxır. Dəyişiklik qüvvəyə mindiyi vaxtdan bu günədək hərbi məhkəmələrdə baxılmış böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən mülkiyyət əleyhinə (oğurluq, dələduzluq və s.) cinayətlərə dair işlər üzrə şəxslərə azadlıqdan məhrumetməyə alternativ cəzanın – hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq olunması nəticəsində yüzlərlə xidmətə gərəkli zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçunun hərbi xidmətdə saxlanılmasına nail olunmuşdur.
Bundan başqa, həmin sərəncamın icrası ilə əlaqədar bu qəbildən olan cinayətlərə dair işlər üzrə dövlət ittihamçıları tərəfindən cəzanın yüngüllüyündən protestlərin verilməsinin zəruriliyi və əsaslılığına xüsusi diqqət yetirilmişdir.
Dünya təcrübəsi göstərir ki, məhkəmə-hüquq sistemində islahatlar hər zaman davam edən daimi prosesdir. Hətta inkişaf etmiş demokratik dövlətlərdə də bu sahədə mütəmadi olaraq islahatlar aparılır, məhkəmə sistemi təkmilləşdirilir. Azərbaycanda da bu sahədə ardıcıl və məqsədyönlü iş aparılır.
Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il aprel ayının 3-də məhkəmə-hüquq sahəsində növbəti mühüm yeniliklərə gətirib çıxaran fərman imzaladı. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında deyilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.
Fərmanda müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün tədbirlərin gücləndirilməsi nəzərdə tutulmuşdur.
Mütəxəssislər bildirirlər ki, bu fərman müstəqil, obyektiv, qərəzsiz və şəffaf məhkəmə-hüquq sisteminin fəaliyyətinin təmin edilməsi, onun modernləşdirilməsi və təkmilləşdirilməsi üçün məhkəmə-hüquq sistemində çatışmazlıqların aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır.
Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan fərmanın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan icrasına başlanılmaqla, o cümlədən, bu mühüm sənədin müstəsna əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr davam etdirilir.
Ümumilikdə, bu fərman vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etməklə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaratmışdır.
Cəmiyyətimizdə rəğbətlə qarşılanan bu humanist tədbirlər və tətbiq olunan yeniliklər onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların mənafeyinə hesablanmış çoxşaxəli hüquqi islahatlar uğurla davam etdirilir. Bütövlükdə, məhkəmə-hüquq sisteminin inkişafı naminə həyata keçirilən bütün tədbirlər ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarını ardıcıl və dolğun şəkildə, daha geniş və demokratik məzmunda təmin etmək məqsədlərinə xidmət edir.
Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmana əsasən, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycanın bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilmişdir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.
Məhkəmə sistemində şəffaflığın və ədalətin tam bərqərar olunması ümumi demokratik inkişafa müsbət təsir göstərir. Bu prosesin təmin olunmasında “elektron məhkəmə” informasiya sisteminin tətbiqi də böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu məsələ barədə demişdir: "Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində "Elektron məhkəmə" informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır... Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür".
İslahatların fərmanda nəzərdə tutulan digər komponentləri, yəni, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı növbəti normativ hüquqi aktlar üzərində hazırda hərtərəfli iş aparılır, habelə praktiki sahədə verilən tapşırıq və tövsiyələrin yerinə yetirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İmzalanan normativ hüquqi aktlar paketinə "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki-Prosessual, İnzibati-Prosessual və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərin edilməsini nəzərdə tutan qanunlar, habelə həmin qanunların tətbiqini təmin edən müvafiq sərəncam və fərmanlar daxildir.
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır. Qeyd edilən qanunlar qüvvəyə mindiyi gündən, yəni, 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv ediləcəkdir. Ötən dövr ərzində inzibati-iqtisadi məhkəmələr inzibati mübahisələrə baxılması sahəsində geniş təcrübə toplamış, iqtisadi mübahisələrin araşdırılması praktikasını daha da inkişaf etdirmişlər.
Bununla belə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ardıcıl olaraq həyata keçirilən dövlət idarəetməsi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, xüsusilə onun qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş islahatlar inzibati və iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını labüd etmişdir.
Qeyd edilən sahələrdə yaranan mübahisələrə dair məhkəmə qərarlarının keyfiyyətinin artırılması üçün hakimlər yüksək peşəkarlıq səviyyəsinə, daha dərin hüquqi biliklərə və zəngin təcrübəyə malik olmalı, həm inzibati, həm də iqtisadi hüquq münasibətlərinin ən son təkamül meyillərindən xəbərdar olmalıdırlar. Məhz bu məqsədə nail olmaq üçün fərmanda ədalət mühakiməsi sahəsində ixtisaslaşmanın dərinləşdirilməsi mühüm vasitə qismində müəyyən edilmişdir.
Hazırda fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələr sistemi yaradıldığı dövr üçün mütərəqqi yenilik olsa da, artıq öz missiyasını başa çatdırmış hesab edilə bilər. Həm inzibati, həm iqtisadi münasibətlərin hazırkı səviyyəsi və onların inkişaf potensialı baxımından müvafiq məhkəmələrin və hakimlərin daha yüksək ixtisaslaşma dərəcəsinə nail olunması vacibdir. İkili, yəni, ümumi (publik) və xüsusi hüquqi təbiətə malik inzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edilir.
İnzibati məhkəmələr müstəsna olaraq inzibati orqanların hərəkət və hərəkətsizlikləri, inzibati aktları ilə bağlı olan mübahisələrə, o cümlədən fərmanda nəzərdə tutulduğu kimi vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxacaqdır. Bununla da, fərmanda verilmiş tapşırıq, yəni, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə bu sahədə ixtisaslaşmış vahid bir məhkəmə instansiyasında baxılmasının təmin edilməsi üçün institusional çərçivənin yaradılması göstərişi yerinə yetirilmiş olacaqdır.
Kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmaqla, bu zaman mülki prosessual normaları rəhbər tutacaqlar. Bundan əlavə, prosessual qanunvericiliyə edilən dəyişikliklər nəticəsində kommersiya məhkəmələrinin aidiyyətinə, həmçinin sahibkarlıq fəaliyyəti subyektlərinin maraqlarına toxunan və hazırda rayon (şəhər) məhkəmələri tərəfindən baxılan bir sıra digər kateqoriyalara daxil olan işlər də aid ediləcəkdir. Rayon (şəhər) məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan bütün digər mübahisələrə dair işlərə baxacaqlar.
Beləliklə, ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılması həm onlarda ixtisaslaşmanın artırılmasına şərait yaradacaq, həm də rayon (şəhər) məhkəmələrinin üzərinə düşən iş yükünün müəyyən dərəcədə azaldılmasına imkan verəcəkdir ki, bununla da bütövlükdə məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış olmasına yardım edəcəkdir.
Ədalət mühakiməsi sistemi daxilində iki yeni elementin yaradılması yalnız birinci instansiya məhkəmələri səviyyəsini əhatə etsə natamam olardı və qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan verməzdi. Bu səbəbdən yeni dəyişikliklər bütün instansiya məhkəmələrini əhatə edir. Belə ki, hazırda Ali Məhkəmədə və apellyasiya məhkəmələrində mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalar fəaliyyət göstərir. İnzibati və kommersiya məhkəmələri sistemlərinin ayrılması prinsipinin apellyasiya və kassasiya instansiyalarında da öz məntiqi davamını tapması üçün mövcud məhkəmə kollegiyalarının quruluşunda müvafiq dəyişikliklər edilərək, yuxarı instansiya məhkəmələrində də iki müvafiq kollegiya yaradılır. Yuxarı instansiya məhkəmələrində fəaliyyət göstərən digər iki kollegiya, yəni, cinayət kollegiyası və hərbi kollegiya cinayət-prosessual normaları rəhbər tutmaqla aşağı instansiya məhkəmələrinin cinayət işləri üzrə hökm və digər yekun qərarlarından şikayət və ya protestlərə baxır. Burada yeganə fərqli cəhət hərbi kollegiyaların müharibə və hərbi xidmət əleyhinə olan cinayətlər, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlər üzrə ixtisaslaşmasıdır. Həmçinin statistik rəqəmlərin müqayisəsi göstərir ki, hərbi kollegiyalarda baxılan işlərin sayı kifayət qədər azdır.
Qeyd edilənləri nəzərə alaraq, apellyasiya və kassasiya instansiya məhkəmələrində hərbi və cinayət kollegiyalarının birləşdirilməsi nəzərdə tutulmuşdur. Burada xüsusi vurğulamaq lazımdır ki, bu dəyişiklik birinci instansiya hərbi məhkəmələrinin fəaliyyətini əhatə etmir, onlar hazırkı qaydada fəaliyyətlərini davam etdirəcəklər.
Bundan əlavə, prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin digər bir istiqaməti işin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılma prosedurlarının səmərəliliyinin artırılması və müddətlərinin qısaldılması ilə bağlıdır. Hazırda işin inzibati-iqtisadi və ya rayon (şəhər) məhkəməsinə aid olmasına dair mübahisələrə ardıcıl olaraq üç instansiyada – birinci, apellyasiya və kassasiya instansiyalarında baxılır.
Məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurunun sadələşdirilməsi üçün belə mübahisələrə baxan instansiyaların sayının azaldılması nəzərdə tutulmuşdur. Yeni qanunla müəyyən edilmişdir ki, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə birbaşa Ali Məhkəmə baxacaqdır.
Ali Məhkəmədə bu kateqoriyadan olan şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında baxılacaqdır. Belə şikayətlərə baxılması üçün nəzərdə tutulmuş müddət də 2 aydan 10 günədək qısaldılır. Nəticədə aidiyyətlə bağlı mübahisələrə baxılmasında yubatma və süründürməçilik, heç bir zərurət olmadan aidiyyətlə bağlı çoxsaylı şikayətlərin verilməsi hallarının qarşısı alınacaqdır. Nəzərdə tutulan dəyişikliklər bir tərəfdən məhkəmə kollegiyaları strukturunun optimallaşdırılmasına, digər tərəfdən isə istər cinayət işləri, istərsə də aidiyyətlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına səbəb olacaqdır.
Fərmanla prokurorluq orqanlarının dà üzərinə bir sıra vəzifələr düşür. Belə ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və icra olunması mexanizminin təsbit edilməsi üçün cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəalarına düzgün istinad edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsi üçün müvafiq tədbirlər gücləndirilməlidir.
Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində verilmiş tapşırıqların icrası çərçivəsində müvafiq qanun layihələri artıq hazırlanaraq təqdim edilmişdir. Eləcə də, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsinin Baş Prokurorluğa tövsiyə edilməsi nəzərə alınaraq bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə “Elektron İttiham” proqramı Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanaraq istifadəyə verilmişdir.
Bütövlükdə, bu islahatlar Azərbaycan Respublikası Prezidentinin fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq, vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin etməklə məhkəmələrə etimadın və məhkəmə sisteminin nüfuzunun daha da yüksəldilməsinə səbəb olacaqdır. Aparılan islahatlar ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə, hüquq sisteminin inkişafına mühüm təsir göstərəcəkdir.
Aydın ƏLƏSGƏROV,
Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi
üzrə şöbəsinin rəisi, ədliyyə
polkovniki
Xalq qəzeti 2020.- 1 fevral.- S.8.